“Azərbaycanda inqilabi şəraitin yetişdiyini görmürəm” -  MÜSAHİBƏ
13 aprel 2011 16:09 (UTC +04:00)

“Azərbaycanda inqilabi şəraitin yetişdiyini görmürəm” - MÜSAHİBƏ

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi


- Bəzi siyasi dairələr və media qurumları ərəb ölkələrində baş verən inqilabların Azərbaycanda da təkrarlanma ehtimalının olduğunu bildirirlər. Bəs Siz bu mülahizələrə necə yanaşırsınız və bütövlükdə ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?

- İnqilablar və üsyanlar xalqlara azadlıq və inkişaf yox, daha çox uzunmüddətli xaos və qanlı toqquşmalar gətirir. Azərbaycanda əhalinin bir hissəsində narazılıq olsa da, insanlar inqilab və üsyanlara dəstək vermirlər. 1988-95-ci illərdə Azərbaycanda inqilab və silahlı üsyanlar dövrü bitib. Bu baxımdan ölkədəki bütün siyasətçilər çalışmalıdırlar ki, hakimiyyət dəyişikliyi yalnız seçki yolu ilə baş versin. Mən Azərbaycanda inqilabi şəraitin yetişdiyini görmürəm.


- Son proseslərə xarici diplomatların və bəzi səfirliklərin xüsusi diqqət yetirmələrinə necə yanaşırsınız?

- Bəzi diplomatlar həqiqətən də səmimi olaraq Azərbaycanda demokratiyanın inkişafını arzulayırlar. Amma ABŞ və Fransanın məqsədi başqadır. Hər iki dövlət Azərbaycanda qarşıdurma yaratmaqla ölkəmizi Qarabağı ermənilərə güzəştə getməyə sövq etmək istəyirlər. Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılması üçün fəaliyyət göstərirlər. 70 milyonluq Türkiyəni Sürix protokollarını imzalamağa məcbur etdikləri halda 2,5 milyonluq Ermənistandan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etmirlər. Bu səbəbdən də onların insan haqları ilə bağlı bəzi çağırışları bəzən doğru olsa da belə Azərbaycan vətəndaşlarında qıcıq və ikrah doğurur.

- BAXCP olaraq Siz nə təklif edirsiniz?

- Biz təkamül yolu ilə inkişafın tərəfdarıyıq. Prezidentin qaldırdığı məsələlərin həllini gözləyirik. "İslahat" parlament qrupu olaraq, Konstitusiya islahatlarının keçirilməsini istəyirik və bununla bağlı layihə də təqdim etmişik. Yalnız bu yolla məhkəmələrin müstəqilliyinə və parlamentin səlahiyyətlərinin artırılmasına nail olmaq olar. Müstəqil məhkəmə və səlahiyyətli parlament olmadan isə azad cəmiyyət qurmaq mümkün deyil.

- "Prezidentin qaldırdığı məsələlərin həllini gözləyirik" dediniz. Gözləntinizə səbəb olan məsələlərə konkretlik gətirə bilərsiniz?

- Hesab edirik ki, ilk növbədə Prezidentin fikirlərini öz istədikləri kimi yozan və yaxud əməl etməyən məmurlar azad edilməlidir. Məsələn, neft pullarının 2 milyardı sahibkarlara aşağı faizlə kreditlərin verilməsi üçün Azərbaycan banklarında yerləşdirilməsi ilə bağlı tapşırıq yerinə yetirilmir. Həmçinin evlərin sənədləşdirilməsiylə bağlı tapşırıqdan sonra Neft Şirkətinin rəhbəri yalnız onların icazə verdiyi evlərin sənədləşdiriləcəyini deyir... Prokurorluq araşdırmalıdır ki, bu icazələr hansı əsaslarla verilib. Yaxud necə olur ki, insanların bir hissəsinə icazə verilir, başqa bir hissəsinə isə yox. Maraqlıdır ki, sənədsiz evlərin sənədləşdirilməsilə bağlı məsələ gündəliyə gələndən sonra Neft Şirkəti evlərin sökülməsini daha da sürətləndirib.

Bu siyahını xeyli uzatmaq olar. Amma birini də söyləyim ki, mənzərə daha da aydın olsun. Prezident ölkənin siyasi sisteminin gücləndiriləcəyini söyləmişdi, amma müvafiq qurumlar bu istiqamətdə heç bir addım atmırlar. Bu da haqlı olaraq narahatlıq yaradır.


- Sizcə, siyasi sistemin gücləndirilməsi üçün hansı addımlar atılmalıdır?

- İlk növbədə ölkə başçısının parlament müxalifəti ilə görüşünə böyük ehtiyac var. Eyni zamanda "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklər edilməli, siyasi təşkilatların xarici qüvvələrdən və ayrı-ayrı sahibkarlardan asılılığının azaldılması üçün siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilməlidir. Siyasi partiyaların rolunun artırılması üçün parlament rəhbərliyinin formalaşdırılmasına yenidən baxılmalı və müxalifət parlamentin idarəçiliyində iştirak etməlidir. Konstitusiya islahatlarının tərkib hissəsi kimi parlamentin səlahiyyətləri artırılmalı və növbəti parlament seçkiləri proporsional seçki sistemi əsasında keçirilməlidir.


- Aprelin 2-də keçirilən icazəsiz etiraz aksiyası zamanı saxlanılanlar var...

- Hesab edirəm ki, saxlanılanlar azad edilməlidir. Kütləvi aksiyaların keçirilməsi isə adiləşdirilməlidir və "Azadlıq" meydanı bütün vətəndaşların üzünə açılmalıdır. Biz hələ öz seçki platformamızda bu barədə söhbət açmışdıq.

Bilirsiniz, çox qəribə bir mənzərə yaranıb. Vətəndaşlara "Azadlıq" meydanında öz avtonəqliyyat vasitələrini saxlamağa icazə verilir, amma özlərinin həmin meydanda dayanıb sərbəst toplaşmaq hüququnu gerçəkləşdirmələrinə yox... Bütün hallarda mən kütləvi aksiyaların demokratik cəmiyyətin atributlarından biri kimi adiləşdirilməsinin və buna olduqca təbii yanaşılmasının tərəfdarıyam.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar