Pezeşkianın BAKI SƏFƏRİ:  regional əməkdaşlıq və ...
29 aprel 2025 17:17 (UTC +04:00)

Pezeşkianın BAKI SƏFƏRİ: regional əməkdaşlıq və ...

“İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həm də regional əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Lent.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Səbinə Salmanova

Azərbaycan-İran münasibətlərinin tarixi və mədəni əsasları

Onun sözlərinə görə, Azərbaycan ilə İran arasında münasibətlərin təməli təkcə coğrafi yaxınlıqla deyil, eyni zamanda ortaq mədəniyyət, dil, din və adət-ənənələrlə bağlıdır: “Əsrlər boyu xalqlarımız arasında ticarət və qohumluq əlaqələri formalaşıb. Prezident İlham Əliyevin iranlı həmkarı ilə birgə mətbuata açıqlamasında söylədiyi “xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür” fikirləri iki ölkə arasında tarixən mövcud olan sıx və dərin əlaqələrin bu gün də uğurla davam etdirildiyini aydın şəkildə göstərir. Bu fikirlər həm tarixi gerçəkliklərə əsaslanır, həm də bugünkü geosiyasi reallıqları və diplomatik münasibətlərin səviyyəsini özündə əks etdirir”.

Xarici siyasətdə mehriban qonşuluq prinsipi

Deputat bildirib ki, Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə xoş münasibətlər əsas prioritet təşkil edir: “Azərbaycan Türkiyə və Rusiya ilə müttəfiqlik, Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərinə malikdir. İranla əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxması üçün də hər hansı maneə yoxdur. İran Prezidentinin səfərini bu baxımdan tarixi fürsət hesab etmək olar”.

Əlaqələrin təməlinin Ulu Öndər tərəfindən qoyulması

İran-Azərbaycan əlaqələrinin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən Səbinə Salmanova bu münasibətlərin Prezident İlham Əliyev tərəfindən dünyada və regionda yaranmış yeni siyasi-iqtisadi gerçəkliklər nəzərə alınaraq, uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Üçüncü tərəflərin müdaxiləsinin yolverilməzliyi

O, Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsinə üçüncü dövlətlərin müdaxiləsinin yolverilməzliyini də vurğulayıb.

İranın Azərbaycanın ərazi bütövlüyünə dəstəyi

Deputat bildirib ki, İran Prezidentinin Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğuna dair açıq dəstəyi beynəlxalq hüquq normalarına, ədalətə və regional əməkdaşlıq ruhuna uyğun yanaşmadır.

İki ölkə arasında çoxşaxəli əməkdaşlıq

S. Salmanova qeyd edib ki, Azərbaycan və İran arasında əməkdaşlıq yalnız iki ölkə arasında rəsmi və strateji səviyyədə müzakirələrlə məhdudlaşmır: “Son illər ərzində ölkələr arasında müxtəlif sahələri əhatə edən ümumilikdə 147 sənəd imzalanıb. Bu sənədlər, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasından tutmuş, enerji, nəqliyyat, kənd təsərrüfatı və humanitar məsələlərə qədər bir çox sahəni əhatə edir. Bu həm də iki ölkənin dövlət qurumları arasında etibar və səmimi əməkdaşlığın möhkəmləndirilməsinin göstəricisidir. Həmçinin, bu sənədlər Azərbaycanın və İranın inkişafı və tərəqqisi üçün böyük əhəmiyyət daşıyan mühüm hüquqi bazanı təşkil edir”.

Yeni mərhələnin başlanğıcı

Onun fikrincə, Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri yalnız iki ölkə arasında diplomatik əlaqələrin gücləndirilməsi deyil, həm də regionda iqtisadi, siyasi və mədəni əməkdaşlığın yeni mərhələyə qədəm qoymasının başlanğıcı ola bilər: “Bu cür yüksək səviyyəli görüşlər və imzalanan sənədlər, hər iki ölkə üçün qarşılıqlı fayda təmin edəcək layihələrin həyata keçirilməsini mümkün edir. Prezident İlham Əliyevin apardığı siyasət, Azərbaycanın beynəlxalq arenada güclü və etibarlı tərəfdaş kimi tanınmasına səbəb olub. İranla münasibətlərin inkişafı Azərbaycanın regional və beynəlxalq əməkdaşlığını daha da genişləndirməklə yanaşı, həm də sülh, təhlükəsizlik və iqtisadi inkişaf baxımından mühüm addım ola bilər. Bu cür əməkdaşlıq həm iki ölkənin, həm də bölgənin sabitliyini və rifahını təmin etmək baxımından vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728

Oxşar yazılar