“Problemin həlli üçün hər iki tərəfin siyasi iradəsinə və mərdliyinə ehtiyac var” - MÜSAHİBƏ
09 may 2011 12:44 (UTC +04:00)

“Problemin həlli üçün hər iki tərəfin siyasi iradəsinə və mərdliyinə ehtiyac var” - MÜSAHİBƏ

- ATƏT PA-nın prezidenti kimi Cənubi Qafqaz bölgəsinə ilk dəfə rəsmi səfər edəcəksiniz. Səfər zamanı hansı məsələlər müzakirə olunacaq və kimlərlə görüşəcəksiniz?

- Mən bu səfəri səbirsizliklə gözləyirəm. Səfər zamanı prezidentlər, xarici işlər nazirləri, hökumət və müxalifət nümayəndələri, vətəndaş cəmiyyətlərinin təmsilçiləri ilə görüşlər keçirəcəyəm. Bakı və İrəvandakı ATƏT ofislərində də görüşlərim olacaq. Biz bölgədəki son hadisələri və ATƏT PA-nın prioritetlərini müzakirə edəcəyik. ATƏT PA-nın rəhbəri kimi səfərimin əsas məqsədlərindən biri bu ölkələrin parlamentləri ilə əməkdaşlığın möhkəmləndirilməsi, onların inkişafına dəstək verilməsidir.
Mən ərazi mübahisələrinin sülh yolu ilə həll olunacağı və bütün tərəflərin öz enerjisini ümumi inkişaf və çiçəklənməyə həsr edəcəkləri günü də səbirsizliklə gözləyirəm.

- Gözləntilərə baxmayaraq, ATƏT-in Astana sammiti zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin baza prinsiplərinə dair sənəd imzalanmadı. Bir çox ekspert bununla prosesin dinamikasının itirildiyini düşünür. Sizin münaqişənin həlli ilə bağlı proqnozunuz nədir? ATƏT PA bu prosesə hansı dəstəyi verə bilər?

- Mən bölgəyə hansısa proqnozlar vermək üçün deyil, tərəqqiyə dəstək vermək üçün səfər edirəm. ATƏT-in Minsk Qrupu xeyli müddətdir Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dialoqun asanlaşdırılmasına çalışır. Problemin həlli üçün hər iki tərəfin siyasi iradəsinə və mərdliyinə ehtiyac var. PA-nın burada rolu yalnız parlamentlərarası dialoq yolu ilə qarşılıqlı etimadın qurulmasına dəstək olmaqdır. Bu səviyyədə münasibətlərin yaxşılaşması dövlətlərarası münasibətlərin qurulmasına da yardımçı ola bilər.

– Astana sammitində çıxışınızda ATƏT-in möhkəmləndirilməsi üçün islahatlara ehtiyac olduğunu söylədiniz. Sizcə bu istiqamətdə hansı islahatlar həyata keçirilməlidir?

– ATƏT böhran keçirir. Təşkilat çox ciddi şəffaflıq və açıqlığa nail olana qədər çətinliklə hərəkət etməyə davam edəcək. Xüsusən qərarların konsensus əsasında qəbulu qaydalarını dəyişmək lazımdır ki, 55 ölkə tərəqqi axtararkən bir ölkə ucbatından fəaliyyətsiz qalmayaq. Ümid edirəm ki, üzv ölkələrin xarici işlər nazirləri ATƏT-in növbəti baş katibi vəzifəsinə siyasi baxımdan daha yüksək səviyyəli namizədin təyin olunmasına dair mənim çağırışımla razılaşacaqlar. Bu cür fiqur ATƏT-in tez bir müddətdə müasirləşməsinə təkan verər. Lakin ATƏT 56 üzv ölkəyə aşıladığı şəffaflıq ruhunu özü öz praktikasında tətbiq etməsə, bütün bu dəyişikliklər təsirsiz olacaq. Təşkilatın büdcəsi ilə bağlı hər kəsə açıq olan audit aparılmalıdır, Daimi Şuranın iclasları vətəndaş cəmiyyətinin nümayəndələri və jurnalistlərə açıq olmalıdır. İldə iki dəfə nazirlər şuralarının toplanması da ATƏT-in siyasi çəkisinin artmasına kömək edərdi.

– ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi vəzifəsi vakant olaraq qalır. Bu vəzifəyə neçə namizəd var və təyinat nə vaxt gerçəkləşəcək?

- Dağlıq Qarabağ münaqişəsi və Qafqazdakı ümumi vəziyyət ATƏT PA-nın gündəmində prioritet məsələlərdən biridir. Bu, mənim səfərimin də əsas çıxış nöqtələrindən biridir. Bildiyiniz kimi, keçmiş xüsusi nümayəndə Qoran Lenmarker siyasətdən gedib və hazırda mən mümkün olduğu qədər vəziyyətin inkişafını özüm izləməyə çalışıram.

- Azərbaycan parlamentarlarının ATƏT PA-dakı fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bahar Muradovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti çox fəaldır. Onlar müxtəlif diskussiyaların daimi iştirakçılarıdır. Azərbaycanın bəzi parlamentarları seçki müşahidə missiyalarında da fəal iştirak ediblər.

- Azərbaycan nümayəndə heyəti ATƏT PA çərçivəsində Dağlıq Qarabağ münaqişəsi haqqında qətnamə layihəsi irəli sürüb. Bu məsələ qarşıdakı illik sessiya zamanı müzakirə olunacaqmı?

- Qarşıdakı sessiyanın mövzusu “ATƏT-in effektivliyinin artırılması – Astanadakı yüksək səviyyəli görüşdən sonra yeni start” adlanır. Bu, çox geniş mövzudur və bizim 3 komitəmiz siyasət və təhlükəsizlik, iqtisadiyyat və ekoloji aspektlər, eləcə də demokratiya və insan haqları məsələlərini müzakirə edəcək. Münaqişələrin həllindən söz düşəndə qaydalara əsasən danışıqlar hökumətlər səviyyəsində keçirilir. Buna baxmayaraq, parlament üzvləri istənilən münaqişənin həli üçün ictimai sferanın hazırlanmasında unikal rola malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543

Oxşar yazılar