Bu gün xəbərin episentrində Lent.az idi. Daha doğrusu, 10 il əvvəl “doğulmuş” və arxada qalan bu illərdə Azərbaycanın ən tanınmış imzalarının “süd verdiyi”, böyütdüyü bir qurumun yaranma günüdür. Bu gün Lent.az-ın yalnız yaranma günü yox, həm də geridə qalan illərdə saytda Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı yazılmış qiymətli yazıların toplandığı “Azərbaycan–100 ilin əmanəti” adlı kitabın da təqdimatı idi. Oxucuları Lent.az-ın nəşr etdirdiyi bu kitabı 10 yaşlı “uşağın”, 100 yaşlı babasına vəfa borcu kimi də başa düşə bilər.
“Libraff” kitab mağazasındakı tədbirə kimlər gəlməmişdi ki... Millət vəkilləri, media kapitanları, jurnalistlər, dostlar, qonşular... Hamı Lent.az-ın, 10 yaşlı uşağın vaxtından 8 il əvvəl şəxsiyyət vəsiqəsinin təqdimetmə mərasiminə toplaşmışdı.
“Libraff”da məclisi-meydan APA-nın simalarından olan İlham Tumasa verilmişdi. Daha doğrusu, başımıza toplaşanlara söz vermək ona tapşırılmışdı. O da aşıqlar kimi Lent.az haqqında bir balaca gərdişi-dövran eləyib, ustadnamə ilə məclisi açdı. Zarafat edirəm, ustadnamə-zad demədi, sadəcə, qonaqları carçı dilində salamladıqdan sonra məclisi açıq elan elədi.
İlham müəllim ilk olaraq, sözü “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızına verdi. Kürsüyə çıxan Vüsalə xanım 10 il əvvəldən başladı. Ötən günlərə təbəssüm dolu gözlərlə, həyəcanlı sözlərlə qayıtdı:
“Bu gün Lent.az-ın, operativlikdə birinciliyi rəqiblərinə verməyən saytın 10 illiyidir. Biz Lent.az-ı yaratmağa başlayanda, yəni saytı yaratmaq ideyası ortaya çıxanda, bu sahə ilə məşğul olan adamlar tərəddüd edirdilər. Həmin vaxt ölkəmizdə Azərbaycan dilli portal yox idi. Rusdilli resurslar var idi. Düşünürdülər ki, Lent.az-ı kim oxuyacaq?! Deyirdilər, onsuz da “APA” var və informasiya agentliyi kimi fəaliyyət göstərir. Zaman keçdikdə Lent.az özünü doğrultdu”.
Sözünün ortasında Vüsalə xanım dedi ki, bu saytın çox sevdiyi bir xüsusiyyəti var. Əlimdəki nargilə suyunu yerə qoyub qulaq kəsildim, görəsən, o hansı sevimli xüsusiyyətimizdir ki, xanım rəhbərimiz onu bu boyda camaatın içərisində deməkdən çəkinmədi:
“Lent.az ilk dövrlərdə klassik xəbər portallarının yaymaq istəmədiyi xəbərləri yayırdı. Fəaliyyətinə şou xəbərlərlə başlamışdı. Amma bu 10 il ərzində Lent.az elə bir mərhələ keçdi ki, ən çox oxunan yazılar Dağlıq Qarabağ problemi ilə bağlı oldu. Rey Kərimoğlunun “Kəşfiyyatçının xatirələri”, Vüsalə Məmmədovanın “Əsir düşərgəsi” adı altında əsir düşərgələrində, işğal olunmuş ərazilərimizdə girovluqda olan insanlarla müsahibələri onminlərlə oxucu tərəfindən oxundu, izlənildi, təqib edildi. Bu gün cümhuriyyətimizin 100-cü ilində Lent.az-ın 10 yaşına yığışmışıq. 100 illik cümhuriyyətimizlə bağlı hələ uzun illər öncə bir layihə başladıq. İdeyanı mən vermişdim. Həmin dövrdə bəzi insanlar cümhuriyyətdən niyə yazaq deyə düşünürdülər. Azərbaycanın çox ciddi qələm adamları o layihədə yazıları ilə çıxış etdilər”.
Vüsalə xanımdan sonra söz Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova verildi. O, Lent.az-ın internet media sahəsində ilklərdən olduğunu xatırlatdı və ötən 10 ildə saytın Dağlıq Qarabağ, Azərbaycanın ərazi bütövlüyü kimi vacib mövzulara yüksək diqqət verdiyini xatırlatdı.
Əflatun Amaşov dedi ki, Lent.az başqa sahələrdə də bu sayaq kitablar buraxa bilərdi. Çünki kifayət qədər məhsuldar işləyən bir xəbər portalıdır:
“Bu media qurumu Azərbaycan onlayn media tarixində bir məktəbdir. Lent.az-ın əsası qoyulanda onun kimi xəbər portalımız yox idi. Bu mənada Lent.az bir ilkdir. Peşəkarların əsasını qoyduğu bir saytdır. Lent.az özü öz ənənəsini formalaşdırdı. Hələ o vaxtlar başqa xəbər portallarında çalışan insanlar da Lent.az-la əməkdaşlıq edirdilər. Bu kollektiv xəbərləri daha geniş anlamda təqdim edir. APA yalnız xəbər verirsə, Lent.az hadisəni, onun səbəblərini təhlil edir, nəticələrini çıxarır”.
Sonra Əflatun Amaşov Qabil Abbasoğluna Mətbuat Şurasının xüsusi təbrik plaketini təqdim edib.
Doktofonumu işə salıb, Milli Teleradio Şurasının sədrinə - Nuşirəvan Məhərrəmliyə yaxınlaşıram. Deputatları, qocaman jurnalistləri başına toplayıb nəvələrindən, “Libraff”dan onlara aldığı kitablardan danışır.
Sözləri bitən kimi diktofonu Nuşirəvan bəyə uzadıram. MTRŞ sədri dedi ki, Lent.az Azərbaycan mediasının ilk qaranquşlarındandır. Onun əsası qoyulanda yalnız 1-2 onlayn media orqanı vardı. Qoyun arxasını özü davam eləsin:
“Həmin dövrdə onların cəmiyyətdə yer tutması şübhə doğururdu. On ildən sonra görürük ki, başda Lent.az olmaqla, həmin media orqanları doğru yol seçiblər. Lent.az bu gün onlayn media sahəsində oturuşmuş bir qurumdur. Lent.az-ın xəbər siyasətində dəqiqləşdirilmiş məlumatlar çoxluq təşkil edir. Təbii ki, sizdə şou xəbərlər də var, amma hazırlanan məhsullarda xəbər etikası sizdə həmişə qorunub. Özüm də Lent.az-ın daimi izləyicisiyəm. Orada gedən hər hansı bir məlumatı oxuyandan sonra həmin informasiyanı dəqiqləşdirməyimə ehtiyac qalmır. Bunun özü çox müsbət haldır. Lent.az ailəsini 10 yaş münasibəti ilə təbrik edirəm”.
Sizə kimdən deyim, Rəşad Məciddən. “525-ci qəzet”-in baş redaktoru da bizi təbrik etməyə gələnlərin arasında idi: “Lent.az-ın yarandığı dövr indi də yadımdadır. Gözəl kollektivdən təşkil olunmuşdu. Hələ o vaxt mən dedim ki, bu sayt ölkənin aparıcı media orqanlarından birinə çevriləcək. Zaman keçdi, fikirlərim öz təsdiqini tapdı. Lent.az bu gün də öz operativliyini qoruyub saxlayır. Lent.az-dan sonra çoxlu saytlar yarandı, çoxu duruş gətirə bilmədi. Bu kollektiv indi də ağır, ləngərli yerişi, operativ məlumatlarla oxucularının görüşünə tələsir. Lent.az-da Azərbaycan tarixi ilə bağlı yazıların kitab halında çap olunmaq ənənəsi var. Bundan öncə də Xocalı faciəsi ilə bağlı kitab çap edilmişdi. Özünün 10 yaşında cümhuriyyətimizin 100 illiyi ilə bağlı bu saytda gedən materialların kitab halında çap edilməsi saytın oturuşmuş, sanballı media orqanı olmasından xəbər verir. 10 yaşı münasibəti ilə Lent.az kollektivini təbrik edirəm”.
Millət vəkili Qüdrət Həsənquliyev isə dedi ki, buraya toplaşan bütün jurnalistlər onun dostlarıdır. Onu da xüsusi vurğuladı ki, ad gününə toplaşanların hamısı LENT.AZ-çıdır: “Onlar hamısı Lent.az üçün buraya toplaşıb. Hamısını 10 illik yubileyləri münasibəti ilə təbrik edirəm. Lent.az Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkə əhalisini informasiya ilə təmin etmək işində çox böyük şeylər edib. Lent.az Azərbaycan üçün çox lazımlı informasiya mənbəyidir. O baxımdan da sizin əməkdaşlara daha böyük uğurlar arzulayıram. Allah ömür versin, gələcəkdə sizin 20, 30, 50 illiklərinizi qeyd edək”.
Millət vəkili Fazil Mustafa da Lent.az-dan ağızdolusu danışır. Deyir ki, bu media orqanı onun sevimli saytıdır: “Çünki hərtərəfli düşüncə və fikir paylaşımı imkanları var. Burada informasiyaların səhihliyi, dəqiqliyi qaneedicidir. Özüm də dəfələrlə burada müzakirələrdə iştirak eləmişəm. Müsahibələr verib, mübahisələrə qoşulmuşam. Həmişə Lent.az-dan razı qalmışam. Çünki buradakı dostlarımız çox peşəkardır”.
Tədbirdə həmçinin, Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Ehtiyatda olan Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri sədri Emin Həsənli də çıxış etdi. O, Lent.az-ın Qarabağ mövzusuna, keçmiş döyüşçülərə - qazi və əlillərə, şəhid ailələrinə diqqət və həssaslıqla yanaşdığını vurğuladı. Çıxışının sonunda E.Həsənli“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı və Lent.az-ın baş redaktoru Qabil Abbasoğluna Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin təsis etdiyi "Vətən naminə" medalını təqdim etdi.
Lent.az-ın baş redaktoru Qabil Abbasoğluna verildi. Zarafat deyil, o, ilk kollektivdən üzü bəri gəlib çıxa bilən tək adamdır. Saçlarını burada ağardıb. Qabil bəy həyəcanlı olduğunu gizlətmədi. “Sanki 10 ilin hesabatını verirəm” – dedi. Yenə də fikrini, diqqətini camaata yox, monitor qarşısında xəbər redaktə edirmiş kimi, oxucularına hesabladı:
“Biz oxucularımızla qiymətliyik. Onlarla güclüyük. Oxucularımızın böyük bir hissəsi həm də bizim dostumuzdur, yalnız oxucumuz deyil. Bu qədər dostla fəxr etməyə dəyər. Pafos kimi çıxmasın, biz ilk gündən Azərbaycanın dövlət maraqlarını, tariximizlə bağlı mövzuları əsas prioritet kimi götürmüşük. Bu, bizim təkcə jurnalist kimi yox, vətəndaş kimi də diqqətdə saxladığımız məsələlərdir. Gerçəkləşdirdiyimiz layihələrin heç birini təmənna güdmədən, qədir-qiymət gözləmədən reallaşdırmışıq”.
Aranın sakitləşdiyi, hər kəsin özünü meyvə suyuna tutduğu bir zamanda “APA Holdinq”in prezidentinə yaxınlaşıram. Vüsalə xanımdan Lent.az-ın doğulduğu ilk günlər haqqında soruşuram:
- Açığını deyim, mən o vaxt təkcə Qabil Abbasoğlunu tapdım. Bütün kollektivi o topladı. İlk günlər nə iş görəcəyimizi bilmirdim. Çünki o vaxt onlayn sayt məsələsi Azərbaycanda mücərrəd anlayış idi. APA-dan fərqli nə yazacağımızı düşünürdük. Köşələr yazılmağa başladı, maraqlı layihələr oldu. 10 il ərzində Lent.az Azərbaycan mediasına yazarlar qazandırdı.
P.S: Özümüz haqda da qaçaraq yazdıq. Çünki xəbər, reportaj heç bir halda sabahı gözləmir və qəfil yaxaladığını isti-isti yazmaq 10 yaşlı LENT.AZ-ın alnına yazılıb. Yazılanları isti-isti oxuyub, redaktə edən baş redaktorumuz Qabil Abbasoğlunu, redaktorlarımız Kəmalə Quliyevanı, Səbinə Əvəzqızını, Nizam Rzayevi, oxuduğunuz qızıldan qiymətli xəbərləri ən sürətli formada yazıb sizə çatdıran əməkdaşlarımız Xəyalə Muradlını, Yasəmən Bağırovanı, Yalçın Uğuru, Səlcuq Elçini və bəndəniz, Lent.az-ın “sonbeşiyi” Tural Turanı təbrik etmək isə sizə düşür. Ən böyük və dəyərli hədiyyəniz də... elə bizi oxumağa davam edin! Bundan böyük nə hədiyyə?!
Var ol, əziz oxucu!