Qüdrət Həsənquliyev: “Onlar Əli Kərimlini bu hökumətin uşağı adlandırmışdılar” - MÜSAHİBƏ
01 avqust 2011 17:30 (UTC +04:00)

Qüdrət Həsənquliyev: “Onlar Əli Kərimlini bu hökumətin uşağı adlandırmışdılar” - MÜSAHİBƏ

0
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin Lent.az-a müsahibəsi

- Qüdrət bəy, Pənah Hüseyn aranızdakı son polemikadan sonra sizi məhkəməyə verəcəyini bildirmişdi. O məsələ nə yerdədir? Məhkəməyə müraciət olunub?

- Hələ bir xəbər yoxdur. Bizə məhkəmədən heç bir sənəd təqdim olunmayıb. Əgər belə bir şey olsa, mənim nümayəndəm gedib, məhkəmədə iştirak edəcək və dediklərimi sübuta yetirəcək.

- Sizcə, Pənah Hüseynin sizi məhkəməyə vermək niyyəti var, yoxsa sadəcə, blef edirdi?

- Mən də bu barədə sizin kimi mətbuatda oxumuşdum. Demişdim ki, buyursun, versin məhkəməyə. Orda Pənah Hüseyn də, həmin dövrdə AXC-də təmsil olunan şəxslər də gələcəklər və öz ifadələri ilə mənim sözlərimi təsdiq edəcəklər.

- Qüdrət bəy, Pənah Hüseynlə aranızda tez-tez polemika yaşanır. Mətbuatda ən çox “atışan” sizsiniz. Nədir aranızdakı problem?

- Pənah Hüseyn millət vəkili seçiləndən sonra onunla aramda şəxsi mənada ciddi bir konflikt olmamışdı. Fikir ayrılıqları olurdu, ancaq deputat həmkarı kimi normal münasibətlər var idi. Ancaq 2 aprel mitinqinin ardınca bir çox şəxsin tutulmasına baxmayaraq, onun və başqa bir neçə şəxsin Yessentukiyə dincəlməyə getməsinin doğru olmadığını söylədikdən sonra konflikt yaşanmışdı. Mən inanmıram ki, o gənclər bir də bu adamların çağırışı ilə mitinqə qatılarlar. Həmin məsələdən sonra Pənah Hüseyn keçdi təhqirə, böhtana, ağzına gələni danışmağa. Özü də heç nədən qorxmadan ki, adama bunun qarşılığını verərlər. Öz ailəsi, şərəf və ləyaqəti haqqında düşünən adam başqasını gərək təhqir eləməyə. Fikirləşməlidir ki, həmin adam da dönüb mənə cavab verər. İkinci dəfə də AXC-nin 22 illiyi ərəfəsində müsahibəmdə demişdim ki, Pənah Hüseynin AXC-nin pullarını mənimsəyib. Bu da həqiqətdir. Bunun da ardınca o, yenə təhqirə keçdi.

- Siz həmin ərəfədə Rəhim Qazıyevin Pənah Hüseyni döydüyünü iddia etmişdin, ancaq Rəhim Qazıyev bunu təkzib etdi və belə bir olayın baş vermədiyini bildirdi.

- Rəhim Qazıyev açıqlamasında demişdi ki, mən qoçuyam?! Əslində, o məsələ AXC rəhbərlərinin bir-birinə olan münasibətlərini, subordinasiya qaydalarının vəziyyətini göstərmişdi. Bir adam ki prezidentin yanına girəndə silahını təhvil verməyə, o nə olacaq?! Rəhim Qazıyev o dövrdə özünü qoçu kimi aparmışdı. Mən bunu o vaxtdan bilirdim, amma açıqlamağa lüzum görməmişdim. Ancaq Pənah Hüseyn təhqirə keçəndən sonra bəzi şeyləri açıqlamaq zərurəti hiss elədim. Açıqladım ki, bu gün onların çağırışı ilə küçələrə çıxıb həbs olunan gənclər bu adamların kimliyini bilsinlər. Bunlar gedib Yessentukidə dincəlirlər, biriləri də həbs olunur. Bu adamların heç biri gedib o uşaqların məhkəməsində iştirak eləmir. Mən bunları deyəndə onların xoşuna gəlmir. Əks arqument qoymaqdansa, başlayırlar təhqirə-filana. Təhqirə keçəndə mən də bunların kimliyini açıqlayıram. Bilirsiniz, xalq hərəkatı bir təlatüm idi, dalğa idi. Dənizdə dalğa olanda çör-çöp, zir-zibil necə qalxırsa, xalq hərəkatı da cəmiyyətin tör-töküntüsünü də elə qaldırmışdı. Həmin adamlar da hərəkatın önündə yüksək məqamlara sahib oldular və hərəkatı iflasa uğratdılar. Bilirsiniz onlar nə qədər gənci mənən sındırdılar?! O gənclərin böyük bir hissəsi həbsxanaya düşdü, yarısı ölkədən çıxıb getdi. İndi də yeni bir gənc nəsil formalaşıb. İstəyirlər ki, o gəncləri də aldatsınlar, onları da bədbəxt etsinlər. Mən də deyirəm ki, xalq bunların arxasında getməsin. Bunlar gəncləri həbsxanaya göndərəcək, özləri isə istirahətə gedəcək. Mən hesab edirəm ki, Azərbaycanda mövcud problemləri təkamül yoluyla aradan qaldırmaq lazımdır. Yoxsa bunlar kimi yox. Fikir verin, Azərbaycanda beynəlxalq mahnı müsabiqəsi keçiriləcək, bunlar kampaniya aparırlar ki, “Azad olmayan ölkədə mahnı müsabiqəsi”. Bu müsabiqə Rusiyada da keçirildi, orda kifayət qədər demokratlar var. Görün, orada həmin müsabiqənin əleyhinə kampaniya apardılar? Bəlkə Rusiya Azərbaycandan daha demokratikdir?! Tənqid edəndə də keçirlər söyüşə. Mən də deyirəm, siz bu əxlaqla nə uğur qazana, nə də məni susdura bilərsiniz.

- Həbsdə olanlardan danışdınız. Millət vəkilləri Sabir Rüstəmxanlı, İqbal Ağazadə Arif Hacılının zaminə buraxılması ilə bağlı prokurorluğa müraciət etmişdilər. Siz prokurorluğa belə bir müraciət edərsiniz?

- Mənə belə bir şeylə bağlı müraciət etsəydilər, mən həmin sənədə qol çəkərdim. Mən bu məsələni parlamentdə qaldıran ilk adamam. Milli Məclis tribunasından bildirmişəm ki, nəinki Arif Hacılı, son aylarda həbs olunan bütün şəxslər azadlığa buraxılmalı, onlara bir şans da verilməli, ittihamları üstlərindən götürülməlidir. Düşünürəm ki, o adamlarla bağlı inzibati həbslə də kifayətlənmək olardı. Arif Hacılı ilə bağlı da prokurorluğa ərizə verilməsi ilə bağlı mənə müraciət olunsa, mən, məmnuniyyətlə həmin sənədə qol çəkərəm.

- İyulun 30-da uzun fasilədən sonra İctimai Palatanın növbəti sessiyası keçirildi. Sizin münasibətiniz necədi bu məsələyə? Sizcə, İP sadəcə toplanmaq üçün sessiya keçirir?

- Bilirsiz, o adamlar çox bir yerə toplanıb, sonra qarşılıqlı ittihamlarla dağılıblar. İctimai Palata da o cür qurumlardan biridir. Yadınıza salın Demkonqresi, SİDSUH-u. Sonra “Azadlıq” bloku yarandı. Hamısı da qarşılıqlı ittihamların ardınca dağıldı. İctimai Palatanı da eyni tale gözləyir. Çünki o adamları birləşdirən böyük dəyərlər, amallar deyil. Onları birləşdirən kiçik maraqlardır. Buna görə də adi bir halda qarşılıqlı ittihamlarla parçalanırlar. Bir müddətdən sonra İP-dəki şəxslər də bir-birilərinə söyüb, aralanacaqlar. Yəqin ki, payızda da yenə 50-60 adamı küçəyə çıxarıb, döydürüb, təhqir etdirəcəklər. İnanmıram ki, Azərbaycan xalqı onların ümidlərini puç eləmiş bu adamlara bir də səs verə. Xalq bu hökumətdən narazı ola, onun dəyişdirilməsini istəyə bilər, ancaq alternativ qüvvə kimi heç vaxt onlara səs verməyəcək. Çünki bu adamlar dəyişməyib. Bir illik hakimiyyətləri dövründə necə idilərsə, indi də elədilər. Xalq da görür ki, bunlar islah olunmayıb, səviyyələri dəyişməyib. Çox böyük ehtimalla, İctimai Palata prezident seçkilərinə qədər dağılacaq. Ancaq qalsa belə, bu, heç nəyi dəyişməyəcək. İP-in dağılma ehtimalı, qalma ehtimalından daha çoxdur.

- Arqumentləriniz nədir?

- Birinci səbəb Əli Kərimli ilə İsa Qəmbərin bir-birinə patoloji nifrətinin olmasıdır. Belə olmasaydı, onlar AXC-dən çıxıb, hərəsi özünə bir partiya yaratmazdı.

- Siz özünüz həmin səhvlərin ortağı hesab edirsiniz, yoxsa yox?

- Mən özümü AXC-nin siyasətini müəyyənləşdirən adamlardan biri hesab etmirəm. Ancaq bir sıravi üzv kimi AXC-nin o dövrdəki səhvlərinə görə məsuliyyətimi hiss edirəm. Ona görə ki, ən azından universitet səviyyəsində xeyli sayda sadə insanı AXC-yə cəlb etmişəm. Amma yenə deyirəm, AXC-nin səhvlərinə görə məsuliyyəti o adamlar daşımalıdır ki, onlar qurumun İdarə Heyətində təmsil olunur, onun siyasətini müəyyən edirdilər.

- Həyatınızın o dövrü ilə bağlı peşmançılıq keçirirsiniz?

- Yox, o mənim keçdiyim yoldur. Mən keçmişimlə həmişə qürur duymuşam. İndi də o dövrdə AXC-yə qoşulmağımla, onun üzvü olmağımla qürur duyuram. Amma bu o demək deyil ki, üzv olduğum təşkilatın səhvlərinə göz yumacağam. Buna görə də inanmıram ki, bu adamlar hansısa ali məqsədləri uğrunda birləşsinlər.

- Deyirsiniz, bu adamların bir-birinə nifrəti var, ancaq onlar artıq 1 ilə yaxındır, bir yerdədirlər.

- Bilirsiz, bir yerdə olmaq başqadır, səmimi birləşmək başqa. Mən Əli Kərimlini yaxşı tanıyıram, onun İsa Qəmbərə olan münasibətini bilirəm. Eynilə də İsa Qəmbərin Əli Kərimliyə münasibətini bilirəm. Bəzi şeylər var ki, onlar heç vaxt unudulmur. Xatırlayırsınızsa, bir zamanlar İsa Qəmbərin müavini olan Rauf Arifoğlu öz qəzetində yazmışdı ki, Əli Kərimli hakimiyyətin agentidir, o xarici kəşfiyyatdan pul alarkən tutulub və bu yolla da xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunub. O zaman Əli Kərimli baş prokurora müraciət eləmişdi. Həmin sənədlər indi də durur. İndi siz necə hesab edirsiniz, bu adamlar bir yerdə ola bilərlər?! Məsələn, Pənah Hüseyni Əli Kərimli özü qovmuşdu partiyadan, ancaq bu gün o İP-də Əli Kərimli ilə eyni statusdadır. İndi sizcə, Pənah Hüseyn unudub ki, Əli Kərimli onu partiyadan qovub?! Əli Kərimlini onlar bu hökumətin uşağı adlandırmışdılar, nələr yazmırdılar onun haqqında?! Onların indiki durumu da mehriban düşmən münasibətləridir.

- Qüdrət bəy, Türkiyə ilə viza probleminin aradan qaldırılmasında İranın müəyyən əngəllər yaratdığı məlum oldu. Sizin partiyanın İranla bağlı siyasəti cəmiyyəti bəllidir. Bu məsələ barədə düşüncəniz necədir?

- Biz, hesb edirik ki, Azərbaycan ilk növbədə Türkiyə ilə vizanı aradan qaldırmalıdır. Mən bunu parlamentdə də demişəm. İkincisi, Ərdoğan Bakıya gələndə onun qarşısında bir məsələ qaldırılmalı idi. Türkiyənin Ermənistanla ticarət əlaqələrinin illik dövriyyəsi 250 milyon dollara yaxındır. Türkiyə bu məsələyə yenidən baxmalıdır. Türkiyəyə ərazi iddiası olan bir dövlətlə bu qədər ticari əlaqələr var. Hətta Türkiyə hökuməti bu ölkədə qanunsuz işləyən erməni miqrantlara dəymir ki, işləyib, evlərinə pul göndərsinlər. Həmçinin, İranla da viza qaldırılmalıdır. Orada 30 milyon azərbaycanlı yaşayır. Qaldı İrandan Azərbaycana dini ekstremistlərin gələcəyi məsələsinə, həmin adamlar onsuz da viza alıb gəlirlər. Guya Rusiya Azərbaycana İrandan daha az düşməndir? Qarabağın işğalında da rusların əvəzsiz xidməti olub.

- Ancaq ötən il siz Rusiya qoşunlarının Azərbaycanda yerləşdirilməsi fikrini belə irəli sürürdünüz.

- Mən deyirdim ki, əgər Rusiya anlaşa bilsək və Rusiya öz qoşunlarının Azərbaycanda yerləşdirilməsi şərti ilə ölkənin suverenliyini, ərazi bütövlüyünü tanıyacaqsa, Dağlıq Qarabağ münaqişəsinin bu cür həllinə şərait yaradacaqsa, mən bunun qətiyyən əleyhinə deyiləm. Azərbaycan buna gedə bilər və getməlidir. Hesab edirəm ki, Qarabağ naminə Azərbaycan bu addımı ata bilər.

- Deyirsiniz ki, Qarabağı Rusiya alıb Ermənistana verib və həmin Rusiya qoşunlarının Azərbaycana yerləşdirilməsini təklif edirsiniz.

- Söhbət ondan gedir ki, Rusiya deməlidir münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və Dağlıq Qarabağ Azərbaycanın tərkib hissədir. Rusiya Ermənistanın arxasında durmayacaq və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə şərait yaradacaqsa, o zaman Rusiya qoşunlarının Azərbaycanda yerləşdirilməsini təmin etmək olar. Onsuz da bu, var. Qəbələ RLS nədir, bəs? Əlavə bir batalyon da gətirilməsi Qarabağın qaytarılması ilə nəticələnəcəksə, buna getmək olar. Sabah yenə bir tarixi şəraitdə biz həmin qoşunları ölkədən çıxara bilərik. Ancaq Dağlıq Qarabağ getsə, bu, biryolluq olacaq. Necə ki Zəngəzuru istəyə bilmirik. Əgər Rusiya buna razılaşmayacaqsa, o zaman Rusiyanın Qəbələ RLS-dən də çıxmasını tələb eləməliyik.

Anar Gəraylı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 708

Oxşar yazılar