Triest: müstəqillikdən üstün muxtariyyət - MODEL
17 avqust 2010 19:00 (UTC +04:00)

Triest: müstəqillikdən üstün muxtariyyət - MODEL

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov müsahibələrinin birində Dağlıq Qarabağ üçün Tatarıstan modeli ilə yanaşı Triest modelinin də adını hallandırmışdı. “Azərbaycan Triest modelindən istifadəni istisna etmir” - deyən nazir, bunun üçün Dağlıq Qarabağın azərbaycanlı icmasının da rəyinin öyrənilməsi vacibliyini söyləmişdi. Görünür, Elmar Məmmədyarov bir müddət Azərbaycanın İtaliyadakı səfiri vəzifəsində çalışdığından “Triest modeli” haqqında kifayət qədər məlumata malikdir ki, onu Dağlıq Qarabağ üçün yararlı variant sayır.

Liman şəhəri olan Triest İtaliyanın Venesiya-Culiya Muxtar Vilayətinin paytaxtıdır. Triest eramızdan əvvəl I əsrdə Roma imperatoru Avqust tərəfindən inşa olunub. V əsrdə Roma imperiyasının dağılması nəticəsində şəhər hun tayfalarının lideri Atillanın əlinə keçib. VI əsrdə şəhərə Bizans imperiyası sahib çıxıb. Elə buna görə də tez-tez əldən ələ keçən Triest azad şəhər kimi formalaşıb. 1382-ci ildə Avstriya krallığının müdafiəsi altına alınan şəhər Birinci Dünya Müharibəsinə qədər Avstriya imperiyasının tərkibində qalıb. Yalnız qısa zaman kəsiklərində (1797-1805 və 1809-1813-cü illərdə) Triest İtaliyanı işğal edən Fransa qoşunlarının nəzarətində olub. 1719-cu ildə Triest azad liman şəhəri elan edilib. Avstriya hökuməti 1891-ci ildə Triestin azad liman statusunu ləğv edərək, bunun əvəzinə şəhəri azad ticarət zonasına çevirib. Avstriyaya məxsus liman şəhər dəniz və ticarət yollarının kəsişməsində yerləşdiyindən Triest XX əsrin əvvəllərinə qədər inkişaf dövrünü yaşayır.

Birinci Dünya Müharibəsi Triestdən də yan keçmir. Müharibə Avstriya-Macarıstan imperiyasının sonunu gətirir. Ona görə də müharibənin sonunda – 1919-cu ildə Sen-Jermen müqaviləsinin şərtlərinə görə, Cənubi Tirol və Trentino əyalətləri ilə bərabər Triest şəhəri də Avstriyadan
alınaraq İtaliyaya verilir. İkinci Dünya Müharibəsi illərində Alman qoşunları Triesti işğal edirlər. Triest bizə Mixaylo ləqəbli partizan həmyerlimiz Mehdi Hüseynzadənin şücaəti ilə də tanışdır. Mehdi Hüseynzadə məhz Triest və onun ətrafında alman qoşunlarına qarşı diversiyalar təşkil edirdi. Faşist Almaniyasının məğlub olduğu günlərdə - 30 aprel 1945-ci ildə Yuqoslaviya partizan hərəkatının lideri Tito Triesti ələ keçirir. Ancaq bir müddət sonra müttəfiq ABŞ-Böyük Britaniya qoşunları Triestlə bərabər bütün İtaliyanı nəzarətləri altına alırlar. Tito müttəfiq qoşunlarla toqquşmadan çəkinərək, 1945-ci ilin iyununda müttəfiq qoşunların komandanlığı ilə anlaşma imzalayır. Anlaşmaya görə, Triest iki zonaya bölünür. Şəhər müttəfiq qoşunların, şəhər ətrafı qəsəbə və kəndlər isə Yuqoslaviya ordusunun nəzarətinə keçir. Tərəflər Triestlə bağlı son qərarı İtaliya ilə imzalanacaq sülh müqaviləsindən sonraya saxlayırlar.

10 fevral 1947-ci ildə Parisdə Triestlə bağlı anlaşma imzalanır. Anlaşma özündə 3 sənədi ehtiva edir. Birinci sənəd “Triest azad zonasının daimi statusu”, ikinci sənəd “Triest azad zonasında müvəqqəti durum”, üçüncü sənəd isə “Triest azad liman zonasının durumu” adlanır.

Triest azad zonasının daimi statusu barədə imzalanmış sənəddə bildirilir ki, bu ərazinin müstəqilliyi BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təmin edilir. Bu ərazi hərbsizləşdirilir və neytral sayılır. Onun öz bayrağı və gerbi, qubernatoru, İdarə Şurası, Xalq Məclisi və məhkəməsi var. Azad zona polis və təhlükəsizlik xidmətini yaradır. Triest azad zonası heç bir dövlətlə hərbi müqavilə imzalamaq səlahiyyətinə malik deyil. Ərazinin qubernatorunu Yuqoslaviya və İtaliya rəhbərliyi ilə məsləhətləşmədən sonra BMT-nin Təhlükəsizlik Şurası təyin edir. Triestin iqtisadi, texniki, mədəni, sosial və səhiyyə sahələrində beynəlxalq təşkilatlarla əməkdaşlıq və anlaşmalar imzalamaq hüququ var. İtaliya Triestdə müavinətlərin verilməsinə görə məsuliyyət daşıyır.

Triestin iki rəsmi dili var: italyan və sloven dilləri. Bölgədə xorvat dili də işlənir.

5 oktyabr 1954-cü ildə Londonda İtaliya və Yuqoslaviya arasında Triestə dair daha bir müqavilə imzalanır. 1975-ci ildə ratifikasiya olunan sazişə görə Triestin şəhər hissəsi İtaliyaya, qəsəbə və kəndlər olan hissəsi isə Yuqoslaviyanın tərkibinə keçir. Hazırda sonuncu hissə Sloveniya Respublikasına aiddir.

Triest modelinin Dağlıq Qarabağ münaqişəsinin həllinə tətbiqi imkanlarından danışmaq çətindir. Ona görə ki, Triest əsrlər boyu azad şəhər statusunda olub, işğalla üzləşsə də, faktiki müstəqil həyat sürüb. Buna baxmayaraq, İtaliyanın tərkibində olan Triestin azad şəhər statusunu ATƏT həmsədrlərinin Dağlıq Qarabağa verilməsi nəzərdə tutulan aralıq statusa bənzəyir. İtaliyanın mərkəzi hakimiyyəti şəhərin işlərinə qarışmır, şəhər də İtaliya qanunvericiliyinin, imzalanan anlaşmaların xaricinə çıxmır, ona verilən səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. Siyasi hədəfi olmayan Triest ancaq gəlirlər və insanların rifah halının yüksəlməsi haqqında düşünür.

Əlbəttə Triestin liman şəhəri olaraq üstünlükləri var, konkret qazanc yeri bəllidir. Dağlıq Qarabağ iqtisadiyyatının isə indiki şəraitdə öyünəcək sahəsi yoxdur, ancaq münaqişə yoluna qoyularsa, bölgənin ən azı turizm potensialını hərəkətə gətirmək mümkündür. Yəni necə ki, Triest azad iqtisadi zona kimi fəaliyyət göstərir, iqtisadi, sosial, mədəni problemlərinin həlli ilə məşğul olur, eləcə də Dağlıq Qarabağ bu sahələrin inkişafı ilə məşğul ola bilər. Azad iqtisadi zona Dağlıq Qarabağa imkan verər ki, bu istiqamətlərdə beynəlxalq təşkilatlarla da əməkdaşlıq etsin, iqtisadi nümayəndəliklər açsın, ortaq layihələr reallaşdırsın. Elmar Məmmədyarovun da ara-sıra misal çəkdiyi Tatarıstanın Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə iqtisadi nümayəndəlikləri fəaliyyət göstərir. Azad iqtisadi zonanın üstün cəhətlərindən başlıcası münasibətləri faydalılıq üzərində qurmaqdır. Yəni bölgə daha çox qazanc və gəlirlərini artırılması haqqında düşünür, siyasi iddialar arxa plana keçir. Çünki, siyasi iddia, daha çox status tələbi illərlə formalaşam müsbət atmosferə zərər verəcək, indiyə qədər əldə edilənlərin üstündən xətt çəkəcək. Məhz iqtisadi amilə verilən üstünlüyün nəticəsidir ki, Kvebek, Kataloniya, Cənubi Tirol və ya Triest olsun, buralarda yaşayanların böyük əksəriyyəti separatçıların ara-sıra hay-küylərinə rəğmən, müstəqillik ideyasını dəstəkləmirlər.

“Atlas” Araşdırmalar Mərkəzi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 800

Oxşar yazılar