Xocalı soyqırımının 27-ci ildönümümü ilə əlaqədar fevralın 25-də Azərbaycan Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkını ziyarət ediblər. Lent.az-ın məlumatına görə, Azərbaycanın tanınmış ziyalıları və ağsaqqalları abidənin önünə əklil və gül dəstələri qoyublar.
Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Xocalı faciəsinin müasir dünyada böyük soyqırımı olduğunu bildirib. O qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımı Azərbaycanın müstəqilliyi dövründə ən ağrılı günlərdən biridir. "Xocalıya edilmiş hücum nəticəsində bir gecədə şəhər yerlə-yeksan edilib, dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib. Soyqırımı törədən erməni terrorçuları uşaq və böyük demədən hər kəsi xüsusi amansızlıqla qətlə yetiriblər. Orada ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən dinc insanların tək günahı azərbaycanlı və müsəlman olmaları idi".
Fəttah Heydərob bildirib ki, bu səbəbdən Xocalı soyqırımı yalnız Azərbaycana qarşı deyil, bütün türk və müsəlman dünyasına qarşı, eyni zamanda, insanlığa qarşı törədilmiş bəşəri cinayətdir.
Ağsaqqallar Şurasının sədrinin sözlərinə görə, hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Günahsız insanların qanının yerdə qalmayacağını deyən F.Heydərov bildirib ki, gün gələcək üçrəngli dövlət bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq.