“Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri - Dağlıq Qarabağ və ətraf 7 rayonun Ermənistan tərəfindən qanunsuz işğalı və 1 milyondan çox Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətində olması ilə nəticələnən münaqişənin ağır nəticələri olmasaydı, Azərbaycan və region daha çox nailiyyətlər əldə edə bilərdi”. Lent.az-ın xəbərinə görə, bu sözləri Avropa Şurasının Nazirlər Komitəsinin sədri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
Elmar Məmmədyarov işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarından dərhal, tam və qeydi-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də yerinə yetirilmədiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Elmar Məmmədyarov çıxışı zamanı Azərbaycanın son dövrlər artmaqda olan iqtisadi gücündən də danışıb: “Azərbaycan müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişməsində yerləşən bir ölkədir və müxtəlif etnik və dini icmalar arasında sülh şəraitində birgə mövcudluğun əsrlərlə davam edən ənənələrinin olması ilə fəxr edir. Bu səbəbdən mədəniyyətlərarası və dinlərarası dialoqun təbliğini xarici siyasətimizin prioritetini təşkil edir. Son dövrlər Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu kimi bir sıra beynəlxalq humanitar forumların təşəbbüskarı və ev sahibi olub. 2016-cı ildə isə Azərbaycanda BMT-nin Sivilizasiyalar alyansının 7-ci qlobal forumu keçiriləcək.
Əhəmiyyətli neft və qaz resursları, eləcə də regional nəqliyyat mərkəzi kimi əsas mövqe Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təmininə öz töhfələrini daha da artırmağa imkan verir.
Artan iqtisadi gücü ilə, Azərbaycan dünyada yardıma ehtiyacı olanlara kömək etməyi özünün mənəvi borc bilir. Bu ruh bizi donor ölkə olaraq, Afrika, Asiya və Latın Amerikası ölkələrinin davamlı inkişafına dəstək olmağa yardım etməyə sövq edir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi hazırda 20-dən çox ölkədə müxtəlif yardım proqramlarını həyata keçirməkdədir”.
Xarici işlər naziri gələn həftə Strasburqda Nazirlər Komitəsinə 6 aylıq sədrlik dövründə Azərbaycan tərəfindən görülmüş işlərin nəticələri barədə məlumat təqdim edəcəyini də qeyd edib: “Biz Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyimizin sonuna doğru yaxınlaşırıq. Bugünkü konfrans sədrliyimiz ilə təşkil olunmuş sonuncu əsas iclasdır. Bu müddət ərzində Azərbaycan korrupsiya əleyhinə müdafiə, müxtəlif mədəniyyətli cəmiyyətlərin, sosial həmrəyliyin və gənclərin təhsilinin möhkəmlənməsi də daxil olmaqla, bir sıra sahələrə diqqət yetirib. İnanıram ki, Azərbaycanda təşkil olunmuş 18 tədbirin hər biri Avropa Şurasının səylərinə praktik giriş nöqteyi-nəzərindən faydalı olub. Fikrimizcə, Azərbaycan Avropa Şurasının siyasətinin qonşu regionlarda daha da tanıdılması istiqamətində sədrliyinin ona verdiyi üstünlüklərdən yararlana bildi”.