Akşin Mehdiyev: “Müsəlman dövlətləri də tez-tez terrorun hədəfinə çevrilir”
19 noyabr 2015 14:54 (UTC +04:00)

Akşin Mehdiyev: “Müsəlman dövlətləri də tez-tez terrorun hədəfinə çevrilir”

 

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında yeni təyin olunmuş daimi müşahidəçisi Akşin Mehdiyevin APA-ya müsahibəsi

 

- Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçisi təyin olunmusunuz. Öncə təyinat barədə fikirlərinizi bilmək istərdik...

 

- İslam Konfransı Təşkilatının varisi olan İslam Əməkdaşlıq Təşkilatı tərkibinə 57 üzv dövlətin daxil olduğu, BMT-dən sonra ikinci ən böyük hökumətlərarası beynəlxalq təşkilatdır. Azərbaycan da İƏT-in fəal üzvlərindən biridir. İƏT-in Nyu-York, Cenevrə, Bağdad və Əddis-Əbəbə şəhərlərində nümayəndəlikləri fəaliyyət göstərir. 2013-cü ilin iyun ayında İƏT-in Avropa İttifaqı yanında ilk nümayəndəliyi Brüssel şəhərində təsis edilib.

"İƏT-ə üzv dövlətlər hər biri bu vəzifəyə öz namizədlərini irəli sürmüşdü".

Avropa İttifaqı yanında nümayəndə vəzifəsi mahiyyətcə asan təyinat olmadığı üçün bu vəzifəyə namizədlərin seçimi prosesi kifayət qədər diqqətlə aparılır. Keçmiş daimi nümayəndənin öz vəzifəsindən geri çağırılmasından sonra İƏT vakant yer üçün müsabiqə elan etmişdi. İƏT-ə üzv dövlətlər hər biri bu vəzifəyə öz namizədlərini irəli sürmüşdü. Azərbaycandan rəhbərlik mənim namizədliyimin irəli sürülməsini məqsədəuyğun hesab etdib. İlkin seçkilərdən sonra yekun siyahıya Azərbaycan, Banqladeş, Misir və Nigeriyadan olan namizədlər düşüb. Zəngin əmək fəaliyyətinə malik bütün namizədlər həmçinin fəaliyyətdə olan səfir statusu daşıyırdı. Təşkilat rəhbərliyinin daxil olduğu xüsusi komissiya hər bir namizədlə fərdi əsasda uzun və çox istiqamətli söhbətlər aparıb. Son müsabiqənin nəticələrinə əsasən, Azərbaycan tərəfinin irəli sürdüyü namizədə üstünlük verilib. Bu barədə İƏT rəhbərliyi Azərbaycan tərəfini məlumatlandırıb. Bu vəzifəyə təyinatın qısa proseduru belədir. Azərbaycanın namizədi bu vəzifəyə ciddi müsabiqənin yekunu olaraq seçilib.

 

- Dekabrın 1-dən etibarən vəzifənizin icrasına başlayacaqsınız. Gələcək fəaliyyətinizi necə planlaşdırırsınız? Son proseslər fonunda hansı addımlar bu problemlərin aradan qaldırılmasına yardım edə bilər?

 

- Təəssüflə qeyd etməliyəm ki, həqiqətən də bu sahədə kifayət qədər çətinlik var. Avropada İslamafobiyanın qarşısının alınması, Suriya və Yaxın Şərq regionunun digər dövlətlərində baş verən faciəvi hadisələr nəticəsində yaranmış qaçqın ordusunun problemlərinin həllinə yardım istiqamətində çox iş görülməlidir. Digər xarici təhdid qismində terrorizmi qeyd edə bilərəm. Təəssüflər olsun ki, əksər halda terrorizm yanlış olaraq İslam dini ilə əlaqələndirilir. Bəziləri bunu mahiyyətinə varmadan, qeyri-şüuri şəkildə edirsə, bəziləri bu əlaqələndirməni məhz düşünülmüş tərzdə edirlər. Fransa, Misirdə Rusiya təyyarəsinə qarşı, Türkiyə və Livanda baş verən son terror hadisələrindən sonra terrorizmə qarşı mübarizədə beynəlxalq səylərin və əlaqələndirmənin artırılması xüsusi aktuallıq kəsb edir.

 

İslamın terroru siyasi məqsədlərə çatma vasitəsi kimi təşviq etmədiyi barədə Avropa ictimaiyyətinin ən geniş dairələri ilə geniş və gərgin iş aparılması zəruridir. İslam müxtəlif dini icma və millətlərin birgə dinc yanaşı yaşamasını tərənnüm edən sülh dinidir. Qeyd etmək lazımdır ki, “İslam dövləti” kimi özünü təqdim edən terrorçularla mübarizədə müsəlman dövlətləri ilk sıradadır. Müsəlman dövlətləri özləri tez-tez terrorun hədəfi və qurbanına çevrilir.

 

Həll edilməli məsələlər, çağırışlar kifayət qədərdir. İslam dəyərlərinin təşviqi, qeyri-müsəlman ölkələrlə mədəni və digər əlaqələrin möhkəmləndirilməsi, həmçinin, yuxarıda qeyd edilmiş məsələlərlə bağlı ortaq mövqeyin nümayiş etdirilməsi və müasir dünyada çağırış və təhdidlərə qarşı birgə mübarizə aparılması məqsədilə islam həmrəyliyinin dərinləşdirilməsi sahəsində işlərin görülməsi də vacibdir.

 

- Azərbaycan zəngin multikulturalizm ənənələri belə həssas dönəmdə mədəniyyətlər və dinlərarası dialoq prosesinə necə töhfə verə bilər?

 

- Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir və çoxəsrlik ənənələrə əsaslanır. Bu gün dövlət səviyyəsində həyata keçirilən bu siyasət multikulturalizmin uğurlu Azərbaycan modelinin yaranmasına xidmət edib. Müasir dövrdə özünü göstərən həssaslıqlar fonunda dünya səviyyəsində Azərbaycanın bu inkişaf modelinə nümunəvi təcrübə kimi böyük maraq var. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və Avropa Şurası kimi təsisatların üzvü olan Azərbaycanın qlobal səviyyədə mədəniyyətlər və dinlərarası dialoq prosesinə yaxından töhfəsi dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

 

Bu xüsusda, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 2010-cu ildə qəbul edilmiş “Beynəlxalq Novruz Günü” adlı qətnaməni, habelə BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzvü olan zaman Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq keçirilmiş BMT TŞ və İƏT-in birgə iclasını qeyd etmək yerinə düşərdi.

 

İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçisi vəzifəsinin Azərbaycana etibar edilməsi ölkəmizin uğurlu siyasətinə göstərilən rəğbətin təzahürü olaraq, İslam dünyası ilə Avropa arasında qarşılıqlı anlaşma və dialoqun inkişafına öz töhfəsini verəcək.

# 298
avatar

Oxşar yazılar