Fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibə verib.
Lent.az azərtaca-a istinadən müsahibəni təqdim edir:
Müxbir: Azərbaycan xalqının dərdinə şərikik. Həlak olanların ailələrinə, doğmalarına başsağlığı veririk. Bu gün Siz insanlara, Azərbaycan sakinlərinə, bu dərdi bölüşənlərə hansı sözlərlə müraciət edirsiniz?
Prezident İlham Əliyev: Çox sağ olun ki, gəlmisiniz. Azərbaycan xalqının tarixindəki bu faciəli hadisəyə münasibətinizi bildirirsiniz. Bu, xalqımızın sağalmaz dərdidir, xalqımıza qarşı törədilən soyqırımıdır, ötən əsrin ən böyük cinayətidir. Yalnız Azərbaycan millətinə mənsub olduqlarına görə günahsız insanlar - qocalar, qadınlar və uşaqlar həlak olmuş, zərər çəkmişlər. Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, həmişə xatırlayacaq. Bu, bizim yaddaşımızda həmişəlik qalacaq. Əsas odur ki, belə faciələr daha heç vaxt təkrar olunmasın. Daha heç vaxt heç bir xalqa qarşı belə dəhşətli soyqırımı hadisəsi, milli əlamətə görə qırğın törədilməsin. Azərbaycan dövləti, xalqı həlak olanların xatirəsini əziz tutur, yad edir və onların xatirəsi bizim üçün müqəddəsdir. Həmin faciəli gecədə xilas olanlar həmişə bizim üçün fiziki zədələr, mənəvi yaralar alan, həmin qətliamı yaşayan insanlar kimi qalacaqlar. Biz bu adamların aqibətini yüngülləşdirmək üçün əlimizdən gələni edirik, dövlət onlara kömək edir və edəcək. Bir daha demək istəyirəm, biz hamımız çalışmalıyıq ki, belə faciələr bəşəriyyət tarixində bir daha olmasın.
Müxbir: Sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Çox sağ olun.
Müxbir: Çox sağ olun. Dərdinizə şərikik.
12:53
Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib. Ümumxalq yürüşündə Rusiyadan gələn nümayəndə heyəti də iştirak edirdi.
Prezident İlham Əliyev Rusiyadan gələn nümayəndə heyəti ilə görüşdü və söhbət etdi.
Lent.az Azərtac-a istinadən məlumat verir ki, heyətə Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini, dünya şöhrətli idmançı İrina Radnina, Dövlət Dumasının təhlükəsizlik və korrupsiya əleyhinə komitəsi sədrinin birinci müavini Dmitri Savelyev, Dövlət Duması Federal Məslisinin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Oksana Puşkina, Dövlət Dumasının dövlət əhəmiyyətli tikinti və qanunvericilik üzrə komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov, Dövlət Dumasının deputatları Tatyana Sibizova, Denis Parfenov və Aleksey Juravlev, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycanın dostları qrupunun əlaqələndirisici, tanınmış politoloq Sergey Markov və həmin institutun MDB ölkələri departamentinin rəhbəri Aleksey Bıçkov, hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Karotçenko, rusiyalı rejissor, yazıçı Aleksandr Rusnak, Rusiya Hökuməti yanında Maliyyə Universitetinin sosiologiya və politologiya fakültəsinin dekanı Aleksandr Şatilov daxildir.
Sonra Prezident İlham Əliyev Rusiyanın “Rossiya-24” kanalına müsahibə verdi.