Spiker Siyavuş Novruzova səsləndi: “…sovet sisteminə qayıtmaq istəyirsən?”
05 mart 2013 17:08 (UTC +04:00)

Spiker Siyavuş Novruzova səsləndi: “…sovet sisteminə qayıtmaq istəyirsən?”

Bu gün Milli Məclisdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə, “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə” qanununda və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanununda dəyişikliklər edilib.
 

Lent.az-ın verdiyi məlumata görə, dəyişikliklər barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Dəyişikliklərə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, xəstəxanaya, digər belə ictimai yerə, mənzilə, başqa yaşayış sahəsinə gəldikdə həmin yerin müdiriyyəti və ya yaşayış sahəsinin sahibi 3 iş günü ərzində əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi (6 saylı Əlavə) və həmin şəxsin pasportunun surətini poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
 

Ərizə-anketin blankları müvafiq icra hakimiyyəti orqanından və ölkə üzrə bütün poçt şöbələrindən əldə edilir. Ərizə-anketin elektron forması müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilir. Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbini olduğu yer üzrə qeydiyyata alır və bu barədə 48 saat ərzində qəbul edən tərəfə məlumat verir. Əcnəbilər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:
- viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə;
- viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə.
Əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.
Əcnəbilər olduğu yerdən getdikdə, qəbul edən tərəf bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılır. Qeydiyyat müddəti başa çatdıqda əcnəbilər qeydiyyatdan çıxarılmış hesab edilir.
Əcnəbi olduğu yeri dəyişdikdə, o, bu maddədə nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır .
 

Millət vəkili Yevda Abramov deyib ki, bu qanunda kiçik boşluq görür və bunu aeroportda hiss edib: “Əvvəllər Azərbaycana gələn şəxs 24 saatda qeydiyyata düşməli idi. Vətəndaş Azərbaycanda 30 yox, 31 gün olurdusa, onu təyyarədən düşürüb cərimələyirdilər. İndi də belə olacaq. Axı təyyarə hər gün uçmur. Fransada, ABŞ-da da vizada 90 gün göstərilir. Rusiyada yaşayan azərbaycanlılar var. Prezident bəyan etmişdi ki, azərbaycanlılar bizim vətəndaşlarımızdır. İndi biz burada işi sadələşdirmirik, bir az da qəlizləşdirirk. İndiyə qədər insanlar 30 gün tamam olanda həmin gün sərhədi keçib, sonra yenə qayıdıblar. Ola bilməz ki, məmur yox, xalq üçün çalışaq. Moskvada da gedəndə 90 gün rahat qalırsan. Qoy, Azərbaycanda turizm inkişaf etsin”.
 

Spiker Oqtay Əsədov deyib ki, Miqrasiya Xidməti qəbul edilmiş qanun əsasında işləyir: “Qanun layihəsində yazılıb ki, viza ilə gələnlər vizada göstərilən müddətdə qalmalıdırlar. İkinci, Əsasnamədə qeyd olunur ki, əcnəbi əlavə müddət qalmaq istəyirsə, əlavə sənədlər tələb olunur. Qarşılıqlı viza rejimi olmayan ölkələrdən gələnlər isə 90 gün qala bilər”.
 

Millət vəkili Siyavuş Novruzov deyib ki, bəzən əcnəbilər otellərdə yox, şəxsi həyət evlərində qalmağa üstünlük verirlər: “Vətəndaş bu halda vergidən yayınmaq üçün bu barədə məlumat vermir, əcnəbi də gizli məqsədlə gəlirsə, gəlişi barədə məlumatın olmamasında maraqlı olur. Əgər düz məqsədlə gəlibsənsə, problem yoxdur, ev sahibi səni aparıb qeydiyyatdan keçirəcək. Avropanın istənilən ölkəsində nəzərdə tutulan müddətdən artıq 1 dəqiqə də artıq yaşaya bilməzsən. Biz bu məsələlərə həssaslıqla yanaşmalıyıq. Biz nə Azərbaycana gələn turistlərin, nə də Rusiyada, Gürcüstanda yaşayan soydaşlarımızın qarşısını almaq istəyirik. Ölkə daxilində də qeydiyyat məsələsinə baxmalıyıq. İnsanlar var ki, rayonda qeydiyyatdadır, 7 ildir ki, Bakıda yaşayır. Əgər o insan Bakıya işləməyə gəlibsə, bu da qanunla həllini tapmalıdır. Yoxsa vətəndaş yer dəyişirsə, qeydiyyatı olmalıdır ki, törətdiyi əmələ müvafiq addım atılsın”.


Spiker Oqtay Əsədov isə Siyavuş Novruzovun keçmiş sovet qeydiyyat sisteminə qayıtmaq istədiyini söyləyib: “Azərbaycan vətəndaşı ölkənin istənilən yerində yaşaya bilər”.


Millət vəkili Çingiz Qənizadə isə vizadan artıq müddətdə qalmağın yolverilməz olduğunu vurğulayıb. Onun sözlərinə görə, əslində dəyişikliklər qeydiyyat prosedurunu sadələşdirir: “Bu dəyişiklik Avropada da yüksək dəyərləndriləcək. Həm də bu, Rusiyada, Gürcüstanda yaşayan soydaşlarımızın durumunu asanlaşdıracaq”.


Millət vəkili Qüdrət Həsənquliyev isə bu dəyişikliklərə heç bir ehtiyac olmadığını bildirib: “Biz turizm sektorunun inkişafı üçün milyonlarla vəsait xərcləyirik. Digər tərəfdən, biz Cənubi Azərbaycanda yaşayanlar üçün viza tətbiq edirik. Ancaq əvvəllər şənbə, bazar günləri sərbəst Azərbaycana gəlir, ad günləri keçirir, yeyib-içir, özlərini rahat hiss edirdilər. Bunun qabağını aldıq. Xarici ölkə vətəndaşıyam, Azərbaycanla tanış olmaq istəyirəm. 3 gün Bakıda, 3 gün Gəncədə, 3 gün Şəkidə qalacam. Neçə dəfə qeydiyyata düşməliyəm? O adam fikirləşəcək ki, ölkəyə gələnlərin üzərində total nəzarət tətbiq olunur. Guya ölkəyə başqa niyyətlə gələn viza ilə gələ bilmir? Biz belə fikir yaradırıq ki, ən yaxın qardaşlarımıza, hətta Türkiyəyə, Cənubi Azərbaycanda yaşayanlara da viza tətbiq edirik. Biz nəyə nail olmaq istəyirik? Ermənistan yanvarın 18-də Avropa Birliyinə üzv ölkələrin vətəndaşları üçün viza rejimini tamamilə qaldırdı. Viza rejimini aradan qaldırmalıyıq ki, Azərbaycana rahat gəlsinlər, pul xərcləsinlər. Axı məqsəd nədir ki, bu dəyişikliyə qəbul edirik? Bu qanun ancaq ölkənin imicinin korlanmasına səbəb olacaq”.
Spiker Oqtay Əsədov bildirib ki, əcnəbi vətəndaş heç bir əziyyət çəkməyəcək: “Məsuliyyət otelin, qaldığı yerin sahibi üzərində olacaq. İrana gəlincə, vaxtı keçmişdi, nə zaman gündəmə gələcək, yenidən vizasız gediş-gəlişlə bağlı qanun qəbul ediləcək”.
Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, dünya azərbaycanlılarının həmrəyliyinə ən çox Azərbaycan dövləti, parlament mane olur: “Əcnəbi anlayışı altında kim gedir? İngilisi, digərlərini başa düşdük. Qalanları Gürcüstanda, Rusiyada yaşayan soydaşımızdır. İndi bir ana Rusiyadan gələn oğluna görə sənəd verməlidir? Biz yeni formalaşan dövlətik, turizmdə maraqlıyıq. Bu gün biz fasilə zamanı Asan Xidmət Mərkəzində olduq. Mən şokdayam, inanmıram ki, bu qədər qısa müddətə şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi ala bilərik. Biz indiyə qədər niyə bunu tətbiq etmirik? İnsan sevinir ki, süründürülmədi. Bu qədər rahatlıq mümkündürsə, bunu ölkəmizin insanları üçün niyə etməyək? Mən əcnəbiləri demirəm, azərbaycanlılar üçün bu prosedurları sadələşdirməliyik.  Gürcüstanda yaşayan azərbaycanlının iş yeri yoxdursa, gəlib burada çörəkpulu qazanırsa, biz azərbaycanlını əcnəbidən ayırmağın yollarını tapmalıyıq. Kimin anası buradadırsa, Azərbaycan vətəndaşı olubsa, bu insanların vətənə gəlib-getməyini asanlaşdıraq. Bizə əsas maraqlı olan ölkəyə insanların gəlməsidir”.
Oqtay Əsədovun cavabı orjinal olub: “İnanmırdın ki, Asan Xidmət Mərkəzi belə işləsin, indi inandın. Bu qanunların da yaxşı işləyəcəyinə inanacaqsan. İnsanlar niyə vergidən gizlənməməlidir. Bu, çox normal qanundur”.


Vitse-spiker Ziyafət Əsgərov bu qanunun elə xaricdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulduğunu söyləyib: “1990-cı illərdə Gürcüstandan çoxlu sayda azərbaycanlı gəlib, qeydiyyata düşməyib. İndi onların uşaqlarının şəhadətnaməsi yoxdur ki, məktəbə qəbul edilsin. Söhbət bundan gedir. Niyə qeydiyyata düşməsin”.
Millət vəkili Rasim Musabəyov 20 il Azərbaycanda yaşayan şəxsin faktiki vətəndaş olduğunu bildirib: “Niyə o insanları vətəndaş kimi qəbul etməyək? Elə insanlar var ki, həm Azərbaycan, həm Rusiya pasportları var. Misal çəkim. Polşada hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq polyak əsilli şəxslərə güzəştlər tətbiq olunur”.
Spiker Oqtay Əsədov deyib ki, gələcəkdə bu fikrə baxmaq olar: “Ancaq iki pasportu varsa, bu, qanunu pozmaqdır.”.
Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6161
avatar

Oxşar yazılar