"Vərəm heç də koronavirus infeksiyasından az aktual deyil"-MÜSAHİBƏ
Tənəffüs infeksiyaları arasında vərəm heç də koronavirus infeksiyasından az aktual deyil. Doğrudur, COVİD-19 infeksiyası yeni olması, kontagiozluğunun yüksəkliyi, inkubasiya dövrünün daha qısa olması, spesifik müalicə və profilaktika üsulunun mövcud olmaması kimi xüsusiyyətləri ilə səciyyələnsə də, vərəm xəstəliyi də cəmiyyət üçün çox təhlükəlidir.
Lent.az e-tibb.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov ATU mətbuat xidmətinə müsahuibəsində deyib. Mütəxəssis Covid-19 infeksiyası və heç də ondan az aktual olmayan digər xəstəliklərlə bağlı sualları cavablandırıb.
- Covid-19 infeksiyası sanki digər bütün xəstəlikləri "unutdurub". Bu, zahirənmi belə görünür, yoxsa doğrudanmı belədir? Koronavirus pandemiyası dönəmində insanlar sağlamlıqlarını qorumaq üçün daha çox nələrə diqqət yetirməlidirlər?
- Artıq 8 aydır ki, bütün dünyada əsas diqqət mərkəzində olan və xəbər manşetlərini bürüyən koronavirus pandemiyası yalnız, bütün xəstəlikləri nisbətən “unutdurub” deyil, insanların yaşam tərzini, hətta dünyanın düzənini dəyişib - deyərdim. Koronavirus pandemiyasının ilk vaxtlarında vətəndaşlarımızın bir qismi bu infeksiyanın mövcudluğuna inanmayaraq karantin qaydalarına ciddi əməl etməsələr də, xəstəliyin yayılmasından və hər kəsin yaxın çevrəsində bu infeksiyaya yoluxanların olmasından sonra bu infeksiyaya qarşı bir növ fobiya, stiqma yarandı.
Hazırki pandemiya dövründə həm digər xronik xəstəliklərin profilaktikası, həm də COVİD-19 infeksiyasından qorunmaq üçün vətəndaşlarımız sağlamlıqlarına qarşı xüsusilə diqqətlə yanaşmalıdırlar. Bunun üçün xronik xəstəliklərin kəskinləşməsinin qarşısını almaq üçün müvafiq mütəxəssislərin tövsiyələrinə əməl edilməlidir. Tənəffüs infeksiyaları, o cümlədən COVİD-19 infeksiyasından qorunmaq üçün isə, hər bir kəs mövcud karantin qaydalarına (qoruyucu maskaların istifadəsi, sosial məsafənin saxlanılması) ciddi əməl etməklə yanaşı, orqanizmin immun qabiliyyətinin normal saxlanılması üçün balanslı qidalanmalı, zərərli vərdişlərdən (tütünçəkmə, alkohol qəbulu) və stresdən uzaq olmalı, normal gün rejiminə əməl etməli, soyuqlamadan qorunmalı, idmanla məşğul olmalıdır.
- Yeni infeksiyanın ağciyərlərə mənfi təsiri xüsusilə qabardılır. Bu baxımdan pandemiya dövründə tənəffüs orqanları xəstəliklərinin artdığını söyləmək olarmı? Birbaşa koronavirusla əlaqəli pnevmoniyanın koronavirusa dəxli olmayan pnevmaniyadan oxşar və fərqli əlamətləri nədir?
- Koronavirus infeksiyası bütün orqanlara, xüsusilə də ağciyərlərə ciddi mənfi təsir edir. Məlumatlara görə, COVİD-19 infeksiyası zamanı ağciyərlərdə adi iltihabi proses, yəni pnevmoniya deyil, kimyəvi bir proses, yəni pnevmonit baş verir. Bunun yaranma mexanizmi haqqında fərqli fikirlər mövcuddur. Belə ki, məşhur Rusiya pulmonoloqu, akademik A.Çuçalin qeyd edir ki, koronavirus infeksiyası tənəffüs yolları vasitəsilə alveollara düşərək onu zədələyir və alveollara hialuron turşusu toplanaraq kimyəvi pnevmonit törədir. ABŞ alimləri isə belə hesab edir ki, COVİD-19 əsasən hemoqlobinə təsir edir və onun parçalanmasına səbəb olur ki, nəticədə ayrılan dəmir alveolları zədələyərək kimyəvi pnevmonit törədir. Ümumiyyətlə, bir şeyi qeyd etmək istərdim ki, hazırda COVİD-19 infeksiyasıının xüsusiyyətləri haqqında çox müxtəlif, hətta bir çox hallarda bir-birini təkzib edən fikirlər mövcuddur. Ona görə də, bu infeksiyanın orqanizmdə, xüsusilə də ağciyərlərdə törətdiyi dəyişikliklər, onun gedişi xüsusiyyətləri, spesifik müalicə və profilaktika üsulları haqqında dolğun, elmi əsaslandırılmış məlumatların olması üçün zaman lazımdır. Konkret olaraq Sizin sualınıza cavab olaraq isə bildirim ki, COVİD -19 pandemiyası dövründə pnevmoniya olan xəstələrin sayı təbii olaraq, xeyli artıb. Əlamətlərinə gəldikdə isə, etioloji faktordan asılı olmayaraq pnevmoniyalar zamanı müxtəlif təzahür səviyyəsində torokal əlamətlər (öskürək, bəlğəm ifrazı, təngnəfəslik, döş qəfəsində ağrı və s.) ilə yanaşı, ümumi intoksikasiya əlamətləri (hərarətin yüksəlməsi, baş ağrısı, iştahasızlıq və s) müşahidə olunur. Koronavirus infeksiyası zamanı ağciyərlərdə baş verən dəyişikliklərin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, proses adətən iki tərəfli olur, yəni hər iki ağciyər, xüsusilə aşağı paylar zədələnir. Klinik əlamətlərinə gəldikdə isə, COVİD-19-un klinik əlamətləri, xəstələrin əksəriyyətində digər mənşəli pnevmoniyalara nisbətən daha az olur. Belə ki, xəstələrin böyük bir qismində temperaturun, hətta bəzən bir dəfə 37,2-37,5 C-dək yüksəlməsi, iybilmə, dadbilmə hissinin zəifləməsi, kürək nahiyyəsində ağrıların olması və s. müşahidə olunur. Hətta bəzi hallarda heç bir ciddi narahatçılığı olmayan, amma ya bu infeksiyaya görə PZR testinin nəticəsi pozitiv olduğuna, ya da COVİD-19 olan xəstə ilə təmasda olduğuna görə döş qəfəsi orqanlarının kompyüter tomoqrafiyası olunan şəxslərdə koronavirus pnevmoniyası üçün xarakrterik olan – hər iki ağciyərin aşağı payında, subplevral lokalizasiyalı “buzlu şüşə” görüntüsü müəyyən edilir. Onu da qeyd edim ki, “buzlu şüşə” görüntüsü yeni deyil və yalnız koronavirus zamanı yox, ağciyərlərin müxtəlif mənşəli iltihabi proseslərində də aşkar edilir.
- Ağciyər xəstəlikləri içərisində vərəm yenə də dünyanın ən ölümcül yoluxucu xəstəliyi olaraq qalırmı? Azərbaycanda vərəmli xəstələrlə bağlı ümumi mənzərə necədir?
- Tənəffüs infeksiyaları arasında vərəm heç də koronavirus infeksiyasından az aktual deyil. Doğrudur, COVİD-19 infeksiyası yeni olması, kontagiozluğunun yüksəkliyi, inkubasiya dövrünün daha qısa olması, spesifik müalicə və profilaktika üsulunun mövcud olmaması kimi xüsusiyyətləri ilə səciyyələnsə də, vərəm xəstəliyi də cəmiyyət üçün çox təhlükəlidir. Yaşı təxminən bəşəriyyətin, canlıların yaşı ilə eyni olan vərəm xəstəliyinin spesifik profilaktika və müalicə üsulları mövcud olsa da, təəssüflə qeyd etmək istəyirəm ki, hazırda da bu xəstəlik dünyada aktual problemlərdən biri olaraq qalmaqdadır. Hazırda bütün dünyada, o cümlədən bizim ölkəmizdə də vərəmlə yoluxma, xəstələnmə göstəricilərində stabilləşmə və ya nisbi azalma müşahidə olunsa da, dərmanlara rezistent vərəmin rast gəlmə tezliyi artmaqdadır. Bu da aktual bir problemdir, çünki dərmanlara rezistent vərəmlə ciddi mübarizə aparılmazsa vərəmə görə epidemioloji göstəricilər kəskin pisləşə bilər. Hər il dünyada 10 milyondan artıq insan vərəmlə xəstələnir ki, onların da təxminən 1,5 milyonu bu xəstəlikdən dünyasını dəyişir. 8 ay ərzində dünyada COVİD-19 infeksiyasından ölənlərin sayının 778 minə yaxın olduğunu nəzərə alsaq, həmin müddətdə vərəm xəstəliyindən dünyasını dəyişənlərin sayı heç də bundan az deyil.
- Payızda COVİD-19 a yoluxanların sayının artacağı deyilir. Siz necə düşünürsünüz, artacaqmı? Öskürəklə müşahidə olunan xəstəlikləri minimuma endirmək üçün hansı qabaqlayıcı tədbirləri məsləhət görərdiniz?
- İstər COVİD infeksiyası, istərsə də hər hansı bir xəstəlik haqqında öncədən dəqiq proqnoz söyləmək mümkün deyil. Ümumiyyətlə, ilin soyuq fəsillərində tənəffüs infeksiyaları ilə xəstələnənlərin sayında həmişə artim müşahidə olunur. Amma bu ciddi narahatçılığa səbəb olmamalıdır və koronavirus pandemiyası ilə mübarizədə qalib gəlmək üçün hər kəs həmrəy olaraq karantin qaydalarına ciddi əməl etməlidir. Hazırda bu infeksiyaya yoluxanların sayındakı azalmanın olması arxayınlıq yaratmamalı və profilaktik tədbirlərə riayət edilməlidir.
Sualınızın ikinci hissəsi ilə bağlı onu bildirmək istəyirəm ki, öskürək şikayəti olan kimi tənəffüs sistemi patologiyaları düşünülsə də, bəzən heç bir bronx-ağciyər patologiyası olmayan şəxslərdə də (məsələn: qastroezofaqial reflyüks, AÇF inhibitorlarının istifadısi və s.) uzun sürən öskürək müşahidə edilə bilər. Ümumiyyətlə, bronx-ağciyər aparatının 800-ə qədər xəstəliyi var ki, onların da hər birinin müxtəlif inkişaf mərhələsində, fərqli səviyyədə öskürək müşahidə oluna bilər. Ona görə də, öskürəklə mübarizə aparmaq üçün ilk olaraq onu yaradan səbəb aradan qaldırılmalıdır.