Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqindən sonra Mətbuatın İnkişafına Dəstək Fondunun yaradılmasını ölkə mətbuatı səbirsizliklə gözləyirdi. Fond konsepsiyada nəzərdə tutulan işlərin gerçəkləşdirilməsi üçün əməli addımlar atılmasına imkan yaradır. Artıq fond yaradıldı və jurnalistlər bu addımdan çox şey gözləyir. Amma hələ ortada xeyli suallar var. Mətbuat Şurasının sədri Əflatun Amaşov bu sualların cavabını Lent.az-a açıqlayır.
- Azərbaycan mətbuatı Fondun yaradılmasından nə gözləyə bilər?
- Artıq aprelin 3-dən prezidentin sərəncamı ilə Fond yaradılıb. Fondun adından da göründüyü kimi, dövlət mətbuatın inkişafında maraqlıdır. Mətbuatın inkişafı üçün müəyyən tədbirlər həyata keçiriləcək. Burada əsas məsələ mətbuatın iqtisadi durumunu yaxşılaşdırmaq və bunun fonunda da onların müstəqilliyinə nail olmaqdır. Eyni zamanda, ictimaiyyətlə, hakimiyyətlə mətbuat arasındakı münasibətləri inkişaf etdirmək, jurnalistlərin məsuliyyətini, peşəkarlığını artırmaq və onların sosial problemlərinin həllinə yardımçı olmaq nəzərdə tutulub. Fondun əsas məqsədi bunlardan ibarətdir. Yəni Azərbaycanda müstəqil mətbuatın maddi bazasını gücləndirib, bu tip mətbuat orqanlarının sayını çoxaltmaq niyyəti var. Reallıqda isə vəziyyət ağırdır.
Bakıda və regionlarda 50-dən çox elektron KİV var. Amma onlarla müqayisədə yazılı vasitələrin iqtisadi vəziyyəti ağırdır. İstər reklam, istər digər sahələr baxımından yazılı mətbuat geri qalır. Sənəddə də əsas məqsəd yazılı mətbuat vasitələrinin inkişafına yardım etməkdən ibarətdir. Mən deyərdim ki, həmin sənədlə və bu Fondun yaranması ilə Azərbaycan mətbuatının inkişafında yeni bir mərhələ başlayır. Bu mərhələ ölkədə müstəqil mətbuatın inkişafına zəmin yaradacaq.
- Fondun Müşahidə Şurasının formalaşması işi nə yerdədir?
- Hazırda qarşıda duran məsələ Fondun formalaşdırılmasıdır. Fondun formalaşdırılması üçün sənədlər 15 gün ərzində Ədliyyə Nazirliyinə təqdim olunmalı və qeydiyyatdan keçməlidir. Bundan sonra Fondun Müşahidə Şurası formalaşdırılmalıdır, Prezident tərəfindən icraçı direktor təyin olunmalıdır. Bunun üçün də 1 ay vaxt verilir. Müşahidə Şurasının 9 nəfərdən formalaşır. Bunlardan 3-ü müvafiq dövlət qurumlarından, 6-sı isə KİV-dən və jurnalist təşkilatlarından formalaşacaq. Şuranın formalaşdırılması Mətbuat Şurasına həvalə olunub. İndi Mətbuat Şurası bir yerə 3 nəfər olmaqla 9 nəfər KİV rəhbərlərinin, yenə bir yerə 3 nəfər olmaqla 9 nəfər jurnalist təşkilatları rəhbərlərinin siyahısını Azərbaycan Prezidentinə təqdim edəcək. Hər 9 nəfərdən yalnız üçü seçiləcək. Fondun cari işi icraçı direktora həvalə olacaq. Struktur qurulandan sonra yəqin ki, Fond özünün fəaliyyət məramnaməsini, proqramını hazırlayacaq.
- Bəs KİV üçün hansı yardımlar nəzərdə tutulur?
- Konsepsiyada bu yardımın formaları sadalanır. Bunlar müsabiqəli və müsabiqəsiz yardımlardır. Müsabiqəli yardımlar qrantlardır. Qrantların mövzuları da konsepsiyada öz əksini tapıb. Kreditlər o KİV-ə təqdim ediləcək ki, onlar biznes planlarını təqdim etsinlər. Bunu etməlidirlər ki, Fond həmin biznes planın, konkret mətbuat orqanının iqtisadi durumunu yaxşılaşdırmaq üçün müəyyən işlər görə bilsin.
Müsabiqəsiz yardımlar isə büdcədən ayrılacaq. Əsasən sosial, mədəni istiqamətdə olan KİV-ə yardım ayrılacaq. Subsidiyalar verilə bilər. Sonra isə gündəmdə olan məsələ sosial reklamların yerləşdirilməsidir. Bu, konsepsiyada xüsusi maddə olaraq nəzərdə tutulub. Yəqin ki, bununla bağlı ciddi araşdırmalar aparılmalıdır. Sosial reklamların yerləşdirilməsi ilə bağlı ayrı qurum da yaradıla bilər. Çünki bu daha geniş anlamdır. Türkiyədə bu tip reklamların, elanların verilməsi ilə bağlı ayrıca qurum var. Biz Türkiyədə olub bu təcrübəni öyrənmişik. Bütün bunlardan sonra əvəzsiz ödənişlərdən söhbət gedə bilər.
- Müşahidə Şurasında rəhbərlik hansı əsaslarla müəyyən ediləcək?
- Qanunda bu barədə göstərilib. 9 nəfər seçildikdən sonra şuranın iclası keçiriləcək. Səsvermə yolu ilə sədr seçiləcək. Sonra isə müavin.
- KİV-ə veriləcək kreditlərlə bağlı məsələni bir az da konkretləşdirmək istərdik. Kreditlər üçün nə qədər pul ayrılması nəzərdə tutulub və burada prioritet nə olacaq?
- Hələlik Fondun rəhbərliyi formalaşmayıb. Ona görə indi konkret nəsə demək doğru olmazdı. Fondun rəhbərliyi formalaşdıqdan sonra bu sənədlər hazırlanacaq. Yəni qrantları necə verməyin yolları dəqiqləşdiriləcək. İndi hələ danışmaq tezdir.
- Siz şəxsən fondun fəaliyyətinin Azərbaycan mətbuatına təkan verəcəyinə nə qədər ümidlisiniz?
- 2009-cu il üçün 1 milyon 300 min manat vəsait nəzərdə tutulub. Bu məbləğ bu il xərclənməlidir. Növbəti dəfə yəqin ki, bu rəqəm artacaq. Mən demirəm ki, elə Fond işə başlayan kimi mətbuatın bütün problemləri həll ediləcək. Azərbaycanda xeyli mətbuat orqanı var və problem çoxdur. Fond ilk öncə o layihələri maliyyələşdirəcək ki, bu layihələrin ruhunda, özülündə KİV-in iqtisadi durumunu yaxşılaşdıracaq amillər olsun. Bu vaxta kimi mətbuat vasitələri bir biznes strukturu kimi öyrənilməyib, monitorinqlər keçirilməyib. Eyni zamanda, reklam bazarı da öyrənilməyib. Mənə elə gəlir ki, əvvəlcə bu istiqamətlərdə real vəziyyəti öyrənmək üçün araşdırmalar aparılmalıdır. Problemlər öyrənildikdən sonra onları həll etmək üçün ayrı-ayrı istiqamətlərdə layihələr hazırlana bilər. Yoxsa bazarı öyrənmədən, mətbuatın marketinqini bilmədən, reklamın indiki durumundan məlumatlı olmadan ayrılan vəsaiti xərcləmək səmərə verə bilməz. Bundan başqa, biz hansı KİV-in qrant ala biləcəyini müəyyənləşdirməliyik. Dünyanın heç bir yerində reklam, erotik xarakterli qəzetlərə qrantlar ayırmırlar. Bundan başqa, Azərbaycanda əksər KİV-də əməkdaşlarla müqavilələr bağlanmayıb. Bilinmir ki, onun neçə əməkdaşı var. Bu cür KİV-ə də qrant verə bilməyəcəyik. Elə orqanlar da var ki, onlar təşkilatlara, vergiyə, ümumiyyətlə, hesabat vermirlər. Vergi sənədləri tam yerində olmalıdır. Elə qəzetlər də var ki, məhkəmə hökmü ilə ayrı-ayrı şəxslərə, qurumlara iri məbləğdə borcları var. Bu orqanlara qrant verilərsə, elə həmin vəsait bankda kəsiləcək. Bunları da nəzərə almaq lazımdır. Eyni zamanda, düşünürəm ki, büdcədən maliyyələşən qəzetlərə də qrantların verilməsinə ehtiyac yoxdur. Bura qrant hesabına çıxaraq, pulsuz paylanan qəzetlər də aiddir. Qrantlar o istiqamətdə xərclənməlidir ki, konkret mətbuat orqanının iqtisadi dayaqlarını möhkəmləndirsin.
- Yalnız KİV qrant ala biləcək, yoxsa müstəqil jurnalistlər, təşkilatlar da layihələrlə çıxış edə bilər?
- Bununla bağlı məsələ hələ ki, açıq qalır. KİV alacaq, amma fərd kimi jurnalistlərə qrantlar verilə bilərmi sualı cavabını tapmayıb. Yəqin ki, bunun üçün müəyyən sənədlər hazırlamaq lazımdır. Həmin sənədlərdə bunlar öz əksini tapacaq.
- Maliyyə ayrılandan sonra bunun necə xərclənməsi istiqamətində nəzarət mexanizmi nəzərdə tutulub?
- Yəqin ki, Fond tam formalaşdıqdan sonra ayrılacaq pulların havaya sovrulmasının qarşısının alınması mexanizmi də hazırlanacaq.
Səbinə Əvəzqızı
Əflatun Amaşov: “Hansı KİV-in qrant ala biləcəyini müəyyənləşdirməliyik” - MÜSAHİBƏ
864