Vahid Qazi: “İlk məhəbbətim erməni qızı olub” - REPORTAJ
27 may 2009 16:45 (UTC +04:00)

Vahid Qazi: “İlk məhəbbətim erməni qızı olub” - REPORTAJ

“Həmişə arzulamışam ki, Qarabağı alaq, orada bir dağın ətəyində ev tikdirim...”

Hə, əziz oxucular, “media kapitanı” Rəşad Məcidin bir günündən hazırladığımız məşhuri-cahan reportajdan sonra layihənin və təbii ki, onun müəllifinin şöhrəti paytaxt çərçivəsində fəvvarə vurmuşdur. Zənglər, elektron və yazılı məktublar, qəzetlərdə reportaja yazılan şərhlər, yazının uğuru və “Rəşad Məcidin məhvi” münasibətilə ziyafət vermək istəyənlər... İlahi, yazıq Rəşad müəllimin nə qədər düşməni varmış?!

Məsələnin “şprota davamlı” yeri burasındadır ki, həmin yazıdan sonra bizim məşhur ictimai şəxsiyyətlər iki qrupa bölündü: adım gələndə ilan vurmuş kimi diksinən ehtiyatlı adamlara və bəndənizin diribaş jurnalist xanım obrazını cazibədar bulan özündən arxayın kişilərə. Bax, bugünki qəhrəmanım da elə o kişilərdən biridir...

Vahid Qazini geniş oxucu kütləsi, ola bilsin, elə də yaxşı tanımasın və adı hələ ki heç nə ifadə etməyən bir adam barədə yazını oxumağa elə də həvəsli olmasın. Amma bəri başdan adıma layiq yekəbaş bir iddiada bulunum: barəsində yazılan hadisənin, obyektin, şəxsin məşhur və ya maraqlı olmasının çox da böyük əhəmiyyəti yoxdur – onu qələmə alan yazarın istedadlı olmasının əhəmiyyəti var (gülümsəyən işarə).

Bəli, hal-qəziyyə belədir. “Üzlü qonaq” bu dəfə üzünə salıb qonaq getmir. “İnam” Plüralizm Mərkəzinin rəhbəri, Aqil Abbasın yerlisi Vahid Qazi “Üzlü qonağ”ı özü dəvət eləyir. Düzdü, Vahid müəllimin təxəllüsü və məşğul olduğu iş öz anlaşılmazlığı ilə məni elə bəribaşdan əsəbiləşdirdi. Təsəvvür eləyin, torpaqlarının 20 faizi işğal altında olan ölkədə “Qazi” təxəllüsü götürmək, belə darqursaq cəmiyyətdə plüralizm mərkəzinə rəhbərlik eləmək... Nəsə, çağırılan yerdən ar eləməzlər...

Telefonla bir-iki qısa dialoqdan sonra bu qərara gəldik ki, Vahid bəyin əcnəbi “televizyonşik”lərlə birlikdə film çəkməyə yollanacağı Xızı səfərində mən də onu müşayiət eləyəcəm.

İlk məhəbbətim erməni qızı olub...

Səhər saat 11-də Vahid bəylə “İnşaatçılar” metrosunun qarşısında görüşdük. Tək deyildi, maşınında çex televiziyasının sifarişi ilə Qafqaz regionunda münaqişə, Qarabağ məsələsi, qaçqınlar və daha nə bilim nə kimi qanqaraldan şeylərdən sənədli film çəkməyə gələn əcnəbi qonaqları da vardı. Və Vahid bəy özü mənimlə tanış olmağa macal tapmamış, gənc və istedadlı jurnalist kimi də deyil, az qala ölkənin ədəbi-publisistik fəxri kimi əcnəbi qonaqlara təqdim etdi. Sonra da qonaqları barədə qısaca bir arayış verib (ömründə yerköküdən şirin heç nə yeməmiş kimi bomboz görünən qadının adı Petruşka, bir ucdan şokolad yeyən saqqallı kişinin adı isə Martin idi), onları demək olar ki, tamamən unutdu. Ömrümdə birinci dəfə gördüyüm adamla aramızda elə qızğın, aramsız bir söhbət başladı...

Qadın intuisiyası belə yerdə işə yarayır. O dəqiqə anladım ki, Vahid bəy eşidib-bildiyi diribaş jurnalist xanım obrazına yaman bənd olub. Mənə Ağdamın Qarabağın mədəniyyət mərkəzi olmağından, Ağdam kinoteatrlarında “Bobbi”nin Qarabağ ləhcəsində sinxron səsləndirilməyindən, gənclik macəralarından, uğursuz şairlik həvəsindən-zaddan həvəslə danışsa da, hiss elədim ki, əslində danışmaqdan daha çox, dinləməyə meyllidir. İş o yerə gəlib çatmışdı ki, az qala mən qəhrəmanımdan deyil, o məndən müsahibə götürürdü. Elə özü də bunu incə Qarabağlı bicliyi ilə vurğuladı:

- Hələ bilmək olmaz, kim kimdən yazı hazırlayır... (Amma bəndənizin belə şeylərdən qətiyyən çəkindiyi-filan yox. Ahmet Kaya demişkən: olsun, gözüm, olsun!).

Söhbətimiz o qədər çoxşaxəli keçirdi ki, bu söhbətin haradan hərlənib Vahid bəyin ilk məhəbbəti məsələsinə çıxmağı belə yadımda deyil. Eləcənə, bir də gördüm ki, qəhrəmanım mənə və Milan Kunderanın həmvətənlərinə 10 yaşında yaşadığı sevgi macərasından danışır. Özü də əksər qarabağlılar kimi, onu da ilk məhəbbəti erməni qızı olubmuş. Daha doğrusu, balaca erməni qızı ona təklif olunan 10 yeniyetmə türk oğlu türkün arasından məhz Vahid müəllimi seçibmiş...

Bu arada vacib bir qeyd eləyim ki, bizim ikinci çəkiliş heyətimizin əyləşdiyi maşın hələ gəlib bizə çatmadığından, Vahid bəy maşını “20 yanvar”da saxlayıb, gözləyirdi. İkinci heyətin gecikməyinin səbəbi isə, heç də ciddi yaradıcı, ya da texniki şeylər-filan deyildi: eləcənə, Vahid bəyin yaxın dostu və köməkçisi Şahin hansısa bazarda qəhrəmanımın ona tapşırdığı borunu (Vahid bəyin Xızıda mənzərəli bir guşədə tikdirdiyi evində çalışan ustalara lazımmış) axtarırdı.

Köməkçisi boru axtardığı müddət ərzində, Vahid müəllim çex televizyonşiklərinə Qədir Rüstəmovun ifasında xudmani bir “xalq musiqisi qonaqlığı” verdi. Və növbəti səfərləri Ermənistan olan əcnəbi qonaqlara “Sarı gəlin”in sırf Azərbaycan xalq mahnısı olması barədə uzun bir mühazirə oxuyaraq, bu mahnını onlara özününkü kimi təqdim edəcək ermənilərin şirin dillərinə uymamaları barədə xəbərdarlıq elədi.

Axır ki, ikinci heyət də gəlib çıxdı. Yazıya heç bir dəxli olmasa da, bunu yazmasam ürəyim partlayar: ikinci heyət öz görünüşləri, təbəssümləri, hətta sevgilərinin duzsuzluqda tayı-bərabəri olmayan gənc, evli cütlük idi. İlahi, onlarla müqayisədə mənim qəhrəmanım özünün ağdamlı, ümumiyyətlə, qarabağlı “naxışları” ilə səfər boyu necə də maraqlı, səmimi, doğma görünürdü!

Yol, şokolad, Ramiz Rövşən...

Martinin açıq ürəklə bizə təklif elədiyi şokoladlardan yeyə-yeyə, ədəbiyyat, Ramiz Rövşən, müasir gənclik-filan kimi çeynənmiş mövzulardan həvəslə, bir-birimizin sözünü kəsə-kəsə danışaraq (daha doğrusu, mübahisə edərək), yolumuza davam edirdik. Qəhrəmanımın əməlli-başlı “iqnor” elədiyi qonaqlarsa elə indicə, gözlərinin qarşısında tanış olmuş iki Azərbaycanlının belə tezbazar dil tapıb, səhərdən dil-boğaza qoymadan danışmağına dinməz-söyləməz təəccüblənərək, səslərini çıxarmırdılar. Yolumuzun üstünə Mikayıl Müşfiq çıxdı. Təbii ki, özü yox, abidəsi. Milli ədəbiyyat tariximizin ən işıqlı şairinin, onun uşaq sadəlövhlüyü ilə adamı təəccübləndirən şeirlərinin şərəfinə ucaldılmış bayağı abidənin qarşısında dayanıb, qonaqlarımıza “Azərbaycan ədəbiyyatının Sergey Yesenini” barədə qısaca, amma maraqlı bir məlumat verərək, onun faciəli həyatından, şeirlərindən danışdıq. Daha doğrusu, qəhrəmanım ədəbiyyat adamı olduğumu bəhanə gətirərək, bu işi mənim boynuma atdı (əslində, özü rus dilində ədəbiyyat barədə yaxşı danışa bilmədiyi üçün).


Həmişə arzulamışam ki, Qarabağ alınsın, orada bir dağın ətəyində ev tikim...

Xızıya gedən yolda arabir Martinin xahişini nəzərə alıb maşını saxlayır, natura çəkilişləri aparan heyətin öz işlərini bitirməyini gözləyərək, sonradan təzədən yolumuza davam edirdik. Bu arada Vahid bəy Ağdam ləhcəsində danışdığı rus dilində çexlərə Xızının əslində bir qəpiklik təbiəti olmadığını, əsl təbiətin, əsl vəhşi gözəlliyin Qarabağda olduğunu iddia edirdi.

...Nə gözəl ki, mənim bir jurnalist kimi özümün Qarabağ barədə hansı psevdopatriotik xatirələrə dalmağımı yazmaya bilmək lüksüm var. Amma qəhrəmanımın bəxti mənim qədər gətirməyib. Təsəvvür edin ki, vətən sevgisi, Qarabağ həsrəti söhbətinin sonu gəlib, çox məişətvari, daha doğrusu, mülkədar xislətinin qələbəsinə dirəndi. Vahid müəllim Milena Yesenskayanın yerlilərinə özünün Qarabağ həsrətinin motivlərini açırdı:

- Həmişə arzulamışam ki, Qarabağ alınsın, orada bir dağın döşündə ev tikdirim. Amma bilirəm ki, bu hələ çox uzun çəkəcək. Ona görə də, burada, Xızıda dağın ətəyində xudmani bir ev başlatmışam...

Və bunu deyib, maşını öz mülkünə sürdü. Vahid bəy qonaqların bir qisminə yarımçıq evini, həyətini-flanı göstərib, burada çalışan ustalara əməkhaqlarını ödədiyi müddətdə mən millətimizin mədəni irsini Martinə təqdim etməyə çalışdım. Qonşu həyətdə ipə sərilmiş, adamın gözünü-könlünü oxşayan bir kilimi göstərib, Qarabağ barədə film çəkən əcnəbiyə bu bölgənin toxuculuq ənənələrindən ətraflı, zəngin bir söhbət elədim. Martin isə belə maraqlı söhbətin boşa getməyindən tez duyuq düşərək, kamerasını işə saldı. Qarabağlıların həyatını, mədəniyyətini, məişətini qaçqın jurnalistin öz dilindən eşitmək ona dəhşət maraqlı gəlmişdi. O qədər maraqlı ki, səfər boyu Martinə müsahibə verməkdən macal tapıb, öz işimlə məşğul ola bilmirdim...

Azərbaycanlı istedadının əsl meydanı – sürfə!

Xızının lap dağlıq-meşəlik yerlərinə tərəf irəlilədikcə havanın soyuduğunu adam açıq-aşkar, sümükləri ilə hiss eləyirdi. Mən heç, öyrənmiş canam, səhər əlimə keçən köhnə-kürüşdən isti paltar ehtiyatımı görmüşdüm. Amma əcnəbi qonaqlarımızın əyni yuxa idi və Vahid bəyin mənə uzun illərin dostu kimi təqdim etdiyi Petruşka xanım babat üşüyürdü. Hətta günorta yeməyi üçün əyləndiyimiz restoranda əyləşməkdən imtina elədi ki, bura açıqlıqdır, nəsə isti, örtülü bir yerə gedək. Bu söhbətin üzərinə mən qəhrəmanımı yüngülvari danladım ki, gərək isti paltar ehtiyatı barədə qonaqlarını xəbərdar eləyəydi. Cavabında Vahid müəllim kurtkasına bərk-bərk bürünüb dedi ki: “Heç özümün də ağlına gəlməmişdi isti paltar məsələsi, kurtka da təsadüfən maşındaydı”.
Naharı ofisiantları filosof çıxan bir restoranda yeyəsi olduq. Hə, bir halda ki, söhbət fəlsəfədən düşdü, təklif eləyirəm ki, bu fəlsəfə dəryasının qırağında ətəyimizi bir balaca yuxarı çırmalayaq: mən azərbaycanlıların, xüsusilə Azərbaycan kişisinin əsl istedadını, fərasətini, bacarığını özəlliklə süfrə başında görmüşəm. Və elə bilirəm ki, onların özlərini ən rahat, səmimi, mərdanə apardıqları yer – süfrə başıdır. Burada tipik Qarabağlı qadını xislətimlə bir qeyd eləyim ki, elə bu səbəbə görə bizim kişilərə yaxşı mütəxəssis, dəhşət yaradıcı, vəhşicə istedadlı olmamasını bağışlamaq olar, amma o, süfrə, məclis, xeyir-şər adamı deyilsə, bunu ona keçmək mümkün deyil. Əgər türk kişisində süfrə istedadı yoxdusa, ona heç vəchlə bəraət qazandırmaq olmaz, vəssalam.
Bu sarıdan qəhrəmanım məni məyus eləmədi. Ofisiantlarla ərkyana zarafatlaşmalar, qədim-qayım, duzlu-məzəli süfrə xatirələri, milli yeməklərin əcnəbilərə özünəməxsus (ağdamlısayaq) təqdimatı (hələ şeir də olajax!!!) daha nə bilim, nələr... Hələ sizə onu deyim ki, bütün bunlar mənim ayıqkən xatırladıqlarımdır.

...Qafqazda regional münaqişə, Qarabağ problemi, məcburi köçkünlər barədə Xızı təbiətindən film çəkən əcnəbi qonaqların, filmin, ümumiyyətlə, qəhrəmanımın sonrakı taleyindən xəbərim yoxdur.

Günel Mövlud
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1333

Oxşar yazılar