“Türk Şurası Azərbaycanın haqlı mövqeyini birmənalı dəstəkləyir” - Baş katib
02 noyabr 2020 18:23 (UTC +04:00)

“Türk Şurası Azərbaycanın haqlı mövqeyini birmənalı dəstəkləyir” - Baş katib

Noyabrın 2-də xarici İşlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidməti idarəsindən Lent.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov son zamanlar Türk Şurasını Baş katibinin ölkəmizə səfərlərinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə əlavə dəstək verdiyini vurğulayıb.

Türk Şurasının Azərbaycanın mövqeyi ilə bağlı bu günədək sərgilədiyi birmənalı dəstək ilə bağlı təşəkkürünü bildirən nazir, Baş katibin raket atəşinə məruz qalan Gəncə şəhərinə səfər etməsinin Ermənistanın mülki əhaliyə qarşı törətdiyi müharibə cinayətləri ilə yerində tanış olmaq baxımından xüsusi önəm kəsb etdiyini və mənəvi əhəmiyyətinin yüksək olduğunu qeyd edib.

Nazir Ermənistanın destruktiv əməlləri barədə qarşı tərəfi məlumatlandırıb. Uzun illər ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğunun yalnız Azərbaycan üçün deyil, bütün bölgə üçün ciddi təhdid təşkil etdiyi vurğulanıb. Azərbaycanın xoş niyyət nümayiş etdirərək üç dəfə humanitar atəşkəsə razılıq verdiyi və hər dəfə də bu humanitar atəşkəsi Ermənistanın kobud şəkildə pozduğu qeyd edilib. Sonuncu Cenevrə danışıqlarında da mülki əhalini hədəf almamaq öhdəliyini götürən Ermənistanın yenidən bu öhdəliyini kobud şəkildə pozduğu və Azərbaycanın yaşayış məntəqələrini artilleriya atəşinə tutulduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Nazir, Bakıda Türk Ticarət və Sənaye Palatasının təşkil etdiyi “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” tədbirinin əhəmiyyətini qeyd edən nazir, Azərbaycanın işğaldan azad edilmiş bütün torpaqlarında bərpa işlərinin həyata keçiriləcəyi və bununla əlaqədar dövlətimiz tərəfindən bütün səylərin səfərbər ediləcəyini bildirib.

Baş katib səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla qeyd edib. O, Türk Şurasının Azərbaycanın yanında olduğunu və ölkənin haqlı mövqeyini birmənalı şəkildə dəstəklədiyini bildirib.

Bağdad Amreyev Bakıda təşkil edilmiş tədbirin əhəmiyyətini təsdiq edərək, bu kimi tədbirlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müvafiq layihələrin həyata keçirilməsi və beləliklə də bu ərazilərdə əhalinin yenidən normal həyatının bərpa edilməsinə dəstək olduğunu qeyd edib.

Tərəflər Türk Şurasının qarşıdan gələn zirvə görüşünə hazırlıq, eləcə də təşkilatın gündəliyində duran digər məsələlər üzrə fikir mübadiləsi də aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1204
avatar

Oxşar yazılar