Nəsib Quliyev: “Yeni  doğulan uşaqlar arasında ölənlərin sayı üstünlük təşkil edir” - MÜSAHİBƏ
27 sentyabr 2012 14:23 (UTC +04:00)

Nəsib Quliyev: “Yeni doğulan uşaqlar arasında ölənlərin sayı üstünlük təşkil edir” - MÜSAHİBƏ

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı, professor Nəsib Quliyevin Lent.az-a müsahibəsi

- Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, inkişaf etməkdə olan ölkələrdə uşaq xəstəliklərinin yayılması ilə bağlı vəziyyət çox ağırdır. Hesabatda o da qeyd olunur ki, ən geniş yayılmış uşaq xəstəlikləri şəkərli diabet, astma, epilepsiya, autizm və nevroloji xəstəliklərdir. Bunların yaranma səbəbi və qarşısının alınması yolları haqqında məlumat verərdiniz .

- Birincisi, qeyd etdiyiniz xəstəliklərdən elələri var ki, bu gün onların yaranma səbəbi məlum deyil. Yəni bu suala heç kəs cavab verə bilməz. Bu xəstəliklərin yaranma səbəbi məlum deyilsə, onun qarşısının alınması da çox çətindir. Çünki xəstəliyin səbəbi bilinməsə onun əlacını tapmaq da çətin məsələdir. Bu cür xəstəlikləri olan uşaqlar erkən zamanlarda aşkar edilməli və onlar aidiyyatı üzrə dispanserə qeydiyyata götürməlidir. Tibbi mütəxəssisləri, valideynlər həmin uşaqlara nəzarət etməlidir və həmin uşaqlar qoruyucu rejimdə olmalıdır. Beləcə müalicəsi davam etdirilməlidir.

Elə xəstəliklər var ki, onun birdəfəlik müalicəsi yoxdur. Yəni, dərman atmaqla xəstəliyi müalicə etmək olmur. Amma xəstə uşaqlar aşkar olunan kimi qeydiyyata götürülür və onlar qoruyucu rejimdə saxlanırlar. Yəni bir tərəfdən müalicə aparılır, bir tərəfdən də vəziyyətinin ağırlaşmaması üçün qoruyucu tədbirlər görülür.


- Ölkəmizdə uşaq xəstəlikləri ilə bağlı vəziyyət hansı səviyyədədir?

- Azərbaycanda son 11 ildə doğum faizi artıb. 1990-cı ildən 2001-ci ilə qədər hər il ölkəmizdə doğulan uşaqların sayı getdikcə azalsa da, 2001-ci ildən etibarən bu göstərici müsbətə doğru dəyişdi. İndi hər il respublikamızda 6000-10000 uşaq artmaqdadır. Əgər 2001-ci ildə 110 min uşaq doğulmuşdusa, 2011-ci ilin yekunlarına görə ölkəmizdə 176 min uşaq doğulub. Bu da onu deməyə əsas verir ki, son 10 ildə doğulan uşaqların sayında xeyli artım var. Doğulan uşaqların sayının artmasına müvafiq olaraq xəstəliklərin də sayında artım olur. Mən demirəm ki, xəstəliklərin sayı artıb. Sadəcə olaraq doğumda artım olduqca, həmin saya paralel olaraq xəstəliklər də artır. Məsələn bir ildə 10 uşaq doğulursa, onun biri xəstə olursa, deməli 20 uşaq doğulanda xəstə uşaqların sayı iki olur.

Bəzi xəstəliklər artmağa meyllidir. Bunun ən əsası çağalıq dövründə rast gəlinən xəstəliklərdir. Bunlardan bir qismi anadangəlmə xəstəliklərdir. Yəni hələ ana bətni daxilində olarkən baş vermiş xəstəliklərdir ki, bu da uşaq doğulandan sonra aşkarlanır. Bir qismi də ilkin zahılıq dövründə, yəni uşaqların qırx günü çıxana qədər yaran xəstəliklərdir. Bu gün Azərbaycanda yeni doğulan uşaqlar içərisində ölənlərin sayı üstünlük təşkil edir. Bu nə üçün belədir? Çünki yeni doğulan körpələri müalicə etmək daha çətindir. Bir qədər böyük uşaqlar isə daha uğurla müalicə olunur. Bunun da nəticəsində yuxarı yaşlı uşaqların ölümü ilə yeni doğulan uşaqların ölümü arasında fərq yaranır. Heç də təsadüfü deyil ki, bütün bunlar nəzərə alınmaqla 2006-2010-cı illərdə Azərbaycanda dövlət dəstəyi ilə Səhiyyə Nazirliyi tərəfindən ana və uşaqların müalicəsi haqqında dövlət proqramı həyata keçirilib. Ölkənin 7 regionunda (Bakı və Naxçıvan da daxil olmaqla) ana və uşaqların mühafizəsi naminə xüsusi perinatal mərkəzlər yaradılıb. Bütün bunlar respublikamızda uşaq ölümünün göstəricisini təşkil edən zahılıq dövründə baş verən xəstəliklərin qarşısının alınmasına yönəlib. Bu gün bizim bir çox tibb mütəxəssislərimiz xaricdə təcrübə keçib ölkəmizə qayıdırlar. Həm kadr hazırlığı yolu ilə, həm də tibb ocaqlarımızın maddi-texniki təminatının yüksəldilməsi yolu ilə çox yaxın illərdə ölkədə uşaqlara göstərilən tibbi xidmət və demoqrafik göstəricilər dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə çatacaq. Düzdür, dünyanın inkişaf etmiş ölkələrində demoqrafik göstərici aşağıdır və bunun da səbəbi dəqiq məlum deyil. Ölkəmizdə hər 10 ilə 1 milyon insan artır. Bu, çox sevindirici haldır. Ölkə rəhbərliyinin və Səhiyyə Nazirliyinin tibb sahəsinə, o cümlədən pediatriya sahəsinə ayırdığı diqqəti də xüsusi ilə vurğulamaq istəyirəm.

Proqnozlar onu deməyə əsas verir ki, yaxın 10 ildə respublikamızda il ərzində doğulan uşaqların sayı 200 mini keçəcək.

- Keyfiyyətsiz ərzaq məhsulları ilə qidalanma gələcəkdə doğulacaq körpəyə nə kimi təsir göstərə bilər?

- Təbii ki, keyfiyyətsiz ərzaq məhsulları ilə qidalanma insan orqanizminə ziyandır. İkinci tərəfdən, keyfiyyətsiz ərzaqla qidalanma gələcəkdə doğulacaq körpəyə də ziyandır. Bir məsələni də qeyd edim ki, dünyaya gələn körpə iki il ana südü ilə qidalanmalıdır. Ana yalnız iki ildən sonra yenidən hamilə qalmalıdır. Yəni, bu iki ili ananın növbəti hamiləliyə hazırlıq dövrü adlanır. Əlbəttə, bir qadının orqanizmi sağlam deyilsə və keyfiyyətsiz ərzaq məhsulları ilə qidalanırsa, bu da onların hamiləliyinə də mənfi təsir göstərir. Təbii ki, bunun nəticəsində müvafiq fəsadlar meydana gəlir.

- Əsasən hansı xəstəliklərlə bağlı Pediatriya İnstitutuna müraciət edirlər?

- Pediatriya İnstitutuna ən çox çağalıq dövrünün xəstəlikləri ilə bağlı müraciət olunur. İnstitutumuza doğuş zədələri, bətn daxili infeksiya kimi xəstəliklərlə də bağlı çox müraciətlər olunur. Azərbaycanda uşaq xəstəlikləri arasında birinci yerdə tənəffüs yollarının xəstəlikləri, ikinci yerdə çağalıq dövrünün xəstəlikləri, üçüncü yerdə mədə-bağırsaq sisteminin xəstəlikləri dayanır. Yəni ölkəmizdə uşaqlarda ən çox bu xəstəliklərə rast gəlinir.

- Uşaq xəstəlikləri ilə bağlı xüsusi beynəlxalq proqram mövcuddurmu və ölkəmiz bu proqrama qoşulubmu?

- Uşaqların sağlamlığı ilə bir neçə beynəlxalq proqram mövcuddur və hazırda ölkəmiz də həmin proqramlara qoşulub. Bu gün də həmin proqramlardan qüvvədə olanı var. Onlardan biri də 1990-cı illə müqayisədə 2015-ci ilə qədər ölkədə uşaq ölümünün azaldılması üzrə beynəlxalq proqramıdır. İkinci proqram qızılca və məxmərəksiz ölkəyə çevrilmə proqramıdır. Azərbaycan hər iki proqrama qoşulub. Məhz bütün bunların nəticəsidir ki, son illərdə artıq qızılca və məxməri xəstəlikləri sıfır həddinə çatmaq üzrədir. Bundan başqa tamamlanmış proqramlar da mövcuddur.

- Ölkənin baş pediatrı kimi valideynlərə nə məsləhətlər verərdiniz?

- Mənim valideynlərə birinci məsləhətim ondan ibarətdir ki, onlar uşaqlara sözdə deyil, əməldə diqqətli olmalıdır. Hər bir vətəndaş uşaqların sağlamlığı üçün işlər görməlidir. Ancaq təəssüflər olsun ki, dünyaya körpə gətirən bəzi analar öz körpəsini küçələrə atır. Mənim bir məsləhətim də ondan ibarətdir ki, analar uşaqlarının sağlamlığı üçün onları 2 il ərzində ana südü ilə qidalandırmalıdırlar. Təəssüflər olsun ki, bəzən analar öz uşaqlarını ana südü ilə qidalandırmırlar. Bu da uşaq xəstəliklərinin yaranmasına səbəb olur. Yəni süni yolla qidalanan körpələrin ölüm sayı təbii yolla qidalanan körpələrin ölüm sayından çoxdur. Hər kəs bilməlidir ki, süni qidaya xərclənən pul həmin anaya xərclənsə, həm ana daha sağlam olar, həm də onun körpəsi. Hər bir insan təbiətin bu cür qanunlarına riayət etməlidir. Bir daha valideynlərə müraciət edirəm ki, uşaqlarınızın sağlamlığını istəyirsinizsə, uşaqlara ana südü ilə qidalandırın. Bu gün ana südü ilə qidalananların sayı 25 faizdən 50 faizə çatıb. Bizim istəyimiz isə budur ki, bunu ən azı 95 faizə qədər çatdıraq.

Anar MƏCİDZADƏ
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2142

Oxşar yazılar