Babaları türklərlə, nəvəsi almanlarla, nəticəsi ermənilərlə vuruşan Ərəblinskilər – HEKAYƏT
25 avqust 2011 17:52 (UTC +04:00)

Babaları türklərlə, nəvəsi almanlarla, nəticəsi ermənilərlə vuruşan Ərəblinskilər – HEKAYƏT

Yamyaşıl bir həyət. Üz-üzə tikilmiş iki kürsülü ev. Həyətdə qoca pişikdən başqa bir canlı görünmür.

- Həmzəlov baba yəqin yatır indi - bizi müşayiət edən Elşən dillənir.

Sanki bizi güdürmüş kimi evdən səs gəlir:

- Yox, yatmamışam, yatmamışam, gəlirəm - pirani bir qoca pəncərədən boylanır.

Əlindəki çəliyə söykənə-söykənə yavaş-yavaş pilləkənlərlə aşağı enir. Pişiyi sığalladığımızı görüb, gülümsəyir:

- Mənim kimi bu da qocalıb. Zarafat deyil, 16 yaşı var. İnsan ömrü ilə hesablasaq, demək olar ki, yüz.

- Elə sənin də yaşın az deyil ha? - deyə Elşən göz vurur.

- Hə, doxsana az qalıb…

Ərəblər məhəlləsindən Peterburqa…

Əl verib hal-əhval tutur. Elə həyətdə, qoca çinarın altındaca otururuq. Qızları dərhal çay tədarükünə başlayırlar. Söhbətə də elə özü başlayır:

- Hardan yadınıza düşmüşəm?

Əslində maraqlı sual idi. Elə bizi də Zaqatalanın Aşağı Tala kəndinə gətirən bu maraq idi. 19-cu əsrin birinci yarısında imperiyanın bu ucqar kəndindən çıxıb paytaxt Peterburqa oxumağa getmiş yeniyetmə Balakişinin əsasını qoyduğu məşhur Ərəblinskilər nəslindən yazmaq istəyirdik. Elə görüşünə gəldiyimiz nəvəsi Həmzəlov babanın dediyi kimi «köhnə SSRİ-dən tutmuş Avropa, Amerikaya qədər yayılmış» Ərəblinskilərdən…

Əli ilə qarşıdakı köhnə, amma səliqəsini hələ də itirməmiş evi göstərir Həmzəlov baba:

- Bax, babam bu evdə anadan olub. Daha doğrusu, bu evin yerində başqa bir ev olub orda, 1828-ci ildə. Fərasətli, qabiliyyətli uşaq olub. Ulu babam, yəni Balakişinin atası Əlibəy o vaxt mahal naibi imiş. Zaqatala dairəsinin rəhbərliyi ilə dost olublar. Elə dairə rəisinin təkidi ilə Əlibəy oğlunu Peterburqa 1-ci kadet korpusuna oxumağa göndərir. 20 yaşında həmin korpusda təhsilini uğurla başa vurub, kornet rütbəsi alır...

Bundan sonra Balakişi Ərəblinskinin on illərlə davam edəcək hərbçi həyatı başlayır. Amma əvvəlcə Ərəblinski soyadının haradan əmələ gəldiyinə aydınlıq gətirək. Həmzəlov baba deyir ki, Tala kəndində onların yaşadığı məhəllə «Ərəblər» məhəlləsi kimi tanınıb. «Görünür, babam da özünə familiya götürəndə məhəlləmizin adından istifadə etmək qərarına gəlibmiş».

…Paskeviçlə Macarıstana

Hələ 21 yaşındaykən gənc Balakişi general Paskeviçin komandanlığı altında Macarıstana yürüşdə iştirak edir. Macarıstanda kəndli hərəkatının yatırılmasında iştirak edən Balakişiyə bu yürüşdən sonra poruçik rütbəsi verilir. 1853-56-cı illərdə Krım müharibəsində göstərdiyi qəhrəmanlığa görə isə rotmistr rütbəsi alır. 60-cı illərdə dağlı hərəkatına qarşı əməliyyatlarda göstərdiyi igidliyə görə dördüncü dərəcəli «Müqəddəs Stanislav» ordeni ilə təltif edilir. Sonradan bu ordenin bütün dərəcələrini alacaqdı, Balakişi Ərəblinski.
Balakişi Ərəblinskinin fövqəl hərbi istedadı Xivə xanlığına yürüşdə üzə çıxır. Xivə xanlığı Rusiyaya birləşdirildikdən sonra Ərəblinskiyə polkovnik rütbəsi verilir.

İkinci Nikolaydan hədiyyə

Onun taleyinə ikinci rus-türk müharibəsində iştirak etmək də yazılıbmış. 1877-78-ci illərdə baş verən bu müharibədə o, polk komandiri kimi iştirak edib. Göstərdiyi şücaətə görə «Müqəddəs Anna» ordeninə layiq görülür. 1887-ci ildə isə o, artıq general-mayor rütbəsi daşıyırdı və Zakaspiysk atıcı briqadasının komandiri idi.

1898-ci ildə Balakişi Ərəblinski 70 illik yubileyində Peterburqdan təbrik…və imperator ikinci Nikolaydan sürpriz hədiyyə alır. İmperator Dərbənd şəhərindən bir neçə kilometr aralıda böyük bir torpaq sahəsinin general Ərəblinskiyə ayrılması ilə bağlı sərəncam verir. Məhz bu ərazidə məskunlaşan general ömrünün son dörd ilini burda keçirir. 1902-ci ilin yanvarında dünyasını dəyişəndən sonra həmin ərazi bu günədək Ərəblinka adlanır. General özü isə Dərbənddəki tarixi Qırxlar qəbiristanlığında dəfn olunur.

Hacı Zeynalabdinin qayınatası

Bu yerdə bir maraqlı fakt. Bilirsinizmi, Balakişi Ərəblinski məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qaynatası olub? Bunun da maraqlı tarixçəsi varmış. Həmzəlov baba deyir ki, əslində Hacı Zeynalabdin Tağıyev iki dəfə evlənib. Birinci həyat yoldaşı öz əmisi qızı Zeynəb olub. Sonra… Qoy həmsöhbətimiz özü danışsın:

- Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu Sadığın arvadı idi. Bir dəfə Hacı oğlugildə qonaq olarkən oğlunun baldızını, Ərəblinskinin kiçik qızı Sonanı görür və qərara gəlir ki, onunla evlənsin.

- Demək, ata-oğul bacanaq olurlar.

- (Gülür) Yox, ola bilmirlər. Deyilənə görə, atası ilə bacanaq olmaq istəməyən, bunu biabırçılıq hesab edən Sadıq həyat yoldaşından ayrılır. Hə, həmin Sonanı isə həm də məşhur aktyor Hüseyn Ərəblinski dəlicəsinə sevirmiş. Elə Ərəblinsiki soyadını da Sonaya olan sevgisinə görə götürübmüş. Və ömrünün sonunacan bu soyadı daşıyıb.

«Anam atamı ayağından tanımışdı»

Həmzəlov baba deyir ki, Balakişi Ərəblinskinin oğlu, onun atası Əlibəy də çar ordusunda polkovnik rütbəsinə kimi yüksələ bilib. Demokratik Respublikanın vaxtında Qarabağ quberniyasının komendantı vəzifəsində işləyib. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra da hərbi xidmətini davam etdirib. Amma 32-ci ildə güllələnib. Səbəb isə Zaqatalada baş verən qiyamı yatırtmaqdan imtina etməsi olub.

- Onda mənim 10 yaşım vardı. İndiki kimi yadımdadır. O və başqa bir nəfəri qolubağlı məscidə apardılar. Anamla mən də məscid tərəfə getdik. Əsgərlər hər tərəfi mühasirəyə almışdılar. Qorxurdular ki, kənardan hücum edib onları qaçıralar. Bir də gördük ki, məscidin həyətindən güllə səsi gəlir. Bir neçə güllə atdılar. Axşamacan gözlədik. Meyitləri vermirdilər. Heç vermədilər də. Hara apardılar bilmədik. Harada basdırdıqlarını da demədilər. (Kövrəlir)

- Sonradan heç məzarını da tapa bilmədiniz?

- (Göz yaşlarını saxlaya bilmir. Qızı Fatma birtəhər sakitləşdirir) Oğlum, belə suallar verib sən də məni güllələmə…(Bir qədər duruxur və titrək səslə davam edir) Axşam məscidin həyətindən bir araba çıxdı. Hər ikisini meyitini çıxarırdılar. Biz hələ də ümid edirdik ki, atamı güllələməzlər. Amma araba çıxanda meyitlərdən birinin ayağı dizdən aşağı görünürdü. Bu yerdə anam fəryad qopardı. Atamı ayağından tanımışdı. 80-ci illərdə Moskva-Bakı arasında qalmışdım. Elə bir arxiv idarəsi yox idi ki, baş çəkməyim. Amma atamın məzarını tapa bilmədim. 90 yaşım var, hələ də onun xiffətini çəkirəm.

Həmzəlov baba Böyük Vətən Müharibəsi iştirakçısıdır. Üst-üstə az qala 40 il sovet ordusunda xidmət edib. Bəs necə olub ki, xalq düşməninin oğlu sonradan baba və atası kimi hərbçi olub, özü də sovet ordusunda?

«Birinci dərsdəcə məni qovdular ki, xalq düşməninin oğlusan»

Həmzəlov baba danışır ki, «xalq düşməninin» oğlu kimi olmazın əziyyət çəkib: «Birinci sinfə Tala kəndində getdim. Elə birinci dərs günündəcə məni qovdular. Müəllim qayıtdı ki, ey sən, xalq düşməninin oğlu, rədd ol get evinizə. Ağlaya-ağlaya evə qayıtdım. Anam hər şeyi başa düşdü. O da mənə qoşulub ağlamağa başladı. Bax, anamın həmin göz yaşlarını hələ də unuda bilmirəm».
Amma bütün çətinliklərə baxmayaraq balaca Həmzəlov təhsil ala bilir. Hətta səkkizinci sinfi bitirib, pedaqoji texnikuma da daxil olur. Amma «xalq düşməni» damğası onu texnikumda da rahat buraxmır. «O vaxt bizə çörək «payok»u verirdilər. Günə təxminən 400 qrama yaxın. Bir də görürdün biri qayıdıb deyirdi ki, niyə xalq düşməninin oğluna da çörək verirsiniz. Birtəhər dözüb təhsilimi başa vurdum. Sonra da müharibə».

«Almanlardan çox, özümüzünkülərdən qorxurdum»

Müharibə başlayanda Həmzəlov Ərəblinskini də orduya çağırırlar. Əvvəlcə Gürcüstanda xidmət edir. Sonra isə babasının uyduğu kəndin yanına, Dərbəndə göndərilir. Amma xəbəri olmur ki, xidmət etdiyi hərbi hissənin bir addımlığındakı Qırxlar adlanan qəbiristanlıqda babası uyuyurmuş.

- 41-də müharibəyə gedəndə almanlardan çox, özümüzünkülərdən qorxurdum. Bilirsinizmi niyə? Qorxurdum ki, bunlar mənim «xalq düşməni»nin oğlu olduğumu bilib, arxadan güllələyərlər.

- Amma güllələmədilər…

- Güllələmədilər. (Gülür) Şimali Qafqazda, 3-cü və 4-cü Ukrayna cəbhəsində vuruşdum. Vuruşa-vuruşa Hitlerin doğulduğu kəndəcən gedib çıxdım. Düz Ransxofen kəndinə kimi.

- Orda sizi necə qarşıladılar? Yəqin əməllicə müqavimət göstəriblər.

- Biz Ransxofenə girəndə artıq almanlar çoxdan oranı tərk etmişdilər. Bircə Çexoslovakiyadakı korpusları hələ də müqavimət göstərirdi. Amma burda bir məqamı mütləq etiraf etməliyəm. Yəni bunu deməsəm, Allahsızlıq olar. Mən Böyük Vətən Müharibəsindən bəhs edən kinolara baxanda əsəbiləşirəm. Həmin filmlərdə almanları elə təsvir ediblər ki, sanki dovşan kimidirlər, qorxaqdırlar. Amma elə deyil. Almanlar əsil döyüşçü idilər. Özü də nizamlı. Onların əsgərləri xəritəni bizim komandirlərdən yüz dəfə yaxşı bilirdilər. Stalinin bir gizli sərəncamı olmuşdu. Həmin sərəncamda sovet ordusuna blindajları almanlar kimi qurmaq əmr edilirdi. Bundan başqa, onların geyimi, üstlərindəki şokolada qədər olan ərzaq ləvazimatları, nə bilim daha nə deyim. Onların işğal etdikləri yerlərdə camaata qarşı vəhşilikləri barədə deyilənlər də həddən artıq şişirdilib. Düzdür, camaata divan tutublar. Ancaq partizanları gizlətdiklərinə, onlara yarım etdiklərinə görə.

«Dedilər familiyanı dəyiş, sənə ev verək»

Müharibədən qayıdan Həmzəlov Ərəblinski xidmətini Ukraynada davam etdirir. Düz 34 il. Polkovnik rütbəsinəcən yüksəlir. Deyir, sovet ordusunda olan millətçilik bəlkə də heç bir orduda yox idi. «Əsasən rusları və ukraynalıları qabağa çəkirdilər. Təsəvvür edin, Kiyev qarnizonunda xidmət edirəm. Ev növbəm çatıb. Komandir mənə deyir ki, familiyandan xoşum gəlmir. Familiyanı dəyişməsən, sənə ev verməyəcəm. Axırda qarnizonun zabitləri onu başa saldılar ki, düz yolda deyilsən. Adamı necə familiyasını dəyişməyə məcbur edə bilərsən?
Ordudan tərxis olunandan sonra mülki işlərdə çalışan Həmzəlov baba gələn il qeyd edəcəyi 90 illik yubileyinə hazırlaşır. Deyir, bizi də dəvət edəcək. «Onda dünyada nə qədər Ərəblinski var, hamısını sənə göstərəcəm» - deyə zarafat da edir.

***

Ərəblinski nəslindən xeyli hərbçi çıxıb. Həmzəlov babanın oğlu Əlibəy də hərbçi olub. Əvvəl sovet, sonra isə Rusiya ordusunda xidmət edib. Digər oğlu Şərif Ərəblinski isə Azərbaycan ordusunda xidmət edir. Qarabağ müharibəsi iştirakçısıdır və ermənilərlə qarşı döyüşlərdə böyük fədakarlıqlar göstərib. Elə yazını da belə qurtarmaq istərdik: Babaları türklərə, nəvəsi almanlara, nəticəsi ermənilərə qarşı vuruşan Ərəblinskilər!

Səbuhi Məmmədli,
Zaqatala, Aşağı Tala kəndi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1312

Oxşar yazılar