ATƏT-in müşahidə missiyası ilk aralıq hesabatını açıqladı
21 oktyabr 2010 13:10 (UTC +04:00)

ATƏT-in müşahidə missiyası ilk aralıq hesabatını açıqladı

APA-nın məlumatına görə, hesabatda bildirilir ki, Mərkəzi Seçki Komissiyası qarşıdan gələn parlament seçkilərinə çox aktiv hazırlıq aparır: “MSK çoxsaylı təlimatlar hazırlayıb, seçki komissiyalarının üzvləri üçün müxtəlif treninqlər keçirilir. Bu treninqlərin ilk mərhələsi iyulda keçirilib, ikinci mərhələyə isə oktyabrın əvvəllərində start verilib. MSK-nın iclasları KİV nümayəndələri və müşahidəçilər üçün açıqdır. İclasın gündəliyi əvvəldən açıqlanır, qəbul olunan qərarlar dövlət kütləvi informasiya vasitələri və MSK-nın saytı vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır”.

Hesabatda seçkiqabağı kampaniyanın gedişi ilə bağlı bildirilir ki, kampaniyanın başladığı dövrdə siyasi partiyaların xüsusi fəallığı müşahidə olunmayıb. Hesabat müəllifləri müxalifətin maliyyə resurslarının çox məhdud olduğunu da vurğulayıblar.

Seçki kampaniyasının kütləvi informasiya vasitələrində işıqlandırılmasına gəldikdə, hesabatda qeyd olunur ki, ölkədə yayım dairəsi Azərbaycan ərazisini tam əhatə edən bir neçə telekanal olsa da, vətəndaşların KİV-də müxtəlif siyasi baxışlarla tanış olmaq imkanı məhduddur. Müəlliflər bildirir ki, telekanallardan fərqli olaraq qəzetlərdə seçki kampaniyası daha rəngarəng işıqlandırılır: “Milli telekanallar, o cümlədən dövlət kanalı olan AzTV və İctimai Televiziya, əsasən hakimiyyətin fəaliyyətini işıqlandırır, bu telekanallarda müxalifət liderlərinə və onların fikirlərinə nadir hallarda yer ayrılır”.

Hesabatda qeyd olunur ki, ATƏT DTİHB-in müşahidə missiyasına müxalifətdən olan və müstəqil namizədlərin, onların səlahiyyətli nümayəndələrinin yerli icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən maneələr yaradılması barədə məlumat daxil olub.

Sənəddə qadınların və milli azlıqların seçkilərdə iştirakı məsələsi də əksini tapıb. Müşahidə missiyasının fikrincə, qadınlar Azərbaycanın siyasi həyatında kifayət qədər təmsil olunmayıblar: “Bu seçkilərdə iştirak edən namizədlərin yalnız 13 faizi qadınlardır. Lakin 2005-ci ilə müqayisədə qadınların seçkilərdə iştirakı ilə bağlı vəziyyət nisbətən yaxşılaşıb. Hakim partiyanın qeydiyyata alınmış namizədləri arasında qadınları iştirak faizi 2005-ci illə müqayisədə 13 faizdən 19 faizə qalxıb. Lakin müxalifət namizədləri arasında qadınlara çox az rast gəlinir. AXCP-Müsavat blokunun namizədlər siyahısında cəmi beş qadının adı var”.

Milli azlıqların seçkilərdə iştirakına gəldikdə, hesabat müəllifləri qeyd edirlər ki, bu, seçkilərdə mühüm faktor deyil və heç bir həlledici təsiri yoxdur, əsas siyasi partiyaların hamısının namizədlər siyahısında milli azlıqların nümayəndələri təmsil olunublar.

Qeyd edək ki, ATƏT DTİHB-in uzunmüddətli müşahidə missiyası fəaliyyətinə sentyabrın 28-dən başlayıb. Missiyanın tərkibinə əsas komandanın 16 üzvü və regionlarda fəaliyyət göstərən 22 müşahidəçi daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 899

Oxşar yazılar