Aysel Əlizadə yazır: “Bir məktəbin faciəsi” – ON BİRİNCİ MƏKTUB
31 oktyabr 2012 22:42 (UTC +04:00)

Aysel Əlizadə yazır: “Bir məktəbin faciəsi” – ON BİRİNCİ MƏKTUB

Yəqin öyrətmənlərin içində böyüdüyüm üçün təhsillə, müəllimlə, məktəblə bağlı problemlər canımı yaman sıxır. Anlamıram, ölkədə müəllimin hörməti yoxdusa, kimin var?

Mən 31 nömrəli orta məktəbi bitirmişəm. İlahi, bizim bir dil-ədəbiyyat öyrətmənimiz var idi - Tahirə xanım, elə bilərdin bu dili o yaradıb. Köklük xəstəliyi vardı, ayağını zorla yerdən götürürdü. Ancaq bir dəfə nə dərsə gecikdi, nə dərsi boş buraxdı. Dilin elə sirlərini öyrədirdi bizə, ondan eşitdiklərimi ondan sonra kimsədən eşitmədim. Dedikləri qulaqlarımda sırğa olub. Bizim bir direktorumuz vardı, Məsmə xanım, elə bilirdin Yelizavetadı zalım qızı. Bildiyiniz kraliça tipajı. Məsmə xanımdan əvvəl məktəbin direktoru Humay xanım olmuşdu. Hələ də “Humay xanımın məktəbi” deyənlər də var bizim uşaqlıq yurdumuza.

Binası da qədimdi. 30-cu illərin məktəbidi. Böyük Vətən Savaşında hərbi qospital olub. Və o vaxtdan bu vaxta bu bina elə də ciddi, yerli-yataqlı təmir görməyib.

Demək, neçə vaxtdı bilirəm ki, məktəb, nəhayət, təmirə bağlanıb. Bu gün nələr eşitsəm yaxşıdı? İyunun birindən qapadılıb ki, təmir olunacaq, hələ də elə bir ciddi iş görülməyib. Dərslər başlayıb, bütün məktəbi köçürüblər özündən betər gündə olan 153 nömrəliyə. Səhər növbəsində ev sahibləri dərs keçir, günorta növbəsində 31-in kollektivi gəlir. Aləm bir-birinə dəyir.

Ancaq bunu da ötüşdürmək mümkündü. Məsələ başqadı.

31-in indiki direktoru Şükufə xanım elə bu məktəbin məzunudu. Bütün canını, qanını, sağlamlığını məktəbə xərcləyir. Bu yay qəfildən xəstəlik keçirir, ciddi müalicələr alır... İndi ona qətiyyən stress keçirmək, sinirlənmək olmaz. Həm də Şükufə xanım cavan direktordu. Heç 40 yaşı yoxdu. Bu təmirin gözünə döndüyüm prorabı özünə söz verib ki, Şükufə xanımın bütün müalicəsini fıs çıxaracaq. Elə əsəbləşdirəcək ki, qadın təzədən iraq –iraq yatağa düşəcək. Özü də təkcə onu yox, bütün kollektivi-müəllimləri, valideynləri, şagirdləri. Məktəb direktoru olanda adam bəyəm xəstələnə bilməz? Ancaq yenə də direktor öz vəzifə borcunu yerinə yetirir. Əslində bu onun borcu deyil. Əksinə məktəbi təmir edənlərin də, onların prorablarının da borcu, vəzifəsi, işidi. Söhbət uşaqLardan gedir. O kəslərdən ki, bütün dünya onların qayğısına qalır-qalmalıdı. Həm də ölkə başçısı sərəncam verib axı... Məktəblər təmir olunsun!

Demək, bir gün direktor məktəbi yoluxmağa gedir. Nə məlum olsa yaxşıdı? İşin heç yarısı görülməyib. Səbəb nə ola? 4 mərtəbəli binada cəmi 10-15 fəhlə işləyir. Bu nə vaxta bitər? Bir məktəb adam qalıb ortalıqda, yiyə duran yoxdu. Şükufə xanım bir gedib, iki gedib, üç gedib ki a bala, bu nə oyundu başımıza gətirirsiz, hanı bunun ustası, hanı bunun təmiri? Prorab direktora qayıdasan ki, sən başını hər yerə soxma, özünə aid olmayan işlərə qarışma, demoqoluq eləmə, nə bilim neynəmə. Direktorun köməkçisi görür Şükufə xanım bərk əsəbləşir, özü gedib hal-qəziyəyni öyrənməyə. Prorab qardaş bu cavan xanıma deyəsən ki, sənin ərin-zadın yoxdu gəlirsən kişilərin içinə (???) Bir başqası gedib. Onu da qovmazmı bizim bu qoçu Ələsgər? Bunları bəndəniz səhər eşidib. Doğma məktəbimin kollektivi belə qərara gəlib ki, onlara kömək eləsək biz edərik. Ən azı bu problemi işıqlandırarıq. İşıqlandırarıq sözsüz. Ancaq anlamadığım bir mətləb var. 100-dən çox pedaqoqa rəhbərlik edən bir xanıma bu prorab nəyə güvənib “get işinlə məşğul ol” deyib, onu saya salmır? Təmir üçün pul da ayrılıb, lazım olan tədbirlər də görülüb. Bir ağzısöyüşlü kişinin əlindəmi qalacaq bu boyda təhsil ocağı? O adam məktəblə bağlı verilən qərara hansı ürəklə oyun oyuncaq kimi baxır? Bax bunu heç cür anlaya bilmədi bu zavallı bəndəniz. 153 nömrəlini görsəz ürəyiniz ağrıyar. Bir haldadı ki... Ağlıma sığmır, heç cür sığımır ki, o binada bu qədər şagirdə necə dərs öyrətmək mümkündü...

Bu məktubda böyüdüyüm, adam olduğum məktəbimin hazırda yaşadığı problemindən yaza bilərəm düşündüm. 10 il bizə Vətənlik edən bir ocağa verə biləcəyimiz ancaq bir məktubdu... Bu həm də çox incidir adamı. Əsəbiyəm, qüsur saymayın. Gedim görüm neynirəm... Hələlik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1424
avatar

Aysel Əlizadə

Oxşar yazılar