“O atəş hələ də içimi yandırır” - İrəvandan Türkiyəyə qəm köçü...
13 oktyabr 2020 20:15 (UTC +04:00)

“O atəş hələ də içimi yandırır” - İrəvandan Türkiyəyə qəm köçü...

 

“Sizə danışarkən əlimi ağzıma qoyub, barmaqlarımı dişləyirəm, ürəyimdə olan İrəvan, Vətən həsrəti qədər ağrıtmır məni. Anam deyərdi: “Oğlum, Vətəni olmayanın arı-namusu olmaz”.

Bunları Lent.az-a Türkiyənin Manisa şəhərində yaşayan ürəyi İrəvan həsrətli Seyfəddin Ayakyay deyir. Özü Türkiyədə doğulub, amma əslində...

Əslində nələr baş verdiyini özü danışır.    

- Əvvəlcə soyadıma aydınlıq gətirim. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra, soy adlarla bağlı qanun çıxarılarkən atam indiki soyadımızı yazdırıb. Ayak Azərbaycan türkcəsində başlanğıc mənasını verir, yay isə bizim bildiyimiz yay fəslini ifadə etdiyi üçün bu iki kəlməni birləşdirib və yayın başlanğıcı anlamına gələn Ayakyay soyadını seçib. Atam İrəvan xanının nəslindəndir. İlyas xanın Nazlı xanımdan doğulan oğlu Muxtar Ağsüyek (İlyasxanoğlu), anası Şöreyel sultanının nəslindəndir. Azərbaycan türkü olaraq, İrəvanda Ağsoy nəslindən Məhəmmədxanoğullarının qardaşı İlyas xanın nəvəsiyəm.

O zaman İrəvan xanlığı Hüseyqulu xana keçdikdən sonra İlyas xan Gümrüdə məskunlaşır. Atam da Gümrüdə doğulub.

Anam isə Telli Alxandır - Göyçəli Hacı Fərhad oğlu, Qızıl Aypara Cəmiyyətinin rəhbəri, eyni zamanda Cənubi Qafqaz Qars Cümhuriyyətinin qurucularından olan, Məclis sədri Məşədi Səməd Alxanın Naxçıvanın İlanlı Seyidlərinin qızı Qönçədən doğulan övladıdır.

Mən özüm 1948-ci ildə Qarsda anadan olmuşam. 5 bacı-qardaşdan sonbeşiyiyəm. Təhsil aldıqdan sonra dövlət məmuru kimi çalışdım. İdman sahəsində Cüdo, Futbol Dağçılıq Federasiyası rəhbərliyi, İdman Klubları Federasiyasının rəhbərliyini etdim. Vaxtilə Heydər Əliyevi İzmirdə gördükdən sonra Azərbaycan Diaspora Təşkilatı çərçivəsində Manisa-Azərbaycan Mədəniyyət Dərnəyini qurdum və 10 il rəhbərliyini etdim.

Daha sonra Manisada Azərbaycan Dil Tarix Araşdırma Mərkəzini qurdum və hələ də rəhbərliyini edirəm.

Əlavə olaraq, Türkiyədə Mərkəzi Ankarada olan iki Azərbaycan Dərnəkləri Federasiyasını qurduq. Hələ də Türkiyə Azərbaycan Dostluq dərnəkləri Federasiyasının sədr müaviniyəm. Həmçinin, araşdırmaçı yazar, jurnalistəm. Press kart sahibiyəm.

- İrəvan xanının nəslindənsiniz.  Bu qədim Azərbaycan torpağının adı gələndə hansı hissləri keçirirsiniz, yadınıza ilk nələr düşür, nələr bağlayır  Sizi o torpaqlarla?

-Ata-ana soyum məni Azərbaycana bağlayır. Anam məni hələ uşaq ikən ayağında yelləyəndə “İrəvanda xal qalmadı, bu necə xaldır” və “Qarabağda talan var, məni dərdə salan var”,  - deyib ağlamsınardı.

Anamın qardaşının başını ermənilər kəsib, süngüyə taxıblar. Qardaş-qardaş, deyib ağlayırdı. Atam isə İrəvanda Çar Rusiyası və ermənilərin pusquya salıb öldürdüyü ana-atası üçün ağlayardı. 7 yaşım olanda atam, 40 yaşımda isə anam rəhmətlik oldu. Mən İrəvana, ata-ana yurduma necə bağlı olmayım? İrəvan qanayan ürək yaramdır.

- Ata-ananızın, doğmalarınızın İrəvandan köç etməsi hansı şəraitdə baş verib? Necə olub ki, onlar doğma yurd-yuvasını tərk etməyə məcbur olub?

- Nə anamın ağlamasını, nə də atamın ürək yandıran mahnılarını unuda bilmirəm. Evləri yandırılanda atamın iki uşağı da yanır. Əmisi də ermənilər tərəfindən yandırılır. Vəziyyət belə olanda atam əmisi uşaqlarını və qardaşlarını da yanına alır, hər kəslə birlikdə öküz arabası ilə Arpa çayını keçirlər və Qarsa gəlirlər. İki ildən sonra Qarsda atamın həyat yoldaşı dünyasını dəyişir. Bundan sonra atam Gümrüdə doğulmuş anamla evlənir. Atamın ürəyi hər zaman ermənilərin İrəvanda törətdiyi vəhşiliklərin acısı ilə sızıldayardı.

Atam İrəvan qaçaqaçından gəldiyi zaman 45-46 yaşlarında olub. Evin sonbeşiyi olduğum üçün hər şeyi mənə nağıllayardı. Özü ot satmaqla məşğul olurdu.  

Süvari qoşunlarına topdan ot satardı. Bir gün ot tayalarından biri yandı. O zaman atam mənə sarıldı, iki övladının və əmisi ilə arvadının ermənilər tərəfindən necə yandırıldıqlarını anlatdı. O gün bu gündür o ağı, o atəş  içimi yandırır.   

- Türkiyədə İrəvandan köç edən insanların sayı çoxdurmu?

- İrəvanı itirdikdən sonra 3 milyon insanın İrəvan xanlığı torpaqlarından Türkiyəyə köçdüyü beynəlxalq rəsmi sənədlərdə mövcuddur. Köç zülmü 1917-ci ildən başlayır və 1923-cü ilə kimi davam edir. Həmin illərdə minlərlə insan öz yurdunu tərk edir və minbir əziyyətlərlə üzləşir. Əvvəlcə İrana, hətta Türkmənistana gedib çıxanlar olur. Daha sonra köç edənlər əsasən Qars və İqdırda məskunlaşır. Bu gün bu nəsil artaraq, 7 milyona çatıb. Azərbaycan diasporu məsuliyyətini fəxrlə daşıyırlar.

- Vətən həsrəti... Bu hissi yaxınlarınızdan da gördünüz. Bir az tərif edə bilərsiz?

- Vətən həsrəti heç tərif edilirmi? Hansı kəlmələrə, sözlərə sığar? Sizə danışarkən  əlimi ağzıma qoyub barmaqlarımı dişləyirəm, ürəyimdə olan İrəvan, Vətən həsrəti qədər ağrıtmır məni. Anam deyərdi “Oğlum, Vətəni olmayanın arı-namusu olmaz”. Ermənilər, Rusiyanın arxasında gizlənərək, qədim İrəvan torpaqlarında törətdikləri vəhşiliyi, soyqırımı Qarabağda, Xocalı, Kəlbəcər, Şuşa, Laçın, Ağdamda təkrar törətdilər. 

- Azərbaycanın dövlət  başçısı  İlham Əliyev dəfələrlə İrəvanın qədim Azərbaycan torpağı olduğunu vurğulayıb. O torpaqlardan olanların öz qədim yurd yerlərini görə bilməməsi tarixi ədalətsizlik deyilmi?

- Dünyanın imperialist gücləri “üç meymun”u oynayırlar. “Haqsızlıq qarşısında görməyəcəksən, danışmayacaqsan, eşitməyəcəksən” rolundadırlar.

İrəvanda Göy Məsciddə cümə namazı qılmaq üçün Türkiyədən 12 nəfər müraciət etdik, amma icazə vermədilər.

Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi “Təhlükəsizliyinizi təmin edə bilmərik”, dedi.

Ermənilər Vanda, Akdamar adasında ayin həyata keçirir, amma biz Göy Məscidə gedə bilmirik. Bax burda, ar damarımız partlayır.

1918-ci ildə İrəvanın 100 illiyinə Ermənistana kirayə verildiyi haqda tarixi sənədlər də var.

SSRİ tarixdə heç dövləti olmayan bir Ermənistan yaratdı və İrəvanı paytaxt şəhər etdi.  

Şair deyər ki:

“Orda uzaqda bir kənd var,

getməsək də, görməsək də

o kənd bizim kəndimizdir”.

İndi gedib-gələ bilməsək də, o torpaqlar bizim torpağımızdır. Azərbaycan Prezidenti  İlham Əliyevin də dilə gətirdiyi kimi, İrəvan öz yurdumuz, öz torpaqlarımızdır.

- Bilirsiniz ki, hazırda Azərbaycan öz torpaqlarını azad etmək üçün Qarabağda hərbi əməliyyatlar aparır. Türkiyədə yaşayan soydaşlarımız bu ədalət mübarizəsini necə qarşılayır?

- İndi Azərbaycanın inkişafının memarı olan Heydər Əliyevin oğlu İlham Əliyev Azərbaycan Ordusuyla şanımızı, şərəfimizi geri alaraq, işğal altında olan Azərbaycan torpaqlarını azad edir. Bu, bizim qanayan yaramıza məlhəm olmaqdadır. Bu, bir müharibə deyil. Azərbaycanın, vaxtilə rus güclərinin dəstəyi  ilə, torpaqlarını işğal edən erməniləri öz torpaqlarından qovaraq çıxarmasıdır. Vətəni qorumaq müdafiədir, müharibə deyil. Türkiyədə hər bir türk vətəndaşı Azərbaycanı müdafiə edərək, Heydər Əliyevin dediyi kimi “Biz bir millət, iki dövlətik”, deyir. Vətən torpaqlarını müdafiə edən Azərbaycanın yanında olduqlarını hayqırırlar. Ürəyimiz daima Azərbaycanla vurur. Türkiyə Cümhuriyyəti səlahiyyətliləri və 7-dən 77-yə hər kəs Azərbaycanın yanında olduqlarını açıqlayır.

73 yaşım var, “Gəzməyə qürbət ölkə, ölməyə Vətən yaxşı” deyirəm.

Allah o günləri nəsib edərmi, bilmirəm. Laçın alınarsa, orada yaşamaq, orada ölmək istəyirəm.

“Ay Laçın, can Laçın,

mən sənə qurban Laçın”...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1645
avatar

Aygün İbrahimli

Oxşar yazılar