Ceyhun Osmanlı: “Deputat maaşı bəs eləmir” – MÜSAHİBƏ
07 iyul 2011 15:46 (UTC +04:00)

Ceyhun Osmanlı: “Deputat maaşı bəs eləmir” – MÜSAHİBƏ

Lent.az yeni layihəyə start verir. “Yeni deputat” layihəsində oxucularımıza 2010-cu il parlament seçkilərində ilk dəfə mandat qazanaraq, Milli Məclis üzvü olmağa nail olan şəxsləri tanıtdırmağa çalışacağıq. Layihədə yeni deputatların siyasi kimliklərindən daha çox, onların intellektual tərəfləri, deputat seçilmək yolları və s. barədə söhbətləşəcəyik.


Layihənin ilk qonağı kimi dəvət etmək barədə də çox düşünməli olmadıq. Elə “yol böyüyün, müsahibə kiçiyin” deyib, parlamentin həm ən gənc, həm də yeni deputatı, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı ilə söhbətləşdik.


- Ceyhun bəy, rubrikanın da profilinə uyğun olaraq, sizcə, Ceyhun Osmanlının xüsusi təqdimata ehtiyacı var, yoxsa təqdimata gərək duymursunuz?

- Nəzərə alsaq ki, zaman və nəsillər dəyişir, zaman dəyişdiyinə görə reallıqlarda da dəyişir, hər bir insanın təqdimata ehtiyacının olduğunu söyləmək olar. Hətta hər kəsin hər gün təqdimata ehtiyacı var. Əsas odur ki, təqdimatlar doğru, obyektiv olsun.


“Ceyhun Osmanlı gənclər sahəsində sosial işçidir”

- Onda, sizi biz təqdim etməyək, tam obyektiv olmaq üçün özünüz Ceyhun Osmanlını təqdim edin.


- Sırf iş təcrübəmi ortaya qoysam, təxminən 11 ildir, gənclər siyasəti ilə məşğulam. Sözün düzü, 11 il əvvəl bu iş məndə hobbi olaraq başlamışdı. Gənclərin ictimai həyatda daha aktiv iştirakını təmin etməyə həvəsli idim. Ancaq məndə uzun davam etdi və bu sahəyə göstərdiyim həvəs, maraq məni elə burada saxlayaraq, peşəkar gənclər işçisi olmağa sövq etdi. O insanlar ki uşaqlarla, gənclərlə, qocalarla işləyirlər, bu, ayrıca bir sənətdir. Deputat olmamışdan əvvəl bir cümlə ilə, peşəkar bir terminə ifadə etsəm ki, Ceyhun Osmanlı kimdir, deyərdim ki, Ceyhun Osmanlı gənclər sahəsində bir sosial işçidir.


“Sinif yoldaşlarım deyərdi ki, Ceyhun bütün siyasətçilərin adını əzbər bilir”

- Necə oldu deputat olmaq fikrinə gəldiniz? Nə vaxt qərar verdiniz seçkiyə qatılacağınızı?


- Mən məktəb vaxtından siyasətə maraqlı olmuşam. Sinif yoldaşlarım deyərdi ki, Ceyhun bütün siyasətçilərin adlarını əzbər bilir. Ancaq o zaman düşünmürdüm ki, özümü siyasətin hansı hissəsində görə bilərəm?! Bununla belə, universitetə ixtisas seçimi zamanı ilk seçimim politologiya oldu və Bakı Dövlət Universitetinin bu fakültəsinə də daxil oldum. Əsas hədəfdən heç vaxt yayınmamışam. Həmişə bir şeylər etmək arzusu ilə yaşamışam. Heç vaxt qısamüddətli uğura inanmamışam. Uğur qazanmaq üçün uzun müddət çalışmaq lazımdır.

- Nə baş verdi ki, deputat olmaq istədiniz? Buna özünü hazır hiss etdiniz yoxsa, anidən bu qərara gəldiniz?

- Yox, əlbəttə, bu, bir dəfəyə veriləcək qərar deyil. Seçkilərə təxminən bir il qalmış, dostlarım, yaxınlarım, iş yoldaşlarım məndən bu barədə soruşur, namizəd olub-olmayacağımı bilmək istəyir, “niyə də olmayasan” deyə, israr edirdilər. Bu barədə qərar vermək çətin idi. Əlbəttə ki, mən də bu barədə qohumlarla, böyüklərimlə məsləhətləşmişəm. Şükürlər olsun ki, seçkiyə qatıldım və uğur qazandım.


““İrəli” ilə deputatlığı müqayisə etmək istəməzdim”

- “İrəli” İctimai Birliyi və deputat mandatı. Bu iki vəzifədən hansı sizin daha məsuliyyətli, daha əziz və ya daha əziyyətlidir?


- Bunlar bir-birindən fərqli məsələlərdir. “İrəli” yaranandan bəri burdayam, iki ildən çoxdur ki, təşkilatın sədriyəm. “İrəli” ilə deputatlığı müqayisə etmək istəməzdim. Deputatlığa əsasən, iki məsələ daxildir. Bir - seçildiyin bölgənin insanlarının problemləri ilə maraqlanmaq, onların həllinə çalışmaq, iki - parlamentdə qanun yaradıcılığında iştirak etmək. Ancaq “İrəli” sədri kimi vəzifələrimə nəzər salsaq, buraya bir çox məsələnin daxil olduğunu görərik. Əvvəla, tutaq ki, mənim seçildiyim dairədə 40 min adam varsa, ölkədə ümumilikdə 3 milyondan çox gənc var və bu gənclərin hamısı ilə işləmək istəyimiz var.


- Belə başa düşdüm ki, “İrəli” sədri olmaq daha çətindir.

- Mən peşəkarlığa iddia etmirəm, heç vaxt peşəkar olduğumu demərəm. Ancaq məqsədimiz peşəkar olmaqdır. Peşəkar adamların işi ondan ibarətdir ki, onlar bir, üç, beş işdə çalışmaqlarından asılı olmayaraq, məsul olduqları məsələlər ardıcıl fəaliyyət göstərsin.


“Seçicilərə ailə üzvü, doğma adam kimi yanaşmışıq”

- Artıq yarım ildir ki, deputat mandatı daşıyırsınız. Seçicilərinizlə bağlı gördüyünüz 5 mühüm işi saya bilərsiniz?


- Mən və komandam seçicilərə ancaq parlamentdə qanun yaradıcılığı kontekstində deyil, bir növ, ailə üzvü, doğma adam kimi yanaşmışıq. Arxada qalan aylarda onlarla iş görmüşük. Misalçün, 5 ay Sabirabad rayonundan olan 33 insanı pulsuz cərrahiyyə əməliyyatı etdirmişik. İki kəndin yol məsələsini həll etmişik, kompüter kursları açmışıq, suvarma ilə bağlı bir sıra problemlər qaldırmış və qismən həllinə nail olmuşuq. Bir peşə məktəbində kompüter otağı yox idi, bizə müraciət etdilər, biz şirkətlərdən birinin köməkliyi ilə orada böyük bir kompüter otağı yaratdıq. 2000 nəfərin pulsuz müayinəsini təşkil etmişik. Belə işlərdən bir neçəsini də əlavə etmək olar. Əminliklə deyirəm ki, bir məktub belə cavabsız qalmayıb. Mənim Sabirabadda köməkçim var və bütün günü orada oturur, bu işlərlə məşğul olur.


- Bütün bu işləri “İrəli”nin təşkilatçılığı ilə həyata keçirirsiniz?

- Əlbəttə, bir çox məsələnin həllində “İrəli”nin imkanlarından faydalanır, təşkilatın köməyinə baş vururuq. Ancaq bəzi hallarda bir də görürsən, hansısa məsələ ilə bağlı dövlət qurumlarından təcili sorğu almaq lazım olur. Belə hallarda deputat mandatının da imkanlarından istifadə edirəm.


““İrəli” olmadan namizədliyimi irəli sürsəydim, deputat ola bilməzdim”

- “İrəli” sədri Ceyhun Osmanlı deputat Ceyhun Osmanlını kürəyində daşıyır desəm, yanılmış olmaram ki?


- Mən niyə yalandan deyim ki?! “İrəli”dəki uşaqlar mənə çox yaxından kömək edirlər. Belə deyək, mən, “İrəli” olmadan, ictimai fəaliyyəti olmayan biri kimi namizədliyimi irəli sürsəydim, bəlkə də deputat ola bilməzdim. Bu gün də Sabirabad da bir çox layihəni “İrəli” həyata keçirir.

- Seçki kampaniyası dövründə Sabirabadda həyata keçirdiyiniz bir sıra layihələr – dişlərin müalicəsi, nərd çempionatı və s. – ironiya ilə, gülüşlə qarşılanırdı. Bunu siz də hiss edirdinizmi?

- Bilirsiniz, problem varsa, onu həll etməyin nəyi pisdir ki? Nəyi pis idi ki, biz iki aylıq kampaniya müddətində Sabirabadda 500-ə yaxın aztəminatlı ailənin uşaqlarının dişlərini pulsuz müalicə etdirdik?! Biz, o cümlədən, nərddən tutmuş, tennisə qədər, şahmatdan tutmuş voleybola qədər bütün idman növlərinə qarşı insanlarımızda maraq oyatmağa çalışırıq. Məqsədimiz qısamüddətli əyləncələr təşkil etmək deyil, insanlarımızın həyatına maraqlılıq qatmaq, onları sosial həyata daha çox qoşmaqdır.


“Kim deyirsə, deputatlar maaşlarından istifadə eləmir, səhv danışır”

- Yəqin, siz də deputat olana qədər eşitmiş olardınız, belə söhbətlər var ki, deputatlar maaşlarını almırlar, onların maaşa ehtiyacı yoxdur. Siz necə, maaşını almısınız?


- Əlbəttə, almışam. Kim deyirsə ki, deputatlar maaşlarından istifadə eləmir, səhv danışır. Ümumiyyətlə, Milli Məclisdə sistem bu sarıdan çox dəqiq işləyir.

- Maaşlarınız gecikmir ki?

- Qətiyyən. Hətta Milli Məclisə gələn kimi maaş kartları təqdim olundu deputatlara. Bu başqa məsələdə ki, o kartı deputatlar özü istifadə edir, yoxsa başqasına verir.

- Deputat maaşı bəs edir sizə?

- Yox, maaş bəs etmir. Nəyə görə bəs eləmir? Çünki deputat seçiləndən sonra tanışlar da, problemlər də çoxalıb. Buna görə də, görüşlər də istər-istəməz çoxalır, insanlara kömək etmək lazım gəlir.

- “İrəli” sədri Ceyhun Osmanlı daha varlı idi, yoxsa deputat Ceyhun Osmanlı?

- Təbii olaraq, “İrəli” sədri kimi mənim də müəyyən layihələrdən qonorarım olur. Əgər peşəkar olaraq, bu işlər məşğul olur və vaxtımın çoxunu buna sərf edirəmsə, təbii ki, mənim də müəyyən qonorarım olmalıdır. Deputat olandan sonra işlər, görüşlər, səfərlər də çoxalıb. Məsələn, son 3 gündə Azərbaycanın ayrı-ayrı rayonlarına 3 min kilometr yol qət eləmişəm. Bakı-Şəki, Bakı-Balakən, Göyçay, Sabirabad, yenə Bakı-Biləsuvar.

- Səfərlərdə maşını özünüz idarə edirsiniz, yoxsa deputat olandan sonra artıq siz də sürücünün xidmətindən istifadə etməyə başlamısınız?

- Sözün düzü, şəhərdə, qısa məsafəli səfərlərdə maşını özüm sürürəm. Ancaq uzun məsafəyə gedəndə, sürücü deməyim, dostların, qohumların köməyindən yararlanıram. Uzaq yollarda təkbaşına maşın sürmək çətindir.

“Zəng edən şəxsin kimliyindən asılı olmayaraq, telefonu açmaq problemə çevrilir”

- Ceyhun bəy, bildiyim qədərilə telefon qaldırmaqla aranız yoxdur.


- Mən demək olar ki, hər gün müxtəlif tədbirlərdə oluram. Görüşlərdə, toplantılarda telefonu qaldırmaq həmin tədbirə hörmətsizlik olar. Günün şüurlu iş saatı tədbirlərdə keçirsə, zəng edən şəxsin kimliyindən asılı olmayaraq, mənim üçün telefonu açmaq problemə çevrilir. Bilirsiniz necədir, əgər kiminsə sözü varsa və mən telefonu açmıramsa, şəxsi mailimə və ya elə mobil telefonuma ismarıc yaza bilər. Bir dəfə bir nömrədən zəng gəldi, mən də cavab verə bilmədim. Mesaj gəldi ki, jurnalistdir, telefonu qaldırın. Heç yazmır, kimdir, hansı mətbu orqanı təmsil edir?! Müəyyən bir etik normalara belə riayət etmir. Mən də yazdım ki, xahiş edirəm, sualınızı yazın, mən cavablandıracağam. Mən başqaları kimi həmin şəxsi kiməsə yönləndirmədim, dedim, sualını yaz, cavablandırım. Sual gəlmədi. Sabah baxdım ki, bu məsələni qəzetə çıxarıb ki, bəs, Ceyhun Osmanlı telefonu açmır, deyir sualı yaz göndər.


- Ancaq bəzi adamlar şikayət edir ki, Ceyhun Osmanlı deputat olmamışdan əvvəl, telefonlara tez cavab verirdi, deputat seçildikdən sonra telefon qaldırmağı yadırğayıb.

- Təbii olaraq, deputat seçildikdən sonra mənim ictimai yüküm və tədbirlərin həcmi birə-beş artıb. Ola bilər ki, belə bir hal baş verib, amma bunu deyənlər onu da desin ki, kimin sualı cavabsız qalıb? Ola bilər ki, həmin dəqiqə cavab verməyim, iki saat sonra cavab verim, ancaq bütün sualları cavablandırmışam. Bax, siz müsahibə üçün mənə dünən müraciət etmisiniz, bu gün baş tutub. Bir məsələ də var ki, hər bir jurnalist peşəkar deyil. Jurnalistin özünün xarizmasının, mövqeyinin rolu var. Tutaq ki, bilirsən ki, filankəs “reket” jurnalistdir, sən artıq onunla ünsiyyətdə olmaq istəmirsən. Mənim uğursuz provokasiyalara, qalmaqallara marağım yoxdur. Ona görə də bir çox vəziyyətdə belə hallar baş verir. Hətta bəzən yaxın dostlar da inciyir ki, telefonu açmıram, ancaq sonra görürlər ki, həmin anda çəkilişdə olmuşam, zəng edib, üzrxahlıq edirlər.


“Mənim belə adamları müşahidə etməyə vaxtım yoxdu”

- Ceyhun bəy, yəqin sizin də ətrafınızda var, bəzi adamlar da var ki, telefonu məqsədli şəkildə gec və ya ümumiyyətlə açmayaraq, özləri haqqında “məşğul adam” imici yaratmağa çalışırlar.


- Vallah, mənim belə adamları müşahidə etməyə vaxtım yoxdu. Olur ki, mən də bir çox adama zəng edirəm, telefonu aça bilmir. Allaha şükür ki, bizim işlərimiz mediada, televiziyalarda işıqlandırılır, bilinir ki, tədbirlərdə oluruq. Bütün günü “facebook”da, “twitter”də yazdıqlarımla iş planımın nə qədər dolu olduğu görünür. Mən həmişə cəmiyyətə açıq insan olmaq istəmişəm, ona görə yox ki, belə daha yaxşıdır, sadəcə qəlbimdən belə gəlib.


- Parlamentdə çıxışçılar arasında sizi tez-tez görmək olmur. Çıxış etməklə aranız yoxdur deyəsən...

- Qanunverici təşəbbüslər zamanı çox vaxt söz demək istəsəm də, çıxış üçün mənə söz gəlib çatmır.

- Söz vermirlər sizə?

- Yox, sözün düzü, orada çıxışa yazılmaq da böyük bir məharət tələb edir. Çünki o düyməni elə astronomik sürətlə basan deputatlar var ki, çıxışa yazılmaq mümkün olmur.

- Bəlkə siz ləngsiniz?

- Mən gözləyirəm ki, çıxışa yazılmaq prosesi elan olunsun, sonra yazılım, ancaq bəzən olur ki, bir nəfər fikir bildirən kimi, hamı yazılır çıxışa. Görünür, orada da maraqlı reallıqlar var və tədricən o reallıqlara öyrəşmək lazımdır. Ən az 7-8 dəfə cəhd eləsəm də, hamısında gecikmişəm (gülür). Hətta bu yaxınlarda təcrübəli deputatlardan birindən bununla bağlı məsləhət də istəmişəm.

- Ceyhun bəy, siz həm də parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüsünüz. Beynəlxalq konvensiyalarla aranız necədir? Hansı səviyyədə bilirsiniz bu konvensiyaları?

- Mənim beynəlxalq münasibətlər sahəsi ilə aram həmişə yaxşı olub. Bu sahədə təcrübəm də var. 3 il Avropa Şurası Gənclər və İdman Direktorluğunun gənclər məsələləri üzrə məsləhət şurası və proqram komitəsinin eksperti olmuşam. İndiyə kimi 40-dan çox xarici ölkədə olmuşam. Beynəlxalq konvensiyaları, tendensiyaları az-çox bilirəm. Milli Məclisin deputatı kimi ABŞ konqresində, ABŞ-ın bir sıra universitetlərində, Rusiya, Moldova, Almaniya və s. ölkələrdə çıxışlarım olub.

- Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü kimi Azərbaycanın müstəqilliyini tanıyan ilk 5 dövlətin adlarını saya bilərsiniz?

- Saya bilərəm, əlbəttə. Türkiyə, Rumıniya, Pakistan və ardı gəlir. Ancaq bunun parlamentlərarası dostluq qrupuna aidiyyatı yoxdur.

- Ardı necə gəlir bəs?

- Bunu niyə soruşursunuz ki?

- Sadəcə, bilib-bilmədiyiniz maraqlıdır.

- Ancaq siz özünüz də bilmirdiniz. Baxıram, qeydlərdən oxuyursunuz.

- Bəli, mən ardıcıllığı müsahibəyə gələrkən qeyd etmişdim.

- İlk onluğu soruşaydınız, daha rahatlıqla sayardım. Ancaq ilk üçlüyü bilirəm. Özü də bunları Milli Məclisə görə bilmirəm. Sadəcə coğrafiyanı məktəb vaxtından bəri sevdiyim üçün yadımda qalıb.


- Digər ikisi İsveçrə və İrandır. Sizcə, Azərbaycanı xaricdə təmsil edən deputatlar belə xırda detalları da bilməlidir, yoxsa ingiliscə bilməsi kifayət edir? Misalçün, bir deputatın belə sıralamanı bilməsi vacibdir?

- Əlbəttə ki, deputatın ümumi intellektual səviyyəsi olmalıdır. Öz ölkəsinin tarixi, coğrafiyası və s. Amma tutaq ki, siz Latviyada səfərdəsinizsə, Latviyayla bağlı dağınıq informasiyalardan daha çox, bu ölkə ilə Azərbaycanı bağlayan konkret faktlarla çıxış etmək daha ağıllı variantdır.

- Ceyhun bəy, intellektual səviyyədən danışdınız. Ötən ay Azərbaycanda Milli Kitab Mükafatı müsabiqəsi keçirildi. Onun qalibinin kim olduğunu bilirsiniz?

- Sözün düzü həmin müsabiqənin getdiyi iki ay müddətində mən demək olar ki, ölkədə olmamışam. Mən qayıdandan sonra bildim ki, belə bir müsabiqə keçirilib, hətta orda bir qalmaqal da olub.

- Azərbaycan ədəbiyyatında ən son oxuduğunuz yazıçı kimdir?

- Son oxuduğum kitab gördüyünüz kimi, Zbiqnev Bzejinskidir. Mən yazıçı Anarın, rəhmətlik Bəxtiyar Vahabzadənin fəlsəfəsini çox sevirəm. Gənclərdən Elxan Qaraqanı bəyənirəm. MKM-in qalibi ötən il o, olmuşdu. Hətta sizə deyim ki, biz gənc yazarların bir almanaxını nəşr etdirmişik. Vaxt tapdıqca, hamısını oxumağa çalışıram. Ancaq mən düşünürəm ki, Azərbaycan xalqının intellektual potensialı çox yüksəkdir. Misalçün, mən Üzeyir Hacıbəyovu Azərbaycan xalqının ən dahi şəxslərindən biri hesab edirəm.

“Hacı Zeynalabdin Tağıyevi Azərbaycanın böyük ziyalısı hesab edirəm”

- Ceyhun Osmanlı özünü ziyalı hesab edir?


- Bilirsiniz, heç kim özünü ziyalı hesab etməməlidir. Ziyalı nədir? Əgər ali təhsil almış adam ziyalı sayılırsa, demək bütün təhsilli şəxslər ziyalıdır. Mənim üçün ziyalılıq kriteriyası bu deyil. Hacı Zeynalabdin Tağıyevin heç bir təhsili yox idi, amma mən o adamı Azərbaycanın böyük ziyalısı hesab edirəm. Biri var termin olaraq ziyalı, biri də var millət adamı ziyalı saysın. Ziyalı millət naminə müsbət vizyonu olan adamdır. Vizyon odur ki, sən 50 il qabağı görə bilirsən.

- Son sual, bir neçə aylıq deputatlıqdan bezməmisiniz ki? Və ya gələcəkdə bezməzsiniz ki? Mandat necədi, zövq verir?

- Mandat o zaman zövq verir ki, sən deputat olaraq, hər hansı bir məsələ qaldırırsan və o, öz həllini tapır. Əks təqdirdə, deputatlıq mandatı zövq vermir.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2291

Oxşar yazılar