Azərbaycan-NATO münasibətləri: tarixi inkişafın vacib məqamları
19 iyul 2016 11:19 (UTC +04:00)

Azərbaycan-NATO münasibətləri: tarixi inkişafın vacib məqamları

Müasir dövrdə Avroatlantik məkana inteqrasiya çərçivəsində NATO ilə münasibətlərin yaradılması və inkişaf etdirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Azərbaycan - NATO münasibətlərinin inkişaf tarixini 3 mərhələyə bölmək olar:

 

Birinci mərhələ: 1994-2005-ci illər - Azərbaycan NATO əməkdaşlığının tarixi 1992-ci ilə gedib çıxsa da, rəsmi səviyyədə münasibətlərin qurulması 1994-cü illə bağlıdır. Belə ki, 1994-cü il mayın 4-də Prezident Heydər Əliyev “Sülh Naminə Tərəfdaşlıq” (SNT)  proqramının çərçivə sənədini imzalayıb. 1997-ci ilin noyabrında isə H.Əliyevin sərəncamı ilə Azərbaycanın NATO ilə əməkdaşlıq üzrə Dövlət Komissiyası yaradılıb.

 

İkinci mərhələ: 2005-2011-ci illər - 2005-ci ilin may ayında Azərbaycanla NATO arasında əməkdaşlıqda mühüm hadisə baş verdi. Bu, SNT əməkdaşlığının üçüncü səviyyəsi – Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (FTƏP) imzalanması ilə bağlı idi. FTƏP sənədi tərəfdaş dövlətlərin müdafiə və təhlükəsizlik sektorunun NATO-ya inteqrasiyası istiqamətində konkret tədbirləri əks etdirir. Azərbaycan – NATO əməkdaşlığının ikinci mərhələsi üçün Azərbaycan – NATO əlaqələri üçün xarakterik olan məsələlər içərisində Azərbaycanın NATO-nun bir sıra əməliyyatlarına – Kosovo (KFOR) və Əfqanıstanda (İSAF) keçirilən sülhyaratma əməliyyatlarına iştirak etməsini xüsusi qeyd etmək lazımdır. Azərbaycan NATO-nun Əfqanıstana daşınan yüklərinin tranzit ölkəsi rolunda çıxış edir. Bu gün alyansın Əfqanıstana İSAF qüvvələri və digər məqsədlər üçün daşınan yüklərinin 30 faizi məhz Azərbaycan üzərindən keçir. Eyni zamanda Azərbaycan Əfqanıstanın Milli Təhlükəsizilk qüvvələrinin və ordusunun qurulması prosesində iştirak edir və xüsusilə də sərhəd xidməti üçün kadrların hazırlığı prosesinə dəstək göstərir.

 

Üçüncü mərhələ: 2011-ci ildən başlayan dövr.  2011-ci ilin dekabrın 19-da tərəflər FTƏP sənədinin üçüncü mərhələsini razılaşdırdılar. 2012-2013-cü illəri əhatə edən FTƏP sənədinin üçüncü mərhələsi - 1) siyasi və təhlükəsizlik; 2) müdafiə və hərbi; 3) ictimai məlumatlandırma, mülki fövqəladə planlaşdırma, elm və ətraf mühit məsələləri; 4) inzibati məsələlər, məlumatların təhlükəsizliyi, resurslar və hüquqi məsələləri əhatə edən dörd bölmədən ibarətdir. İkinci mərhələ ilə müqayisədə 3-cü mərhələdə mülki fövqəladə planlaşdırma, məlumatların təhlükəsizliyi, resurslar və hüquqi məsələlərin əlavə olaraq diqqət hədəfinə gətirildiyini görmək olar. NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın 2013-cü ilin fevral ayının əvvəllərində Azərbaycana gəlməsi, daha sonra Prezident İlham Əliyevin Brüsselə — NATO-nun mənzil-qərargahına səfər edərək alyansın baş katibi Anders Foqh Rasmussenlə görüşməsi və səsləndirilən məsələlər Azərbaycan – NATO əməkdaşlığında mühüm mərhələnin başlanmasına işarə hesab oluna bilər. Həmin görüşdə İlham Əliyev bəyan etdi ki, Silahlı Qüvvələr NATO standartlarına uyğunlaşdırılacaq, NATO ilə əməkdaşlıq dərinləşəcək, ən əsası Azərbaycan Əfqan milli qüvvələrinin formalaşdırılması üçün yaradılan etimad fonduna maliyyə dəstəyi verəcək.

 

Azərbaycanın NATO ilə əməkdaşlığının əhatə dairəsi genişdir və yalnız hərbi məsələlərlə məhdudlaşmır. 1994-cü ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulan  Azərbaycan ötən 22 il ərzində özünü etibarlı tərəfdaş kimi göstərir.  Ekspertlərin fikrincə, alyans Azərbaycan kimi tərəfdaşların milli təhlükəsizlik qayğılarına diqqətlə yanaşmalı və bu istiqamətdə problemlərin həlli üçün aktivlik göstərməlidir.

 

8 iyul 2016-cı il tarixində Varşavada keçirilən NATO-nun növbəti sammitində iştirak edən Prezident İlham Əliyev “Dövlət və hökumət başçıları səviyyəsində “Qətiyyətli dəstək” missiyası çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş dövlətlərlə Əfqanıstan üzrə görüş” mövzusunda keçirilən sessiyada çıxış edərək Azərbaycan - NATO tərəfdaşlığına, NATO əməliyyatlarında Azərbaycanın iştirakına toxunmuşdur. Ermənistanın işğalçı siyasətinin tək Azərbaycana deyil, regional təhlükəsizliyə də ciddi təhdidlər yaratdığını vurğulayan dövlət başçısı Varşava Sammitinin Bəyannaməsində bir daha qeyd edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə NATO-nun yenidən verdiyi dəstəyi yüksək dəyərləndirdiyini bildirmişdi.

Nailə Məmmədova

“Azerbaijan Realities”

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186
avatar

Oxşar yazılar