Dağlıq Qarabağ məsələsi yenə gündəmdə : Cənubi Qafqaz forumu
13 may 2013 19:10 (UTC +04:00)

Dağlıq Qarabağ məsələsi yenə gündəmdə : Cənubi Qafqaz forumu

Əsrlərdir davam edən Dağlıq Qarabağ problemi, 20 illik tarixi əhatə edən Dağlıq Qarabağ münaqişəsi bu gün də müzakirə obyektidir. Münaqişə erməni şovinistlərinin “Böyük Ermənistan” xülyasının reallaşmasına xidmət edən siyasətin tərkib hissəsi olmaqla 1980-ci illərin sonu 90-cı illərin əvvələrindən etibarən “xülyadan reallığa” doğru istiqamətlənməyə başladı. 1993-cü ildən xarici siyasət prioritetlərimizin mərkəzinə məhz Azərbaycan torpaqlarının işğalı faktının bütün dünyaya bəyan olunması, Ermənistanın təcavüzkar dövlət kimi tanınması, münaqişə haqqında dünya birliyində obyektiv rəyin formalaşması prinsipləri qoyulmuş, bu istiqamətdə yalnız nəzəri deyil, həmçinin praktiki fəaliyyət  də sərgilənməyə başlanılmışdır. Uzaqgörən siyasətin uğurlu davamının nəticəsidir ki, bu gün Azərbaycanın mövqeyi bir çox dövlətlər tərəfindən dəstəklənir. Lakin bu kifayət deyildir. İkili standartların, şəxsi maraqların hökm sürdüyü bir şəraitdə dəstəyin sona qədər mövcudluğu da sual altındadır. 

7-8 may 2013-cü il tarixlərində birinci dəfə təşkil olunan Cənubi Qafqaz forumunun Bakıda keçirilməsi Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün yenə bir imkan oldu. Forumda Azərbaycanın uğurları, inkişaf strategiyasının səciyyəvi xüsusiyyətləri, əldə olunan nailiyyətlər sadalanmaqla yanaşı, Azərbaycan torpaqlarının işğalı faktı, ədalətsiz müharibəyə təhrik olunması da öz əksini tapmışdır. Sabiq prezidentlərin, baş nazirlərin, dünyanın 40-dan artıq dövlətinin nüfuzlu ictimai-siyasi xadimlərinin toplaşdığı forumda əsas müzakirə olunan məsələ də məhz regionda sabitliyin mövcudluğunun təmini, münaqişə ocaqlarının aradan qaldırılması idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  çıxışında davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionda sülh və sabitlik üçün təhlükə doğurduğunu xüsusi vurğulamışdır. ABŞ-ın Azərbaycandakı səfiri isə ATƏT-in Minsk qrupunun münaqişənin həllinə nail olmaq, yeni müharibənin qarşısını almaq istiqamətində çalışdığını qeyd edib. Bununla da danışıqlar zamanı istənilən nəticələrin əldə olunmadığı təqdirdə yenidən müharibənin başlanması mümkünlüyünü ifadə etmişdir. Bu isə Azərbaycan tərəfinin qəti mövqeyidir. Ermənistanın yeni həll yollarını müəyyən bəhanələrlə dəf etməsi, razılaşmaya gəlməməsi müharibə ehtimalını gündəmə gətirir. Azərbaycanın münaqişənin tənzimlənməsi ilə bağlı prinsipi aydındır : “ Azərbaycan öz torpaqlarında ikinci bir Ermənistan dövlətinin yaranmasına izn verməyəcək”. Atəşkəsə nail olunduqdan sonra Azərbaycan münaqişənin tənzimlənməsi ilə bağlı həyata keçirilən fəaliyyətdə daim bu prinsipi əsaslandırmış, mövqeyimizin əksini tapdığı razılaşmaların əldə olunmasına çalışmışdır.

Reallıq isə bunu deməyimizə əsas verir ki, münaqişənin davam etməsi, yeni bir müharibənin başlanması Ermənistan üçün daha faciəli nəticələrə gətirib çıxara bilər. Bu gün daxili narazılıqların, böhranların hökm sürdüyü, iqtisadiyyatı çökmə təhlükəsi ilə üzləşdiyi Ermənistan üçün münaqişənin həllinə nail olunması daha vacib olmalıdır. Çünki müharibənin Ermənistana qələbə yox, iflas gətirəcəyi daha realdır. Sosial xaosun mövcudluğu, vətəndaşların xaricdə məskunlaşması faktı müharibə əhval-ruhiyyəsinin də mövcud olmamasının göstəricisidir.

Forumda  əks olunduğu kimi münaqişənin həlli Ermənistanın regional proseslərə qatılmasını sürətləndirər, həmçinin həyata keçirilən layihələrdən kənarda qalmamasını təminat altına alar. Ermənistanın Azərbaycan kimi zəngin potensiala, resurslara malik bir ölkənin dəstəyilə kritik durumdan, maddi və mənəvi böhrandan xilası mümkündür. Yalnız bəzi rəsmi dairələrin istəklərinə əsaslanmaqla ölkəni uçuruma doğru aparmaq milli maraqlardan deyil, şəxsi mənafedən xəbər verir.

Qeyd etmək lazımdır ki, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun 20 illik fəaliyyəti heç bir əməli göstərici ilə nəticələnməyib. Bu isə daha çox Ermənistanın qeyri-konstruktiv mövqeyi, həmçinin münaqişənin həllinə cəhd etməməsi kimi qiymətləndirilir. Lakin münaqişənin tənzimlənməsinə cəlb olunan qüvvələr də birtərəfli fəaliyyət nümayiş etdirmir, daha çox subyektivliyə yol verirlər. Nəzərə almaq lazımdır ki, Azərbaycanın istəmədən cəlb olunduğu münaqişə haqlı mövqeyimizin təmini ilə öz həllini tapmalıdır. Bunun üçün isə Azərbaycanın istər diplomatik, istərsə də hərbi gücü Ermənistanla müqayisədə kifayət qədərdir.

Azərbaycanın beynəlxalq arenada yeri və rolu, dövlətimizə verilən dünyəvi qiymət göz önündədir. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi çıxış edir. Regionda həyata keçirilən layihələrin Azərbaycansız reallaşması qeyri-mümkündür. Münaqişənin dinc vasitələrlə həllinə tərəfdar olan humanist dövlətimizin atdığı hər bir addım bu yola istiqamətlənir. Azərbaycan münaqişənin ədalətlilik prinsipinin gözlənilməsi ilə həllinə inanır və beynəlxalq ictimaiyyəti də bu prinsipin reallaşmasına səsləyir.

 

Nailə Məmmədova

ərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar"

İctimai Birliyinin  fəalı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332
avatar

Oxşar yazılar