“Dünyada koronavirus xəstələrinin 5-10%-i çox ağırlaşmış vəziyyətə gəlirlər. Bizim də 5-6% xəstələrimiz ağırlaşıb”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.
O bildirib ki, vəziyyəti ağırlaşmış, kritikləşmiş xəstələrimizin müalicəsi ilə məşğul olublar: “Bu xəstələrin ölüm faizi daha yüksəkdir. COVİD həqiqətən çox fərqli xəstəlikdir. Fəaliyyətimizin bir dövrünün xaricdə olmasını da nəzərə alsaq, bu cür ağırlaşmış virusla qarşılaşmamışıq. Bu dövrdə xəstələrin müəyyən qismini itirmişik. Ancaq həm xəstəxana, həm də reanimasiya şöbəsi olaraq, əlimizdən gələni etmişik. Şöbələrin hamısı birlikdə bu xəstələri müalicə etməyə çalışmışıq. Nəticələrimiz dünyanın bir çox inkişaf etmiş ölkələri ilə eyni səviyyədə, hətta bəzilərindən yaxşıdır. Bütün dünyada reanimasyon xidmət çox bahalıdır. Biz hələ tam sığorta ölkəsi olmasaq da, pandemiya başlayan gündən dövlətin dəstəyini tam hiss etmişik. Reanimasiyada çox bahalı dərmanlardan istifadə olunur. Bunların hamısı dövlətimiz tərəfindən təmin olunub. Payız və qış aylarında yenidən 2-ci dalğa olarsa, daha təcrübəli şəkildə bu mübarizəyə davam edəcəyik”.
TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, mətbuat konfransında iştirak edən həkimlərin çalışdığı xəstəxanalar ilk gündən bu mübarizəyə qoşulub.
“Onlar bu işi, mübarizəni quran və təşkil edən həkimlərdir”, - TƏBİB rəsmisi qeyd edib.