“Türkiyə ilə Azərbaycan bir-birinə daha sıx sarılmalıdır” - Professor Yaşar Onay
25 aprel 2016 13:59 (UTC +04:00)

“Türkiyə ilə Azərbaycan bir-birinə daha sıx sarılmalıdır” - Professor Yaşar Onay

İstanbuldakı Aydın Universitetinin professoru Yaşar Onayın APA-ya müsahibəsi

 

- Erməni təxribatlarına qarşı Azərbaycanın keçirdiyi hərbi əməliyyatlardan sonra bu ilin axırına qədər işğal altındakı 5 rayonun boşaldılacağına dair iddialar var. Bu barədə siz nə deyə bilərsiniz?

 

- Azərbaycan torpaqlarının 20%-nin uzun müddətdən bəri erməni işğalı altında qalması bizim yuxularımızı qaçırır. Mənşə etibarilə mən də Azərbaycan türküyəm, ona görə əziz vətən torpaqlarımızın bir an əvvəl erməni işğalından azad edilməsini istəyirəm. Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın müxtəlif sahələrdəki həmlələri Rusiyanı narahat etməkdədir. Xüsusilə, Azərbaycanın enerji sahəsində atdığı dəqiq addımlar indiyə qədər mövcud olan durumu alt-üst edə biləcək xarakterdədir. Bu gün Azərbaycan və Gürcüstanın bölgədə Rusiyadan müstəqil şəkildə çox önəmli addımlar atdığını görürük. Bunun əvəzində isə Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətə düşüb. Rusiyanın Ermənistanda hərbi bazası var, Türkiyə-Ermənistan sərhədini rus əsgərləri qoruyur, Rusiya Ermənistana C-400 raketləri verdi. Bunlar Ermənistanın Rusiyadan nə qədər asılı olduğunu göstərən faktlardır. Bu durumda inkişaf etməkdə olan və xüsusilə, enerji sahəsindəki tarazlıqları dəyişmə gücünə sahib Azərbaycana qarşı Ermənistandan istifadə ediləcək. Yaşanan proseslər də bunun örnəyidir. Təəssüf ki, Ermənistanın əli ilə Azərbaycana qarşı bu cür təxribatlar zaman-zaman tədavülə daxil ediləcək. Burada Rusiyanın əsas məqsədi Azərbaycanın bölgədə daha çox gücə sahib olmasını əngəlləməkdir. Hal-hazırda Ermənistan Rusiyanın əlində manipulyasiya alətinə çevrilmiş bir ölkədir. Ona görə, erməni işğalı altındakı torpaqların geri qaytarılacağına dair söz-söhbətlərə ciddi qəbul etməmək lazımdır.

 

- Ermənistandan manipulyasiya vasitəsi kimi istifadə edən Rusiya, bununla Orta Şərqdə də təsir gücü əldə edə bilirmi?

 

- Rusiyanın əsas məqsədlərindən biri də Orta Şərqdəki nüfuzunu itirməməkdir. Unutmayın ki, Orta Şərqə gedən yol Cənubi Qafqazdan keçir. Azərbaycan öz enerji strategiyası çərçivəsində Türkiyə ilə birlikdə həyata keçirdiyi enerji layihələriylə Orta Şərqdəki tarazlıqlara ciddi təsir göstərməyə namizəddir. Bunu əngəlləməyin başlıca yolu isə Ermənistan vasitəsilə Qarabağda törədilən təxribatlarla Azərbaycanı zəif salmağa çalışmaqdır. Rusiya Suriyanın Tartus limanındakı hərbi bazasını itirsə, Orta Şərqdəki gücündən  tamamilə məhrum olar. Ona görə, çoxşaxəli siyasət yürüdərək Azərbaycanın bölgədə güclü olmasına əngəl törədir. Mən gələcəkdə bu oyunların Orta Asiyaya da yayılacağından narahatlıq keçirirəm.

 

- Hansı mənada?

 

- Orta Şərq enerjiylə zəngin bölgələrin aşağı qismidir, Orta Asiya isə yuxarı qismi. Orta Şərqdə enerji ehtiyatları tükənə bilər, yuxarıda Orta Asiyada isə enerji ehtiyatları çoxdur. Orta Asiyaya gedən yol Azərbaycandan keçir. Ona görə, son dərəcə sərrast addımlar atılmalı, imperialist qüvvələrin Qafqaz və Orta Asiya bölgələrində törədə biləcəkləri təxribatların qabağı vaxtından əvvəl alınmalı, buna imkan verilməməlidir.

 

- Bəs bu proseslərdə Türkiyə nə dərəcədə aktiv rol oynaya bilər və oynamalıdır?

 

- Türkiyəyə qarşı həyata keçirilən oyunlar Azərbaycandan qat-qat çoxdur. Ona görə, bundan sonrakı dönəmdə də Türkiyə ilə Azərbaycanın bir-birlərinə daha sıx sarılmaları lazımdır. Əgər belə olarsa, kənardan gələn təxribatlara qarşı daha güclü şəkildə müqavimət göstəriləcək və o təxribatların hamısı iki ölkənin birliyi ilə dəf ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

APA Baycan

Oxşar yazılar