“Martın 23-dən etibarən Mərkəzi Neftçilər Xəstəxanasında pandemiya ilə mübarizəyə başlamışıq”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.
O bildirib ki, çox qısa vaxtda koronavirus xəstələrini qəbul etmək üçün islahatlar aparılıb.
“İlk vaxtlar bir neçə günlük çətinliyimiz olsa da, sonrakı günlərdə hər şey yüksək səviyyədə təşkil olundu. Almaniyada fevral-aprel ayları ərzində 10 min xəstədən 22%-i ölüb. Yaş qrupları üzrə bu faiz dəyişməkdədir. 60-70 yaş aralığı 15%, 60-dan aşağı 5% olub. Bizim xəstəxanada ölüm faizi 10% daha aşağıdır, yəni 12%-dir. Ümumilikdə Azərbaycanda koronavirusa yoluxub ölənlər 1%-dən aşağıdır. İranda, Çində, Avropada bu rəqəmlər daha çoxdur. Bu karantin tədbirlərinin operativ şəkildə təqdim olunması ilə əlaqəlidir. Bu gün dünya nəyi bilirsə, biz onu bilirik, onu təqdim edirik. Bu gün bizdə ölüm faizi çox aşağıdır”, - həkim-infeksionist vurğulayıb.