Portuqaliyada  ən azı bir dəfə ziyarət etməli olduğunuz beş yer
06 aprel 2026 13:39 (UTC +04:00)

Portuqaliyada ən azı bir dəfə ziyarət etməli olduğunuz beş yer

0

Portuqaliya ənənəvi olaraq Avropada turistlərin ən çox üz tutduğu ölkələrdən biri hesab olunur. İsti iqlimi, gözoxşayan təbiəti, rəngarəng memarlığı, zəngin mətbəxi və qonaqpərvər insanları ilə bu ölkə hər il minlərlə səyahətçini cəlb edir.

Lakin Lissabon və Porto kimi məşhur şəhərlər artıq turist izdihamından “boğulduğu” bir vaxtda, həm yerli sakinlər, həm də təcrübəli səyahətçilər daha sakit və alternativ istiqamətlər axtarmağa başlayıblar.

Lent.az xəbər verir ki, turizm portalı Travel Off Path ekspertləri Portuqaliyada həyatınızda ən azı bir dəfə görməli olduğunuz, lakin daha az tanınan 5 məkanı təqdim edib.

Aveiru – Portuqaliyanın Venesiyası

Aveiru tam olaraq su üzərində qurulmasa da, şəhər boyunca uzanan çoxsaylı kanalları ilə seçilir. Bu kanallar qədim küçələr və rəngarəng məhəllələr arasından keçərək şəhərə xüsusi gözəllik qatır. Burada şəhəri kəşf etməyin ən maraqlı yollarından biri moliseyru adlı əl ilə boyanmış qayıqlarla səyahətdir. Bu qayıqlar əvvəllər yosun toplamaq üçün istifadə olunsa da, bu gün əsasən turistləri gəzdirir.

Qayıqla gəzinti zamanı azuleju plitələri ilə bəzədilmiş modern üslublu binaları, tarixi tikililəri və zərif balkonları izləmək mümkündür. Xüsusilə San-Dominquş kilsəsi həm xarici, həm də daxili gözəlliyi ilə diqqət çəkir.

Laqos – dəniz sahilində qədim şəhər

Portuqaliyanın cənub sahilində yerləşən Laqos həm qədim şəhər, həm də subtropik kurort xüsusiyyətlərini özündə birləşdirir. Algarvenin bu incisi dar daş küçələri, portağal ağacları ilə əhatələnmiş meydanları və möhtəşəm divarları ilə tanınır.

Şəhərdən bir neçə dəqiqəlik məsafədə yerləşən qızılı qumlu çimərliklər isə turistləri valeh edir. Dona Ana çimərliyi qayalar fonunda yerləşməsi və firuzəyi suları ilə seçilir. Dos Estudantes çimərliyi isə tarixi körpünün altında yerləşən gizli bir körfəzdir.

Madeyra – Avropanın Havay adaları

Materikdən təxminən 1000 km uzaqda yerləşən Madeyra adası Afrikaya Avropadan daha yaxındır. Burada vulkanik landşaftlar, sıx tropik meşələr və qara qumlu çimərliklər geniş yayılıb.

Adanın paytaxtı Funşal məşhur futbolçu Kriştianu Ronaldonun doğulduğu şəhərdir. Burada tarixi atmosfer, rahat kafelər və ağ evlərlə örtülmüş küçələr turistləri cəlb edir.

Madeyranın əsas üstünlüyü isə onun təbiətidir. İl boyu +20-22°C temperaturu ilə bu ada Avropada tropik hiss yaradan nadir məkanlardan biridir. Şəlalələr, dağ zirvələri və levada adlanan su kanalları boyunca uzanan yürüş marşrutları buranı unikal edir.

Evora – unudulmuş Roma şəhəri

Portuqaliyanın cənub-mərkəzində yerləşən Evora çoxları üçün hələ də kəşf olunmamış bir xəzinədir. Ölkənin ən qədim şəhərlərindən biri olan Evora əsasən Roma dövrünə aid tarixi ilə tanınır.

Şəhərin simvolu sayılan Diana məbədi eramızın I əsrində imperator Avqustun dövründə inşa edilib. Korinf sütunları ilə bəzədilmiş bu tikili qədim Roma forumunun bir hissəsidir.

Evoranın qədim şəhər hissəsində ağ evlərlə əhatələnmiş dar küçələr, həmçinin XII əsrə aid qotik kilsə və orta əsr monastırı yerləşir.

Terseyra adası – Azorların gizli incisi

Atlantik okeanının ortasında yerləşən Azor adaları öz vəhşi təbiəti və sakitliyi ilə məşhurdur. Bu arxipelaqın ən böyük adası San-Migel olsa da, Terseyra daha sakit və autentik mühit təqdim edir.

Burada vulkanik landşaftlar, balıqçı kəndləri və kiçik qumlu körfəzlər turistlər üçün ideal istirahət şəraiti yaradır. Adanın əsas şəhəri olan Angra do Eroişmu UNESCO-nun Dünya İrsi siyahısına daxildir. Rəngarəng küçələri, tarixi qalaları və zəngin tarixi ilə bu şəhər Azorların ən gözəl məkanlarından biri hesab olunur.

Turistlər üçün tövsiyələr

Mütəxəssislər qeyd edir ki, Portuqaliyaya səfər edərkən yalnız məşhur şəhərlərlə kifayətlənmək lazım deyil. Daha az tanınan bu məkanlar həm sakitlik, həm də unudulmaz təcrübə vəd edir.

Daha əvvəl yayılan məlumatlara görə, təcrübəli turistlər Lissabonda edilən ən böyük səhvlərdən və Portuqaliyada daha sərfəli istirahət yollarından da bəhs ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar