Parlament seçkisində müxalifətin iştirakı ilə bağlı təkliflər - ARAŞDIRMA
18 yanvar 2010 18:30 (UTC +04:00)

Parlament seçkisində müxalifətin iştirakı ilə bağlı təkliflər - ARAŞDIRMA

Bu ilin sonunda keçiriləcək parlament seçkilərində müxalifət partiyalarının iştirakı ilə bağlı müxtəlif təkliflər var.


Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, yaz və yay aylarında müəyyən siyasi qüvvələrlə və ya heç bir partiyanı təmsil etməyən, ancaq Azərbaycan cəmiyyətində nüfuza malik ziyalılarla, ictimai xadimlərlə danışıqlar aparıb koalisiya qurulmasına da cəhd göstərəcəklər. O, müxalifətin koalisiyasının yaradılmasının tərəfdarı olduqlarını deyib: “Biz müxalifətin birliyi deyəndə, ilk növbədə, Müsavat Partiyası ilə AXCP-nin birliyini nəzərdə tuturuq və arzu edərdik ki, seçki kampaniyası dövründə bu iki partiya birlikdə çıxış etsin. Təbii ki, digər siyasi partiyaların da - yəni səmimi müxalifət təşkilatlarının, doğrudan da demokratiya uğrunda mübarizə aparan partiyaların da koalisiyada iştirakı arzu edilən olardı”.
A.Hacılı konkret ad açıqlamasa da, Azərbaycanda fəaliyyət göstərən bir sıra partiyalarla Müsavat Partiyasının seçkilərdə birgə iştirakının mümkün olduğunu bildirib.


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirir ki, bir sıra intriqalara görə müxalifət partiyalarının seçkilərdə vahid seçki bloku ilə iştirakı mümkün deyil: “Mən bununla bağlı bir sıra partiyalarla danışıqlar apardım və bu baş tutmadı”. O, vahid seçki blokunun olmayacağı halda, heç olmasa müxalifətin funksional əməkdaşlıq etməsini təklif edir: “Yəni, heç olmasa seçki dairələrindən vahid namizədlər irəli sürülsün, kim istəsə, həmin vahid namizədi müdafiə etsin, kim istəməsə, etməsin. Burada əsas məqsəd alternativliyi aradan götürməkdir. Əməkdaşlıq etmək istəyən qüvvələr üçün də yol qoyulur. Bu, yeganə çıxış yoludur və mən bununla bağlı partiya rəhbərləri ilə yenidən görüşüb onların razılığını almaq istəyirəm. Amma hazırkı məqamda yenə də bəzi qüvvələr müxtəlif bəhanələr gətirməklə vaxtı uzadır”.
S.Cəlaloğlu bildirib ki, birlik alınmasa, müxalifət nə edə bilməyəcək.


Milli Birlik Hərəkatının lideri Lalə Şövkət isə müxalifətin ümumi koalisiyasının yaradılmasını vacib sayır. APA-ya açıqlamasında seçkilərdə müxalifətin uğur qazanmasının yalnız müxalifət partiyaları arasındakı ayrı-seçkiliyə son qoyulmaqla reallaşa biləcəyini deyən L.Şövkət hesab edir ki, bu qüvvələr vahid cəbhədə birləşməlidir: “Partiyaların balaca, böyük olması iddialarını kənara qoymaq lazımdır. Bütün müxalifət qüvvələri bir cəbhədə birləşə bilsə, o zaman hansısa müsbət nəticə əldə etmək mümkündür. İstərdim ki, müxalifət, nəhayət, vəziyyətinin çox ciddi olduğunu başa düşsün və bütün iddiaları kənara qoyub, seçkilərdə vahid qüvvə kimi iştirak etsin. Əgər müxalifət yenə bir neçə blokla seçkilərə getsə, o zaman uğura ümid etmək olmaz. Onda çox çətin ki, biz parlament seçkilərində dəyişikliklərə nail olaq”.


Demokratiya Uğrunda İttifaqın təmsilçisi Pənah Hüseyn isə bildirir ki, müxalifət seçkilərlə bağlı müzakirələr aparıb müəyyən çıxış yolu tapmalıdır. İndiki halda müxalifətin seçkilərdə vahid seçki bloku ilə iştirakının aktual görünmədiyini deyən P.Hüseyn ayrı-ayrı partiyaların mətbuatda dərc olunan müsahibələrinin bunu söyləməyə əsas verdiyini vurğulayıb: “Prinsipcə isə istənilən model, istənilən əməkdaşlıq forması, o cümlədən seçkilərdə müxalifətin vahid siyahı ilə iştirak etməsi, vahid seçki blokunun yaradılması kimi məsələlər də müzakirə oluna bilər. Bu gün ən çox səsləndirilən ümumi əməkdaşlığın olmasıdır. Yəni seçki bloku kimi yox, namizədlərin müstəqil şəkildə irəli sürülməsi, lakin demokratik seçki, birgə müşahidənin aparılması məsələsində əməkdaşlıq önə çəkilir. Bu, indiki mərhələ üçün daha real görünür”.


AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə APA-ya parlament seçkilərində “Azadlıq” bloku ilə Müsavat Partiyasının birgə iştirakının təklif olunduğunu bildirib. Onun sözlərinə görə, parlament seçkiləri partiyanın 2010-cu il fəaliyyət planında önəmli yerlərdən birini tutur və adıçəkilən siyasi qüvvələrin seçki dairələri üzrə vahid namizədlə çıxış etməsi vacibdir: “Hələlik partiyalar arasında bu təkliflə bağlı müzakirələr aparılmayıb. Amma bunun reallaşması üçün hər iki tərəf səy göstərməlidir”.


Ümid Partiyasının sədri İqbal Ağazadə də APA-ya bildirib ki, hazırda parlament seçkilərində siyasi partiyalarla əməkdaşlığın perspektivlərini müzakirə edirlər: “Bu müzakirələrdə həm cəmiyyətin, həm digər partiyaların, əsasən isə öz partiyamızın maraqlarını nəzərə alırıq. Hər iki variantda - həm siyasi partiyalarla əməkdaşlıq çərçivəsində, həm də partiya olaraq iştirak etmək variantında hazırlığa start vermişik. Proseslərin gedişində onların hansını məqbul hesab edəcəyiksə, bunun üzərində dayanacağıq və bu istiqamətdə də təbliğatımızı quracağıq. Hesab edirəm ki, bunun üçün bizim kifayət qədər resurs və imkanımız var”.
İ.Ağazadə müəyyən partiyalarla danışıqların aparıldığını, lakin bununla bağlı hələlik açıqlama vermək istəmədiyini vurğulayıb.


Digər müxalifət partiyalarından Ədalət Partiyası Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə birgə seçki bloku yaratmaq təşəbbüsü irəli sürüb. Aydınlar Partiyası seçkilərdə təkbaşına iştirak etmək niyyətindədir. Azərbaycan Milli İstiqlal Partiyası parlament seçkilərində iştirak etmək qərarı versə də, hələlik format müəyyən olunmayıb. Böyük Quruluş Partiyası (BQP) isə seçkilərdə bütün seçki dairələrindən namizəd irəli sürmək və seçkidə partiya olaraq iştirak etmək niyyətindədir. BQP başqanı Fazil Mustafa APA-ya seçkilər öncəsi digər partiyalarla əməkdaşlıqda maraqlı olduqlarını, lakin hələlik hər hansı danışıqlar aparılmadığını deyib.


Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin fikrincə isə parlament seçkiləri ilə bağlı nəsə söyləmək hələlik tezdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar