Siyavuş Novruzov: “Onların videosu seçki sisteminə ləkə gətirir” - MÜSAHİBƏ
09 oktyabr 2012 14:35 (UTC +04:00)

Siyavuş Novruzov: “Onların videosu seçki sisteminə ləkə gətirir” - MÜSAHİBƏ

YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Yeni Azərbaycan” qəzetinə müsahibə verib. Toxunulan movzuların aktuallığını nəzərə alaraq, Lent.az həmin müsahibəni təqdim edir.

- Siyavuş müəllim, bir neçə gün öncə paytaxtımızda İkinci Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. İştirakçıların Forumun işi və ölkəmizin son illərdə əldə etdiyi iqtisadi-siyasi inkişafla bağlı dəyərləndirmələri necə idi?

- Bu tədbir olduqca geniş müstəvidə keçirildi və böyük, əhəmiyyətli məsələlərin müzakirəsini özündə ehtiva etdi. Digər tərəfdən, istər iştirakçılarının sayına, istərsə də təmsilçilik normasına görə bu forum seçilirdi. Forumda həm Şərq, həm də Qərb dünyasının tanınmış ictimai-siyasi xadimləri, Nobel mükafatları laureatları, alimlər, nüfuzlu insanlar, keçmiş dövlət başçıları iştirak edirdilər. Forum iştirakçıları bir neçə gün dünyada gedən mühüm proseslərlə bağlı müzakirələr apardı və forumun nəticəsi olduqca qənaətbəxşdir. Bununla yanaşı, həmin insanlar Azərbaycanın ictimai-siyasi inkişafı ilə bağlı əyani təsəvvürə malik oldular, regionların inkişafı ilə yaxından tanış ola bilmə imkanı əldə etdilər. Çünki forum iştirakçıları qruplar şəklində Azərbaycanın müxtəlif bölgələrində - Naxçıvanda, Gəncədə və başqa yerlərdə oldular. Bu səfərlər nəticəsində ölkəmizdə gedən inkişafın yalnız paytaxtı deyil, bütün bölgələri əhatə etdiyini əyani şəkildə gördülər. Onlar özləri də təsdiqlədilər ki, bu gün dünyanın əksər dövlətlərində bu cür yüksək səviyyəli və sürətli inkişaf tərzi yoxdur. Həqiqətən də bu gün Azərbaycanın bütün rayon mərkəzləri, bölgələri öz inkişafına görə Bakı ilə rəqabət aparır. Qəbul olunan Dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlarda aparılan abadlıq-quruculuq işləri, yaradılan istehsal müəssisələri, tikilən iaşə obyektləri olduqca gözəl və müasir standartlara cavab verirlər. Məsələn, Bolqarıstan nümayəndə heyətinin üzvləri ilə mənim görüşlərim oldu. Bolqarıstan Respublikası Xalq Məclisinin Bolqarıstan-Azərbaycan Dostluq qrupunun sədri Rəmzi Osman və nümayəndə heyətinin digər üzvləri Gəncə şəhərində olmuşdular və ölkəmizdə gedən inkişafı, ictimai-siyasi sabitliyi yüksək qiymətləndirirdilər. Başqa ölkələrin nümayəndələri də olduqca yüksək fikirdə idilər və hətta söyləyirdilər ki, bu inkişafı biz internet resurslarında və ya televiziyada görsəydik, bəlkə də inandırıcı gəlməzdi. Çünki həmin insanların əksəriyyəti bir neçə il bundan öncə Azərbaycanda olmuşdular və qısa zamanda belə sürətli inkişaf tempinin əldə olunması onları təəccübləndirib. Bundan başqa, ölkəmizdə olan tolerantlıq, insan hüquq və azadlıqlarına hörmət, Konstitusiya qarşısında bütün insanların bərabər hüquqa malik olması, ölkəmizdə olan ictimai-siyasi sabitlik, xalqımızın qonaqpərvərliyi gələn qonaqlara çox böyük təsir bağışladı.

- Qeyd etdiyiniz kimi, Bakı Beynəlxalq Humanitar Forumunda bir sıra qlobal əhəmiyyətli məsələlərin müzakirəsi aparıldı və dünyada sülhün bərqərar olması istiqamətində mühüm fikirlər səsləndi. Nəzərə alsaq ki, Azərbaycan bu gün zorla münaqişəyə cəlb edilən və torpaqları işğal olunan bir dövlətdir və forumun işində iştirak edən insanlar isə bir sıra dövlətlərin siyasi xadimləri və dövlət rəsmiləri idilər. Bu mənada, onların Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə münasibəti necə idi?

- Təbii ki, forumun işində iştirak edən insanlar birmənalı şəkildə bu münaqişənin sülh və beynəlxalq hüquq normaları çərçivəsində bitməsini arzuladıqlarını dilə gətirirdilər. Çünki bu insanların hər biri məsələnin Azərbaycanın haqq işi olduğunu görürlər. Azərbaycan işğala məruz qalan dövlətdir və torpaqlarımız Ermənistan tərəfindən işğal olunub. Azərbaycan dövləti BMT-yə daxil olan zaman biz bütöv ərazi ilə daxil olmuşuq və qurum tərəfindən bizim ərazi hüdudlarımız tanınıb. Bu, o cümlədən, BMT TŞ tərəfindən qəbul olunan məlum 4 qətnamə münaqişənin həlli istiqamətində hüquqi bazadır. Digər beynəlxalq təşkilatların da bu məsələ ilə bağlı ayrı-ayrı zamanlarda qəbul etdiyi sənədlər mövcuddur. Forumda iştirak edən insanlar da bu məsələdə Azərbaycanın haqlı olduğunu bilir, bunun sübuta ehtiyacı yoxdur. Sadəcə, təəssüflər olsun ki, müəyyən dövlətlər var ki, bu münaqişənin həllini istəmirlər. Status-kvonun saxlanılması onlara sərf edir. Çünki onlar Dağlıq Qarabağ münaqişəsindən sui-istifadə edərək həm Ermənistana, həm də Azərbaycana təsir imkanı əldə etmək istəyirlər. Qeyd etdiyim kimi, münaqişənin sülh və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair bir sıra təşkilatların sənədləri qəbul olunub, amma Ermənistan bu sənədləri icra etmir. Buna fikir verməyən, bir dəfə də olsun Xocalı soyqırımı ilə bağlı məsələyə toxunmayan bəzi qurumların ikili standartlı mövqeyi ortadadır. Onlar ekstradisiyası beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirilən və Azərbaycan Prezidentinin konstitusion hüququ ilə əfv edilən Ramil Səfərov məsələsi ilə bağlı fərqli mövqe bildirirlər. Bu, həmin cəmiyyətin ədalətsiz mövqeyinin bilavasitə sübutudur. Məsələn, 70-dən çox insanı qətlə yetirən norveçli Anders Breyvik özü dili ilə deyir ki, mən psixi xəstə deyiləm, irqi ayrı-seçkiliyə görə bu addımı atmışam. Amma məhkəmə fikirləşir ki, mən buna 20 il həbs cəzası verim, yoxsa xəstəxanada müalicəyə göndərək. Bunların ədalətə, münasibəti budur. Onlar bu mövqeləri ilə istər Azərbaycanda keçirilən seçkilərə, istərsə də digər məsələlərə ikili standartlardan yanaşdıqlarını ortaya qoyurlar. Onlar bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin, milli maraqlarımızın keşiyində duran müstəqil siyasi xətt yürütməyimizi qəbul edə bilmirlər.

- İstərdik, son günlərdə müzakirələrə səbəb olan eks-deputat Gülər Əhmədova və Elşad Abdullayevlə bağlı yayılan məlum məsələyə də münasibət bildirəsiniz...

- Burada ən əsas şərt ondan ibarətdir ki, Azərbaycan ictimaiyyəti canlı, real video və stenoqram şəklində kimin-kim olduğunu gördü. Ayrı-ayrı dövrlərdə dələduzlar da olub. Azərbaycan cəmiyyəti açıq şəkildə bunun şahidi oldu ki, ilk növbədə, heç bir dələduz kiminləsə dövlət arasında əlaqə yaratmaq imkanına malik deyil. Dövlətin özünün şəffaf siyasi xətti var, bu xətlə də dövlətin və millətin maraqlarını müdafiə edən siyasi kurs həyata keçirilir. Bu gün müxalifət bu məsələni gündəmdə saxlamaqla bundan sui-istifadə etməyə çalışır. Hətta müxtəlif şəkillərdə, müxtəlif Avropa ölkələrinə bunun tərcüməsini göndəriblər. Amma ən əsası bir daha əyani şəkildə sübut olundu ki, kimin nə işlə məşğul olmasından asılı olmayaraq, dövlət strukturunda heç kim bu yolla özünə yer tapa bilməz. Digər məsələlər isə prokurorluq tərəfindən araşdırılır və nəticədə hər kəs öz məsuliyyətinə əsasən cəzasını da alacaq. Bir məqam da var ki, bu şəxslərin-mən hər iki tərəfi nəzərdə tuturam, müəyyən adamların adlarını gündəmə gətirməsi, şantaj etməsi tamamilə yersizdir. Həmin şəxslər öz gözlərində tiri görmürlər, amma başqasının gözündə tük axtarmağa cəhd edirlər. Məsələn, Gülər Əhmədova YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov haqqında bəzi şeylər yazır. İnsan özünü bir tərəziyə qoymalıdır ki, kim kimdir, mən kimin haqqında nə yazıram, hansı hallarda bu söhbətləri mən apara bilərəm. İcra katibi Əli Əhmədov bütün Yeni Azərbaycan Partiyası üzvlərinin birmənalı fikrini ifadə edib. Mən, hətta deyərdim ki, millət vəkili Əli Əhmədov cəmiyyətimizin mövqeyini ifadə edib. YAP-ın Sədr müavini Əli Əhmədovun fikrinə şərh verməyə birinci qabiliyyət, ikinci düzlük lazımdır. Bu keyfiyyətlərə malik olmayan insanlar özlərini ortaya atmasınlar.

- Maraqlıdır ki, bu məsələni siyasiləşdirməyə cəhd edən müxalifət bundan yararlanmağa çalışır?

- Təbii ki, onlar bu məsələdən öz siyasi maraqları üçün istifadə etməyə çalışırlar, amma bu da boş cəhddir. Burada dələduzluq məsələsi var. Bu dələduzluq məsələsi də prokurorluq orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır, qanun tələb etdikdə həbs qəti imkan tədbirləri də seçilməlidir. Fikrimcə, artıq həmin addımların atılması gözlənilən ərəfədəyik. Artıq kimlərsə axtarışa verilməlidir. Ortada fakt var. Bu fakta əsasən də rüşvət verən və rüşvət alan tərəflər hər ikisi cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Artıq bunu siyasiləşdirməyə cəhd göstərmək, obrazlaşdırmaq, bununla da guya kimlərinsə üstünə revanş etmək kimi addımlar atmaq həmin insanların uğursuz çabalamalarıdır. Belələri isə çabaladıqca batırlar. Ona görə də, çabalamaqla lüzumsuz, heç bir mənəvi haqqı olmayanların fikirlər ortaya atması yersizdir. Bu səbəbdən də mənim fikrimcə, belələri ilə hüquq-mühafizə orqanları ciddi şəkildə məşğul olmalıdır və qərarlarını qəbul etməlidir. Çünki bu iki şəxs arasındakı məsələ Azərbaycanın seçki sisteminə ləkə gətirir, Azərbaycanın imicinə xələl yetirir. İki dələduzun hansısa addımları atmasından şantaj kimi istifadə etməyə çalışanlar da tapılır. Onsuz da beynəlxalq aləmdə ədalətsizlik mövcuddur və bundan da ölkəmizə qarşı istifadə olunmasına şərait yaradırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3413

Oxşar yazılar