Cəsarət Sadıqov: “Ermənilərin 50-60 metrliyindən keçdik...” - DÖYÜŞ HEKAYƏTİ
16 iyul 2011 14:25 (UTC +04:00)

Cəsarət Sadıqov: “Ermənilərin 50-60 metrliyindən keçdik...” - DÖYÜŞ HEKAYƏTİ

Döyüş tariximiz rubrikasının qonağı keçmiş kəşfiyyatçı Cəsarət Sadıqovdur. ASALA terror təşkilatının hərbi qanadının rəhbəri olan “Avo” ləqəbli Monte Melkonyanın məhv edilməsi ilə bağlı əməliyyatda iştirak edən 12 kəşfiyyatçıdan biri olan Cəsarət Sadıqov bizimlə söhbətdə döyüş yolundan, acılı-şirinli xatirələrdən danışdı...

“Bir gün axşam saatlarında getdik, minanı yolda basdırdıq”

Keçmiş Martuni, hazırkı Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşam. Muğanlı rayon mərkəzindən 4 kilometr kənarda yerləşdirdi. 1988-ci ildə ermənilərin iddiaları başladı. O vaxt 18 yaşım tamam olurdu, sovet ordusu sıralarında qulluq etməyə getməli idim. Ancaq vəziyyət dəyişmişdi. Ara qarışdı, kəndimiz Martuni rayonuna tabe olduğu üçün qaldım. Mənimlə bərabər kənddə həmyaşıdlarımın da bəziləri qalmışdılar. Biz kəndin müdafiəsi ilə bağlı könüllü dəstə yaratmağa başladıq. O vaxt azərbaycanlılarla ermənilər arasında rus ordusu dayanırdı. Rus ordusu da ermənilərə xidmət edirdi. 1988- 1989-cu illərdə silah, sursat yox idi. Ov tüfənglərini də ermənilər rusların əli ilə yığdılar. Biz təmiz əliyalın qaldıq. Bundan sonra biz tir tüfəngləri aldıq, əldəqayırma silahlar düzəltdik. Silahsız biz heç nə edə bilmirdik, rus ordusu da bizə imkan vermirdi. 1991-ci ildə İbad Hüseynov əsgərlikdən gəldi. Mən İbadla dost olmuşam, əsgərliyimiz bir yerdə keçib. İbad rus ordusunda təlim görmüş hazır döyüşçü kimi qayıtmışdı. 12 nəfərlik dəstə yaratdıq ki, nə isə edək. İbad bizə təlim keçdi, çünki biz əsgərlik görməmişdik. Silah almaq üçün ermənilərin fermalarından mal-qara çıxarıb satdıq, bu pula müxtəlif yollarla silah əldə etdik. Bu yolla 4 silah əldə etdik. Bizim Qaradağlar kəndi vardı, erməni kəndlərinin əhatəsində idi. Elə olurdu ki, ermənilər onlara hücum çəkəndə biz köməyə gedirdik. Ermənilər bizə görə Martunidən Qarakəndə asfalt yolla gedə bilmirdilər.

O vaxt ermənilərin sarı rəngli bir ZTR-i vardı. Qarakənddən Martuniyə dağlıq yol gedirdi. ZTR müəyyən vaxtda üzərində erməni silahlıları ilə birlikdə dağlıq yolla Martunidən Qarakəndə gedirdi. Müəyyən qədər silahlar, dinamit əldə etmişdik. Onlardan istifadə etməyi də İbad bizə öyrədirdi. İbad dedi ki, gedək, yola mina basdıraq, ZTR-i partladaq. Bir gün axşam saatlarında getdik, minanı yolda basdırdıq, çəkilib bir xeyli kənarda durduq. ZTR orada minaya düşdü, çala kimi bir yerə aşdı. ZTR-in içərisində olanların öləni də, yaralananı da oldu.

“Rusların vertolyotu bizi tutmaq üçün havaya qalxdı”


Sonra ermənilər Martunidən Qarakəndə dağdan, meşənin arxa tərəfindən yol çəkməyə başladılar. Biz bir dəfə kəşfiyyat zamanı bunu aşkarladıq. İbad dedi ki, gözləyək, fasilə çıxanda dinamitləri traktorların mühərriklərinə qoyaq. Orada 7 traktor işləyirdi. Günorta saatlarında onlar traktorları ərazidə qoyub, yeməyə getdilər. Onlar çəkiləndən sonra biz 7 traktorun hamısının mühərriklərini partlatdıq. Rusların vertolyotu bizi tutmaq üçün havaya qalxdı. Biz 7 nəfər idik, meşəyə doğru qaçdıq, çünki orada nə isə etmək mümkün deyildi. Gecə qaldıq, səhərə yaxın kəndə gəldik. Çünki rus ordusunun bizi tuta bilməsindən ehtiyatlanırdıq. Çünki həmin vaxt ruslar tutduqları azərbaycanlıları ermənilərə verirdilər.

1992-ci ildə Milli Ordu yarandı, biz də ordu sıralarına getdik. Bizim dəstə əvvəlcə bölük formasında oldu, sonra tabor formasına keçdi. Bunun əsasında sonra N saylı hərbi hissə yarandı və həmin hissə bu gün də mövcuddur. Hərbi hissədə kəşfiyyat tağımı yarandı və onun komandiri yenə də İbad oldu. Çünki hərbi hissənin də komandirləri gördülər ki, peşəkarlığına və uzaqgörənliyinə görə kəşfiyyat tağımının komandiri İbad kimi döyüşçü olmalıdır.

...1992-ci ildə əhalisi 500 nəfər əhalisi olan Muğanlı kəndi bir gecədə işğal olundu. İşğaldan əvvəl oktyabr ayında yerli uşaqları bir az arxaya çəkdilər, kəndə başqa taborları yerləşdirdilər. Biz atışma, döyüş görmüşdük, onlar isə cavan uşaqlar idilər. Rus ordusu güclü artilleriya zərbəsi endirdi, bir gecədə kənd getdi. Daha doğrusu, 5 kənd işğal olundu. Biz ondan əvvəl kəndin əhalisini, qocaları, uşaqları, qadınları çıxarmışdıq. Çünki hər dəqiqə hər şey ola bilərdi. Biz sonra Ağcabədi istiqamətə gəldik. Onu da deyim ki, indi də Xocavəndin 20 min hektara yaxın ərazisi Azərbaycanın nəzarətindədir. O torpaqlar bizim sayəmizdə qaldı.

“Mina partladı, yaralandıq”

1992-ci ilin avqust ayının ortaları idi. Çirişli dağı vardı, rusların xəritəsində Plotəpə kimi gedirdi. Gecə o postu almağa getdik. İbad yenə qabaqda gedirdi. Gecə saat 2 olardı. Arxadan keçdik. İbad qabaqda minanın simini tapdı. Mina sim ilə çəkilmişdi. İbad göstərdi ki, addımınızı bir-bir atıb, üstündən yavaş-yavaş keçin. Posta 10-15 metr qalmışdı. Postun qarşı tərəfində də bizim tağımlar yerləşmişdi ki, postu götürəndən sonra səngərə yerləşsinlər. 4-5 nəfər minanın siminin üzərindən keçmişdi ki, uşaqlardan biri simə ilişdi, mina partladı, 8 nəfər yaralandıq, 1 nəfərimiz həlak oldu. Mən ayağı ilişən döyüşçünün arxasında idim, yaralandım. İbad orada həmin posta tək girdi, mən bunun şahidiyəm. Çünki hamımız yaralandıq. İbadın arxasınca simin üzərindən keçən uşaqlar da yaralandılar. İbad xeyli qabaqda olduğu üçün yaralanmadı. İbad geri qayıtsa idi, ermənilər yəqin ki, İbadı vuracaqdılar. İbad geri qayıtmadı, səs-küy etdi, səngərə qumbara atdı, avtomatdan, qumbaraatandan atəş açdı. Ermənilər də o postdan qaçmağa başladılar, bir neçəsi də özlərinin minasına düşdü. Sonra bizim tağımlar bizi oradan götürdülər. Məni qolumdan, qılçamdan yaralanmış, başımdan travma almışdım. Çünki məndən öncəki oğlan minaya ilişən zaman mina partladı. Məni əvvəlcə Sarıcalıya, oradan da Bakıya, “Semoşka”ya (Respublika Kliniki Tibbi Mərkəz) gətirdilər. 2 aya yaxın orada müalicə olundum. O vaxt mənə dedilər ki, travma alıbsan, əlillik dərəcəsi al, qal. Dedim ki, yox, torpaqlarımızı azad etməliyik. Yenidən döyüşə qayıtdım.

“Ermənilərin postunun arxasına keçdik”

1993-cü il idi. Kuropatkində köhnə qəbiristanlıq vardı. Qəbiristanlığın arxasında, Beyləqan istiqamətdə ermənilərin bir postu yerləşirdi. Bir gün İbad dedi ki, komandir o tankın partladılması barədə tapşırıq verib. Gecə ilə tank gəlib-gedən yola 7 mina basdırdıq. Tank o yolda minaya düşdü. Ermənilərin bir tankı da vardı ki, qəbiristanlıqdakı postda idi, tərpənmirdi. O tank bizim mövqelərə atəş açıb, geri çəkilirdi. O tankı da partlatmalı idik. 8 nəfərlə getdik, ermənilərin postunun arxasına keçdik. İbad onları bir az kənarda qoydu, ikimiz qabağa keçdik. İbad dedi ki, səngər istiqaməti gözlə, kimsə gəlsə, məni qoruyarsan. İbad minanı tankın arxasına basdırdı ki, tank atəş açıb arxaya verəndə yüz faiz minaya düşsün. İbad 3-4 dəqiqə sonra yanıma qayıtdı, dedi ki, artıq hazırdır, basdırdım. Biz heç bir səs-küy etmədən geri qayıtdıq. Səhər saatları idi, biz hələ öz mövqeyimizə çatmamışdıq, bir az aralıda gözləyirdik. Həmin vaxt tank atəş açdı, arxaya verəndə minaya düşdü.

Tanklardan birini də Qaraçur dağında partlatmışıq. Həmin dağ Füzuli istiqamətində uzanırdı. Bizim kənddən o dağa Kuropatkin kəndinə yol çıxırdı. O dağ Beyləqanın üst tərəfində idi. Bu hadisə 1993-cü ilin sonlarında oldu. O tank dağın üstündə idi, Ağcabədi istiqamətində Beyləqan, Hərami düzü tərəfdə bütün yerləri görürdü. O tank arada yerini dəyişirdi. Yenə getdik, İbad uşaqları qoyub, mənimlə qabağa gəldi, yenə də özü minanı basdırdı. O tank partladılarkən üzərində çoxlu erməni öldü. Biz o döyüşlərə gedəndə ölümü göz önünə alırdıq, ancaq İbad komandirimiz və daha peşəkar olduğu üçün o məqamlarda özü qabaqda olur, bizi buraxmırdı.

1993-cü ilin yayında hər gün Ağdam istiqamətindən Martuniyə içərisi hərbçilərlə dolu bir maşın, bir də tank gedirdi. Gecə ilə o yolda şahmat formasında 7 mina basdırdıq. Gündüz o maşın da, tank da minaya düşdü, onların içərisindəkilər də məhv oldular. Bir sağ erməni çıxmadı.

“O, bizim evimizdir...”

1993-cü il iyunun 10 unda səhər tezdən erməni tankları Ağcabədi rayonunun Qiyaməddinli kəndinə hücum etdi. Cəbhə xəttindən xeyli aralı yerləşən bu kəndə hücum gözlənilməz idi. Günorta saatlarına yaxın kəşfiyyatçıların yerləşdiyi əraziyə hərbi geyimli bir adam gəldi. İbadla maşına oturub dərhal da uzaqlaşdılar. Ancaq axşama yaxın İbad həmin adamla qayıtdı. Maşından düşmədən xeyli söhbət etdilər. UAZ maşını getdikdən sonra İbad tağıma dərhal yatmaq əmrini verdi. Bu o demək idi ki, “dincəlin, gecə əməliyyata gedirik”. Ənənəvi olaraq biz beş nəfər yenə məsləhətləşirdik. 3 gün əvvəl düşmən arxasından qayıtmışdıq. Bu nə idisə, Qiyaməddinli kəndinə hücumla əlaqədar idi. Bu dəfə də cəbhə xəttini Kuropatkin istiqamətindən keçib Martuni rayon mərkəzinə yaxınlaşmalı idik.

Bir məqamı qeyd edim. Biz Muğanlı kəndində dəfələrlə günortalar kəşfiyyatda olmuşuq, şəkillər çəkdirmişik. O şəkillərin birində mən əlimdə avtomat bir evin ikinci mərtəbəsi ilə birinci mərtəbəsi arasında durmuşam. O, bizim evimizdir, şəklini sizə verəcəyəm. Bir şəhidimiz qəbiristanlıqda basdırılmışdı, kəşfiyyatda o şəhidin qəbrinin ətrafında da şəkil çəkdirmişik. Bunların hamısını biz gündüz ermənilər görə-görə etmişik. Ermənilərin ağlına gəlməyib ki, biz azərbaycanlıyıq. Ermənilər yəqin ki, düşünüblər ki, bunlar Azərbaycan kəşfiyyatçılarıdırsa, əyilər, gizlənər, qaçar.

Gecə ikən biz artıq Kuropatkin kəndində idik. Martuniyə bitişik Muğanlı, Əmrallar kəndini, ermənilərin dağların arxasında yerləşən hərbi bazalarına gedən yolları, yüksəkliklərdə qərar tutmuş istehkamlara gedən yolları müşahidə etdik. Gündüzlər Azərbaycan artilleriyasının açıq zərbələrindən ehtiyat etdiklərindən gecələr işıqları söndürərək texnikalarını işə salırdılar. Səhərə yaxın biz Muğanlıya qayıtdıq. Yandırılmış evlərdən birinin zirzəmisində qərar tutduq. İki nəfər müşahidə məntəqələrində keşik çəkirdi. Müşahidə etmək üçün yandırılmış evin damı və uca çinar ağacı seçilmişdi. Günortaya yaxın keşikçilər Kuropatkin istiqamətindən Muğanlıya tərəf UAZ markalı maşının hərəkət etdiyini xəbər verdilər. İbad pişik cəldliyi ilə ağaca dırmaşıb Muğanlıya istiqamət götürən maşını binoklla xeyli müşahidə etdi.

“Güllə dəyəndə əyildi, bir də durdu”

Yeri gəlmişkən, Avo haqda ratsiyada eşitmişdik. Bilirdik ki, Martunidəki hərbi birləşmələrin komandiridir. Onun məhz bu UAZ da gəzdiyini də təxmin etmişdik. Açığı, onun haqda elə bir informasiyaya malik deyildik. Ola bilsin ki, komandanlıqda onun haqda daha çox məlumat vardı. Biz hələ də bu əməliyyatın əsl məqsədini bilmirdik...

İbad tez də qayıtdı. Çinar ağacında yaxşı komuflyaj edilmiş kəşfiyyatçı dayanmadan UAZ-ın istiqaməti haqda məlumat verirdi. İbad tələsik əməliyyat planı cızdı. Plana əsasən İbadla Fikrət və Elçinlə mən ayrı-ayrı istiqamətdən yolları nəzarətə götürdük. Bu əməliyyatda hamının iştirakına ehtiyac yox idi. Tam mühasirədə olan kənd yüksəkliklərdəki ermənilərin nəzarəti altında idi. Ən kiçik qruplarla hərəkət etmək daha düzgün idi. Keşikçilərin verdiyi məlumata əsasən UAZ dayanmışdı. Ensiz dağ çayından keçmək maşın üçün problem yaratmışdı. Çay ensiz də olsa, dərin idi. O çayın üzərində körpü vardı, o körpünü kənddən çıxanda biz partlatmışdıq. Ermənilər də o körpünü bərpa etməmişdilər. Bir az aralıda erməni hərbçiləri vardı, UAZ çayda batanda qaça-qaça ora gəldilər. UAZ-dan düşən bir nəfər onlara işarə etdi, onlar da maşını çıxarmağa başladılar. Maşından düşən həmin şəxs Muğanlı tərəfə istiqamət götürdü. Muğanlı kəndinin kənarlarında ermənilərin mövqeləri vardı. Digər iki silahlı onu müşayiət etmək istəsə də, geri qaytarıldılar. Bu, bizim üçün göydəndüşmə fürsət idi. Biz bu kənddən olduğumuzdan Avonun hansı yolla gedəcəyini yaxşı bilirdik. Ona görə də, biz dərhal ehtimal olunan yolları nəzarətə almaq üçün ayrıldıq. Məqsəd Avonu diri ələ keçirmək idi. İbad onun hansı yolla gedəcəyini hiss etmişdi. Avonun gəldiyi yol kəndin məktəbinin yanından keçir. Bura kəndin içərisi olduğundan ətrafdan yaxşı görünmürdü. Məktəbin çəpərinin tinində İbadla Fikrət onunla qarşılaşdı. İbad ona rus dilində ona təslim olmasını əmr etdi. Avo donub qalmışdı. Atəş açmaq istəyəndə İbad onu güllə ilə vurdu. Güllə dəyəndə əyildi, bir də durdu. İstədi ki, avtomatdan atəş açıb bizi vura, İbad yenə atəş açdı. O, yerə yıxıldı, avtomat əlindən düşdü. Avo avtomatı götürmək istəyəndə İbad təpiklə onun sifətinə vurdu. Mən Elçinlə hadisə yerinə çatanacan İbad artıq Avonun işini bitirmişdi. Təpik zərbəsi onun sifətini eybəcər yala salmışdı. Biz vaxt itirmədən Avonun silahını, bloknotunu, qələmini və başqa şəxsi əşyalarını götürdük. Meyiti yandırılmış məktəbin bağına atdıq, torpağın üzərinə axıdılmış qan izlərini itirərək uşaqların yanına qayıtdıq. Açığı, bu adamın məhz Avo olduğuna məndə bir az şübhə vardı. Amma İbad bunun məhz Avo olduğunu israr edirdi. Az sonra baş verənlər İbadın haqlı olduğunu üzə çıxardı. Təxminən 2 saat sonra 4-5 radələrində Martuni tərəfdən bir neçə yük maşınında yüzlərlə erməni 4 tankla Avonu axtarmağa başladılar.

“Hər kolun dibini belə axtarırdılar”

Avo qışqırıqları kəndi başına götürmüşdü. Onlar az qala hər kolun dibini belə axtarırdılar. Buradan salamat çıxmağa heç bir ümid yox idi. Açıq döyüşə girmək mənasız idi. Bizim məhz burada olduğumuzu bildiklərindən Muğanlı tam mühasirəyə alınmışdı. Az sonra ermənilər kəndi güclü atəşə tutdular. Bir neçə dəfə kəndi ələk-vələk etsələr də, nə Avonun meyitini, nə də bizi tapa bildilər. Xoşbəxtlikdən hava qaralırdı. Ermənilər projektorların gur işığı altında axtarışı səhərədək davam etdirdilər. İbad dəstəni mühasirədən çıxarmaq üçün ehtimal olunan tərəfə yox, əksinə, Martuni istiqamətinə hərəkət etdi. Oradan bizim çıxmağımız bir möcüzə oldu. Ən xırda qruplarla tez-tez yerimizi dəyişərək gizlənməyə müvəffəq olduq. Biz kəndin aşağısına doğru çıxmadıq, Ağdam istiqamətinə çıxdıq ki, ermənilər bilməsin. Həm də bizim sərbəst hərəkət etməyimiz erməniləri şübhələndirməməsi üçün elə onlar istiqamətə getdik. Kənddən çıxanda onlar bizi görürdülər, aramızda məsafə 50-60 metr idi. Biz 2-3 nəfərlik qrupla hərəkət edirdik. Biz də elə hərəkət edirdik ki, guya biz də ermənilərik, Avonu axtarırıq. Bu yolla onların mühasirəsindən çıxa bildik. Bir qanqallı yerə çatdıq, orada oturduq. Artıq axşamtərəfi idi. Bu zaman erməni tanklarından biri üstümüzə gəldi. İbad dedi ki, artıq bizi görüblər, bu tank bizi vuracaq. İbad qumbaraatanı götürdü ki, tankı vursun. Orada döyüş başlasa, bizim oradan çıxmamız qeyri-mümkün idi. Çünki 10-15 kilometr cəbhə xəttindən kənarda, ermənilərin arxasında idik. 1 kilometr məsafə deyildi ki, qaçaq, yaxud meşəlik, dağlıq ərazi deyil ki, gizlənək. Açıqlıq bir yer idi. İbad tankı vurmaq istəyəndə 7-8 metr qalmış tank döndü, əks istiqamətə getdi. Nə baş verdiyini anlamadıq. Sonra bir az da gözlədik, toranlaşanda Ağdama doğru hərəkət etdik. Biz yalnız səhərə yaxın Ağdamın Mərzili istiqamətindən iki erməni postunun arasından cəbhə xəttini keçə bildik. Heç bir itki vermədən öz hərbi hissəmizə qayıtdıq. Aparılan müşahidələrə görə ermənilər daha iki gün Muğanlıda axtarışları davam etdiriblər. Beləliklə, Avonun ələ keçirilməsi və ya məhv edilməsi məqsədilə keçirilən əməliyyat başa çatdı. Briqadaya gəldik. Bizə uğurlu əməliyyata görə mükafat da verdilər. Avo məhv ediləndən sonra uzun müddət sakitlik yarandı.

O vaxtlar bizim sol tərəfimizdə bir post vardı. Lənkəran taboru həmin postu yiyəsiz qoyub çıxmışdı. Bir kilometr məsafə idi, o postu da bizim kəşfiyyat saxladı. Ermənilər də o vaxt başa düşmədi ki, o müddət ərzində postda yalnız 20 nəfərdir. Sonra ora əlavə qüvvə, taborlar gəldilər. Biz yenə də kəşfiyyatla məşğul olmağa başladıq.

“Başımı nişan almışdılar, sol əlimin baş barmağına dəydi”


İkinci dəfə 1994-cü ilin əvvəlində yaralanmışam. Bu, axırıncı döyüş idi. Xocavənd istiqamətində hücum olmalı idi. Guya geniş miqyaslı hücum olmalı idi. Kuropatkin istiqamətində ermənilərin səngərində bunker vardı, pulemyot qoymuşdular. Uşaqlardan qumbaraatanı aldım, 3 dəfə səngərə atdım. Dördüncünü atanda uzaqdan snayperlə məni vurdular. Yəqin ki, başımı nişan almışdılar, təsadüfən sol əlimin baş barmağına dəydi. Həmin atəş sağ tərəfdə bir təpədə olan ermənilərin postundan açıldı. Geniş miqyaslı hücum olmadı, bir istiqamətdən oldu, sonra da komanda verildi, geri çəkildik.

...Hələ orduda olarkən 1995-ci ildə ailə qurdum. 1996-cı ildə tərxis oldum. İki oğlan övladım var, gələcəyin əsgərləridir. Böyük oğlumun 15, kiçik oğlunun 11 yaşı var. Yataqxanada qalırıq. İkinci qrup əliləm.

Müharibədə olduğum üçün təhsilim də yarımçıq qalıb. 1989-cu ildə Mingəçevirdə peşə məktəbini bitirmişəm. 1991-ci ildə könüllü özünü müdafiə dəstəsində döyüşdüyüm zaman Azərbaycan Xalq Təsərrüfatı Universitetinə qəbul olmuşam, qiyabi şöbədə istehsalın iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə oxumuşam. Ancaq müharibə səbəbindən ali məktəbi bitirməmişəm, yarımçıq qalıb. Sonra qayıtmadım, hələ də durur. Mümkün olsa, təhsilimi davam etdirmək, ali məktəbi bitirmək istərdim. İşsizəm, elə əlillik müavinəti ilə övladlarımı böyütməyə çalışıram....

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1314

Oxşar yazılar