Səbinə ƏVƏZQIZI
29 yanvar 2024 15:47 (UTC +04:00)

Səbinə ƏVƏZQIZI

Oriental rəqslərlə qazanılan SİYASİ DƏSTƏK

Mediada fəaliyyətə başladığım ilk vaxtlarda Avropa və Amerikanın populyar mediası və orada çalışanlar mənə elə sehrli gəlirdi ki. Nəsə hesab edirdim ki, onlar əsl jurnalistdirlər, bizlər əldəqayırmayıq. Özümü inandırmışdım ki, qərbli həmkarlarımız əsla “peşə etikası” dediyimiz nədirsə ona xəyanət etməz, birtərəfli, doğru olmayan xəbər bir yana qalsın, heç azca şübhə doğuran məlumatı belə dünyasında dərc etməzlər.

İlk işlədiyim qəzet - “Press Fakt”ın redaksiyasına əcnəbi qəzetlər gəlirdi. Çoxunun dilini bilməsəm də o qəzetlərə elə həsədlə baxırdım ki... Doğrusunu desək, bizdən yaxşı maket verir, keyfiyyətli fotolar dərc edirdilər. Bir sözlə oxumağı bilməyən uşaq kimi qəzetin şəkillərinə baxıb hayıl-mayıl olurdum.

Zaman keçdikcə həmin qəzetlərin yeni yaranan internet səhifələrini rus dilində oxumağa başladım. Və... Gördüm ki, onlarda elə ən yaxşı olan şey rəngli fotolar, müasir dizayn, bir sözlə göz boyamaq üçün parıltıdır. Elə bil ki, dünyada I Qarabağ müharibəsi və Azərbaycanın haqlı davası yox imiş. Vaqonlarda dözülməz şəraitdə yaşayan köçkünləri, günahsız yerə öldürülən azərbaycanlı gəncləri, ümumiyyətlə, kiminsə yadına salmaq istəmirdilər. Bu barədə xəbərləri bilərəkdən unudur, bütün peşəkarlıq prinsiplərini bir kənara qoyurlar. Ən dəhşətlisi isə gözümüzün önündə acıdan qovurulan xocalıları, o boyda dəhşətləri özündə birləşdirən Xocalı soyqırımını, ümumiyyətlə, görməzdən gəlmələri oldu. Onun yerinə isə təcavüzkar Ermənistanı, müharibə başladan, hər gün günahsız mülki vətəndaşların qanını tökən separatçıları elə göstərirdilər ki, adam onlar üçün “hönkür-hönkür ağlamaq” istəyirdi. Şokdaydım. Bu idimi mənim illərlə həsəd apardığım azad, demokratik qərb mediası? Onlar irqi, dini, cinsi, insan haqları məsələlərinə münasibətdə bir nümunə olduqlarına, bu cür prinsipial mövzularda heç nəyə güzəşt getmədiklərinə bizi illərlə inandırıblar. Biz çox safıq, yoxsa onlar yaxşı kələkbazdırlar?

Ən çox beynimi qurdalayan sual bu idi – Bizi niyə sevmirlər, hətta sevgiləri başlarına dəysin, nə üçün belə nifrət edirlər? Təbii ki, ilk ağla gələn müsəlman olduğumuz idi, ən vacibi isə türkük. Şərqdə inkişaf edən bütün türk dövlətləri, xalqları üçün süni əngəllər yaradıb mümkün qədər geri çəkməyə çalışırdılar. Prosesə bu cür ikiüzlülüklə yanaşma insanı elə sirkələyirdi ki... O yaşadıqlarım mütəəssir olmaqdan çox-çox o tərəfə keçirdi.  Redaksiyaya gələn o əcnəbi qəzetlərin hər birini beldən aşağı vurulan təpik kimi qəbul edirdim artıq.

Etiraf edək ki, qərbli həmkarlarımız sifariş alanda oxucuları çox gözəl manipulyasiya edə bilirlər. Kələkbazlıqda onların əllərinə heç kim su tökə bilməz. Azərbaycanın qanı, gücü ilə qazandığı qələbənin üstünə kölgə salmaq üçün əllərindən gələni edirlər. Erməni xalqı susub, amma onların fransız bacı-qardaşları, qərbli əmiuşaqları sakitləşə bilmir. Qərb mediası dezinformasiya kampaniyası ilə indi sakitlik tapan erməni xalqını rahat buraxmaq istəmir, onları qisas almağa sövq edirlər. Əslində bu pisliklərin ən böyüyüdür. Açıq-aşkar yaydığı xəbərlərdə qərəzsizlik prinsipini göz ardı edən qərbli həmkarlarımız qarşısına məqsəd qoyub ki, cəmiyyəti aldadıb insanları müharibələrə, qanlı döyüşlərə  təhrik etsinlər. Nə qədər müharibə çox olarsa onların əli qana bulaşmış sahiblərinin silah alverləri də bir o qədər yaxşı gedər. Qərb mediasının aktivist ruhu və düşmən yanaşması açıq şəkildə ortada. Bir növ ifşa olunublar, amma boyunlarına almırlar.

Qərb mediasında bütün türk dünyasına qarşı yönələn yanlış iddiaların sorğu-sualsız qəbul edilməsi təəssüf ki, xroniki xarakter alıb. Bir sözlə ağrıyan yerləri var, Allah şəfa versin!

Qərbli dostları əl çalır “rəqqasları” oriental rəqslə onları bihuş olana qədər əyləndirir. Bu gedişlə hələ neçə-neçə pornoulduz kim kardaşyanlar yaranacaq, asan məsələ deyil...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8313
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar