Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizədliyi təsdiq olunmuş Qüdrət Həsənquliyev APA-ya müsahibə verib.
- Seçki mühiti müxalifət düşərgəsini Demokratik Qüvvələrin Milli Şurası adı altında birləşdirsə də, daha sonra qarşılıqlı ittihamlar başladı. Hətta Milli Şuranın sədri Rüstəm İbrahimbəyov da son müsahibəsində ciddi narazılıqların olduğunu etiraf edib...
- Əvvəla, Demokratik Qüvvələrin Milli Şurası adlanan qurum “Rusiyanın layihəsində yer alan qüvvələrin Milli Şurası” adlandırılsaydı, daha doğru və səmimi qəbul olunardı. Milli Şura Rüstəm İbrahimbəyovun ideyasıdır. Bu barədə heç kimin danışmadığı zamanda mən bildirdim ki, onu danışdıran vicdanının səsi yox, Moskvadakı vəzifəli dostlarıdır. Zaman da dediklərimi təsdiq etdi. Bu gün Rüstəm İbrahimbəyov Milli Şuranın sədri kimi Rusiya prezidentinin ona görə qanunları pozacağına ümidli olduğunu deyir. Bu ümidi də onda Moskvadakı vəzifəli dostları vermişdi. Xatırlayırsınızsa, Rüstəm İbrahimbəyov heç nədən qorxmadığını, Azərbaycana qayıdacağını deyirdi. Hətta onun həbsinin müxalifətin birliyinə xeyr verəcəyi haqda bəyanatlar da verirdi. Amma indi Azərbaycan dönməyəcəyini deyir. Çünki onu bu prosesə qoşan, lider etməyə çalışan vəzifəli dostları indi də Azərbaycana getməməsini məsləhət görürlər. Bu, artıq onun missiyasını başa vurması ilə bağlıdır.
- Amma Milli Şura layihəsi hələ də davam edir axı...
- Diqqət edirsinizsə, Milli Şuranın Rusiyanın layihəsi olması ifşa olunduqdan sonra qurumun üzvlərinin az qala yarısı iclaslara qatılmır. Yəni artıq onlar da bu ideyanın iflasa uğradığını anlayıblar. Milli Şuranın son iclaslarına 60-70 nəfər ancaq yığışır. Milli Şurada mərkəzdənqaçma prosesinin intensivləşməsi, Liberal Partiyanın sədri Lalə Şövkətin və Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyevin verdiyi açıqlamalar, həmçinin Vladimir Putinin Azərbaycana səfəri bir daha bunu sübut edir ki, bunlarda ciddi ümidsizlik yaranıb. Vaxtilə həmin şəxslərə orada başqa proseslərin getdiyini söyləmişdim. Onlara Rusiyanın Azərbaycan dövlətinə qarşı özlərindən vasitə kimi istifadə etməyə imkan verməmələrini söyləmişdim. Amma özlərini aldatmışdılar ki, Rusiya indiki hakimiyyətin dəyişməsini istəyir. Sonda da görün, özlərini necə gülməli vəziyyətə salıblar.
- Məsələ ondadır ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydıə alınmayandan sonra da Milli Şura qaldı və Cəmil Həsənli prezidentliyə namizəd oldu...
- Buna cavab verməmişdən əvvəl, bir məqama diqqət çəkmək istəyirəm. Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi məsələsi önə çıxarılan zaman, yaşlı olduğu nəzərə alınaraq, iki il müddətinə keçid hökumətinə rəhbərlik edəcəyini dedilər. Rüstəm İbrahimbəyova bu şərtlər olan sənəd də imzalatdırdılar. Həmin şərtlər Cəmil Həsənliyə də tətbiq olundu. Azərbaycan xalqı bunları necə qəbul edə bilər? Axı, Cəmil Həsənli xalq hərəkatında fəaliyyət göstərib, iki dəfə deputat seçilib, Əbülfəz Elçibəyin müavini vəzifəsində işləyib. Belə bir adama da 74 yaşlı Rüstəm İbrahimbəyova tətbiq olunan şərtləri imzalatdırdılar. Təəssüf ki, Cəmil Həsənli də bununla razılaşdı. Məsələyə başqa prizmadan baxaq. Tutaq ki, Cəmil Həsənli seçkilərdə qalib gəlib və Azərbaycan xalqı da haqlı olaraq soruşur ki, onun iki il ərzindəki xarici siyasət kursun nədən ibarət olacaq? Yeri gəlmişkən, vaxtilə Rüstəm İbrahimbəyov Milli Şuranın konsepsiyasında xarici siyasətlə bağlı müddəanın olmasına imkan verməmişdi. Bu da Rusiyanın maraqları naminə atılmış addım idi. Cəmil Həsənli qalib gələcəyi təqdirdə Lalə Şövkət, Rəsul Quliyev, İsa Qəmbər və Əli Kərimlidən ibarət koalisiya qurulmalıdır. Bunların da bir-birinə olan münasibəti hamıya aydındır. Bunların qurduğu hökumətdə hərəsi bir dövlət vəzifəsi tutarsa, ölkədə vəziyyətin necə olacağını göz önünə gətirmək olarmı? Əslində Cəmil Həsənlinin prezidentliyə namizədliyi ölkəni qeyri-müəyyənliyə, xaosa aparan namizədlikdir. Bu şəxsi İctimai Palatanın vahid namizədi kimi irəli sürsəydilər, əminəm ki, daha çox səs qazandıra bilərdi. İctimai Palata növbəti mərhələyə keçə bilərdi. Amma bunların heç biri olmadı və Cəmil Həsənli çox hörmətsiz formada, artıq iflasa uğramış bir Rusiya layihəsinin təmsilçisi kimi seçkiyə qatılıb. Ona rəğbəti olan adamlar da Cəmil Həsənliyə səs verməyəcəklər. Ona görə ki, nə baş verdiyi ictimaiyyətə aydın olub. Belə demək mümkünsə, Milli Şura “düşmən fərdlərin” koalisiyasıdır. Bundan başqa, Milli Şura üzvlərinin böyük hissəsi iqtidardan çox bir-birilərinə nifrət edirlər. Milli Şura üzvlərinin içində elələri var ki, onlardan birinin hakimiyyətinə gəlməsindən çox, iqtidarın qalmasında maraqlıdırlar. Yeri gəlmişkən, onları özümə ciddi alternativ də hesab etmirəm. Seçkilərdə əsas alternativimiz hakimiyyət olacaq. Seçkidə strateji məqsədimiz qələbədir. Minimal isə iqtidarın siyasətinə təsir etmək gücündə olan güclü müxalifət kimi çıxmaqdır. Hesab edirəm ki, bu məqsədlərdən birinə nail olacağıq. Çünki indiyə qədər heç bir partiya bizim kimi ortaya aydın konsepsiya qoymayıb.
- Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədliyinizi də təsdiq edib. Hazırkı məqamda seçki mühitini necə dəyərləndirirsiniz?
- Hazırda prosesin ilk mərhələsi gedir. Bu prosesin kifayət qədər qanun çərçivəsində getdiyini hesab edirəm. Bildiyim qədər heç bir namizədə imzatoplama prosesində maneə yaradılmadı. Kimlər imza toplaya bilmədilərsə, ilk prosesi davam etdirə bilmədilər və bu mərhələdən imtina etmək məcburiyyətində qaldılar. Arzu edək ki, seçki prosesinin növbəti mərhələsi də qanun çərçivəsində olsun, biz beynəlxalq birlik tərəfindən qəbul olunan, o cümlədən xalqın təqdir etdiyi seçkilər keçirək. Azərbaycanın buna çox böyük ehtiyacı var və ümid edirəm ki, biz bu seçkiləri də qanun çərçivəsində keçirə biləcəyik. Təəssüf ki, normal kampaniya apara bilməyənlər, indidən seçkilərin saxtakarlaşdırılacağı haqda açıqlamalar verirlər. Bununla da seçkidə narazı insanların iştirakının qarşısını alırlar. Bunun nəticəsində seçkilərə daha çox iqtidarın tərəfdarları gəlir və öz namizədlərini səs verirlər. İndidən seçkinin saxtakarlaşdırıldığını deməklə, normal taktika yürüdə bilmədikləri də ortaya çıxır. Yəni bu insanlar reallıqdan uzaq, düşünülməmiş təkliflər söyləyirlər ki, sonra da düşdükləri vəziyyətdən gileylənirlər. Hətta sonda günahı bu iqtidarda görürlər. Xalqımız gərək, belə adamlara fikir verməsin, sağlam, konstruktiv müxalifətin arxasınca getsin. Əminəm ki, bu seçkilər ölkədə yeni bir demokratik mərhələnin başlanğıcı olacaq.