Təzə avtovağzalda bir saat - REPORTAJ
23 may 2009 10:00 (UTC +04:00)

Təzə avtovağzalda bir saat - REPORTAJ

Bakı avtovağzalının yeni ünvanından şəhərin mərkəzinə gediş-gəliş müşkülə çevrilib

- Ey, a kişi, maşını burada saxlama.
- Bəs, harada saxlayım? Camaatı aparıb bir kilometr o tərəfdə düşürəsi deyiləm ki?
- Bilmirəm, harada düşürürsən, burada olmaz...

Bakı avtovağzalının yeni ünvanından reportaj hazırlayarkən ilk mübahisəni elə vağzalın girişində eşitdik. 96 saylı marşrutda işləyən “DAEWOO” avtobusu sərnişinlərin minib-düşməsi üçün avtovağzalla avtomobil yolunun sərhədindəki dəmir sərhəddə dayanır. Nəqliyyat Nazirliyinə məxsus avtomobilin içərisindən ətrafa nəzarət edən müfəttişlərdən biri dərhal avtobusa tərəf yüyürüb, mane olmaq istəyir. Elə ilk cəhddəcə müfəttiş öz istəyinə nail olur. Sürücü deyinə-deyinə sərnişinlərin avtobusa minib-düşməsini gözləmədən oradan uzaqlaşır.

Taksi sürücüsü Yusif dayı deyir ki, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal “Motodrom”a köçürüləndən bəri paytaxt sakinləri və şəhərin qonaqları belə mübahisələri tez-tez eşidirlər. Çünki Nəqliyyat Nazirliyi Bakının müxtəlif istiqamətlərinə hərəkət edən sərnişin avtobuslarını avtovağzalın ərazisinə buraxmır. Bu isə sərnişinlər üçün əməlli-başlı başağrısına çevrilib. Onun sözlərinə görə, hətta bölgələrdən Bakıya gələn sərnişinlərin bir çoxu avtovağzaldan mənzil başına getmək üçün saatlarla avtobus gözləməyə, əksər hallarda şəhərin mərkəzinə gəlmək üçün ən azı iki marşrut dəyişməyə məcburdurlar.

Avtovağzala 300 metrlik piyada yolu

Yusif dayı taksi sürücüsü kimi burada üzləşdiyi problemlərdən də danışır. Müsahibimiz deyir ki, vağzalın ərazisinə yalnız şirkətlərə məxsus taksilər buraxılır. Buna görə şirkət hər ay mərkəzləşdirilmiş qaydada Nəqliyyat Nazirliyinə, daha doğrusu, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzala pul ödəyir. Şəxsi avtomobili ilə taksi xidməti göstərən sürücüləri isə nəinki avtovağzalın ərazisinə, heç sərnişin avtobusları üçün təxminən 300 metr aralıda yerləşən dayanacağa da buraxmırlar.

“Ona görə də hərə bir tərəfdə dayanıb ora-bura qaçır ki, özünə “kliyent” yığsın. Amma imkan vermirlər, həm camaat əziyyət çəkir, həm də biz. Maşını vağzalın girişində saxlayan kimi qovurlar” - deyə, taksi sürücüsü bildirir.

9 nöqtədən nəzarət

Müsahibimiz vağzalın ətrafında o tərəf – bu tərəfə şütüyən və üzərində “Nəqliyyat Nazirliyi” yazılan avtomobilləri göstərir və deyir ki, bir anlıq həmin avtomobillərdəki müfəttişlərin hərəkətlərinə diqqət yetirsək, hər şey aydın olacaq. Bir qədər müşahidə etdikdən sonra Yusif dayının haqlı olduğu üzə çıxır. Məlum olur ki, ümumi sahəsi 164 min kvadratmetr olan avtovağzalın təkcə giriş və çıxış hissələrinə 9 nöqtədən nəzarət olunur. Bunlardan 4-ü nəqliyyat müfəttişləri tərəfindən platformaya qalxan körpü-yolda, 3-ü vağzalın girişində, 1-i kompleksin qarşısındakı taksi parkında yerləşir. Birinci 4 nöqtədə dayanmış müfəttişlər piyadaların körpü vasitəsilə platformaya qalxıb-düşməsinə, vağzalın girişindəkilər isə sərnişin avtobuslarının və taksilərin, eləcə də sərnişinlərin burada dayanmasına imkan vermir. Nəhayət, 9-cu nəzarət nöqtəsi avtovağzalla şəhərdaxili marşrutların dayandığı meydança arasındakı dairədə yerləşir. Ancaq burada avtobuslara nəqliyyat müfəttişləri deyil, polis əməkdaşları nəzarət edir.

Bununla belə, Yusif dayı köhnə avtovağzalla müqayisədə burada taksi xidmətindən istifadə edənlərin sayının çox olduğunu deyir. Həmsöhbətimiz bunu təzə avtovağzaldakı qarmaqarışıqlıqla əlaqələndirir: “Köhnə yerdən şəhərin istənilən yerinə getmək olurdu. Həm marşrut bol idi, həm də camaat “20 Yanvar” metrosundan istifadə eləyə bilirdi. Ancaq buradan şəhərə işləyən avtobusların sayı azdır. Həm də avtobusları vağzalın ərazisinə buraxmırlar deyə, rayonlardan gələnlər şəhərə gedən avtobusların harada dayandığını bilmir. Ona görə də məcbur olub taksi ilə gedirlər”.

“Camaat zülmdədir”

Gəncədən Bakıya qonaq gələn Samirə Vəliyeva da vağzaldan şəhərə necə gedəcəyini müəyyənləşdirməkdə çətinlik çəkir. Dediyinə görə, Bakını yaxşı tanıyır, ancaq lazım olan yerə hansı avtobusla və necə gedəcəyini bilmir: “Özüm Bakıda təhsil almışam, burada yaxın qohumlarım var. Ona görə də Bakıya tez-tez gəlirəm. Yəni demək istəyirəm ki, şəhəri yaxşı tanıyıram. Ancaq “20 Yanvar”dakı avtovağzalı buraya köçürəndən camaat zülmdədir. Nə şəhərə getmək olur, nə də şəhərdən vağzala. Buradan Bakıya cəmi 3-4 istiqamətdə avtobus işləyir. Onu da hər gün belədən-belə qovurlar. Ona görə də camaat bilmir harada dayansın ki, rahat mənzil başına çata bilsin”.

Yeni avtovağzalda nəqliyyat problemi təkcə şəhərə işləyən avtobus qıtlığı ilə yekunlaşmır. Şəhərdən avtovağzal istiqamətinə və ətraf kəndlərə gedən avtobuslar təxminən bir kilometr aralıda, “Biləcəri dairəsi”də dayanır. Sərnişinlər isə buradan avtovağzala piyada getmək məcburiyyətində qalır. Elə bu yazının müəllifi də digər sərnişinlər kimi “Biləcəri dairəsi”ndən yeni avtovağzaladək olan məsafəni piyada getməli olub.

Avtobusların vağzala girişinə qadağa qoyan Nəqliyyat Nazirliyinin müfəttişləri isə bunu təhlükəsizlik tədbirləri ilə əlaqələndir. Regionlardan Bakıya gələn sərnişinləri avtovağzalın qarşısındakı şərti dayanacaqdan çıxaran nəqliyyat müfəttişləri avtobus qıtlığı ilə bağlı məlumatları təkzib edirlər. Hətta müfəttişlərdən biri bu məsələdə sərnişinləri günahlandıraraq onların süni problem yaratdığını bildirir. Özünü təqdim etmək istəməyən müfəttiş deyir ki, avtovağzalın qarşısındakı dairədə şəhərin müxtəlif istiqamətlərinə işləyən avtobuslar üçün xüsusi meydança yaradılıb: “Biz sərnişinlərə də izah edirik ki, şəhərə getmək istəyənlər küçənin o üzünə keçib dayanacaqdakı avtobuslara minsinlər. Amma nədənsə, hamı istəyir ki, elə vağzaldaca bir avtobusdan düşüb o birinə minsinlər. Belə olmur axı, onda gərək vağzalda avtobus əlindən tərpənmək mümkün olmasın”.

Xatırladaq ki, bölgələrdən Bakıya gələn avtobuslar 80 milyon manata başa gələn 4 mərtəbəli avtovağzalın 3-cü mərtəbəsində dayanır. Burada bütün sərnişinlər ya pilləkənlərlə, ya da lift vasitəsilə yuxarı mərtəbələrə qalxa bilərlər. Avtobusları yuxarı mərtəbəyə aparan körpü-yol isə piyadalar üçün bağlıdır. Platformaya çıxan bu körpünün giriş və çıxış hissələri avtovağzalın mühafizəçiləri tərəfindən qorunur. Platformadan şəhərdaxili marşrutların dayandığı əraziyə ən azı 300 metrdir və bu o deməkdir ki, sərnişinlər həmin yolu piyada qət etməlidir. Bunun isə yüklü sərnişinlər üçün nə qədər çətin olduğunu izah etməyə ehtiyac yoxdur.

Avtobusların sayı artırıla bilər

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov yeni fəaliyyətə başlayan avtovağzalda bəzi problemlərin olmasını təbii sayır. Onun sözlərinə görə, bu problemlərin çoxu sərnişinlərin yeni avtovağzala bələd olmamasından irəli gəlir: “Vaxt keçdikcə insanlar yeni avtovağzala, oradakı qaydalara daha yaxından bələd olacaq və bununla da problemlər öz-özünə aradan qalxacaq”.

Bununla belə, nazirliyin rəsmi yeni avtovağzaldan şəhər istiqamətin işləyən marşrutların sayının az olması fikri ilə razılaşmır. Namiq Həsənov bildirir ki, əhalinin yeni avtovağzala daha rahat gediş-gəlişini təmin etmək üçün bir sıra marşrutların hərəkət sxemində dəyişikliklər edilib. Onun sözlərinə görə, hazırda Bakının müxtəlif ərazilərində yeni avtovağzala 13 xətt üzrə mart avtobusları işləyir. Həmçinin avtovağzala şəhərin mərkəzindən 5, 96, 183, 192, 200, 200 “A”, 207, 284, 311 saylı marşrutlar hərəkət edir.

Namiq Həsənov deyir ki, hazırda şəhərdən avtovağzala gediş-gəlişi asanlaşdırmaq üçün yeni təkliflər üzərində iş gedir. Onun sözlərinə aparılan təhlillərdən sonra vağzaldan Bakının müxtəlif istiqamətlərinə sərnişin axını nəzərə alınmaqla yeni marşrutların açılacağı istisna olunmur. Hələlik isə nə yeni marşrutların açılmasına, nə də mövcud xətt üzrə avtobusların sayının artırılmasına ehtiyac yoxdur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 931

Oxşar yazılar