Xəzərdən gələn təhlükələr nəzarətə götürülür
20 yanvar 2010 13:00 (UTC +04:00)

Xəzərdən gələn təhlükələr nəzarətə götürülür

Mart ayınadək Azərbaycan Xəzər dənizində gəmilərin hərəkətini müəyyənləşdirmək və izləmək üçün Uzaq Məsafədən İzləmə və Nəzarət Sistemini istifadəyə verməyi planlaşdırır. Bir müddət əvvəl Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ADDA) rəisi Qüdrət Qurbanov bu sistem barədə ilk məlumatları versə də sistemin hansı formada fəaliyyət göstərəcəyini və işini necə quracağını açıqlamamışdı. Administrasiya rəisi yalnız onu bildirmişdi ki, Xəzər dənizinin milli sektoruna daxil olan və bu sektorda üzən gəmilər peyk vasitəsi ilə izləniləcək. Lent.az ADDA-dakı mənbələrə istinadən bu sistemlə bağlı bəzi məlumatları əldə edib.

Dənizdə təhdidlər artır

Son illər Xəzər ətrafı dövlətlərin sürətlə hərbi donanma yaratmaları və dənizdəki hərbi imkanlarını artırma səyləri Azərbaycanı bu sahədə müasir texnologiyaların tətbiqi ilə dəniz təhlükəsizliyini təmin etməyə vadar edir. Eyni zamanda Azərbaycanın maraqlarına uyğun olmayan bəzi yüklərin dəniz marşrutu ilə daşınması, həmin gəmilərin Azərbaycanın milli sularına daxil olması faktları da problem olaraq qalmaqdadır. Xüsusilə də radioaktiv mənşəli yüklər bu sırada əsas problem doğurur. Dəniz təhdidlərini artıran ikinci məsələ isə ticarət və mülki gəmilərin Xəzərdə hərəkətindən ehtimal olunan problemlərdir. Maraqlı dövlətlərə məxsus mülki təyinatlı gəminin Azərbaycan sularında hansısa başqa məqsədli hərəkətlərinin gözlənilməsi də digər tərəfdən dövlətin “pulunun çıxdığı” Xəzər dənizində daha diqqətli olmasını zərurətə çevirir.

Aparılan araşdırmalara görə, ötən il Xəzər dənizinə sahil dövlətləri tərəfindən müxtəlif su tutumlu 8 hərbi gəmi daxil edilib. Bu il də Xəzərə 2009-cu ildəki sayda – təxminən 7-10 ədəd hərbi gəminin daxil edilməsi gözlənilir. Ötən il Azərbaycan 2, Türkmənistan 2, İran 1, Qazaxıstan və Rusiya hər biri 1 və 3 olmaqla əlavə hərbi gəmi və ya katerə malik olub. Yaxın 5 il ərzində isə sahil dövlətləri tərəfindən hazırda verilmiş sifarişlərə əsasən Xəzər dənizində əlavə olaraq ən azı 50 ədəd gəmi (freqat, korvet, tral, desant, artilleriya gəmiləri, həmçinin sahil katerləri) olacaq. Bunların arasında əsas üstünlüyü artilleriya katerlərinin təşkil edəcəyi gözlənilir.

Yeni sistem: hər gəmi nəzarətdə

Hazırda Azərbaycanın sərhədlərinin mühafizəsinə bilavasitə cavabdehlik daşıyan Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi Xəzər dənizindəki gəmilərin hərəkətini izləmək üçün texniki imkanlara malikdir. Sahil Mühafizəsinin 2008-ci ilin sonunda istifadəyə verilmiş bazasında qurulmuş müasir avadanlıqlar hesabına Azərbaycan sərhədçiləri Xəzərin Azərbaycan sektoruna radioelektron nəzarəti həyata keçirirlər. Analoji sistemin hazırda modernləşdirilən Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komanda məntəqəsində də qurulması nəzərdə tutulur. Hərbi dənizçilər bununla gələcəkdə Xəzərdəki gəmilərin hərəkətinə nəzarət etməklə yanaşı, zərurət yarandıqda döyüş əməliyyatlarını da uzaq məsafədən idarə edə biləcəklər.

ADDA-nın üzərində işlədiyi Uzaq Məsafədən İzləmə və Nəzarət Sistemi də iş prinsipi və nəzarət imkanları baxımından bu sistemlərə qismən bənzəyəcək. Böyük dəniz təcrübəsi olan Norveç şirkətləri tərəfindən qurulan bu sistem müvafiq qurumların – HDQ, DSX, ARDNŞ, XDGİ və s. naviqasiya sistemləri ilə əlaqələndiriləcək. Bu qurumların nəzarət sistemlərinə daxil olan bütün məlumatlar eyni vaxtda ADDA-dakı mərkəzi bazaya ötürüləcək. Xəzər üçün yeni sayılan bu sistem vasitəsi ilə gəmilər, gəmilərdən ayrılan kiçik qayıqlar, həmçinin Xəzərin Azərbaycan hövzəsində dənizin altı ilə hərəkət edən üzmə vasitələrini (sualtı qayıqlar, sürücüsüz aparatlar və s.) belə izləmək, onların hərəkətinə nəzarət etmək mümkün olacaq. Uzaq Məsafədən İzləmə və Nəzarət Sistemi vasitəsi ilə ADDA-nın əməkdaşları istənilən zaman istənilən gəmi ilə əlaqə yaradıb, bu gəminin hansı istiqamətə hərəkət etdiyini öyrənə biləcək. Gəmilərin hansı ərazidə olduğu, adı, təyinatı, yükünün nədən ibarət olduğu, hətta kapitanının kim olduğu kompüterlərdə qeydə alınacaq. Ən maraqlısı odur ki, Uzaq Məsafədən İzləmə və Nəzarət Sistemi dənizdəki kiçik motorlu qayıqların (balıqçı qayıqları daxil olmaqla) yerini belə müəyyənləşdirməyə imkan yaranacaq.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar