Elmar Məmmədyarov İran prezidenti ilə görüşüb
09 mart 2019 15:11 (UTC +04:00)

Elmar Məmmədyarov İran prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran prezidenti Həsən Ruhani ilə görüşüb.

 

ONA-nın Tehran bürosunun məlumatına görə, görüşdə Həsən Ruhani Azərbaycan-İran münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini bildirib, Tehranla Bakı arasında əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

İki ölkənin əməkdaşlığı nəticəsində önəmli layihələrin icra olunduğunu və Qəzvin-Rəşt dəmir yolunun istismara verildiyini qeyd edən İran prezidenti bildirib ki, Rəşt-Astara dəmir yolu layihəsi də region və iki xalqın mənafeyi üçün önəmli bir addımdır. O, iki ölkənin su bəndi və elektrik stansiyasının tikintisi, eləcə də enerji sahəsində əməkdaşlığını əhəmiyyətli adlandırıb və bu sahədə əldə olunan razılıqların icrası üçün səylərin artırılmasını istəyib. H.Ruhani deyib ki, İran və Azərbaycan regional və beynəlxalq məsələlərdə həmişə sülhün, sabitliyin və hüquqların qorunması prinsipinə sədaqət nümayiş etdirir.

 

Azərbaycan, İran və Rusiyanın üçtərəfli əməkdaşlığının inkişaf etdirilməsinin də zəruriliyini qeyd edən prezidentin sözlərinə görə, regional əməkdaşlıqların daha da inkişaf etdirilməsi üçün daha çox səy göstərilməlidir.

 

Öz növbəsində E.Məmmədyarov Azərbaycan və İran arasındakı əlaqələri dostluq və qardaşlıq münasibətləri adlandırıb və bildirib ki, Tehranla Bakı arasında siyasi, iqtisadi, mədəni və ictimai əlaqələrin inkişafında heç bir maneə  yoxdur. E.Məmmədyarov müştərək Rəşt-Astara dəmir yolu layihəsini önəmli layihə adlandırıb. Onun sözlərinə görə, bu layihənin icrası ilə Rusiya, Azərbaycan və İranın dəmir yolları birləşəcək, İran Gürcüstan vasitəsilə Qara dənizə çıxış əldə edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738
avatar

Oxşar yazılar