Cavidan Elbars: “İran ağır problemlə üz-üzədir” - MÜSAHİBƏ
13 iyul 2010 12:30 (UTC +04:00)

Cavidan Elbars: “İran ağır problemlə üz-üzədir” - MÜSAHİBƏ

Qarşıdan Azərbaycan milli mətbuatının 135 illiyi gəlir. Bu tarix böyük Həsən bəy Zərdabinin “Əkinçi”ni nəşr etdirməsindən hesablansa da, milli mətbuat tariximizin ondan əvvələ gedib çıxdığını göstərən faktlar da var. Mətbuat texnologiya ilə yanaşı, söz və fikir azadlığı, maarifçilik kimi hərəkatın da yaranmasına şərait yaradır. Bu baxımdan qeyd etmək lazımdır ki, ilk çapxana 1825-ci ildə Təbrizə gətirilib. Çeşidli kitablardan başqa, 1858-ci ildə Təbrizdə “Azərbaycan” adlı ilk qəzet nəşr olunub. “Əxbari-darülsəltəneyi-Azərbaycan” və başqa adlar altında işıq üzü görən bu qəzetin səhifələrində saray xəbərləri, şahın və vəliəhdin səfərləri, ölkə daxili və xaricində baş verən hadisələrin xülasəsi verilirdi. Ancaq təəssüflə bildirmək lazımdır ki, onun bir nüsxəsi də əldə yoxdu. Bu barədə məlumatlar yalnız xarici mənbələrdə yazılıb. 1892-ci ildə Təbrizdə naşiri və redaktoru Əliqulu xan Səfərov olan “Şəbnamə” adlı Azərbaycan türkcəsində illüstrasiyalı ilk satirik mətbu orqan yaranıb (“Molla Nəsrəddin” jurnalının ilk sayından 14 il öncə). Görkəmli Azərbaycan mütəfəkkiri M.F. Axundovun indiyəcən əldə olunmayan, ərəbcə yazılmış “Təlqinnamə” əsəri həmin dərgidə çap olunub. Bu dərginin də nüsxəsi hazırda əldə yoxdur…

Bu qeydləri həm də ona görə etdik ki, Azərbaycanın yalnız Azərbaycan Respublikasından ibarət olmadığını bir daha xatırlayaq. “Güney Azərbaycan” dərgisinin baş redaktoru Cavidan Elbarsla söhbətimizdə də bu məsələlər əsas yer tutur.

- İrandakı mövcud vəziyyəti necə dəyərləndirərdiniz?

- Ümumiyyətlə, son 30 ildə, 1979-cu il inqilabından bu günə kimi siyasi-iqtisadi və başqa sahələrdə normal durum hakim olmayıb. İslam inqilabının ixracı nəzəriyyəsinin fəsadlarından olan 8 illik İran-İraq müharibəsi, ondan sonrakı illərdə siyasi və fərqli düşünən təşkilat mənsubları, ziyalıların kütləvi şəkildə həbsi və edamı, müharibənin törətdiyi ağır iqtisadi problemlər ölkəni iqtisadi-siyasi və ictimai böhranla üz-üzə qoyub. Bir neçə illik fasilədən sonra yenə də Əhmədinijat və komandasının hakimiyyəti ələ alması bütün sahələrdə böhranın son dərəcə dərinləşməsinə səbəb olub.

Hazırkı hökumətin avantürist və təcavüzkar xarici siyasəti, şübhəli nüvə proqramının sürdürülməsində israrının nəticəsi olaraq, beynəlxalq embarqoların tətbiqi öz təsirini göstərməkdədir. Özəlliklə son prezident seçkisindən sonra ölkədə yaranan siyasi qeyri-sabitlik, hakimiyyətdaxili çəkişmələr, xarici sərmayəçilərin ölkəni tərk etməsi, beynəlxalq səviyyədə bank əlaqələrinin və pul dövriyyəsinin iflic vəziyyətə düşməsi, inflyasiyanın 25 faizdən yuxarı olması, kiçildilmiş rəsmi rəqəmlərə görə ölkədə işsizliyin 20 faizə yaxınlaşması, habelə daxili sərmayəçilər və iş adamlarının ölkəni tərk etməsi İranın hazırkı durumunun nə yerdə olduğunu açıq şəkildə göstərir. Bunlarla yanaşı, ölkə iqtisadiyyatının əsas dayaqlarının “SEPAH”-ın (İran İnqilab Keşikçiləri Qvardiyası) nəzarətinə keçməsi ilə “hərbiləşdirilməsi” özəl iqtisadi sektorun çöküşü və bu sahənin qısa müddətdə meydandan çıxması onsuz da ağır durumda olan əhalinin problemlərinin dözülməz dərəcədə artmasına səbəb olub. Bu isə təbii olaraq, ictimai problemlərin də artması ilə nəticələnir.

Həmçinin son prezident seçkisindən sonra ölkədə, özəlliklə Tehranda 2 milyona yaxın insanın həmin siyasi kampaniyanın rəsmi nəticəsinə etirazı, hökumətin dinc etiraz aksiyaları keçirən əhaliyə qarşı tətbiq etdiyi zorakılıqlar nəticəsində yüzlərlə dinc aksiyaçının öldürülməsi, minlərlə insanın həbsi, beynəlxalq ictimaiyyətin, demokratik dövlətlərin baş verənlərə təpkisi bu rejimin onsuz da çirkli reputasiyasının daha da çirklənməsinə, ölkədəki onsuz da gərgin olan siyasi-ictimai durumun daha çox həssaslaşması və əhalinin böyük bir hissəsi ilə hakim sistem arasında çatın dərinləşməsinə səbəb olub.

- İranın nüvə proqramının, eləcə də bu yöndə Qərblə danışıqların perspektivinin necə görürsünüz? Sizcə, Tehran Qərblə razılığa gələ bilərmi?

- Bəli, nüvə proqramını gerçəkləşdirməkdə İranın məqsədi heç də iddia etdiyi kimi bu enerjidən dinc məqsədlər üçün istifadə etmək deyil. Tehran hakimiyyəti pəhləvilər dövründə olduğu kimi bölgədə nüfuz qazanmaq və hegemonluq etmək üçün müxtəlif yollara əl atır. Pəhləvi dövrü bu, Amerikanın dəstəyi ilə mümkün olsa da, hazırkı dövrdə hakim sistem buna hərbi gücünü artırmaq, nüvə silahını əldə etməklə nail olmaq istəyir.

O da məlumdur ki, onsuzda “islam inqilabı”nın ixracını özünə hədəf seçən, qonşu ölkələrin əksəriyyətinə torpaq iddiasında olan bir sistemin nüvə silahına yiyələnməsi bölgə və dünya üçün son dərəcə təhlükəlidir. Ona görə də Qərbin, dünyanın aparıcı dövlətlərinin buna yol verməsi gözlənilmir. Son zamanlar məsələ ilə bağlı beynəlxalq səviyyədə diplomatik çalışmaların artması, embarqoların təsdiqi, İranın nüvə obyektinin tikintisində bir başa əli olan, bu ölkənin yaxın tərəfdaşı Rusiyanın mövqeyinin dəyişilməsi, həmçinin İranın nüvə siyasətinə daha loyal münasibət bəsləyən Türkiyənin vasitəçilik səylərinin iflasa uğraması göstərdi ki, Qərb Tehranın bu təhlükəli cəhdinə imkan vermək niyyətində deyil. Ancaq bütün bunlara baxmayaraq, yaxın zamanlarda ABŞ-ın və müttəfiqlərinin İrana qarşı hər hansı ciddi hərbi müdaxiləsi də gözlənilmir. İsrailin müharibə bəyanatları isə daha çox Qərbi Tehrana qarşı daha sərt sanksiyalar tətbiq etməyə, təzyiqlər göstərməyə vadar etmək məqsədi daşıyır.

Tehranın nüvə proqramının qarşısını almaq üçün Qərbin bir neçə vasitədən istifadə edəcəyi mümkündür.

Birincisi, İrana təzyiq göstərməklə yanaşı danışıqları proqramın dayandırılmasına qədər davam etdirmək. Demək olar ki, Amerikanın əsas siyasəti və hazırda üstünlük verdiyi vasitə bundan ibarətdir.

İkincisi, Tehran rejimi ilə bütün sahələrdə hərtərəfli, o cümlədən hərbi qarşıdurmaya gedib, rejimin dəyişdirilməsi. Daha sərt embarqolar vasitəsi ilə rejimi zəiflədərək, qəti qərar qəbul etməkdən çəkindirmək və nüvə proqramından daşındırmaq.

Üçüncüsü, Tehran hakimiyyətinə təzyiqlərin məğlubiyyətlə üzləşdiyini qəbul edib, İslam Respublikasının nüvə silahına yiyələnməsinə göz yumaraq, onun bölgədəki hegemonluğun qəbul etmək və mövcud rejimlə razılaşmaq. Tanınmış amerikalı siyasətçi Bzejiniski və neft kartelləri buna, üçüncü yola daha çox önəm verirlər.

Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, hazırkı durumda Qərbin üçüncü yolu seçmə ehtimalı inandırıcı deyil.

İndiki şəraitdə Amerika başda olmaqla Qərbin İranda əhalinin artan narazılığı milli, dini aparteiddən, habelə ictimai və iqtisadi narazılıqlardan irəli gələn geniş miqyaslı etiraz dalğalarından yararlanaraq, baş verəcək qarşıdurmalar nəticəsində hakim sistemi dəyişdirməyə çalışması daha məntiqi görünür.

- Siz həm də mətbuat təmsilçisiniz. İranda KİV-in durumu haqda nə deyərdiniz?

- İranda qısa müddətli istisnaları çıxmaq şərtilə azad və müstəqil mətbuat anlayışı belə olmayıb.

Hazırkı rejim isə bu sahədə öz sələflərinin üzünü ağardıb. İran dünyada “millətlər həbsxanası” kimi tanınsa da hakim rejimin “əməyi” nəticəsində bu ölkə indi həm də “jurnalistlər həbsxanası” tituluna layıq görülüb. Özəlliklə, son bir ildə KİV-ə və təmsilçilərinə qarşı edilən təzyiqlər, onlarla mətbu orqanın fəaliyyətinin qadağan edilməsi, onlarla jurnalistin həbsi bu ölkənin bu titulu boşuna qazanmadığını sübut edir.

Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi İranda mətbuatın durumu ilə bağlı yaydığı bəyanatda bildirib ki, İran dünyada həbsdə olan jurnalistlərin üçdə birini, 52 jurnalisti həbsdə saxladığına görə bu sahədə birinci yeri tutaraq, jurnalistlər həbsxanasıdır. Əlbəttə, bu bəyanat verildikdən sonra da bir neçə jurnalist həbs edilib.

Habelə “Freedom House”un dünyada mətbuat azadlığı ilə bağlı hazırladığı son hesabatına görə, İran mətbuat azadlığı sahəsində 187-ci yerdə dayanaraq, ötən illərdə olduğu kimi, yenə də qeyri-azad ölkələr sırasındadır.

Müxtəlif beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Jurnalistlər Federasiyası və Sərhədsiz Reportyorlar Birliyinin yaydığı birgə bəyanatda İranda onlarla jurnalistin həbsdə saxlanıldığı və azad mətbuat anlayışının Tehran rejimi tərəfindən qəbul edilmədiyi dəfələrlə vurğulanıb. Əksər müstəqil beynəlxalq hesabatlarda Mahmud Əhmədinijat “mətbuat azadlığının ən qatı düşməni” siyahısına başçılıq edir.

Bu ölkədə onlarla mətbu orqanın nəşrinə qadağa qoyulması, əhalini düzgün informasiya ilə təmin etmək istəyən media qurumlarının təqibi və təzyiqlərə məruz qaldığı da bəyan edilib.

Qeyd edək ki, mətbuata qarşı basqılar ötən il keçirilən prezident seçkisindən sonra daha da geniş vüsət alıb. Seçkidə baş verən saxtakarlığa etiraz mitinqlərindən sonra Tehran rejimi özünə bağlı olmayan mətbuatın susdurulmasını və əhalini xaricdən informasiya əldə etmək imkanından məhrum etməyi qarşısına məqsəd qoyub. Bu ölkə radio-televizya verilişlərinin qarşısını almaq üçün “parazitlər” buraxır, saytlara süzgəclər qoyur və başqa bu kimi vasitələrdən istifadə edərək vətəndaşların informasiya təminatında ciddi problemlər və məhdudiyyətlər yaradır. Bir sözlə, hakim sistem ölkə vətəndaşlarını “kar” və “kor” saxlayaraq, özünün istədiyi informasiya ilə “zəhərləmək” istəyir.
Bu arada ölkədəki fars olmayanların ana dilində, özəlliklə Azərbaycan türkcəsində “olan” mətbuatın durumundan danışmağa dəyməz. Fars dilində fərqli düşünən mətbuata qarşı belə basqıların olduğu bir ölkədə, həm düşüncə həm də dil etibarilə fərqli olan mətbuatın varlığı belə hakim sistem tərəfindən qəbul edilmir.

- Yeri gəlmişkən, Güney Azərbaycan türklərinin milli haqlarının təminin tələb edən Azərbaycan Milli Hərəkatının indiki durumu, hakimiyyətin ona təzyiqləri barədə nə deyə bilərsiniz?

- Hər zaman olduğu kimi, başqa məsələlərdən, böhranlardan asılı olmayaraq Tehran hakimiyyətinin və fars şovinist dairələrinin Azərbaycan Milli Hərəkatına qarşı mövqeyi birmənalı və dəyişməz olub.

Altı il öncə, “islahatçı”lar dövründə Azərbaycan Milli Hərəkatına qarşı basqılar boyanmış, “yumşaq” şəkildə göstərilirsə də, mahiyyətcə bugünkündən geri qalmırdı. Hətta, bəzi məqamlarda bugünkündən daha təhlükəli olduğunu da demək olar.

Bu bir həqiqətdir ki, hakimiyyətə kimin gəlməsindən, özünü hansı cərəyanın təmsilçisi adlandırmasından asılı olmayaraq, fars şovinist düşüncə sisteminin cızdığı çizgidən qırağa çıxmayacaq.

Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan Milli Hərəkatı ağır və çətinliklə olsa da məqsədə doğru irəliləməkdədir. Hərəkatın fəaliyyəti hələlik arzu edilən səviyyədə olmasa da, zaman sürəcində bəlli bir sistemə, zəngin təcrübəyə yiyələnib. Bunun qısa bir zaman kəsiyində nəticə verəcəyini gözləmək məntiqi deyil. Bir neçə il bundan öncəyə kimi Güney Azərbaycanda milli hərəkatın məqsəd və qayəsi tam bəlli deyildi, nəyi necə, hansı yollarla əldə etmək təfəkkürü tam formalaşmamışdı. Ancaq bu gün Azərbaycan mərkəzli türk düşüncə sisteminin formalaşması, bunun bəlli bir aparıcı cərəyana çevrilməsi çox ümidvericidir. Ola bilsin, hərəkatda təmsil olunan şəxslərin, qurumların bir çoxu bunun fərqində deyil. Ancaq onlar da fərqində olmadan qeyd etdiyimiz sistem çərçivəsində hərəkət etməkdədirlər.

Hərəkatın zəngin təcrübəyə yiyələnməsi dedikdə bu İranda son prezident seçkisindən öncə və sonra özünü göstərdi. Azərbaycan türklərinin yaşadığı əyalətlərin əhalisinin seçki təbliğatı proseslərində, ondan sonrakı dövr ərzində nümayiş etdirdikləri mövqe bir daha göstərdi ki, Azərbaycan türkləri milli mənafelərinə, haqlarına əskidə olduğu kimi laqeydliklə yanaşan və mərkəzdə baş verən hər hansı bir cərəyana inanmırlar. Bu isə həm hakim iqtidar komandasının, həm də hakimiyyətin ətəyindən çıxmış müxalifətin ciddi narahatlığına səbəb olur.

Son aylar ölkənin əksər şəhərlərində, özəlliklə türklərin əyalətlərində milli-mədəni fəallara qarşı olan basqılar, onların təqibi və həbsi üzücü olmaqla yanaşı hərəkatın güclənməsindən, ciddiyə alınmasından və hakim sistemin bundan təşviş keçirdiyindən xəbər verir. Bilindiyi kimi son üç ay ərzində onlarla milli hərəkat fəalı həbs edilib. Onlardan 17 nəfər İran ETTELAAT-ının Təbrizdəki yerli bölməsinin təkadamlıq kameralarında saxlanılır. Rejimin bütün bu təqib və həbslərdə bilinən və bilinməyən marağının olmasına baxmayaraq, bu hadisədə növbəti dəfə Güney Azərbaycan Milli Hərəkatının daha da mütəşəkkilləşməsi prosesinin sürətlənməsinə səbəb oldu. Xarici ölkələrdəki bir çox milli-siyasi təşkilatların, müstəqil milli fəalların keçirdikləri birgə etiraz aksiyaları və bu çıxışların davamlı xarakter alması buna sübutdur.

Əlbəttə, bir daha vurğulamaq lazımdır ki, belə məsələlərdə, bəzən hətta həbslərdə, təqiblərdə rejimin bir sıra maraqları da olur, bununla hansısa mesajlar verir. Ancaq indiki şəraitdə bu məsələlərə toxunmağın məqsədə uyğun olduğun zənn etmirəm.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar