İqbal Ağazadə: “Onun həyat hekayəsi mənimçün çox ağırdı...” - SÖHBƏT
27 iyun 2013 11:41 (UTC +04:00)

İqbal Ağazadə: “Onun həyat hekayəsi mənimçün çox ağırdı...” - SÖHBƏT

Onunla ilk dəfə deyil müsahibə edirəm. Dinamikdi. Aktuallığı, yerində və vaxtında görünməyi sevir. Və necə görünməyi də götür-qoy eləyənlərdəndi. Müsahibəyə qeyri-rəsmi geyimdə gəldi. Belə addımlarda cəsarətlidi. Sərbəstliyi əsas silahıdı. Ondan başlayaq...

 

- Belə rahatsız, yoxsa rəsmi geyimdə?

 

- Baxır tərəf müqabilinə.

 

- Ondan asılıdı?

 

- Əlbəttə. Bəzən görürsən, tərəf müqabilinə görə sənin geyimin doğru seçilməyib. Narahat olursan.

 

- Geyimlərinizi konkret markadan seçirsiz, yoxsa nəyi bəyənsəz alırsız?

 

- Yox, konkret markadan seçmirəm. Nə xoşuma gəlsə, onu da alıram. Ümumilikdə geyimlərim özəl olaraq tikilir.

 

- Saçınızın tökülməsi sizi narahat eləmir?

 

- Həmişə deyirəm ki, kişinin başına tükdən başqa hər şey gələr (gülürük)

 

- Yaxşı təsəllidi...

 

- Ola bilər)) töküləndən sonra daha neynəyə bilərik ki?

 

- Doktora müraciət edib, səbəbini öyrənib, müalicə edə bilərsiz. Nədənsə kişilər saç tökülməsini çox təbii hal kimi yaşayırlar, narahat olmurlar, həkimə getmirlər.

 

- Bir az mental təsir də var. “Kişi xarici görünüşü ilə məşğul olmaz, ayıbdı” düşüncəsi var.

 

- Niyə ki? Siz kifayət qədər özü ilə məşğul olan kişi təsiri bağışlayırsız. Həmişə formada və şıq geyimdə olursuz. Müsahibəyə hazırlaşanda bir çıxışınızı izlədim. Effektli görünürdüz, köynəyinizin, rəngi, forması, kəsimi sizə çox yaraşırdı. Ancaq aksessuar sevmirsiz, deyəsən.

 

- Yox,  saatdan başqa heç bir aksessuar taxmıram. Amma tərifiniz həvəsləndirdi məni))

 

- “İqtidara ümid etmə, Ümidi iqtidar et” partiyanızın bu lozunqunda sizə elə gəlmirmi nəsə çatmır?

 

- Ola bilsin, bir az duzu çatmır. Daha yaxşı fikirləşmək olar. Bununla bağlı işlər gedir.

 

- Sizinlə bağlı gəzən “səmimi deyil”, “filankəsin adamıdı”, “filan yerə işləyir” kimi fikirlərdən xəbəriniz var yəqin. 

 

- İnsanlar adətən nəsə gözlədikləri adamı tənqid və təhlil edirlər. Heç nə gözləməyəndə heç veclərinə də olmursan. Adamlar, görünür, daha çox fədakarlıq, daha çox qəhrəmanlıq gözləyirlər. Bu gözləntilərin əvəzini istədikləri səviyyədə almayanda biri deyir, səmimi deyil, biri deyir filankəsin adamıdı, biri deyir müxalifətçi deyil.

 

- Müxalifətçisiz, İqbal bəy?

 

- Mən iqtidar uğrunda mübarizə aparıram, müxalifətçi olmaq uğrunda yox. Siyasətin klassik anlamında müxalifətik. Amma hədəfimiz o deyil. Biz vuruşuq, çalışırıq k, iqtidar olaq.

 

- Dostlarınız sizi yaradıcılığa, sənətə yaxın bir adam kimi təqdim edirlər. Belədi?

 

- Şeiri çox sevirəm. Amma özüm ömrümdə bir misra yazmağı belə ağlıma gətirməmişəm. Mənim üçün şair böyük adamdı, nəhəngdi. Mənə elə gəlir ki, yaradıcı adama hər şeyi bağışlamaq olar. Bir dəfə dostlarla Şəfiqə Məmmədova barəsində söhbət edirdik. Dedim ki, Şəfiqə xanım özünü oynayır. Dostum çox gözəl bir təhlil verdi. Şəfiqə xanım o qədər peşəkardı ki, ifasına baxanda onun aktrisa olduğunu hiss eləmirsən. Nə zaman rola girir, nə zaman roldan çıxır, bilmirsən. Söz məni çox tutdu. Doğrudan da məsələn, “Dədə Qorqud” filmindəki öküz döyüşü səhnəsində Burlaxatunun bir gülüşünün öhdəsindən düşünmürəm başqa kimsə  gələ bilər. Bu mənada yaradıcı adamları çox nəhəng hesab edirəm və onlara sonsuz güzəşt edə bilirəm. Mən bilmirəm ki, sizin düşüncəniz, xəyalınız yazı prosesində harda olur. Mən oralarda olmamışam. Ona görə də mən sizə bütün hallarda anlayışla yanaşmağa çalışaram.

 

- Sənət adamlarından daha kimləri sevirsiz?

 

- Zeynəb Xanlarovanı çox sevirəm. Yaradıcılığını da , şəxsiyyətini də. Səmimidi, rahat adamdı. Oturub hər şeydən danışmaq, söhbət eləmək olur. Məsələn, Amaliya xanım rahat deyil. Ümumi bir narahatlığı var. Rolları da narahatdı, konfliktlər, intriqalar. “Babək”də də elədi,” Qərib Cinlər diyarında” da.

 

- Sevdiyiniz filosof kimdi?

 

- Şopenhaueri, Françesko Petrarkanı çox sevirəm ( Françesko Petrarka- 1304-1374; italyan şairi, ictimai xadim, fikir adamı, italyan kulturasında protorenessans qolunun öncüllərindən biri – A.Ə.)

 

- İnsana nəyi bağışlamaq olmaz?

 

- Hər kəsin öz limiti var. Hamı deyir, xəyanəti bağışlamaq olmaz, amma ən çox da xəyanət bağışlanır.

 

- Bəs, siyasətçiyə nəyi bağışlamaq olmaz?

 

- Cinayəti. Cinayəti heç kimə bağışlamaq olmaz. Bağışlasan, cəzasızlıq mühiti yaranır. Və bu da yeni cinayətlərə şirnikləndirir. Ona görə də hər şeydə bir sədd çəkmək lazımdı. Məndən soruşsaz ki, hakimiyyətə deyək ki, filan qədər vəsaitin mənimsənilməsini bağışlamaq olarmı? Rahatca deyərəm, bağışlayaq. Amma tutaq ki, Aysel Əlizadənin hüququ tapdanırsa və bu onun həyatını korlayırsa, bunu bağışlamaq olmaz.

 

- İctimai və siyasi xadim kimi yeni model ortaya qoyursuz. Tərziniz, siyasi görüşünüz hətta imiciniz, görünüşünüz, hadisələrə münasibətiniz, həyat tərziniz, dost mühitiniz, mediaya və ümumiyyətlə cəmiyyətə açıq olmanız sizi fərqləndirir. Hətta Türkiyədə də siyasətçilər cəmiyyətə bu qədər açıq deyil. Baş nazirlərini çıxmaq şərti ilə)) Sizi buna cəsarətləndirən nədi?

 

- Mən inanıram ki, içimdəki həqiqət qalib gələcək. İnanıram ki, insan açıq olduqca onun yaxşı tərəfləri üzə çıxır və bu ona xal qazandırır. Sənin nə uğrunda savaşdığını görürlər, duyurlar. Hər kəs dilinin altında gizlənib. Danışdıqca için üzə çıxır. Bunu uzun müddət gizləmək mümkün deyil. Məni tanıdıqca cəmiyyət görür ki, içimdə kin, qəzəb, nifrət yoxdu. Qisas duyğusu yoxdu. Qisas duyğusu olanda insan öz qisasının əsirinə çevrilir. Təsəvvür edin, siz məndən başqa şey gözləyirsiz, mənimsə hədəfim tamam başqa şeydi. Zərbə isə topluma dəyir. İmic, stil məsələsinə gəldikdə isə Azərbaycan siyasətində ciddiliyin elementini qaş-qabaqda görürlər deyə üzlərinə də geyimlərinə də bu “ciddilikdən” qatırlar. Fikrin, əməlin, işin nə qədər ciddidi? Mənə görə əsas budu.

 

- Xəyalınızdakı prezident obrazını necə təsəvvür edirsiz?

 

- Hamıya qucaq açan...

 

- “Azad qadın” anlayışına münasibətiniz necədi?

 

- Mənim üçün azad insan anlayışı var. Hər kəsin azadlığı bir az da daşıya biləcəyi yükün ağırlığı ilə ölçülür mənim düşüncəmə görə. Əgər qadın kişinin görə biləcəyi işin altına girə bilmirsə, bu o demək deyil ki, kişi qadından azaddı və ya əksinə. Hər kəs öz gücündə, potensialında, imkanları daxilində yaşayır. Bu təbiətin, Tanrının, genetikanın, mühitin, ailənin təsirindən yaranan yaşam tərzidi. Azadlıq isə bunların fövqündə duran anlayışdı. İşindən, kimliyindən, cinsindən, ölkəndən, məsləyindən, dinindən asılı olmadan bütün dünyəvi və məişət narahatlığı ilə yanaşı həm də rahatsansa, səmimi ola bilirsənsə, azadlıq budu mənim üçün. 

 

- Sizi sarsıdan bir həyat hekayəsi varmı?

 

- Bir adam tanıyıram, ünlü deyil. Mənim üçün onun həyat hekayəsi çox ağırdı. Orta məktəbdə bir qızla bir-birini seviblər. Sonra məktəbi bitiriblər, yolları ayrılıb, hərəsinin ayrı bir ailəsi olub. Altmış neçə yaşında qadının əri ölüb. Kişi də ailəsindən boşanıb, o qadınla evlənib. Mənə görə bu, bir insan faciəsidi. Yaşamalı olduğun hər şey yaşanıb. Ən gözəl zamanlar bitib, gənclik də, enerji də tükənib. Bundan sonra bir-birinə nə verə bilər insan? Xoşbəxtlik xərclənib. Zamanında addım ata bilməmək, arzularından imtina etmək mənə görə insanın faciəsidi. Bundan sonra nə olacaq? Bir-birini qınayacaqlar, illərin ağır xatirələrini danışacaqlar. O deyəcək, sən günahkarsan, bu deyəcək, sən...

 

- İqbal bəy, sizcə cahil toplumu idarə etmək asandı, yoxsa ağıllı toplumu?

 

- Cahil toplum qorxuludu. Bir gün səni ayaqlar altına atar... Qəddafi kimi... Ağıllı toplum uzaqbaşı istefaya göndərəcək... Ona görə də sözsüz ki, ağıllı toplumu idarə etmək daha asandı. Ağıllı adama nəsə izah eləmək mümkündü. Amma cahilə...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3308
avatar

Aysel Əlizadə

Oxşar yazılar