Əsirlik və Maqadan dəhşətləri: Vlasovun azərbaycanlı əsgərinin qan donduran xatirələri - MÜSAHİBƏ
09 may 2011 12:12 (UTC +04:00)

Əsirlik və Maqadan dəhşətləri: Vlasovun azərbaycanlı əsgərinin qan donduran xatirələri - MÜSAHİBƏ

Qəhrəmanımızı aramaq üçün Sabirabada, ordan da onun yaşadığı kəndə üz tutanda bilirdik ki, geri redaksiyaya əliboş qayıtmayacağıq. Düzdür, bu adam, yəni bugünkü yazımızın qəhrəmanının adı sizə heç nə deməyəcək. Elə indidən adını çəkə bilərik: Ələmov Fərzalı Mollabalaxan oğlu. Təbii ki tanımadınız. Elə biz də moskvalı dostumuz Teymur olmasa idi, bu 91 yaşlı, üzü dünyanın min bir lənətə gəlmiş üzünü görmüş bu qocadan xəbər tutmazdıq, yəqin.

Bu hekayətə başlamazdan əvvəl kiçik bir anons verəcəm. Fərzalı baba çox dəhşətlərdən danışacaq. Həm öz başına gələnlərdən, həm də gördüklərindən. Beləiklə, Sabirabaddayıq.

Keçən əsrin 20-ci ilində Sabirabada anadan olub. Yaşıdları arasında fərasətli və savadlı olduğuna görə, onu Salyan Pedaqoji texnikumuna oxumağa göndəriblər. O vaxtlar kənd yerlərində müəllimə ehtiyacı olduğundan gənc Fərzalını bir il oxuduqdan sonra Sabirabada müəllim göndərilər. Artıq əsr qırx bir yaşına çatmışdı. Fərzalı ali təhsil almaq istəyir. Amma belə qərara gəlir ki, əvvəlcə hərbi xidmət getsin, SSRİ-yə bu borcunu da verdikdən sonra təhsilini davam etdirsin. Könüllü ərizə yazıb, hərbi xidmətə gedir. Ukraynanın Nikolayevsk şəhərində hərbi xidmətə başlayır. Heç bir ay keçmir ki, müharibə başlayır.

“Kim deyirsə ki, nemeslər vuruşa bilmirdi, yalan danışır”

“Mən onda heç silah işlədə bilmirdim. Bizə dayandoldurumlar vermişdilər, amma hələ bircə dəfə də atmamışdıq. Vallah, indi yadımda deyil, ayın neçəsi idi, komandirimiz sübh tezdən əmr verdi ki, qalxın nemeslər bizi mühasirəyə alıblar. Bir şeyi deyim ki, kim deyirsə nemeslər vuruşa bilmirdi, ay nə bilim qorxaq idilər, yalan danışır. Zalım uşağı ildırım sürəti ilə artıq Ukraynanın yarısını tutmuşdular. Nə isə. Bizim hərbi hissədə panika düşdü. Hamı qaçırdı. Elə düzünü desəm, mən də. Beləcə pərakəndə şəkildə qaçırdıq. Şəhərin kənarında böyük bir taxıl zəmisi vardı. Onun kənarında özümüzə mövqe tutduq. Səhərə yaxın məlum oldu ki, artıq almanlar bizi görüblər və mühasirədəyik. Təslim olmaqdan başqa çıxış yolu yox idi. Beləcə, bizi yığıb gətirdilər Vinnitsa şəhərinə”.

“Kommunistləri yerindəcə güllələdilər”

Fərzalı baba deyir ki, kommunistləri yerindəcə güllələdilər. “Özü də əllərini bağlayıb, boyunlarının ardından vururdular. Bizə böyük bir çala qazdırmışdılar. Güllələnən əsgər və zabitləri elə qolu bağlı ora atmağa məcbur edirdilər. (Kövrəlir). Nahaq bunları mən danışdırdın. (dərindən köks ötürür) Bir gürcü vardı. Boynunun ardından vurdular, ölmədi. İkinci gülləni isə vurmadılar. Elə diri-diri atdılar çalaya. Yazığın gözləri də açıq idi. Sonra bizə dedilər ki, örtün bunların üstünü. Təxminən yüzə yaxın adamı basdırdıq orda”.

“Barmağımı Bakının üstünə qoydum”

Almanlar slavyan görkəmlilərlə, digər millətdən olanları ayırıb ayrı-ayrı düşərgələrə aparırlar. Ələmovun olduğu düşərgədə əsirləri bir-bir dindirməyə başlayırlar.

“Qarşılarına SSRİ-nin bir xəritəsini qoymuşdular. Rusca pis danışsalar da, nə demək istədiklərini birtəhər başa düşürdük. Məndən haralı olduğumu soruşub, xəritəyə işarə etdilər. Barmağımı Bakının üstünə qoydum. Daha bir söz demədilər. Beləcə, qaldıq həbs düşərgəsində”.

Düşərgədə isə əsirlərin cəhənnəm əzabı başlayır. Fərzalı baba deyir ki, hər səhər kimsə canın tapşırırdı. Günün 18 saatını şəhərin dağıntılarını təmizləməklə məşğul olan əsirlərə 50 qram donuz piyi, 100 qram da qara çörək verirmişlər: “Bir özbək var idi, donuz piyi (“sala”) yeyə bilmirdi. O, elə acından öldü gözümüzün qabağında”. Yenə kövrəlir qəhrəmanımız.

Beləcə yarı-ac, taqətsiz əsirlik davam edir. İlk gündə həbs düşərgəsində 400-ə yaxın əsgərdən 3 ay sonra 150-yə yaxını qalır. Qalını qırılır.

Və günlərin bir günü həbs düşərgəsinə Loğman Murtazayev adlı bir tatar gəlir. Özü də alman mundirində. Murtazayev türkdilli əsgər və zabitləri xəbər alır. Düşərgədəki yeganə azərbaycanlı Fərzalı Ələmov, habelə digər türkdilli xalqların nümayəndələri irəli çıxırlar. Bundan sonra Murtazayev həmin əsgərlərə onun ardınca gəlməyi əmr edir.

“Təxminən on beş nəfər idik. Bizi bir yerə gətirdilər. Deyəsən əvvəl məktəb olmuşdu. Hamama saldılar. Sonra da təzə forma verdilər. Amma nə alman, nə də sovet hərbi forması idi. Poqonsuz-filansız. Sonra da doyunca yedirtdilər. Bundan sonra dedilər ki, axşama kimi sərbəstsiniz. Axşam toplanış olacaq”.

Vlasovun ordusunda

Əsirlər nə baş verdiyini bir də axşam anlayacaqdılar. Bəli, məhz axşam toplanışında onlara bildirirlər ki, artıq sabahdan general Vlasovun əsgərləridirlər və təlimlərə başlayacaqlar.

Haşiyə: Andrey Vlasov sovet hərbi məktəblərində təhsil alaraq general rütbəsinədək yüksəlmişdi. Böyük Vətən Müharibəsinin gedişində - 20 aprel 1942-ci ildə o, ordu komandanı təyin edilmişdi. Leninqrad cəbhəsində əsir düşəndən sonra Vinnitsada ali rütbəli zabitlər üçün təşkil edilmiş düşərgədə saxlanılırdı. Elə həmin düşərgədəcə almanlarla əməkdaşlıq etməyə razılıq verərək “Sovet xalqlarının azadlığı komitəsi”ni yaradır. Bundan sonra isə onun komandanlığı altında sovet hərbi əsirlərindən ibarət “Azadlıq ordusu” formalaşdırılır. Bəzi mənbələrə görə, bu ordu hissələrində 500 minə yaxın əsgər və zabit vardı. Stalin Vlasovu, ələ keçəcəyi təqdirdə, sorğu-sualsız yerindəcə güllələnməsini əmr etmişdi. Amma tale elə gətirir ki, general sovet ordusuna əsir düşür və o dövrün qaydalarına zidd olaraq, güllələnmir... dar ağacından asılır.

Elə Ələmov və əsir yoldaşlarını da bu orduya yazırlar. Amma edam və güllələnmə qəhrəmanımızın alnına yazılmayıbmış. Onu hələ başqa macəralar gözləyirdi.

Müsavat ordusunun zabiti ilə tanışlıq

“Stalinqrad döyüşündə feldmarşal Paulsun, 49 generalın, 300 minlik əsgər və zabit heyətinin əsir düşməsi almanları şoka salmışdı. İndi növbə, yəni vuruşmaq növbəsi bizə çatmışdı. Çünki almanlar bu boyda itkinin yerini doldurmalı idilər. Amma mən də daxil olmaqla, bir neçə batalyonu nədənsə ön cəbhəyə yox, hələ də almanların əlində olan Krıma yolladılar”.

Krımda isə gənc Fərzalını adi bir təsadüf xilas edir. Gününün çoxunu kazarmadansa şəhərdə keçirən Fərzalı Simferopolda küçədə gəzərkən təsadüfən Vera Plexanova adlı bir qadınla tanış olur: “Rus olsa da, bizim dildə təmiz danışırdı. Tez-tez evlərinə gedib-gəlirdim. Bir gün soruşdum ki, sən bizim dili hardan belə yaxşı bilirsən? Qayıtdı ki, ərimlə mən uzun müddət Bakıda yaşamışıq. Sən demə, onun əri tatarıdır. Əvvəl çar, sonra isə Azərbaycan Demokratik Respublikasının ordusunda xidmət edib. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra birtəhər başlarını götürüb, Krıma qaçıblar. Almanlar Krımı tutandan sonra isə əri alman ordusuna yazılaraq, SSRİ-yə qarşı vuruşur. Həmin vaxt əri Berlində idi”.

Günlərin bir günü Vera Plexanova küçədə Fərzalı il rastlaşır və ərinin Berlindən qayıtdığını deyir: “Mənə dedi ki, ərim Mustafa səninlə görüşmək istəyir. Axşam bizə gəl. Axşam komandanlıqdan 2 saatlıq icazə alıb, onlara getdim. Əri hündürboy, cüssəli bir kişi idi. Əllidən çox yaşı olardı. Məni süfrəyə dəvət etdi. Bir qədər tanışlıqdan sonra soruşdu ki, mənim kimi batalyonda neçə azərbaycanlı var. Dedim təkəm. Qayıtdı ki, Almaniyada sizlərdən ibarət legion yaradılır. Düdənginskinin adını çəkdi. Dedi ki, sovet zabiti olub, indi isə Azərbaycan legionunun komandiridir”.

Arayış: Əbdürrəhman bəy Fətəlibəyli-Dudənginski 1908-ci ilin iyun ayının 12-də Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində anadan olub. Tiflisdə hərbi-piyada məktəbini bitirib, sonra Azərbaycan diviziyasında xidmət edib. Moskvada Hərbi Akademiyada təhsil alıb. İkinci Dünya Müharibəsində Leninqrad hərbi dairəsinin qərargahında xidmət edib, 6-cı şöbənin rəisi olub. Sonradan almanların tərəfində SSRİ-yə qarşı vuruşub. 1943-cü ilin ortalarında Berlində Vermaxtın Ali Komandanlığının tərkibindəki Reyxin yaratdığı Azərbaycan legionunu formalaşdırmağa başlayıb.

Mustafanın Simferopolun komendantı ilə arası yaxşı imiş. Krımdakı alman əsirliyində olan azərbaycanlıların siyahısını hazırlatdırıb, onları Almaniyaya aparmaq istəyirmiş. Amma…

Əsirlikdən əsirliyə

Amması budur ki, artıq əks hücuma keçən sovet qoşunları qərbə doğru irəliləməyə başlayır. Fərzalıgilin batalyonu isə geri çəkilməyə məcbur olur. Krımda gedən hərbi əməliyyatlar zamanı Fərzalı bu dəfə özümüzünkülərə əsir düşür.

“Məni və daha bir neçə nəfəri kiçik bir otağa saldılar. And-aman elədik ki, sovet əsgərinə bircə güllə də atmamışıq. Əynimizdəki formaya baxmayın, elə əsirlik kimi bir həyat yaşamışıq. Necə əsir düşdüyümüzü deyirdik. Amma heç nəyə qulaq asmaq istəmirdilər. Beləliklə, üç nəfərin qurduğu məhkəmədə bizə hökm çıxardılar. Mənə və Panteleyev adlı başqa bir əsgərə o vaxtkı 58-1-B maddəsi ilə 25 il iş verdilər. Bizdən başqa yüzlərlə əsiri dəmiryolu vağzalına gətirib, vaqonlara doldurdular. Bir-birimizin üstündə bəlkə də 20-25 gün yol getdik”.

“Çörəyi it kimi qapırdıq”

Fərzalı baba deyir ki, bir sutkadan bir nəzarətçilər vaqonların qapısını açıb ölən olub-olmadığını yoxlayırdılar. Hə, bir də itə atan kimi üstümüzə tikə-tikə edilmiş çörək atırdılar. (Yenə kövrəlir) Bala, dəhşət idi. O tikə çörəkləri qapmaq üçün adamlar bir-birini qırırdı. Kim cəld idi, o tez qapırdı. Lap it kimi. Kim gücsüz, zəif idi ac qalırdı. Adamlar acından milçək kimi qırılırdı. Öləni elə harada gəldi basdırırdılar”.

Beləcə əsir dolu qatar gəlib çıxır Maqadana. Maqadanda onunla bərabər 40-a yaxın azərbaycanlı da olub. Səhərdən axşamacan mədənlərdə işləyən məhkumlarla elə az qala əsirlər kimi davranılırmış. “25 il yox, 25 gün yaşayacağımıza belə ümidimiz yox idi. Amma insan nə imiş, Allah. Nəyə desən dözə bilərmiş. Ağır əmək, aclıq, müxtəlif xəstəliklər bütün bu zillətin qabağında necə dözüm gətirdiyimizi hələ də anlaya bilmirəm”.

Beləcə illər keçir, həbs həyatı öz ağrı-acısı ilə davam edir. 1953-cü ildə Stalinin ölüm xəbəri ildırım sürəti ilə Maqadana da gəlib çatır. “Bilmirdik sevinək, yoxsa ağlayaq. Amma ümidliydik ki, haçansa, lap qısa müddətdə bizi əfv edəcəklər”.

Adenauerin gəlişi

Amma əfvə hələ vardı. Bunun üçün o vaxtkı AFR-in kansleri Adenauerin SSRİ-yə səfəri lazım imiş. Hə, təəccüblənməyin. 1955-ci ildə Moskvada Xruşşovla görüşən kansler ondan SSRİ-də əsirlikdə olan 38 min almanın azad olunmasını xahiş edir. Xruşşov razılıq verir.

“Bizimlə birgə olmasa da, xəbərimiz vardı ki, Uzaq Şərqdə xeyli alman əsiri var. Bir gün xəbər çıxdı ki, almanları azad edirlər. Onların rəhbərləri Moskvaya gəlib, danışıqlar aparıblar. Xruşşov da onları buraxır. Bizim bir sahə rəisimiz vardı. Qayıtdı ki, əgər sovet hökuməti alman əsirləri azad edibsə, tezliklə sizləri də buraxacaqlar. Vallah, a bala, elə bil Allah ağzından eşitdi. Bir gün səhər tezdən məni və daha 20 nəfəri bir yük maşınına oturdub, yaxınlıqdakı qəsəbəyə apardılar. Maşından düşəndə gördük ki, məhkəməyə gətiriblər. İki-üç saat gözləyəndən sonra bizi bir-bir içəri çağırdılar. Növbə mənə çatanda harada, necə əsir düşməyimi bir-bir soruşandan sonra aralarında nəsə pıçıldaşdılar. Sonra biri ayağa durub, hökmü oxudu. Hə, mən yenidən dünyaya gəlmişdim. Artıq azad idim”.

İtən bəraət sənədi

Sabirabaddan başlayıb Maqadana kimi gedib çıxan məşəqqətli və macəra dolu bir həyat indi elə Sabirabada da davam edir. 91 yaşlı Fərzalı baba deyir ki, azad olunması haqda qərarın nüsxəsini özündə saxlayırmış. Amma ötən il daşqınlar zamanı qaçaqaçda başqa sənədləri kimi o da it-bata düşüb. “Amma fikrim var, Moskvaya-filana arxivlərə müraciət edim, alım”.

Nəyinə lazım olduğunu soruşmuram. Bəlkə də bu adam üçün həyatında o quruca kağızdan əziz heç nə yoxdur...

Səbuhi Məmmədli
Bakı-Sabirabad-Bakı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 942

Oxşar yazılar