Metyu Brayza: “Azərbaycan hökumətinin liberal islahatlarını dəstəkləyirik” – MÜSAHİBƏ
06 may 2011 14:32 (UTC +04:00)

Metyu Brayza: “Azərbaycan hökumətinin liberal islahatlarını dəstəkləyirik” – MÜSAHİBƏ

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanın APA-ya müsahibəsi

- Son bir neçə ildə Amerika-Azərbaycan münasibətlərinin inkişaf dinamikasına sabit adlandırmaq mümkün deyil. Münasibətlər bəzən yüksəliş, bəzən də eniş dövrünü yaşayır. Neçə düşünürsünüz, indi iki ölkə arasında münasibətlər hansı mərhələdədir?

- Ümumiyyətlə, dövlətlərarası münasibətlər üçün müəyyən yüksəliş və eniş dövrlərinin olması təbiidir. Hazırda Azərbaycan-Amerika münasibətləri müsbət istiqamətdə inkişaf edir. Etiraf etməliyəm ki, bir müddət öncə bizim münasibətlərimizdə müəyyən çətinliklər olub. Lakin indi, xüsusən son bir neçə həftə ərzindəki təmaslarımız bu çətinlikləri aradan qaldırmağa şərait yaradıb. Burada əsas məqam odur ki, ölkələrimiz ortaq məxrəcə gəlmək üçün əzm və iradə göstərirlər. Hazırda Azərbaycan və Amerika hökumətləri arasındakı münasibətlər addım-addım irəli gedir. Bu, çox müsbət cəhətdir.

- Sizin müəyyən çətinliklər kimi səciyyələndirdiyiniz dövrdə Azərbaycan-Amerika müştərək təlimləri təxirə salındı. Əlaqələr normallaşdığı üçün yaxın gələcəkdə bu təlimlərin baş tutma şansı nə qədərdir?

- Bəlli olduğu kimi bu hərbi təlimlər ləğv edilməyib, sadəcə təxirə salınıb. Dövlətlərarası müştərək tədbirlərdə təxirə salmalar qeyri-adi praktika deyil. Bizim təlimlərə gəlincə, bildiyim qədər, Azərbaycanın Müdafiə Nazirliyi təlimin digər bir tarixə keçirilməsini istəyib. Bunun səbəbi mənə bəlli deyil. Amma biz bu istəyə anlayışla yanaşdıq. Bu cür müştərək tədbirlərin keçirilməsi qarşılıqlı planlaşma və əlaqələndirməni şərtləndirir. Gözləyək, görək bundan sonra nə baş verəcək. Ümumilikdə isə Amerika ilə Azərbaycan arasındakı hərbi əlaqələr kifayət qədər yaxşı səviyyədədir. Əvvəl də dediyim kimi biz indi yeni istiqamət götürmüşük. Hazırda Azərbaycanın dənizdəki enerji infrastrukturunu hər növ təhlükələrdən necə qorumaq məsələsini götür-qoy edirik. Bu, yeni bir istiqamətdir. Biz illər öncə hərbi əməkdaşlığa başlayanda bu cür planlarımız yox idi. Amma indi bütün bunların üzərində işləyirik.

- Bir müddət əvvəl Azərbaycan ölkədə fəaliyyət göstərən xarici QHT-lərin qeydiyyatına dair yeni qaydaları elan etdi. Bundan sonra Amerikanın Milli Demokratiya İnstitutu burada öz fəaliyyətini dayandırmalı oldu. Milli Demokratiya İnstitutunun yenidən qeydə alınması və fəaliyyətini bərpa etməsi istiqamətində bir yenilik varmı?

- Milli Demokratiya İnstitutu Bakıda öz fəaliyyətini tam dayandırmalı olub. Amma hazırda bu təsisat yenidən qeydiyyatdan keçmək üçün müvafiq qanunverici prosedurlardan keçməyə hazırlaşır. Bura həmçinin Azərbaycan qanunvericiliyinin tələb etdiyi kimi bir anlaşma memorandumu da daxildir. Artıq xarici qeyri-hökumət təşkilatları üçün yeni və fərqli qanunverici baza qüvvəyə minib və buna cavab vermək üçün institut təmsilçiləri lazımı sənədləşmə işlərini aparırlar. Biz çox ümid edirik ki, bu proses uğurla başa çatacaq və Milli Demokratiya İnstitutunun qeydiyyat sənədləri Azərbaycan höküməti tərəfindən qəbul ediləcək.

- Bir müddət əvvəl bir qrup qərb diplomatının üç müxalifət partiyasının rəhbəri ilə görüşü siyasi dairələrdə birmənalı qarşılanmadı. Bunu Qərbin müəyyən dairələrinin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi kimi də qiymətləndirənlər oldu...

- Bildiyim qədər bəzilər hətta şəxsən mənə qarşı bu cür ittiham səsləndirdilər. Halbuki, mən o görüşdə, ümumiyyətlə, iştirak etməmişdim. Birmənalı şəkildə demək istəyirəm ki, mənim və təmsil etdiyim Amerika hökumətinin Azərbaycanın daxili işlərinə qarışmaq niyyəti yoxdur. Biz Azərbaycan hökumətinə və cəmiyyətinə tərəfdaş kimi yanaşırıq. Bizim ümumi maraq və hədəflərimiz var, bura demokratik inkişaf və bazar iqtisadiyyatındakı islahatlar da daxildir. Biz bu islahatları tam dəstəkləyirik. O cümlədən həyata keçirilən antikorrupsiya kampaniyasını da tam dəstəkləyirik. Bu baxımından hesab etmirəm ki, bütün bunlar Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. Biz Azərbaycan hökumətinin liberal islahatlarını dəstəkləyirik.

- Bir müddət öncə Azərbaycan rəhbərliyinin başladığı kompleks tədbirlər ölkədə geniş əks-səda doğurub. Siz antikorrupsiya tədbirlərini neçə dəyərləndirirsiniz?

- Biz çox məmnunuq ki, bu cür addımlar atılır. Biz sadə insanlardan tutmuş sahibkarlara kimi müxtəlif təbəqədən olan insanlarının bu kampaniya barəsində müsbət fikirlərinə şahid oluruq. İnsanlar əsassız yerə ödənişlər etmədiklərindən məmnundurlar. Polis, gömrük və digər dövlət idarələrinin şəffaf işlədiyini eşidirik. Biz bundan məmnunuq və ümid edirik ki, bu, bir başlanğıcdır. Prezidentin də dediyi kimi, bu bir kampaniya deyil, ardıcıl siyasətdir. Biz bunu çox bəyənirik.

- Siz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri olmusunuz. Problemin mahiyyətinə dərindən bələdsiniz. Hazırda danışıqlara birbaşa cəlb olunmasanız da danışıqların mövcud mərhələsindən yəqin ki məlumatlısınız. Neçə düşünürsünüz, Azərbaycanla Ermənistanın sülh sazişinə doğru qət edəcəyimiz məsafə hələ uzundurmu?

- Hazırda mən vasitəçi olmasam da, həmsədr Bradtkeyə əlimdən gələn yardımı edirəm. Zənnimcə, danışıqlarda müəyyən tərəqqi var. Təbii ki, danışıqlarda sıçrayışın nə zaman baş verəcəyini, sülh sazişinin nə zaman əldə olunacağını ehtimal etmək çətindir. Amma deyə bilərəm ki, bir neçə ay əvvəlki dövrlə müqayisədə indi vəziyyət yaxşılaşıb. Bu baxımdan mən tərəqqinin müşahidə edildiyini deyə bilərəm.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar