Bədxərc arvadın güdazına gedən kəşfiyyat şefi: hamını güllələtdirdi, özü isə həbsdə çürüyür...
16 mart 2020 20:15 (UTC +04:00)

Bədxərc arvadın güdazına gedən kəşfiyyat şefi: hamını güllələtdirdi, özü isə həbsdə çürüyür...

1970-ci illərdən başlayaraq, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ, ingiliscə: Central Intelligence Agency, CIA) SSRİ-yə qarşı kəşfiyyatda xeyli uğurlar əldə etdi. Sovet hökumətinin ən müxtəlif strukturlarında çalışan insanlar MKİ-yə casusluq edir, olduqca qiymətli məlumatlar ötürürdülər. Bu casuslar arasında Dövlət Təhlükəsizlik Komitəsinin (DTK, rusca: KQB), Baş Kəşfiyyat İdarəsinin (BKİ, rusca: QRU) əməkdaşları, eləcə də diplomatlar, məxfi hərbi müəssisələrin işçiləri və başqaları var idi. Hətta BMT-nin Baş katibinin müavini vəzifəsini tutan sovet diplomatı Arkadi Şevçenko belə MKİ casusu idi.

MKİ-nin belə "qızıl dövrü" 1985-ci ilə qədər davam etdi və anidən bitdi. Casuslar bir-bir həbs olunmağa başladılar. Sovet əks-kəşfiyyatının belə uğuru təbii ola bilməzdi. Aydın idi ki, haradansa informasiya sızması baş vermişdi. Amma haradan? MKİ-nin içində sovetə işləyən casusmu var idi, yoxsa ruslar MKİ-nin şifrini sındıraraq, xəbərləşmələri dinləyirdilər, aydın deyildi. Yaranmış vəziyyət amerikalıları yeni casuslar cəlb etməyi dayandırmağa vadar etdi, çünki onların təhlükəsizliyinə zəmanət vermək mümkün deyildi. Beləliklə, olduqca mühüm bir dövrdə MKİ sovetlər barədə informasiyasız qaldı.

Sızıntının mənbəyini tapmaq üçün 9 il vaxt lazım gəldi. Aydın oldu ki, mənbə texniki vasitələr deyil, konkret insandır və MKİ-nin daxilində sovetin "köstəbəyi" mövcuddur. 1994-cü il fevralın 21-də həmin adam - MKİ-nin məhz SSRİ-yə qarşı əks-kəşfiyyat şöbəsinin rəhbəri Oldriç Eyms (Aldrich Ames) həbs edildi.

***

Həmkarlarının qısaca "Rik" adlandırdıqları Oldriç Eyms 1941-ci ildə anadan olmuşdu.  Onun atası da MKİ-nin əməkdaşı idi, lakin elə də parlaq keyfiyyətlərə malik olmadığından, xüsusən də spirtli içkilərə meyli üzündən kiçik vəzifələr tutmuşdu. Oldriç 1959-cu ildə Çikaqo universitetinə daxil olur, amma ikinci kursu yarımçıq qoyur (sonralar Corc Vaşinqton universitetini bitirərək, tarix üzrə bakalavr dərəcəsi alır). 1962-ci ildən isə MKİ-də işə düzəlir, yəqin ki, bu işdə atasının əlaqələri rol oynayır. 1969-cu ildə elə MKİ əməkdaşı olan Nensi Segabart ilə evlənir.

Atası kimi Rik özü də kəşfiyyatçı xüsusiyyətləri ilə fərqlənmir. Verilən tapşırıqları yerinə yetirməsini rəhbərlik ən yaxşı halda "qənaətbəxş" qiymətləndirir. Eləcə də alkoqola meylli olması qeyd olunur. Buna görə də onun karyera yüksəlişi xüsusi sıçrayışlar olmadan baş verir.

1981-ci ildə Eymsin sonrakı həyatını müəyyənləşdirəcək hadisə baş verir. O, Meksikada ABŞ səfirliyinə təyinat alır və burada işləyərkən Kolumbiya səfirliyinin əməkdaşı Rosario Dupi ilə tanış olur. İki il sonra ABŞ-a qayıdan Eyms arvadını boşayır və Rosario ilə evlənir. Bundan bir qədər əvvəl isə MKİ-nin SSRİ-yə qarşı əks-kəşfiyyat şöbəsinə rəis təyin edilir.

Boşanma zamanı əmlak bölgüsü Rikə xeyli baha başa gəlir. Üstəlik, Rosario oniomaniyaya (ehtiyac olmadan nəsə almağa həvəs) meylli idi. Onun mağaza xərcləri Eymsin qazancından çox idi. Nümunə üçün təkcə belə bir faktı xatırlatmaq olar ki, sonralar evlərində axtarış aparılan zaman 60 qadın çantası, 165 açılmamış kolqotka paketi, 500 cütdən çox ayaqqabı, geyinilməmiş xeyli paltar aşkar olunmuşdu. Onun Kolumbiyadakı valideynlərilə danışıq xərcləri hər ay 400 dollar təşkil edirdi. Təsadüfi deyil ki, tezliklə Eymsin 46 min dollar həcmində borcu yarandı. Bu isə dolların kursu ilə müqayisə etdikdə indikindən 3-4 dəfə böyük məbləğ idi.

Deyilənlərə görə, Eyms bu zaman xatırlayır ki, sovet kəşfiyyatı MKİ-nin hansısa əməkdaşına informasiya müqabilində 50 min dollar təklif etmişdi. Əməkdaş isə imtina edərək bu barədə rəhbərliyə məlumat verib. İndi bu əhvalat Eymsin başından çıxmır, bir hərəkətlə bütün borclarından qurtulmağın necə yaxşı ola biləcəyini düşünür. Nəhayət, Rik 1985-ci ilin aprelində sovet səfirliyi ilə əlaqə saxlayır. Burada diplomat kimi fəaliyyət göstərən, əslində isə Baş Kəşfiyyat İdarəsinin zabitləri olan Valeri Martınovun və Sergey Motorinin MKİ-nə işlədiyini xəbər verir, bunun müqabilində 50 min dollar tələb edir. Sovet səfirliyi pulu dərhal ödəyir.

Oldric Eyms sonralar həbsdə verdiyi müsahibəsində öz xəyanətini elə bircə dəfə ilə məhdudlaşdırmaq niyyətində olduğunu, amma sonradan tamahının güc gəldiyini deyir. Onun nə qədər səmimi olduğunu söyləmək çətindir, amma Rosario kimi bədxərc arvadı olan ər üçün maaşla dolanmaq mümkünsüz iş idi. O qədər də gözəl görünüşü olmayan bu qadının əri üzərində təsiri inanılmaz idi.

Növbəti addımda Eyms ABŞ-ın xeyrinə casusluq edən bütün sovet vətəndaşlarının siyahısını birdəfəlik xəbər verir. Bu, böyük səhv idi. O, nə qədər parlaq kəşfiyyatçı olmasa da, belə addımın yolverilməzliyini anlamalı idi. Amma sovet tərəfinin addımı daha kobud səhv idi. Siyahıda adları olanların hamısı birdən həbs olundular. Bununla da MKİ işlərin qaydasında olmadığından duyuq düşdü və başladığı araşdırmalar 9 il sonra da olsa, Eymsin həbsin gətirib çıxardı.

Halbuki kəşfiyyat belə hallarda öz məlumat mənbəyini şübhələrdən kənarda saxlamaq üçün mümkün olan bütün tədbirləri görür. Xəyanəti məlum olan adamlar dərhal həbs edilmirlər. Onlar ilkin olaraq məxfi məlumatlardan uzaqlaşdırılırlar, hətta bəzən onlardan istifadə olunaraq qarşı tərəfə dezinformasiya ötürülür. Məsələn, İkinci dünya müharibəsi illərində ingilislər almanların şifrli məlumatlarını oxuya bilirdilər. Amma onlardan istifadə edəndə xeyli yayındırıcı tədbirlər görürdülər ki, almanlar məlumatlarının oxunmasından şübhələnib şifrlərini dəyişməsinlər.

Eyms Moskvadakı həbsləri özünün zərbə altında qoyulması kimi qiymətləndirir və narazılığını gizlətmir. Onunla görüşən sovet nümayəndəsi isə bildirir ki, həbslər barədə qərar ən yüksək səviyyədə qəbul olunub və əks-kəşfiyyatın rəyi nəzərə alınmayıb.

1986-cı ilin avqustunda Oldriç Eyms MKİ-nin Romada fəaliyyət göstərən şöbəsinə təyinat alır. Elə həmin ilin noyabrında isə MKİ bir il öncəki itkilərin səbəbini tapmaq üçün yeni araşdırmalara başlayır. SSRİ-də həbs olunan casuslar barədə məlumat verə biləcək MKİ əməkdaşlarının siyahısı tutulur. Bu siyahıda əvvəlcə 198 nəfər vardı.

Romada olduğu üç il ərzində sovet kəşfiyyatı ilə əlaqələrini davam etdirən və bunun müqabilində külli miqdarda pul alan Eyms 1989-cu ilin iyulunda ABŞ-a qayıdır və özünün xərcləri ilə diqqət çəkir. Belə ki, o, Vaşinqton yaxınlığında 540 min dollara malikanə alır və 100 min dollar da təmirinə xərcləyir. Özünə Jaguar, arvadına isə Honda avtomobili alır. Ucuz geyimlərini isə sifarişlə tikilənlərlə əvəz edir. Amma ilk dövrlərdə o, guya arvadının Kolumbiyadakı valideynlərinin çox varlı olmaları uydurması ilə şübhələri rədd edə bilir. Maraqlıdır ki, MKİ bu versiyanı yoxlamır.

Bununla belə, MKİ-nin araşdırması davam edirdi. İstisna metodu ilə aparılan araşdırmada siyahıda 20 nəfər qaldı. 1993-cü ildə isə siyahıda cəmi bir nəfər var idi: Oldric Eyms. MKİ-nin həbs səlahiyyətləri olmadığından Eymsin işi mart ayında Federal Təhqiqatlar Bürosuna (FTB; ingiliscə: Federal Bureau of Investigation, FBI) verilir. FTB Eymsin maşınına mayak, evi ilə üzbəüz telefon dirəyində müşahidə kamerası yerləşdirir. Onun atdığı zibil araşdırılır. Əldə olunan nəticələr evi dinləmək üçün sanksiya almağa əsas verir.

1993-cü ilin oktyabrında Eyms cütlüyünün toyda olmasından istifadə edən FTB əməkdaşları evə daxil olaraq, dinləyici qurğu yerləşdirirlər. Dinləmələr Oldriç Eymsin Rusiyaya (SSRİ artıq yox idi) işləməsini təsdiq etməklə yanaşı, Rosarionun bundan xəbərdar olmasını ortaya qoyur. Bundan əlavə, FTB əməkdaşları Rosarionun deyingənliyindən, əri üzərindəki diktatından heyrətə gəlirlər. Onlarda Oldriçdən çox Rosarionu həbs etmək istəyi yaranır.

Nəhayət, yetərli qədər dəlillər toplanılandan sonra 1994-cü il fevralın 21-də Oldriç Eyms işə gedərkən, Rosario isə evdə həbs olunurlar. Saxlanılan zaman əməlini inkar edən Oldriç arvadının da ittiham olunduğunu eşidəndə istintaqa sövdələşmə təklif edir: o, günahını etiraf etməsi və hər şeyi səmimi danışması müqabilində arvadının azad olunmasını istəyir. Amma istintaq tərəfi razılaşmır, güzəşt kimi Rosarioya minimum cəza - 5 il həbs verilə biləcəyini deyirlər. Çarəsiz qalan Rik razılaşmalı olur.

İstintaq məhkəmə zamanı məlum oldu ki, Eymsin 25-dən artıq olduqca qiymətli casuslar barədə sovet kəşfiyyatına məlumat verib. Onlardan ən azı 12-nin güllələndiyi söylənilir. Bundan əlavə, o, MKİ-nin SSRİ-yə qarşı yüzdən artıq əməliyyatının detallarını Moskvaya xəbər verib və həmin əməliyyatları zərərsizləşdirib. Üstəlik, ruslar onun vasitəsilə MKİ-nə yalan məlumatlar ötürüblər. Bu məlumatlar sonralar MKİ-nin sənədlərində əksini tapıb, hətta ölkə prezidentlərinə təqdim olunub.

SSRİ-yə və Rusiyaya işlədiyi 9 il ərzində Oldriç Eymsin bəzi mənbələrə görə 4 milyondan çox, digər mənbələrə görə 2,7 milyon dollar aldığı söylənilir. Amma məhkum olunandan sonra bütün əmlakı və bank hesabları müsadirə olundu. 1994-cü ilin aprelin 28-də Oldriç Eyms ömürlük, Rosario Eyms isə 5 illik həbs cəzasına məhkum edildilər. Hadisədən doğan ajiotaj MKİ direktoru Ceyms Vulsinin istefası ilə nəticələndi.

Eymsin həbsi barədə rəsmi versiyanın əksinə olaraq, xüsusən Rusiyada bir çoxları belə bir ehtimala meyl edirlər ki, Rusiyanın kəşfiyyat orqanlarında işləyən birisi onun barəsində MKİ-nə xəbər verib. İctimaiyyətə təqdim edilən versiya isə sadəcə yayındırmaq üçündür. Artıq 26 ildir həbs cəzası çəkən və azadlığa çıxmaq üçün müraciət hüququ belə olmayan Oldriç Eyms də verdiyi müsahibədə ələ verildiyinə inandığını söyləyirdi. Rosario isə həbs cəzasını çəkəndən sonra Kolumbiyaya qayıtdı...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9216
avatar

Camal Əlisoy

Oxşar yazılar