Daxili İşlər Nazirliyində kollegiya iclası olub
02 aprel 2010 12:00 (UTC +04:00)

Daxili İşlər Nazirliyində kollegiya iclası olub

Ötən il yol qəzalarında 930 nəfər ölüb

Aprelin 2-də Daxili İşlər Nazirliyində “Cinayətkarlığa qarşı mübarizədə işin təşkili və əməliyyat-qeydiyyat işləri üzrə həyata keçirilən tədqiq tədbirlərinin vəziyyəti”nə və “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlərə və qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxili işlər naziri Ramil Usubov müzakirəyə çıxarılan birinci məsələ ilə bağlı danışarkən, əməliyyat-qeydiyyat işləri üzrə tədqiq tədbirlərinin təşkilinin xidməti fəaliyyətdə böyük əhəmiyyət kəsb etdiyini, bağlı qalmış, xüsusən də qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılmasında əməliyyat aparatının imkanlarından istifadənin önəmli rola malik olmasını nəzərə çatdırmaqla bu sahədə fəaliyyətin düzgün qurulmasının hər bir əməliyyatçının və rəhbər vəzifəli şəxsin peşəkarlığının əsas göstəricisi, fəaliyyətin qiymətləndirilməsində başlıca meyar olduğunu bildirib.

Nazir R.Usubov 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar dövlət yol polisi qurumlarının üzərinə insanların həyat və sağlamlığının avtomobillərin zərərli təsirlərindən müdafiəsi yönündə daha böyük vəzifələrin düşdüyünü xatırladıb. O, yol hərəkəti təhlükəsizliyinin təminini ictimai qaydanın qorunmasında ən mühüm istiqamətlərdən biri adlandıraraq, dövlət yol polisinin qarşıya qoyulmuş vəzifələrin öhdəsindən ümumilikdə məsuliyyətlə gəldiyini, vətəndaşlarla ən çox təmasda olan xidmət kimi onun gündəlik fəaliyyətindən polisin imicinin xeyli dərəcədə asılı olduğunu diqqətə çatdırmış, görülmüş müsbət işlərlə yanaşı, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edərək onların tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski çıxışında bildirib ki, cinayətkarlığa qarşı mübarizəyə dair mövcud qanunvericilik aktlarından, ölkə Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsində, o cümlədən cinayətlərin profilaktikasında, açılmasında və axtarışda olan təqsirləndirilən şəxslərin tutulmasında mühüm amillərdən olan əməliyyat aparatı ilə işin düzgün təşkili, onun imkanlarından səmərəli istifadə olunması, əməliyyat-qeydiyyat işləri üzrə həyata keçirilən tədqiq tədbirləri mühüm əhəmiyyət kəsb edir.

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov bildirib ki, Baş İdarənin şəxsi heyəti qanunvericiliklə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb, həyata keçirilən təşkilati və profilaktiki tədbirlər nəticəsində baş vermiş yol-nəqliyyat hadisələrinin qarşısının alınması, avtomobil parkının sürətlə genişləndiyi müasir dövrdə nəqliyyat sisteminin təkmilləşdirilməsi daim diqqət mərkəzində olub. Qeyd olunub ki, avtomobillərin texniki vəziyyətinə nəzarət sahəsində zəruri profilaktik tədbirlər keçirilib, respublikada qeydiyyatda olan avtomobillərin 72,8 faizi texniki baxışla əhatə olunub. Avtonəqliyyatın texniki vəziyyətinə nəzarətin artırılması məqsədilə Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Şəki, Zaqatala, Balakən, Şəmkir, Bərdə və Tərtər şəhərlərində fəaliyyət göstərən diaqnostika məntəqələrinin imkanlarından səmərəli istifadə olunub, atmosfer havasının avtomobillərin zərərli təsirindən qorunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə ötən ilin aprel-oktyabr aylarında bir sıra iri şəhərlərdə, avqustun 1-dən 31-dək isə bütün ölkə ərazisində “Təmiz hava” aylığı devizi altında tədbirlər keçirilib.

Kollegiya iclası iştirakçılarına məlumat verilib ki, təkcə 2009-cu ildə fiziki və hüquqi şəxslər tərəfindən ölkəmizə 75 min ədəd avtomobil gətirilib və bununla da respublikada nəqliyyat vasitələrinin ümumi sayı 937 mini keçib. Belə bir şəraitdə Dövlət Yol Polisi əməkdaşları da işlərini müasir tələblər səviyyəsində qurmaq, hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün bir sıra əməli-praktiki tədbirlər həyata keçiriblər. Nəticədə ötən bir il ərzində 884 mindən çox inzibati xəta pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 20, sürət həddinin aşılması 138, ötmə qaydalarının pozulması üzrə isə 13 min fakt aşkarlanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 43,5 faizi nəqliyyatın yüksək sürətlə idarə olunması, 24,3 faizi ötmə qaydalarına düzgün riayət edilməməsi və qarşıdan gələn nəqliyyatın yoluna çıxma səbəbindən baş verib. Nəticədə 105 mindən çox sürücü yerində cərimələnib, 3062 nəfərin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

R.Zeynalovun sözlərinə görə, ötən il respublika ərazisində 2792 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 930 nəfər həlak olub, 3044 nəfər yaralanıb. 2008-ci illə müqayisədə hadisələrin sayı 178 fakt, həlak olanların sayı 122, yaralananların sayı 188 nəfər azalıb.

İclasa yekun vuran nazir yol-nəqliyyat hadisələrinin profilaktikasının səmərəliliyinin artırılmasını, daha çox nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə olunması, ötmə qaydalarını pozma və nəqliyyat vasitələrini yüksək sürətlə idarə etmə kimi inzibati xətaların aşkarlanmasına diqqət yetirilməsini, ictimaiyyəti ciddi narahat edən, yol hərəkəti təhlükəsizliyinə mənfi təsir göstərən amillərdən olan avtoxuliqanlıq hallarına qarşı daha sərt tədbirlərin görülməsini ərazi polis orqanlarının rəislərindən tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar