Qızılın filizlərdən çıxarılmasını modelləşdirilən geotexnoloji baza yaradılıb
24 yanvar 2011 19:11 (UTC +04:00)

Qızılın filizlərdən çıxarılmasını modelləşdirilən geotexnoloji baza yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, elmi müəssisə rəhbərlərinin, alim və mütəxəssislərin iştirak etdiyi yığıncağı AMEA prezidenti akademik Mahmud Kərimov gündəlikdəki məsələlər haqqında məlumat verdi.

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Arif İsmayılzadə bölmənin 2010-cu ildəki elmi və elmi-təşkilatı fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Arif İsmayılzadə bildirib ki, bölmə müəssisələrində elmi tədqiqatların 7 problemi əhatə edən 23 mövzu üzrə 34 elmi-tədqiqat işləri 33 mərhələdə aparılıb və 11 iş tamamlanıb. Akademik AMEA Geologiya İnstitutunun neft sahəsi üzrə elmi-tədqiqat işlərinin böyük bir hissəsinin “2007-2014-cü illər ərzində Cənubi-Xəzər Çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsi Proqramı” altında dövlət tapşırığının icrası ilə bağlı olduğunu, bu proqramın yerinə yetirilməsində institut əməkdaşları ilə birlikdə AR Dövlət Neft Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Təhsil Nazirliyinin (ADNA) iştirak etdiyini söyləyib. İnstitutda “Cənubi-Xəzər Hövzəsinin geoloji-geofiziki modeli” bölümü üzrə yeni metodika və “REZAYR” proqramlar paketi hazırlanıb, bu proqramların karbohidrogen yığımlarının və Cənubu Xəzərin dərin hissələrində anomal yüksək lay təzyiqi zonalarının birbaşa diaqnostikası üçün tətbiqi tövsiyə edilib. Arif İsmayılzadə Cənubi-Xəzər Çökəkliyinin 5000 m dərinlik kəsimi üçün sxematik geoloji xəritəsinin tərtib olunduğunu, neft və qazın generasiya zonasının dərinliyini qiymətləndirməyə imkan verən hövzənin termal təkamülünün rəqəmli modelinin işlənildiyini, geotermal anomaliyaları müəyyən edilərək onların mənşəyinin öyrənildiyini və yeni sxematik geotermik xəritə seriyaları əsasında Cənubi-Xəzər Çökəkliyinin istilik sahəsinin strukturunun müəyyən edildiyini diqqətə çatdırıb.

İnstitut kollektivi tərəfindən “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və uzunmüddətli istifadəsi” proqramı üzrə Azərbaycan Respublikası ərazisində nadir geoloji obyektlərin monitorinqi aparılıb, alınmış materiallara əsasən geoloji abidələrin unikallığı işlənilib və pasportlaşmaya cəlb olunmalı müvafiq obyektlər təklif edilib. O, institutda “Azərbaycanın filiz yataqlarında təbiətə ziyan vurmadan metalların çıxarılma texnologiyasının tədqiqi, işlənilməsi və tətbiqinə dair Tədbirlər Proqram”ının yerinə yetirilməsi üzrə laboratoriya şəraitində, qızıl və onu müşayiət edən elementlərin filizlərdən çıxarılması proseslərinin modelləşdirilməsini həyata keçirən geotexnoloji bazanın yaradıldığını, Mobil laboratoriyanın əldə edildiyini, müvafiq qurğuların hazırlandığını və Qoşa qızılfilizi yatağında çöl şəraitində texnoloji rejimin yoxlanılaraq eksperimentlərin müsbət nəticə verdiyini vurğulayıb.

Arif İsmayılzadə Geologiya İnstitutunun əməkdaşları tərəfindən 2010-cu il ərzində “GPS və seysmik məlumatlar əsasında Bakı şəhəri və Abşeron yarımadasında seysmik təhlükəsizlik və riskin qiymətləndirilməsi” adı altında elmi-tətbiqi işlərin kompleks proqramının hazırlandığını da qeyd edib. Proqramın Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin iştirakı ilə yerinə yetirilməsi nəzərdə tutulub.

Hesabatla bağlı müzakirələrdə iştirak edən akademiklər Mahmud Kərimov, Arif Həşimov, Əhliman Əmiraslanov, AMEA-nın müxbir üzvləri Arif Quliyev, Fəxrəddin Qədirov bölmənin illik hesabatını qənaətbəxş hesab ediblər. AMEA Yer Elmləri Bölməsinin 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilərək AMEA-nın illik hesabatına daxil edilib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli RSXM-in 2010-cu ildəki elmi və elmi-təşkilatı fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Hesabat ilində RSXM-də elmi-tədqiqat işləri iki istiqamət - respublika ərazisinin seysmikliyinin, zəlzələlərin kinematik və dinamik parametrlərinin öyrənilməsi və geofiziki (maqnitometriya və qravimetriya) və geokimyəvi sahələrdəki seysmoanomal effektlərin təzahürü strukturları və xüsusiyyətlərinin kompleks tədqiqi üzrə aparılıb.

Qurban Yetirmişli seysmoloji tədqiqatların 25 telemetrik “Kinemetrics” (ABŞ istehsalı) və 14 analoq stansiyasından ibarət müşahidə şəbəkəsi əsasında respublika ərazisində seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğunu, ocaq zonalarındakı seysmik proseslərin dinamikasını tədqiq etdiyini, dərinlik qırılmalarının aktiv hissələrinin müəyyənləşdirildiyini, bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyinin qiymətləndirilərək öyrənildiyini söyləyib.

RSXM-in illik hesabatı qənaətbəxş hesab edilib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilərək AMEA-nın illik hesabatına daxil edilib.

Tədbirdə akademiklər Ədhəm Şıxəlibəylinin və Əli Əşrəf Əlizadənin 100 illik yubileylərinin keçirilməsi, Qafur Ələsgərovun AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi məsələləri də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar