Qastarbayter, “dvornik” və veteranların qeyd elədiyi Qələbə günü - MOSKVADAN REPORTAJ
09 may 2011 19:29 (UTC +04:00)

Qastarbayter, “dvornik” və veteranların qeyd elədiyi Qələbə günü - MOSKVADAN REPORTAJ

9 may günü SSRİ və antifaşist ölkələrin Hitler ordusu üzərində qələbə çaldığı gündür. Bu gün Azərbaycanda da bayram günü kimi qeyd olunur. Budəfəki 9 may bayramını Moskvada keçirmək qismət oldu mənə. Həmişə Bakıda olduğum vaxt bu bayram günü Rusiya televiziyalarından qələbə gününün necə yüksək ruhla keçirildiyinin şahidi olurdum. Qırmızı Meydanda keçirilən parad, bura gələn rusların üzündə olan bayram əhval-ruhiyyəsi və uşaqdan böyüyə kimi hamının qələbə meydanına axışması müsbət enerji verirdi mənə. Demə, bütün bunlar televizordan belə görünürmüş, ya da belə göstərilirmiş...

Moskvada 9 may “Qələbə günü” münasibəti ilə keçirilən bayram paradına bir neçə gün əvvəldən hazırlıq gedirdi. Bu səbəbdən “Qırmızı Meydan”a giriş-çıxışlar bağlanmışdı. Hər gün ağır hərbi texnika şəhərin enli küçələri ilə Kremlə tərəf hərəkət edirdi. Rus hərbçiləri bayram paradına ciddi hazırlaşırdılar.

Yüksək təhlükəsizlik tədbirləri

Rusiyada fəaliyyət göstərən xarici jurnalist kimi mən də parada 10 gün əvvəl akkreditasiya olmuşdum. Səhər tezdən yuxudan durub, yollandım Kremlə tərəf. Küçələrdə səsgücləndiricilər quraşdırılmışdı. Faşizm üzərində qələbəyə həsr olunmuş mahnılar küçə boyu insanları müşayiət edirdi. Lakin buna baxmayaraq, heç kəsin üzündə bayram əhval-ruhiyyəsi hiss olunmurdu. Bircə yaşlı veteranların üzü gülürdü. Paradın keçiriləcəyi yer yaşadığım yerə yaxın idi. Səhər saat 8:00-dan Kremldə (Qırmızı Meydanda) keçirilən paradla əlaqədar Moskvanın bir neçə metro stansiyasının çıxışları bağlanmışdı. Kremlə və ona yaxın yerlərə çıxan “Oxotnıy Ryad”, “Teatralnıy”, “Lyubyanka”, “Biblioteka imeni Lenina” və “Borovitskaya” metrolarının çıxışından parada xüsusi buraxılışı olmayan adamları buraxmırdılar. Bunun üçün də parada gəlmək istəyən səhər yuxusuna haram qatıb tezdən durmalı idi. Xüsusi buraxılış vəsiqəsi olanlar üçün isə bunun fərqi yox idi. Parada 1 saat qalmış da gələ bilərdilər.

Metronun eskalatorunun yanında OMON və polis əməkdaşları dayanmışdılar. Giriş qapısının ağzında isə FTX-nın (xüsusi xidmət orqanı) əməkdaşları hər kəsi bir-bir yoxlayıb, buraxılışı olanı buraxır, olmayanı isə başqa metro stansiyasından çıxmağa məcbur edirdilər. Yaşadığım yerə yaxın olan “Park kulturı” metrosundan “Oxotnıy ryad”a üç stansiya var. Vaqondan düşüb eskalatora tərəf yönəldim. Mənimlə bərabər onlarla sərnişin vaqondan düşdü. Hamı polisin üstünə gedir, kor-peşman geri qayıdırdılar. Eskalatorun qabağında polislər məni də saxladılar. Parada xüsusi buraxılışımı təsdiqləyən vəsiqəmi göstərib, özümə arxayın metrodan çıxdım. Sevinə-sevinə paradın keçirildiyi “Qırmızı meydana” tərəf getdim. Öz-özümə yolda deyirdim ki, həmişə televizordan gördüyüm təntənəni bu dəfə canlı görəcəm...

Qastarbayter və “dvornik”lər Moskvada qələbə paradında

Həmişə televizordan baxanda Qırmızı meydan 10 minlərlə adamın toplaşdığını qeyd edirdilər. Açığı, mən də buna inanmışdım. Lakin metrodan çıxanda bunun əksinin şahidi oldum. Bəlkə də 10 mindən çox adam vardı. Lakin bunların 80 faizi OMON və hüquq-mühafizə orqanlarının əməkdaşları idi. Meydanın giriş qapısında və içəri tərəfdə xüsusi xidmət orqanlarının əməkdaşları barrikada qurmuşdular. Meydana girən hər kəsi bir-bir yoxlayıb buraxırdılar. Meydanın daxilində və çöldə rus millətinə ancaq veteranların simasında rast gəlmək olardı. Qalanlar isə gəlmələr idi. Gəlmələrin bir qismini turistlər, çox hissəsini isə Moskvaya çörək pulu qazanmağa gələn Orta Asiya xalqlarının nümayəndələri təşkil edirdilər. Parada gələn rus cavanları da veteranlara etinasız yanaşırdılar. Meydanda tək-tük cavan rus ailəsinə rast gəlmək olardı. Demək olar ki, onlar gözə dəymirdilər. Bu dəfə elə bil ki, veteran babalarını təbrik eləməyə gəlməmişdilər. Onları qırğız, özbək və taciklər əvəz edirdilər. Qastarbayter və “dvornik” kimi tanınan qeyri-rus əhalinin nümayəndələri parada ailəvi qatılmışdılar. Sanki bu bayram təkcə onlara aid idi. Onlar veteranlarla şəkil çəkdirir, onlara gül dəstələri verirdilər. Veteranlar da nəvələrinin onları təbrik eləməyə gəlməməsinə baxmayaraq, özlərini o yerə qoymur, Orta Asiyadan olan “nəvə”ləri ilə şəkil çəkdirir, onların bayram təbrikini qəbul edirdilər.

Bayram paradı, yoxsa hərbi gücün nümayişi?

“Qırmızı Meydan”da bayram günündə zövq mənbəyi sayıla biləcək yeganə an Rusiya hərbi gücünün nümayişi zamanı oldu. Meydanda Rusiyanın hərbi qüdrəti nümayiş olunurdu. Dünyaca məşhur olan Rusiya ağır artilleriyası, “İsgəndər”, “Smerç” və “Topol” raket qurğuları meydanda hərəkət edirdilər. Daha sonra müxtəlif təyinatlı Rusiya hərbi qoşunları meydandan keçdilər. Ən sonda isə Rusiya Hərbi Hava Qüvvələrinin vertolyotları səmaya qalxdılar. Budəfəki paradda Rusiya qırıcı təyyarələrinə rast gəlinmirdi. Paradda 20 min hərbiçi, 100-dən çox hərbi texnika iştirak edirdi. Beləliklə, parad başa çatdı.

Ürəyi dolu, paraddan narazı qalan veteranlar

Deyilənlərə görə, son illərin ən maraqsız və təmtəraqsız keçirilən paradı idi. Bunu təkcə mənim gördüklərimdən deyil, paraddan sonra veteranların parad barədə təəssüratlarından da bilmək olardı.

“Qırmızı Meydan”ın “Oxotnıy ryad” metrosu tərəfə olan giriş qapısında bir veteranın fikrə gedib Kreml saatı tərəfə baxdığını gördüm. Yaxınlaşıb, bayramını təbrik elədim. Özümü təqdim edib, parad barədə təəssüratlarını öyrənmək istədiyimi bildirdim. 86 yaşlı Vyaçeslav Alekseyev Berlinə kimi döyüşdüyünü, onlarla faşist öldürdüyünü, bugünkü bayramın onun həyatında yeganə bayram olduğunu söylədi. Veterandan gənc və orta rus nəslinin bu bayrama belə etinasız yanaşmasını soruşmaq istəyirdim ki, o, özü bu barədə söhbət eləməyə başladı...

...nə başladı!

“İndiki gənclər veteran babalarını yaddan çıxardıblar. Onları indi daha babaları maraqlandırmır. Bəlkə soruşsan, bilməyəcəklər 9 may Qələbə günü nə vaxt baş verib. Babaları kimin üzərində qələbə çalıb. Ehhh... Bu gün yaxşıdı ki, Moskvada digər millətlərin nümayəndələri yaşayırlar. Bu gün heç olmasa onlar bizi təbrik eləməyə gəlmişdilər. Yaxşı ki, turistlər var...” - deyə, gözləri dolmuş halda kənarda duran cəbhə yoldaşlarını yanına səslədi: “Bakıdan jurnalist qonağımız gəlib. Gəlin müharibədə bir alman batalyonunu necə tələyə salmağımızı ona danışaq”.

Bunu eşidən altı nəfər veteran bizə tərəf gəldi. Lakin onlar da mənə faşistlər üzərində qələbədən yox, həmin qələbəni qeyd eləmək istəməyən rus gənc və orta nəslindən danışdılar...

Fərid Əkbərov,
Moskva,
xüsusi olaraq Lent.az üçün
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 785

Oxşar yazılar