Azərbaycanda ordu quruculuğu müasir mərhələdə - III YAZI
19 iyul 2011 12:09 (UTC +04:00)

Azərbaycanda ordu quruculuğu müasir mərhələdə - III YAZI

Ordu – ilk növbədə hərbi kollektivdir, deməli insanlardan ibarətdir. Kim nə deyirsə desin, ordu cəmiyyətin bir parçasıdır. Eyni zamanda, ordu sosial qrupdur və sosiologiya, psixologiya kimi sosial elmlərin maraqlı tədqiqat obyekti ola bilər. Hərbi kollektivin sosioloji və psixoloji aspektdən tədqiqi, ona məhz bu aspektdən yanaşma bu gün dünyanın əksər sivil ölkəsində aktual məsələdir. Əsgər nə istəyir? O nədən narahatdır? Onu necə motivasiya etməli? Bu kimi suallar ətrafında düşünməyə dəyər.



Əsgər, təbii ki, robot deyil. Vərdiş aldığımız hərbi dərsliklərdən ilk növbədə insanda belə bir təsəvvür formalaşır ki, söhbət müəyyən bir varlıq olan insandan yox, sanki eyni cür proqramlaşdırılmış robotlardan gedir. Halbuki ilk baxışdan tam sinxron hərəkət edirmiş kimi təsəvvür yaradan cərgədə belə, bir az diqqətlə müşahidə etsək, iki əsgər tapa bilmərik ki, onlar doğrudan da tam sinxron addımlamış olsunlar. Bu, qeyri-mümkündür. Çünki söhbət insandan gedir. İnsan isə, nəinki başqa bir insanı, heç öz-özünü də tam “kopyalamaq” iqtidarında deyil. Misal üçün, biz hər hansı bir hərəkəti min dəfə təkrar etsək, bizə elə gələr ki, bu hərəkətlərin əksəriyyəti bir-birini tam “kopyalayır”. Amma elmi araşdırmalar göstərir ki, insan nə qədər eyni hərəkəti təkrarlamağa çalışsa, bir-birindən fərqlənən bir o qədər hərəkət etmiş sayılar. Yəni bəzi hərəkətlər sürət, bəziləri hərəkətin tərzi baxımından bir-birindən azca da olsa fərqlənəcək.


Burdan belə məlum olur ki, insan heç özü-özünü tam təqlid edə bilmir, o ki, qaldı başqasını. Bunun kökündə nə durur?
- İnsan psixologiyası. İnsan hər hansı bir hərəkəti edərkən nə barədə düşünürdü (nəzərə alaq ki, insan beyni çox sürətlə düşünmək və bir fikirdən digərinə keçmək qabiliyyətinə malikdir), kədərliydimi, ruh düşkünlüyü vardımı, halsız və yorğundumu, həvəsli və xoş əhval-ruhiyyədəydimi, ürəyinin ritmi, təzyiqi – bir sözlə, səhhəti nə vəziyyətdə idi, xətrinə dəyən olmamışdı ki, həmin vaxt ətrafda kimlər var idi və hansı hadisələr cərəyan edirdi, hava necə idi, külək əsirdimi – bu kimi yüzlərlə faktor insanı tam təqlid etməyə imkan vermir. Bu, insan psixologiyasının mürəkkəbliyini göstərir və onu yer üzünün əşrəfi edən də məhz Allahın ona bəxş etdiyi bu və bu kimi digər xüsusiyyətlərdir.


Bəzən heç düşünmədiyimiz, yaxud istəmədiyimiz, heç özümüzdən gözləmədiyimiz hərəkətləri azmı edib sonra öz-özümüzə sual vermişik ki, axı niyə mən belə etdim, bu mənim ağlıma haradan gəldi – məgər bu müəmmalı deyilmi?


Məhz bu xüsusiyyətlər nəticəsində insanı proqnozlaşdırmaq, onun hərəkətini, fəaliyyətini müəyyən rejimə salıb proqramlaşdırmaq çox çətindir.
Hərbi kollektivin idarə edilməsi baxımından bu, bir tərəfdən mənfi bir xüsusiyyətdir. Lakin digər tərəfdən, əgər insan asan proqnozlaşdırıla bilsəydi onu məhv etmək də asan olardı. Bu baxımdan bu mənfi xüsusiyyəti müsbətə çevirmək mümkün olsa, böyük nailiyyətlər əldə etmək olar.


Burada fərdi yanaşma ön plana çıxır. Hərbi kollektivə həm ümumi yanaşma, həm də fərdi yanaşma tələb olunur. Əgər ümumi yanaşma olmazsa, ayrı-seçkilik və haqsızlıq, ədalətsizlik yaranar ki, bu da, şəxsi heyətdə özbaşınalığa və inamsızlığa gətirib çıxara bilər. İnamsız əsgər isə, tiyəsi qırılmış bıçaq kimidir.


Fərdi yanaşma isə, hər bir əsgərdə inam yaradır ki, o, hərbi kollektiv və vətən üçün dəyər kəsb edir. Onun rəisi onun xətrini çox istəyir və ona hər mənada kömək etmək istəyir. Buna görə də onun hər problemi ilə maraqlanır.


Fərdi yanaşma insanın müsbət xüsusiyyətlərini üzə çıxarıb onları inkişaf etdirməyə, mənfi xüsusiyyətlərini isə aradan qaldırmağa kömək edir. Hərbi kollektivə fərdi yanaşma ilə ümumi yanaşmanı düzgün uyğunlaşdırıb tətbiq etməyi bacarmaq zabit üçün ən üstün keyfiyyətlərdən biridir.


Hərbi kollektiv mürəkkəb sosial qrupdur. O, ali təhsilli, natamam orta təhsilli, dözümlü, dözümsüz, heç vaxt ailə himayəsindən və nəzarətindən kənarda olmamış və ya kifayət qədər sərbəstliyə alışmış, böyük-kiçik sayılan mədəni bir ailədə tərbiyə almış və ya əksinə, ən elementar etik normalardan uzaq, əxlaqlı, yaxud əxlaqsızlığa meylli, varlı, yaxud kasıb, qaba təbiətli, yaxud həssas, bir sözlə, hər cur gəncləri birləşdirir, onlara eyni gözlə baxır və zabit də onların hər biri ilə işləməyi bacarmalıdır.


Ordu – eyni zamanda cəmiyyətin bir parçasıdır. Hərbi kollektiv nə qədər qapalı olursa-olsun, yenə də yaşadığımız cəmiyyəti əks etdirəcək. Çünki orduya gələn hər bir gənc özü ilə yaşadığı cəmiyyətin – ailənin, daima ünsiyyətdə olduğu dostlarının və s. – bir hissəsini hərbi kollektivə gətirir. Əgər cəmiyyətdə savadsızlıq, avamlıq, avaralıq, əxlaqsızlıq, pis vərdişlər geniş yayılmaqdadırsa, dövlətdən narazılıq varsa, insanlar bir-birinə qarşı inamını itiriblərsə, səviyyəsizlik və zövqsüzlük təbliğ olunursa bu, gec-tez hərbi kollektivə də sirayət edir. Buna görə də hərbi kollektiv, yaxud ordu cəmiyyətin davamıdır. Əgər söhbət Azərbaycan Ordusundan gedirsə, bu ordu amerikalılardan, yaxud ruslardan təşkil olunmayıb. Azərbaycan Ordusu bizim ordumuzdur. Biz necəyiksə, o da elədir. Bir sözlə, ordu cəmiyyətin bir hissəsi olduğuna görə, bizim kimi müharibə şəraitində olan ölkələrdə cəmiyyətdə cərəyan edən proseslər və meyllər daima nəzarət altında saxlanılmalı, təhlil olunmalı və lazım gəldikdə milli-mənəvi dəyərlərimizə, vətənpərvərlik hisslərimizə uyğun olaraq istiqamətləndirilməlidir.


Cəmiyyətdə gənclərə və yeniyetmələrə münasibət dəyişilməlidir. Doğma, yaxud yadlığından asılı olmayaraq, bu kateqoriyadan olan insanlara qarşı diqqətli davranmaq gərəkdir. Bu insanlar dövlətin və cəmiyyətin qayğısı ilə əhatə olunmalıdır ki, kifayət qədər yüksək əhval-ruhiyyə ilə orduya getsinlər. 2007-ci ilin ölkə başçısı tərəfindən “Gənclər İli” elan olunması və bu istiqamətdə respublikamızda görülən işlər, Prezidentin gənclərə qayğısı bu baxımdan təqdirəlayiqdir.



Ordu özü də cəmiyyətə təsir göstərir. Müasir sivil dövlətlərdə mövcud olan şəffaf vergi sistemi, silahlı qüvvələrə mülki nəzarət və ordu ilə bağlı qərar qəbul etmə prosesinə cəmiyyətin geniş təsir imkanları ona gətirib çıxarıb ki, vətəndaşlar orduya sərf olunan pullara və ordu ilə bağlı qəbul olunan qərarlara görə ölkə rəhbərliyindən parlamentdəki nümayəndələri vasitəsilə izahat tələb edir. Başqa sözlə, hökumət nəinki orduya, bütün istiqamətlər üzrə sərf olunan vəsaitə görə cəmiyyət qarşısında izahat verməli olur. Bu baxımdan ordu daima cəmiyyətin nəzarət altında olur. Orduda baş verən hər hansı bir hadisə cəmiyyətdə müəyyən rezonans doğurur.


Ordu əsas güc strukturu olaraq cəmiyyətdə mühüm tənzimləyici rol da oynayır. Ordu hətta ən passiv vəziyyətində belə, cəmiyyətə böyük təsir göstərir. Buna görə də qüdrətli orduya sahib olmaq və bu gücü düzgün təqdim etməyi bacarmaq təkcə xarici düşmənlərə deyil, daxili düşmənlərə də müəyyən mesaj verir. Cəmiyyətdəki potensial aqressiv və ekstremist qüvvələri əksər hallarda məhz bu faktor ipə-sapa yığır.
Ordu kişilik məktəbidir və bu məktəbi keçən gənclərimiz bir il - il yarım əvvələ nisbətən, ehtiyata buraxılarkən daha iradəli, qorxmaz, qətiyyətli, fiziki cəhətdən möhkəm və məsuliyyətli olurlar. Bu baxımdan ordu cəmiyyətdə mühüm təlim-tərbiyə institutu rolunu oynayır.


Ordudakı yüksək vətənpərvərlik hissi və mənəvi dəyərlər də cəmiyyətə sirayət edir. Uşaqlar əsgərlərdən nümunə götürür və onlar kimi olmağa çalışırlar. Şərəfli bir ordu millətə də şərəf gətirir və insanlar daima ona etibar edirlər, onunla qürur duyurlar. Şərəfsiz və uğursuz ordu isə əksinə, cəmiyyətə, ölkəyə artıq yük olur, bu ordunun əsgərləri, cəmiyyətdə ən aşağı sosial təbəqələrdən biri kimi qəbul edilir.


Ordunun siyasətə münasibəti də birmənalı qarşılanmır. Bir tərəfdən belə bir iddia irəli sürülür ki, hərbi qulluqçular da adi vətəndaşlar kimi siyasi fəaliyyətlə məşğul ola və istədikləri partiya mənsubiyyətini seçə bilməlidirlər. İkinci mövqe isə əksinə, hərbi kollektivin tam siyasətsizləşməsini dəstəkləyir.



İlk öncə qeyd etmək istərdik ki, birinci mövqe ordunun ruhuna tamamilə ziddir. Çünki ordu vahid komandanlıq prinsipinə sərt şəkildə əməl edən bir institutdur. Burada hər kəsdən, Ali Baş Komandandan başlamış birbaşa rəisinə qədər, tam tabeçilik tələb olunur. Əgər bu prinsipə əməl olunmazsa, orduda özbaşınalıq kök atar və qarşıya qoyulan məqsədlərə çata bilməz. Hərbi kollektivin spesifik xüsusiyyəti də məhz ondadır ki, müxtəlif cür düşünən, bir-birindən fərqli gənclərə elə təsir etmək lazımdır ki, onlar dövlətin, iqtidarda olan partiyanın siyasi iradəsinə tabe olsunlar dövlətimizin ədalətli mövqeyini dəstəkləsinlər. Yalnız bu halda hərbi kollektivi düzgün idarə etmək olar.
Siyasi liberalizm isə, cəmiyyətdən fərqli olaraq hərbi kollektivdə əks-effekt doğurur. Kollektiv daxilində ayrı-seçkiliyə, qruplaşmaya, anlaşılmazlığa, təxribata, sonda isə münaqişəyə gətirib çıxarır. Hətta bəzi siyasi qüvvələr bu vəziyyətdən istifadə edib ordu daxilində öz siyasi ideologiyalarını yaymağa, ordunu xalqa və dövlətə qarşı qaldırmağa, ondan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Son illərdə bəzi ölkələrin təcrübəsində bunun çox şahidi olmuşuq. Bir sözlə, bu mövqe ordu quruculuğu prinsiplərinə tam zidd bir mövqedir.



İkinci mövqeyə gəldikdə isə, o da müəyyən qədər nöqsanlıdır. Çünki tamamilə siyasətsizləşmək əsgərin dünyagörüşünü qapayır və onu savadsızlığa aparır. Heç bir siyasi savadı və siyasi təsəvvürü olmayan əsgər sonda hərbi xidmətə nə üçün gəldiyini, kimi və kimdən qoruduğunu da unudur. Siyasətsizləşmiş hərbi kollektivdə ideoloji-siyasi vakuum yaranır ki, siyasətdən anlayışı olan insanlar bilirlər, bu, necə təhlükəli bir haldır. Siyasi vakuuma hər şey dola bilər və ya siyasi vakuum özü hər şeyi sorub ala bilər.



Hərbi kollektivdəki siyasi vakuum ilk növbədə cəmiyyətdəki müxtəlif destruktiv və ekstremist qüvvələrin diqqətini özünə cəlb edir. Siyasi cəhətdən bişməmiş gənc əsgər narkotikin, içkinin, qumarın, əxlaqsızlığın, intizamsızlığın, özbaşınalığın, terrorun, zorakılığın girdabına daha tez düşə bilər. Hətta müxtəlif dini sektalar və təriqətlər də hərbi kollektivə daxil olub gənclərimizi dövlətçiliyimizin əleyhinə tərbiyə edə bilər. Buna görə də siyasi boşluq da ən azı siyasi bolluq qədər təhlükəlidir.


Beləliklə, üçüncü bir yola ehtiyac var - əsgərlərin siyasi şüurunu daima nəzarətdə saxlamaq, onları düzgün siyasi məlumatlandırmaq, təqdim olunan informasiyanı dövlətçiliyimizin maraqlarına uyğun olaraq düzgün seçmək və düzgün təqdim etmək. Siyasi baxımdan düzgün məlumatlandırılmış əsgər dünyadakı prosesləri, ölkəmizin tarixini, qan yaddaşımızı, dövlətimizin haqlı siyasi mövqeyini bilir və ümumi hərbi hazırlığa, hərbi xidmətə yüksək şüurla, məsuliyyətlə, intizamla yanaşır. Zabitlər də bu cür əsgərlərə böyük hörmətlə yanaşır və onlar tədricən hərbi kollektivin aparıcı qüvvəsinə, lokomotivinə çevrilirlər. Bu cür əsgərləri idarə etmək də asan olur və onlar kollektivin digər üzvlərinin də intizamlı olmasına öz şəxsi nümunələri ilə zəmin yaradırlar.



Ordu-cəmiyyət münasibətlərində digər mühüm bir məqam, xalqın övladlarından təşkil olunmuş silahlı qüvvələrə ölkə rəhbərliyinin münasibətdir. Bu münasibət, eyni zamanda ordunun cəmiyyətdəki nüfuzunu müəyyən edir.


Bu baxımdan Azərbaycan Ordusunda, hesab edirik ki, problem yoxdur. Ölkə başçısı ordu quruculuğunu dövlət quruculuğunun prioritet bir sahəsi hesab edir. Onun və digər rəhbər şəxslərin mütəmadi olaraq hərbi hissələrdə olmaları, əsgərlərin problemləri ilə maraqlanmaları bunu sübut edir.


Prezident ordunun maddi təminatına da böyük diqqət ayırır. Bir qayda olaraq, dövlət büdcəsindən ən böyük ayırmalar məhz müdafiə sahəsinə olur. Son bir neçə il ərzində hərbi xərclərimiz 13 dəfədən çox artıb. 2010-cu ildə Azərbaycanın hərbi xərcləri qonşu Gürcüstan və Ermənistanın birgə götürülmüş hərbi xərclərindən təqribən iki dəfə çox olub. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü iqtisadiyyata malik olan ölkə olmaqla yanaşı, həm də ən qüdrətli orduya sahibdir. Halbuki təxminən 20 il əvvəl Azərbaycan Ordusu hər tərəfdən dəstək alan Ermənistan ordusunun qarşısında çox zəif görünürdü.


Bütün bunlar Azərbaycan prezidentinin ordu quruculuğuna göstərdiyi böyük diqqətin nəticəsində baş verib. Ordu və prezident arasında mövcud olan bu möhkəm bağ cəmiyyətin orduya münasibətinin formalaşmasına da öz təsirini göstərir. Bu gün Azərbaycan hərbçisi birbaşa ölkə rəhbərliyinin himayəsi və qayğısı ilə əhatə olunub. Cəmiyyət də Silahlı Qüvvələri kifayət qədər nüfuzlu və səviyyəli bir institut kimi qəbul edir və artıq hərbçi peşəsi sanballı bir peşə hesab olunur. Bu inamın və ordu quruculuğu sahəsində aparılan ardıcıl islahatların nəticəsidir ki, on beş il əvvəl xroniki xəstəliyə çevrilmiş fərarilik artıq yox səviyyəsinə enib. Bu, cəmiyyətin orduya və dövlətə inamının artdığını göstərən əyani bir misaldır.


Emin HƏSƏNLİ


politoloq
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676

Oxşar yazılar