1918-ci ildə yeni müstəqilliyini elan etmiş Azərbaycan Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyski Paris sülh konfransında iştirak etmək üçün Əlimardan bəy Topçubaşovun başçılığı ilə nümayəndə heyətini Parisə ezam edir. Topçubaşovun Xoyskiyə göndərdiyi məktublarından bilirik ki, Azərbaycan heyəti o konfransda düz 3 ay sonra iştirak edə bilib.
Vilayət Quliyev Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştiraka hansı çətinliklərlə nail olması ilə bağlı məqaləsində yazır: “Batum limanından Gürcüstan nümayəndə heyətinin üzvləri ilə birlikdə Türkiyəyə yollanan Azərbaycan parlamentarları yanvarın 20-də İstanbula çatmışdı. Burada isə yollar ayrılmışdı. Ciddi maneə ilə üzləşməyən, Qərb dövlətlərinin daimi qayğısını hiss edən erməni və gürcü təmsilçiləri qısa müddətdən sonra Paris səfərinə çıxmışdılar. Gürcüstan heyətinin ilkin dəstəsi (Avalov, Qvarcaladze, Qambaşidze) yanvarın 28-də artıq Parisdə idi. Yanvarın 20-də Ermənistan parlamentinin sədri A. Aqaronyanın başçılığı ilə İstanbulu tərk edən erməni nümayəndələri heç bir maneə ilə üzləşmədən fevralın 4-də Marselə çatmışdılar. Fevralın 26-da artıq Osmanlı və Qafqaz ermənilərindən ibarət birləşmiş erməni heyəti Antanta ölkələrinin xarici işlər nazirləri ilə ilk görüşünü keçirmişdi. Azərbaycan nümayəndələri isə ilk günlərdə onlara daha çox “texniki problem” kimi görünən viza məsələsini həll etməkdən ötrü 3 aydan çox Osmanlı paytaxtında ləngiməli olmuşdu”.
Və bu, hələ hamısı deyildi. Avropanı və Parisi yaxşı tanıyan, fransızcası mükəmməl olan Əhməd bəy Ağayevə viza verməmək üçün onunla bağlı fransız və Osmanlı qəzetləri xeyli hədyan yazacaqdı, Topçubaşova viza vermək qərarı bir neçə dəfə dəyişəcəkdi. Bizimkilər konfransa çatanda prosesin başlamasından 3 aydan artıq vaxt keçəcəkdi.
Topçubaşovun Xoyskiyə göndərdiyi məktubların məcmusundan çıxan nəticə belə idi: Bütün konfrans boyu Avropa ilk xristianlığı qəbul edən millət olması tezisi ilə zəhləsini tökən ermənilərə ərköyün uşağı kimi yanaşıb, gürcülərə qayğı göstərib, bizi isə görməzdən gəlirdi. Ermənilər Parisdə də uydurulmuş, heç vaxt mövcud olmayan və olmayacaq “Dənizdən dənizə Ermənistan” düşüncəsi ilə çıxış edirdilər. Heç kim onlara “gözün üstə qaşın var” demirdi...
Və bu reallıq ötən əsr boyu heç dəyişmədi. Əsrin böyük hissəsini Avropa, ikili standartlarla yaşayan əksər ölkə ermənilərə ərköyün uşağı kimi yanaşıb, gürcülərə qayğı göstərib, bizi görməzdən gəldi.
Bizim torpağımızı alıb onlara paylamaq üçün hər cür ittifaqa razı oldular, bunu reallaşdırdılar. Ötən əsrin əvvəlindən başlayaraq Azərbaycanın əraziləri yalnız kiçildi, sərhədlərinə həmişə toxunuldu. Daha sonra Sovetlər gəldi və kiçilən, peşkəş edilən torpaqları bu dəfə muxtariyyət kimi pay verməyə başladı.
Sonra dünya düzəninin zərurətində İkinci Respublika yaranması prosesi başladı. Yenə də Avropa və Rusiyanın ərköyün uşağı Azərbaycanın ərazisini kiçiltmək üçün “işini davam etdirməyə” başladı. Əlbəttə ki, öz ərköyünlük qılafına bürünərək...
1994-cü ildə atəşkəs sazişi imzalandı. Yeni elan olunmuş, amma qurulmamış İkinci Respublika heç bir müdafiə qabiliyyətinə, nizami orduya, büdcəyə malik olmadığı üçün daha çox ərazi və sərhədə nəzarəti itirməyin qarşısını almağın ən yaxşı yolu bu idi.
İkinci Respublika qurulmağa başladı, Azərbaycan dövləti yarandı. Ordusu, büdcəsi, ardıcıl xarici və daxili siyasəti, sabit mühiti olan dövlət quruldu.
Və 2003-cü ildən başlayaraq, Azərbaycan hər gün, addım-addım öz torpağını azad etmək üçün uzanan danışıqlar, qorunub saxlanan atəşkəs mühitindən qələbəyə aparan yola doğru işə başladı.
2014-cü ilin avqustunda bir sabah hamımızı oyadan ilk döyüşlər erməniləri və onların 1918-ci ildən bəri “viza şantajı” ilə işləyən beyni hələ də dəyişməyən havadarlarını yuxudan oyadacaqdı.
Avropanın və Rusiyanın ərköyün uşağı olan Ermənistan (burda heç bir fikir ayrılıqları olmayıb - V.M.) başa düşəcəkdi ki, daha buralarda rahat yaşamaq olmayacaq. Azərbaycanı tanımadan, vətəndaşlığını qəbul etmədən, onun ərazisində başqa adla yaşamaq istəyinin, ona güllə atmağın qarşılığı ölümdür. Aprel döyüşlərinin Lələtəpə qələbəsi ilə çarx tərsinə dönəcəkdi.
...Avropada, Rusiyada, əksər dünyada ermənilərə münasibətdə heç nə dəyişməmişdi, ermənilər yenə ərköyün uşaq idilər. Ermənilərə tərəf bərk qışqıranda yenə Fransa ilə Rusiyanın heç vaxt olmayan gizli müttəfiqliyi başlayırdı. İran da öz yerində...
Dəyişən Azərbaycan idi. İlham Əliyev Azərbaycanı dəyişmişdi. İlham Əliyev addım-addım, hər görüşdə, hər toplantıda Qarabağ deyə-deyə yeni reallıq yaratmışdı. Ardıcıl, yorulmadan, qətiyyətlə “barışmayacağıq, dözməyəcəyik” deyirdi. Dünya ərköyün uşağının qarşısında geri çəkilməyən, müdafiədən hücuma keçən Azərbaycan görürdü.
İlham Əliyev reallıqları dəyişirdi. Şəxsi xarakterindən irəli gələn sözünün ağası olmaqla yeni tərəfdaşlar qazanırdı, müttəfiqlər yaradırdı, balaca bir ölkəni dünya nəhənglərinin geosiyasi maraqlarında iştirak edə biləcək aktora çevirirdi.
Reallıqları dəyişən adam Vətən müharibəsinə başladı və qələbə qazandı, Azərbaycanı dəyişdi. Xalqı ona inandı, Ordusu onun komandanlığında döyüşdü, müttəfiqləri onun timsalında Azərbaycanı dəstəklədi. Bunlara nail olmaq üçün isə uzun, bəzən yorucu, çətin, mürəkkəb proseslər keçildi, uzun vaxt sərf olundu. Azərbaycana qayğı göstərmədilər, Azərbaycan heç vaxt heç kimin ərköyünü olmadı, Azərbaycanı etiraf etdilər. İlham Əliyev bunu bacardı. Onu və Azərbaycanı qəbul etdilər, hesablaşdılar.
İşğal altında olan torpaqların xeyli hissəsini də bir güllə atılmadan azad etdi. Və ötən bazar Azərbaycan gözəl bir xəbərə oyandı. Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsi yaradıldı. Heç bir güllə atılmadan, hay-küysüz, aparılan ardıcıl, qətiyyətli və ağıllı siyasətin nəticəsi olaraq bir əsrdən çox davam edən ədalətsizliyə son qoyuldu.
Azərbaycan Birinci və İkinci Respublika dövründə ilk dəfə öz sərhədlərinə tam nəzarət edir. Azərbaycanın bütün sərhədlərində bayrağımız dalğalanır.
Əbədi olsun!