Milli Şuranın üzvü Mehriban Vəzirin “Kaspi” qəzetinə müsahibəsi
- Milli Şuranın növbəti sessiyasında Siz Rüstəm İbrahimbəyovun liderliyinə, fəxri sədrliyinə etiraz etmisiniz. Nəyə əsasən belə mövqe nümayiş etdirdiniz?
- Rüstəm İbrahimbəyov kinorejissor kimi dünyaca məşhur insandır, yazıçıdır. Milli Şuranın yaradılmasında onun xidmətləri də danılmazdır. Amma Rüstəm İbrahimbəyov Milli Azadlıq Hərəkatında iştirak etməyib. Bu hərəkatın yaratdığı camiəni tanımır, oradakı insanlara bələd deyil. Rüstəm bəy eyni zamanda Rusiya vətəndaşıdır və orada daha çox olur. Seçki prosesindən əvvəl və sonra da Azərbaycana gələ bilmədi. Bundan başqa, onda düzgün təsəvvürlər yoxdur. Azərbaycan cəmiyyətində yaşamayan adam üçün buradakı vəziyyəti təsəvvür etmək çətindir. Ümumiyyətlə, bir cəmiyyətdə oturub başqa cəmiyyət haqqında fikir bildirmək çətindir. Bizim bəzi üzvlərimiz Rüstəm bəyə deyirdilər ki, camaat boğaza yığılıb, böyük narazılıqlar var. Lakin müxalifətə inam qalmadığından heç kim səsini çıxarmaq istəmir. Sən Milli Şuranın başında dur, camaat həmin an ayağa qalxacaq. Yaşadığımız proseslər bu məntiqin kökündən yanlış olduğunu ortaya qoydu. Ona görə də Rüstəm İbrahimbəyovun müxalifət düşərgəsinin lideri olmasını qəbul etmirəm. O, Milli Azadlıq Hərəkatından çıxan demokratik qüvvələrə lider olacaq gücdə deyil. Lakin mənim düşüncəmdən fərqli olaraq Milli Şuranın digər üzvləri onun yenidən fəxri sədrliyinin lehinə səs verdilər.
- Açıq səsvermə yolu ilə qurumun Koordinasiya Şurasına üzvlər seçilərkən adınız üzvlər arasında olmayıb. Yalnız VAMP sədri Hacıbaba Əzimov buna etiraz edəndən sonra adınız siyahıya əlavə edilib. Maraqlıdır, həmfikirləriniz Sizin MŞ-dakı hansı fəaliyyətinizdən narazı qalıblar?
- Mən mətbuata verdiyim açıqlamaların birində qeyd etmişdim ki, bütün ümidləri Milli Şuraya bağlamaq olmaz, bu bir məqam idi, yarandı və bitdi. Sözümün gerisi də var idi ki, bundan sonra Milli Şura fəaliyyətini davam etdirəcək, yaxud etdirməyəcək, yeni qurumlar yaranıb-yaranmayacaq, bunun qərarını oradakı qüvvələr verəcək. İkinci cümlə mətbuatda getməmişdi. Ona görə də Milli Şura üzvləri elə bilirdilər ki, mən bu qurumun əleyhinəyəm. Əslində əleyhinə də ola bilərəm və bundan çəkinmirəm də. Ancaq indiki məqamda Milli Şuranın əleyhinə deyildim. Bütün hallarda cəmiyyətimiz, xalqımız üçün faydalı olan birliklərin tərəfdarıyam. Digər tərəfdən, bizim cəmiyyətdə, - “mən haqlıyam və sən mənim kimi düşünməli, söylədiyimi təkrarlamalısan” – kimi şüur hakimdir. Partiyalar da cəmiyyətin təfəkkürünün bir hissəsini daşıyır. Mən isə qəbul etmirəm ki, Milli Şura bir partiyanın digər partiyanı tənqid atəşinə çevirməsi üçün meydandır. Bizim başqa dərdimiz, başqa problemlərimiz var. Mən buna etiraz eləmişəm. Müsavatın ünvanına ən müxtəlif ittihamların səsləndirildiyi yerdə oturmaq istəmədiyimi bildirmişəm. Görünür, bu, bir çoxlarında qıcıq yaradıb və mənə səs verməyiblər. Bu da normaldır. Adımın sonradan Koordinasiya Şurasının siyahısına əlavə edilməsinə gəlincə, düşünürəm ki, bu, seçim deyil. Milli Şura üzvlərinin çoxu mənə səs verməyib, məni seçməyiblər. Sadəcə bu, başda Hacıbaba Əzimov olmaqla, bir neçə insanın təkididir.
- Müsavat Partiyasının Milli Şuradan ayrılması AXCP funksionerlərini müsavatçılara qarşı ən müxtəlif ittihamlar irəli sürməsinə səbəb olub. Siz bu prosesləri necə qiymətləndirirsiniz?
- Demokratik qüvvələrin birliyi çox vacibdir. Siyasi partiyaların bir arada olması, ümummilli məsələlərdə vahid mövqedən çıxış etməsi olduqca zəruridir. Lakin hazırda biz tamam əks mənzərənin şahidiyik. Müxalifətdə ən mühüm iki partiya bir-birinin ünvanına ağır ittihamlar irəli sürürlər. Əlbəttə bütün bunlar bizdə yalnız təəssüf doğurur. Biz bunun qəti əleyhinəyik. Şəxsən mən, hər iki tərəfin olduqca ağır səslənən bu ittihamlarını qəbul etmirəm. Əgər insan bu deyilənlərə inansa, gərək, qapısını bağlayıb evində otursun, heç kimlə də salamlaşmasın.
- Ehtimal olunur ki, Müsavat hakimiyyətlə anlaşmaya gedib Milli Şuradan çıxıb. Sizcə, bu iddialar nə dərəcədə doğrudur?
- Qətiyyən bu ittihamları qəbul etmirəm. Müsavat Partiyası qədim tarixə malik olan bir təşkilatdır. Bugünkü Müsavat da həmin ənənələri davam etdirir. 20 ildən artıq ağır mübarizə yolu keçən bir partiya haqqında belə fikirlər səsləndirmək yolverilməzdir. Adətən insanlar bir-biri ilə dalaşanda ən ağır ittihamları dilə gətirirlər. Hətta deyilənlər yalan olsa belə, görürsən ki, bu hikkənin, hissin, əsəbin görüntüləri, ağır suçlamaları olur. Bu məsələdə də düşünürəm ki, cəmiyyətimizdə siyasi mədəniyyət kasadlığı var. Ona görə də insanlar rahat şəkildə bir-birləri haqqında, - “filankəs satılıb, xəyanətkardır” - deyə bilirlər. Amma bu xəyanət, satılmaq, satqınlıq o qədər aşağılıq bir keyfiyyətdir ki, bu, alçaqlıqdan da o yana, yerin dibidir. Bunu asanlıqla bir insana şamil etmək, hansısa partiya haqqında söyləmək olmaz. Şəxsən mən bunu edə bilməzdim. Bunlar mənim üçün olduqca ağır sözlər, ağır ittihamlardır. Bilmirəm bu ittihamların arxasında nələr dayanır. Çünki hər pərdəni qaldırdıqca onun arxasından yeni bir pərdə çıxır. Bu səbəbdən baş verənlərlə bağlı həqiqət axtarışında deyiləm. Ancaq əməkdaşlıq etdiyim insanlar haqqında deyilən belə sözləri qəbul etmirəm.
- Müsavat və AXCP funksionerləri qarşılıqlı ittihamlar səsləndirərkən, mərhum Əbülfəz Elçibəyə istinad edir, vaxtilə eks-prezidentin də qarşı tərəf haqqında onlar kimi düşünməsi barədə rəy formalaşdırırlar. Belə hallara münasibətiniz necədir?
- Əbülfəz Elçibəy yüksək dəyər olduğundan hər kəs bəraət almaq, özünün doğruluğunu sübut etmək üçün ona əl uzadacaq. Adətən insanlar nə etsələr də özünə bəraət almaq üçün Allaha və Qurani-Kərimə and içirlər. Bəzən yalançılar da bunu edirlər. Lakin bununla nə Allahın, nə də Quranın şəninə əskiklik gəlmir. Ona görə də cəmiyyətdə olan insanların böyüklərdən özünə bəraət almaq üçün istifadə etməsi normaldır. Düzdür, bəzən adam bundan qıcıqlanır ki, onlar Elçibəyin sağlığında başqa cür, indi isə tamam fərqli düşünüblər. Amma olsun, mən bundan narahat deyiləm. İnsanlar bəzən hər şeyi eyni zamanda başa düşə bilməz. Ola bilər ki, Əbülfəz Elçibəyin mahiyyətini, dəyərini sağlığında anlamayan, buna qiymət verməyi bacarmayan insanlar, o dünyasını dəyişəndən sonra olanları başa düşürlər. Bu da bir cür insanlıq halıdır.
- Bu günə qədər mövcud olan birliklərin aqibətini, liderlərin davranışını nəzərə alsaq, müxalifət partiyalarının yenidən hansısa təşkilatda bir araya gəlməsi mümkündürmü?
- Bir çox insanlar hesab edir ki, bu, mümkün deyil. Amma cəmiyyətdə, təşkilatlarda baş verən hadisələr adətən təkrarlanmaqdadır. Bəzən küsənlər deyirlər ki, ömrümdə barışmaram və sair. Lakin bir ailənin içində belə, bəzən zaman məcbur edir ki, küsənlər bir araya gəlsin. Bu bir araya gəlmə hər hansı faciə və sair üzərindən də ola bilər. Ona görə də Müsavat və AXCP-nin qarşılıqlı ittihamlarına o qədər də ciddi yanaşmaq lazım deyil. Allah eləsin ki, Azərbaycanda faciələr baş verməsin. Amma istər-istəməz ölkənin ağır, faciəli və mühüm günündə bu qüvvələr bir yerə gələcəklər. Onların başqa çıxış yolu yoxdur. Onu da yaddan çıxarmaq olmaz ki, Milli Şuranın əldə etdiyi nailiyyətin tən yarısı Müsavat Partiyasınındır. Böyük haqları danmaq olmaz.