Mərkəzi Seçki Komissiyası (MSK) “ReAL” hərəkatının sədri İlqar Məmmədovun prezidentliyə namizədliyini qeydə almayıb.
APA-nın məlumatına görə, bununla bağlı qərar MSK-nın bu gün keçirilən iclasında verilib.
MSK katibi Arifə Muxtarova namizədliyi irəli sürülən İlqar Eldar oğlu Məmmədov haqda məlumat verdikdən sonra MSK-nın İşçi qrupun rəhbəri İlham Məmmədov çıxış edərək bildirib ki, İlqar Məmmədovun namizədliyinin təsdiqlənməsi üçün MSK-ya 41 247 ədəd imza təqdim edib, imzalardan 4982-si etibarsız çıxıb.
MSK açıq səsvermə yolu ilə İlqar Məmmədovun namizədliyini qeydə almayıb.
Daha sonra MSK üzvü Akif Qurbanov İ. Məmmədovun namizədliyinin qeydə alınmamasının dəyərləndirilməsini istəyib.
MSK sədri Məzahir Pənahov deyib ki, İlqar Məmmədovun imzalarının sayılması prosesində beynəlxalq təşkilatlarla yanaşı, ABŞ-ın Azərbaycandakı səfirliyindən də nümayəndələr iştirak edib: “Ümumiyyətlə, bizim atdığımız addımlarda qaranlıq heç nə yoxdur”.
Bundan sonra A. Qurbanov sualının cavablandırılmadığını əsas gətirərək iclası tərk edib.
M. Pənahov isə onun bu hərəkətinin publikaya hesablandığını və KİV-in diqqətini cəlb etmək niyyətli olduğunu söyləyib: “Komissiya üzvünün demək və getmək hüququ var. Biz bütün sualları cavablandırdıq. Komissiya üzvünün özünün danışmaq hüququ olsa da, bundan sonrakı proses onluq deyil. Etirazı anlamaq olar, amma aidiyyəti olmayan şəkildə suala cavab istəmək düzgün deyil”.
MSK üzvü Fuad Cavadov isə A. Qurbanovun hərəkətinin komissiya tərəfindən qiymət verilməsini istəyib.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin də prezidentliyə namizədliyi qeydə alınmayıb.
Bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında verilib.
Əvvəlcə MSK katibi Arifə Muxtarova namizədliyi irəli sürülən şəxs haqda məlumat verib.
Sonra MSK-nın İşçi qrupun rəhbəri İlham Məmmədov məlumat verərək deyib ki, Əli Əliyev 42 634 imza təqdim edib, imzalardan 5571-i etibarsız sayılıb: “Bu səbəbdən də onun imza vərəqələrinin yoxlanılması dayandırılıb”.
MSK açıq səsvermə yolu ilə Əli Əliyevin namizədliyini qeydə almayıb.