Milli Məclisin sədri Oqtay Əsədov Küveyt Milli Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun rəhbəri Mübarək Saleh Əl-Nəcədə ilə görüşüb. Lent. az-ın məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi haqqında qonağa məlumat verən O. Əsədov deyib ki, Ermənistan bütün beynəlxalq qanunları tapdalayaraq Azərbaycan ərazisinin 20 faizini işğal edib. Ölkəmiz demokratik prinsiplər əsasında inkişaf edir, münaqişənin sülh yolu ilə həllinə çalışır. Ermənistan isə qeyri-konstruktiv mövqedən çıxış edərək münaqişənin davam etməsini istəyir.
Küveyt parlamentinin deputatı səmimi qəbula görə təşəkkürünü bildirərək deyib ki, Azərbaycana səfəri onda çox xoş təəssüratlar yaradıb. Azərbaycan böyük islam dünyasının bir parçasıdır. Biz özümüzü dost ölkədə hesab edirik. Azərbaycan xalqı uzun illər ərzində sovet imperiyasının tərkibində yaşasa da öz dininə və milli adət ənənələrinə sadiq qalıb.
Mübarək Saleh Əl-Nəcədə Küveyt parlamentinin sədrinin dəvət məktubunu Milli Məclisin sədri O.Əsədova təqdim edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.