120-dən çox ev gölün içindədir – REPORTAJ
22 may 2009 12:00 (UTC +04:00)

120-dən çox ev gölün içindədir – REPORTAJ

Binəqədidə su borusunun dağılması nəticəsində ətrafdakı evlərin sakinləri çıxılmaz vəziyyətdədir

Binəqədi qəsəbəsində “Üçüncü mədən” deyilən ərazidən keçən nəhəng su xətti mayın 21-də günorta saatlarında dağılıb. 1200 diametrlik beton borunun dağılması nəticəsində ətraf evlər suyun altında qalıb. Hətta su dolmuş evlərin 4-də yaşamaq mümkün olmadığından mənzil sahibləri qohumlarının evinə köçmək məcburiyyətində qalıb. Dərhal “Azərsu” Səhmdar Cəmiyyətinin qəza xidmətinin əməkdaşları hadisə yerinə gəlsə də su axınının qarşısını almaq mümkün olmayıb. Çarəsiz qalan qəza xidmətinin əməkdaşları Ceyranbatandan Bakının mərkəzinə gələn su xəttinin mənsəbini bağlayıblar.

Biz bu gün hadisə yerinə çatanda hələ su borusunda təmir işləri başa çatmamışdı. Lakin Binəqədi Rayon Su Təchizatı İdarəsinin rəhbər işçiləri və qəza xidmətinin əməkdaşlarının ərazinin subasmaya məruz qalmaması üçün səylə çalışırdılar. Günorta saatlarında bərpa işləri davam etsə də, boru xəttinin dağılmış hissəsini bərpa etmək mümkün olmamışdı.
Binəqədi Rayon Su Təchizatı İdarəsinin rəis müavininin adını-soyadını açıqlamayan müavini bildirib ki, hadisəyə səbəb dünən günorta saatlarında Ceyranbatan su anbarından paytaxta gələn su borusunun deşilməsi olub. Onun sözlərinə görə, su axını güclü olduğundan ərazidən avtomobil yolları, həyətyanı sahələr suyun altında qalıb. Bəzi evlərin bünövrəsi yuyulub.

“Bu boru vasitəsilə saniyədə 1 ton su axır. Təzyiqin yüksək olması dünən bərpa işlərinə başlamağa imkan vermədi. Ona görə də borunun istismarını müvəqqəti olaraq saxladıq ki, təmir işlərinə maneçilik törətməsin” - deyə, rəis müavini bildirib.

Su Təchizatı İdarəsinin rəsmisi qeyd edib ki, hazırda bu ərazidə 10 ədəd yüksək təzyiqli su xətti keçir. Ceyranbatan su anbarından Bakıya gələn bu borular paytaxtın içməli su təminatının 90 faizini ödəyir: “Amma boruların üzərində tikilmiş evlər qəza zamanı bərpa işlərinin aparılmasına mane olur. Ona görə də dünən baş verən qəzanı hələ də aradan qaldıra bilməmişik. Görürsünüz, buraya çoxlu fəhlələr, texnika cəlb etmişik. Mümkün qədər bərpa işlərini axşam saatlarınadək başa çatdırmağa çalışırıq. Buna nail ola bilsək, sabah səhər boru vasitəsilə suyun verilməsi bərpa olunacaq”.

Yarımçıq dəqiqləşdirmə

Xatırladaq ki, boru xəttinin keçdiyi və ətrafında qanunsuz binaların tikildiyi bu ərazi Binəqədi Neft Şirkətinin balansındadır. Hazırda tikintisi başa çatmış fərdi evlər neft mədənindən bir qədər aralıda yerləşsə də, partlamış boru xətti çoxlu sayda fərdi yaşayış evlərinə ciddi ziyan vurub. Hələ tam dəqiqləşdirilməmiş məlumata görə, borunun partlaması nəticəsində 120-dən çox ev su altında qalıb. Ərazidə bərpa işləri aparan qəza xidməti əməkdaşları subasmadan ziyan çəkmiş evlərin daha çox ola biləcəyini bildirirlər.

Binəqədi Rayon Su Təchizatı İdarəsinin mühəndisi Vaqif Hacıyev deyir ki, dünən hadisədən sonra yerli sakinlərin müraciəti ilə su basmış ərazilərə baxış keçirilib. Dünən axşam saatlarınadək ərazidə 120-dən çox evin zərər çəkdiyi müəyyənləşib. Onun sözlərinə görə, vətəndaşlara dəymiş ziyanın müəyyənləşdirilməsi üçün araşdırmaların bu gün davam etdiriləcəyi gözlənilirdi. Lakin ərazidəki evlər qeyri-qanuni olduğundan icra orqanlarının nümayəndələri buna ehtiyac görməyib.

Su Təchizatı İdarəsinin mühəndisi bildirib ki, Rayon İcra Hakimiyyəti bir neçə dəfə ərazidə özbaşına inşa olunmuş evlərin sökülməsi məsələsini qaldırsa da, bunun icrasına başlamaq mümkün olmayıb. O, yaxınlıqda yüksək təzyiqli su borularının üzərində tikilmiş evləri göstərərək deyir: “Şəxsən mənə bu evləri sökmək üçün bir neçə dəfə tapşırıq verilib. Gəlib ev yiyələri ilə danışmışam, onlara xəbərdarlıq etmişəm ki, eviniz söküləcək. Amma görürsən ki, hamısı kasıb insanlardır, adamın yazığı gəlir”.

Bununla belə, subasma nəticəsində evlərinə ziyan dəymiş sakinlərin heç birinə kompensasiya verilməyəcək. Səbəb həmin tikililərin qeyri-qanuni olmasıdır.

Su basmış evin müvəqqəti sakini: “İki gündür, evdən çıxa bilmirəm”

Həyəti, yaşadığı evin içərisi su ilə dolmuş sakinlər isə ərazidə fərdi mənzil tikintisi üçün bələdiyyə sədrinə və sahə müvəkkilinə pul verdiklərini bildirirlər. Onların dediyindən belə çıxır ki, inzibati ərazi üzrə Binəqədi qəsəbəsinə aid olan bu yaşayış zonasında məskunlaşma 4-5 il əvvəl kütləvi xarakter alıb.

Göygöl rayonundan olan Rəşad Haqverdiyev də su borusunun partlaması nəticəsində evini su basmış 120 ailədən biridir. Dediyinə görə, 2007-ci ildən burada yaşasa da, ev onun özünün deyil: “Yaxın qohumumun evidir, iki il əvvəl şəhərdə kirayə qalırdım. Qohumum gördü ki, dolana bilmirəm, kirayə haqqının ödəmək imkanım yoxdur, dedi gəl müvəqqəti olaraq bu evdə yaşa”.

İndi Rəşad Haqverdiyevin müvəqqəti sığındığı evi də su basıb. Yüksək təzyiqli borundan axan suyun bir hissəsi onun həyətinə yığılıb, oradan isə içəri dolub: “Dünən evdəkilər görüb ki, döşəmədəki xalçalar suya qərq olub. Ona qədər heç kəsin xəbəri olmayıb. Həyətə çıxanda isə görüblər ki, qapı-baca gölməçədir”.

Müsahibimiz deyir ki, işi-gücü günəmuzd fəhlə kimi orada-burada çalışıb ailəsini dolandırmaqdır. Ancaq həyət-bacanı su basdığından iki gündür işə çıxa bilmir: “Evdə bir yaşında körpə uşaq var. Paltar-palaz, qab-qacaq hamısı suyun içərisindədir. Yatmağa da yer tapmırıq, dünən axşamdan su döşəmənin üzərinədək qalxıb. İki gündür evdən çıxa bilmirəm. Özüm də fəhlə adamam, bircə gün işə getməsəm, evimizdə yeməyə heç nə tapılmır”.

Qohumunun evində yaşayan Rəşad bildirir ki, son bir neçə ayda müvafiq qurumların nümayəndələri əraziyə gələrək sakinlərə tikililərin qanunsuz olduğunu xatırladır. Elə buna görə də rəsmi qurumun nümayəndələri iki gündür ki, evini su basmış ailələrin üzləşdiyi problemin həllinə çalışmır: “Lap tutaq ki, özbaşına tikilib bu evlər. Bəyəm kefdən gəliblər bura? Mən Göygöldən bura işləmək, ailəmi dolandırmaq üçün gəlmişəm. İndi ağır vəziyyətdir, hərə birtəhər dolanır. Qanunsuz ev tikən bəyəm suyun içərisində boğulub ölməlidir?”.

“Evi tikəndə kimdən razılıq alıblarsa, suyu da onlara çəkdirsinlər”

Evini su basmış məhəllənin sakinlərindən ayrılıb yenidən su xəttin partladığı yerə gəlirik. Burada çalışan fəhlələrin, əraziyə cəlb olunan texnikanın çoxluğu diqqəti çəkir. Bərpa işlərinə yaxınlaşıb evini su basmış ailələrə kömək olunub-olunmayacağı, həmin evlərə dolmuş suyun qurudulub-qurudulmayacağını öyrənmək istəyirik. Cavab olduqca məyusedicidir. Bir qədər əvvəl söhbətləşdiyimiz məmurlardan biri “o evlərin hamısı qanunsuzdur, bizim onlara kömək etmək imkanımız yoxdur, evi tikən zaman kimdən razılıq alıblarsa, suyu da onlara çəkdirsinlər” - deyir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1019

Oxşar yazılar