Bu gün Avropanın paytaxtı Brüsseldə yayımlanan tanınmış xəbər saytı EURACTİV.com Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətini rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin Ermənistanın ölkəmizə qarşı törətdiyi Tovuz hərbi təxribatı ilə bağlı məqaləsini (https://www.euractiv.com/section/azerbaijan/opinion/five-reasons-why-armenia-is-resorting-to-military-provocation/) yayıb.
“Ermənistanın məhz indiki dönəmdə hərbi təxribata əl atmasının 5 səbəbi” adlı məqalədə Azay Quliyev işğalçı ölkənin Tovuz təxribatının səbəbləri haqqında ətraflı məlumat verib və onun arxasında duran məkrli planın detallarını açıqlayıb.
Bu məqaləni eyni zamanda Böyük Britaniyanın The Londonwatch.com (http://thelondonwatch.com/2020/07/21/five-reasons-why-armenia-is-resorting-to-military-provocation-right-now-by-mr-azay-guliyev/) və Qazaxıstanın ea-news.kz saytları da yayıb (https://ea-news.kz/5-%D0%BF%D1%80%D0%B8%D1%87%D0%B8%D0%BD-%D0%BF%D0%BE-%D0%BA%D0%BE%D1%82%D0%BE%D1%80%D1%8B%D0%BC-%D0%B0%D1%80%D0%BC%D0%B5%D0%BD%D0%B8%D1%8F-%D0%B8%D0%BC%D0%B5%D0%BD%D0%BD%D0%BE-%D1%81%D0%B5%D0%B9%D1%87/).
Məqalədə qeyd olunanların əhəmiyyətini nəzərə alaraq, onun Azərbaycan dilində tərcüməsini ixtisarla təqdim edirik.
“Ermənistanın məhz indiki dönəmdə hərbi təxribata əl atmasının 5 səbəbi”
Məlum olduğu kimi, 12 iyul 2020-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz bölgəsinə - Azərbaycan ilə Ermənistan arasındakı dövlət sərhəddində təxribat xarakterli hücum həyata keçirdilər. Ermənistanın davamlı olaraq həm hərbi, həm də mülki obyektlərə atəş açması nəticəsində 12 hərbi qulluqçu və 1 mülki şəxs həlak olub.
Bu hadisənin son 4 ildə tərəflər arasında baş verən ən şiddətli toqquşma olması ilə yanaşı onu Ermənistan tərəfindən törədilən əvvəlki təxribatlardan fərqləndirən bir sıra amillər diqqəti cəlb edir. Mən burada vaxt və istiqamət seçimini önə çəkməklə Ermənistan tərəfindən törədilən 12 iyul hərbi təxribatının səbəb və məqsədlərini oxucuların daha yaxşı anlaması üçün 5 əsas arqumenti qeyd etmək istərdim.
1) Sülhün bərqərar olmasını çətinləşdirmək məqsədilə yeni münaqişə ocağının yaradılması və status-kvonun qorunması
Bu dəfəki erməni təxribatını son onilliklər ərzində törədilmiş çoxsaylı digər hücumlardan fərqləndirən ən vacib fakt hadisənin baş verdiyi Tovuz rayonunun təmas xəttindən uzaqda – ölkənin şimal-qərbində, işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən bir neçə yüz kilometr məsafədə yerləşməsidir.
Məhz bu təxribatın Azərbaycanın dövlət sərhəddində baş verməsi Ermənistanın beynəlxalq aləmin, xüsusilə BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, ATƏT PA, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qətnamə və tələblərinə baxmayaraq Azərbaycan tərəfi ilə konstruktiv sülh danışıqlarını aparmaq istəmədiyini nümayiş etdirərək Azərbaycanla qarşıdurmanın coğrafiyasını genişləndirməyə çalışdığını görmək çox asandır.
Ermənistan hökuməti dəfələrlə Azərbaycanla münaqişəni davam etdirmək niyyətini bildirib. Nümunə qismində Ermənistanın Müdafiə naziri David Tonoyanın "yeni ərazilər üçün yeni müharibə" ilə bağlı bədnam açıqlamasını, habelə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təşkil olunan qondarma "seçkilər" və siyasi şou formasını alan "andiçmə" mərasimini göstərmək olar.
Ümumiyyətlə, bu hadisələr ekspansionist məqsədlər güdən Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik və açıq şəkildə rədd edilməsinin təzahürü kimi qəbul edilməlidir.
2) Qitələrarası neft və qaz boru kəmərləri, habelə strateji əhəmiyyətə malik digər iqtisadi infrastrukturlar üçün qəsdən təhdid yaratmaq cəhdləri
Burada da biz, erməni təxribatının bariz nümunəsini görürük. Apardığı işğalçılıq siyasətinə görə bütün böyük regional layihələrdə iştirakdan təcrid olunan Ermənistan tərəfi enerji və nəqliyyat xətlərinin, o cümlədən Asiya və Avropanı birləşdirən və "Dəmir İpək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Avropanı alternativ enerji ilə təmin edən TAP və TANAP boru kəmərlərinə təbii qaz nəql edən Azərbaycanın Cənubi Qafqaz Boru Kəmərinin normal fəaliyyətinə əngəl yaratmaq üçün belə bir hərbi təxribata əl atması şübhə doğurmur. Onu da qeyd edək ki, bir neçə aydan sonra ilk Azərbaycan təbii qazının TAP kəməri ilə İtaliyaya çatdırılması gözlənilir. İndi Ermənistanın və onun tərəfdarlarının məhz Tovuz bölgəsinə hücum etməsinin səbəbi aydın olur–məqsəd bölgəyə və oradakı strateji yüksəkliklərə nəzarəti ələ keçirərək bu regiondan keçən nəqliyyat və enerji dəhlizlərinin fəaliyyətinə təhdid yaratmaqdır.
3) Ermənistanın KTMT-yə rəsmi müraciəti üçün lazımi əsasların yaradılması məqsədilə Azərbaycanın genişmiqyaslı hücum əməliyyatlarının keçirilməsində ittiham etmək
Aydındır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsi ilə bu hadisələrin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Dağlıq Qarabağda baş verəcəyi halda Ermənistanın Rusiya Federasiyasının aparıcı qüvvə olduğu KTMT-yə müvafiq dəstək üçün müraciət etməsi üçün heç bir hüququ olmayacaqdır.
Ona görə də Ermənistan hücumların istiqamətini Tovuza, dövlət sərhəddinə dəyişərək Azərbaycanın Ermənistan ərazilərində "təcavüzkar hərbi əməliyyatları" barədə saxta bəyanatlar səsləndirməklə KTMT-nin birbaşa müdaxiləsinə nail olmağa çalışdı, lakin bu çirkin niyyətini həyata keçirə bilmədi.
Görünən budur ki, Ermənistan rəhbərliyinin Azərbaycanın onlara “hücum” etməsi ilə bağlı əsassız ittihamları KTMT-də kifayət qədər tərəfdar tapmadı və bu qurumun Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyətlə əlaqədar çağırılması nəzərdə tutulan təcili iclası ləğv edildi. Beləliklə, KTMT-yə üzv dövlətlərin rasional yanaşması sayəsində Ermənistanın çirkli və təhlükəli siyasi oyununun qarşısı alındı.
Bu isə Ermənistan üçün beynəlxalq təşkilatların etimadından və mandatından sui-istifadə edən bir dövlət olaraq daha da nüfuzdan salan böyük diplomatik uğursuzluq oldu.
4) Yerli əhalinin diqqətinin Ermənistandakı çoxsaylı daxili problemlərdən yayındırılması cəhdi
Korrupsiyaya uğramış hərbi xunta rejimi tərəfindən 20 ildən artıq bir müddətdə idarə olunan erməni xalqının demokratiya və rifah xəyallarının təcəssümü olaraq inqilabi yolla hakimiyyətə gələn Nikol Paşinyanın uğursuzluqları erməni Baş nazirin geniş kütlə arasında populyarlığını onun bu rəğbəti 2 il əvvəl qazandığından da qısa bir müddətdə heçə endirdi.
Hazırda Ermənistan dərin sosial-iqtisadi və siyasi böhran vəziyyətindədir. COVID-19 pandemiyasına qarşı görülən tədbirlər real nəticə vermir, yoluxma halları hər gün artır. Eyni zamanda, mövqeyini möhkəmləndirmək üçün Paşinyan rejimi siyasi rəqiblərinə və parlament üzvlərinə qarşı Konstitusiyaya zidd və repressiv üsullar vasitəsilə cinayət təqibləri və kütləvi həbslər həyata keçirərək dövlət hakimiyyətinin hər 3 qolunu mənimsəyib. Əslində, Paşinyan artıq Ermənistanda inqilabi diktatura qurub. Bu səbəbdən, Ermənistan hökuməti 12 iyul eskalasiyasından əvvəl böyük ictimai narazılıq və iğtişaşlarla üz-üzə qalmışdı. Belə bir təhlükəli vəziyyətdə Ermənistan xalqını "xarici düşmənlə mübarizə" ideyası ətrafında birləşdirmək üçün Paşinyana Tovuz təxribatını başlamaq və rejimi xilas etmək demək olar ki, yeganə mövcud variant idi. Lakin qeyd etmək lazımdır ki, son hadisələr erməni əhalisinin gözlərini açdı və Ermənistanın Baş naziri üçün gözlənilən nəticəni vermədi – qurbanların sayı və ictimaiyyətin ümumi məyusluq səviyyəsi davamlı olaraq artmaqdadır. Paşinyanın bu planı da baş tutmadı.
5) Azərbaycanın BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılmasına dair təşəbbüsünü sarsıtmaq cəhdi
Bütün dünya COVID-19 böhranından uğurlu çıxış yolu tapmağa çalışdığı dönəmdə Ermənistan regional sabitliyə ciddi təhlükə yaradaraq qonşu ölkəyə hücum etdi. Beləliklə, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları bir daha sübut etdi ki, Ermənistanın BMT Baş katibinin COVID-19 ilə əlaqədar qlobal atəşkəs çağırışını dəstəkləməsi haqqında bəyanatı siyasi ikiüzlülükdən başqa bir şey deyildir.
Bildiyiniz kimi, BMT Baş Assambleyası Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə COVID-19-a qarşı kollektiv tədbirlərin həyata keçirilməsi imkanlarını müzakirə etmək üçün xüsusi sessiya keçirmək qərarına gəldi ki, bu təşəbbüs Ermənistan istisna olmaqla 130-dan çox ölkənin dəstəyini qazandı.
Sessiyanın gündəliyi artıq razılaşdırılıb və hazırda dövlət və hökumət başçılarının onlayn görüşü üçün texniki hazırlıqlar yekunlaşma mərhələsindədir.
Ermənistanın BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünə qarşı çıxan yeganə ölkə olması heç də təsadüfi deyil. Bununla Ermənistan bir daha sübut etdi ki, bu ölkə öz əsassız siyasi ambisiyalarını pandemiya ilə mübarizədə qlobal həmrəylik və çoxtərəfli diplomatiyanın təkmilləşdirilməsindən daha üstün tutur. Buna görə də Ermənistan Azərbaycanın gündəmini dəyişdirmək və xüsusi sessiyaya hazırlıq prosesini çətinləşdirmək məqsədilə dövlət sərhədi boyunca təxribatlar törətməyə başladı.
Yuxarıda sadalanan 5 fakt Ermənistanın aqressiv və işğalçı mahiyyətini göstərən, beynəlxalq hüququn bütün norma və prinsiplərinin kobud şəkildə pozulmasına rəvac verən fəaliyyətinin yalnız kiçik bir hissəsidir. Lakin bu faktlar Ermənistan hökumətinin Tovuz təxribatına görə tam məsuliyyət daşıyan tərəf olduğunu anlamaq üçün kifayət edir.
Sonda oxuculara xatırlatmaq istəyirəm ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonunu – Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı və Zəngilanı 30 ilə yaxındır ki, işğal altında saxlayır və bunun nəticəsində 1 milyondan çox azərbaycanlı doğma torpaqlarını tərk etməyə və məcburi köçkün həyatı yaşamağa məhkumdur.
BMT Təhlükəsizlik Şurasının Ermənistan işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) nömrəli müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan beynəlxalq aləmin tələblərini hələ də yerinə yetirmir və onu pozmaqda davam edir.